Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:10

"Quran" Azərbaycan iqtidarını necə izah edərdi...


Yazar Alov İnanna.
Yazar Alov İnanna.

-

"Azərbaycan cəmiyyətində hələ də ibtidai icma quruluşunun sosioloji elementləri, arxetipik institutları yaşayır, daha doğrusu cəmiyyət formaca kapitalizmdə, məzmunca ibtidai icmadadır.
Allahın bacısı oğlanları iqtidar sahibidirlər və bu iqtidarın kəramətindən cəmiyyət iqtidarsızlaşıb".

Alov İNANNA

ALLAHIN BACISI OĞLANLARI

(esse)

Azərbaycanda sərvətləri, istəkləri, hökmləri, qəzəbləri, ehtirasları sərhəd tanımayan oğlanlar var.

Bu oğlanların hamısı Allahın bacısı oğlanlarıdır.

Onlar Allahın yerdəki qohum-nümayəndələridir.

Bir zamanlar Misir fironları açıq şəkildə özlərini Allah elan edər, Allah səlahiyyətlərinə malik sayılar, Allah adından qanun verərdilər, onlara Allah kimi davranılması gərək idi.

Azərbaycanda buna ehtiyac yoxdur, Allahın bacısı oğlu olmaq elə Dayı kimi olmaq deməkdir.

Allaha aid olan sifətləri bacıoğlanlarında tapmaq əsla çətin deyil:

Ağadırlar (Rəbb), onlara “cənab” deyə müraciət etməyən küfr etmiş olur.

Kraldırlar (Məlik), mülklərinin sayı-hesabı yoxdur, yerlər, göylər, dənizlər, dağlar onlarındır: “Bilmirsənmi göylərin və yerin mülkiyyəti və hökmranlığı ancaq və ancaq Allahındır” (BƏQƏRƏ: 107). „Göylərdə, yerdə və ikisinin arasında nə varsa, hamısının mülkiyyəti Allaha aiddir“ (MAİDƏ: 18).

Ərşdə məskunlaşıblar, göyün yeddinci qatında əlçatmaz-ünyetməz Taxtları-Sarayları var, bu Taxt-Saraya daxil olmaq nədir, heç ora məktub çatdırmaq belə mümkün deyil.

Buna da bax: Alov İnanna: "Arvad kimi qorxaqdır" demək yenə dəbə minib

Məmləkətin ruzisini öz istəklərinə uyğun paylayandırlar: “İstədiyi adamların var-dövlətini çox, istədiyini də az edir…” (RAD: 26). “…Allah öz mülkünü istədiyi kəsə verir…“ (BƏQƏRƏ: 247). „Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan…“ (ALİ İMRAN: 26).

Etdikləri heç bir əməl üçün heç kimə hesabat vermirlər: “Allahın hikmətinin və etdiklərinin səbəbi sorğu-sual edilməz” (ƏNBİYA: 23).

İntiqamçıdırlar (Zuintiqam), onlardan olub sonra onlara əks olanlardan qisas alırlar: „(Əbəs yerə) üzr istəməyin; çünki siz iman etdikdən sonra ikiüzlülük etdiniz, təkrar kafir oldunuz! Aranızdan bəzilərini tövbə etdiyi üçün əfv etsək də, o birilərini günahkar olduqları üçün əzaba düçar edəcəyik“ (TÖVBƏ: 66).

Onlar da əsla kafirləri, inkarçıları, qarşı çıxanları, yəni digər partiyadan olanları qəbul etməzlər, Allah dərgahında YAP-dan başqa partiya tanımazlar: “Allah dərgahında qəbul olunan din ancaq islamdır” (ALİ İMRAN: 19). “Kim islamiyyətdən başqa bir dinə üz tutsa, onunku qəbul edilməyəcəkdir” (ALİ İMRAN: 85).

Onlar da Allah kimi başqa partiyada olanlara və ya YAP-da olmayanlara hətta təəccüblənirlər: “Allahın dinindən başqa bir dinmi istəyirlər?” (ALİ İMRAN: 85).

Lakin onlara iman gətirənlər, yəni “YAP-dan başqa YAP yoxdur” deyənlər, əxlaqi davranışa malik olanlardır və belələrini cənnət gözləyir: “ (Bu hökmə görə) iman edip yaxşı hərəkət edənlər Naim cənnətlərinin içindədirlər“ (NAS: 56). „Şübhəsiz, iman edən gözəl davranış yiyələri üçün nemətləri bol olan cənnətlər vardır“ (LOĞMAN: 8).

Onların da cənnəti var, təsvir olunan cənnətlər kimi: “Yanlarında gözəl baxışlarını ancaq onlara zilləmiş iri gözlü hurilər vardır. Onlar gün dəyməmiş yumurta kimi ağappaqdırlar” (SAFFAT: 48-49). Sözsüz ki, itaətkarlar kafur qatılmış (şərabla dolu) badələrdən nuş edəcəklər„ (İNSAN: 5). „Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!“ (KƏHF: 31).

Onların da cəhənnəmi var, onlar da eynilə Allah kimi bu fikirdədirlər ki, ən birinci cəhənnəmlik olanlar onlara iman gətirməyənlərdir. “Kafirlər üçün çox kədərləndirici əzab vardır“ (BƏQƏRƏ: 104). „Onu inkar edənlərə gəldikdə isə, bax, əsl ziyana düşən onlardır“ (BƏQƏRƏ: 121).

Onlar da insanları dərəcələrə bölür, aralarında uçurum səviyyəsində fərqlər yaradırlar: “…Bir-birlərinə iş gördürə bilsinlər deyə, onların birini o birindən dərəcəsinə görə görə üstün etdik…” (ZUHRUF: 32).

Onların xəbəri, icasəsi, “xeyir-duası”, kölgəsi olmadan bu məmləkətdə hörümçək də özünə tor hörə bilməz. “Heç bir şey üçün “Bunu sabah edəcəyəm” demə” (KƏHF: 23).

Onlar da Allah kimi sonsuz iqtidara malikdirlər: “Allah hər şey üzərində qüdrət sahibidir” (KƏHF: 45). „Şübhəsiz, Allah hər şeyə qadirdir“ (BƏQƏRƏ: 109).

Onlar da hər şeydən xəbərdardırlar, hər şeyə nəzarət edirlər. Nəhəng və gizli bir mexanizma ilə sistemlərini qoruyurlar: “Nə göylərdə, nə də yerdə bir zərrə ağırlığında bir şey də ondan gizli qalmır“ (SƏBƏ: 3). Şübhəsiz, Allah sizin bütün elədiklərinizdən xəbərdardır“ (NİSA: 135).

Onlar da Allah kimi istədiklərini əfv edirlər, bağışlayırlar: “Əgər Allah sənə bir zərər versə, bu zərəri yenə Allahdan baçqa heç kim aradan qaldıra bilməz. Əgər o, sənə bir xeyir bəxş etmək istəsə, onun kərəminin də qarşısını heç kim kəsə bilməz. O, bağışlayıcıdır, rəhm edəndir” (YUNUS: 107). „O, istədiyini bağışlayır, istədiyinə əzab (cəza) verir“ (MAİDƏ: 18, FƏTH: 14).

İnsanların yuxarı və yaxud aşağı mövqeyə sahib olmaları da bu bacıoğlanlarının kefindən asılıdır: „İstədiyini yüksəklərə qaldırır, istədiyini də alçaldır“ (ALİ İMRAN: 26).

Dünyanın heç bir yerində bu məmləkətdəki kimi mükafatlandırma sistemi yoxdur, Allah kimi onlar da sadiq qullarını unutmurlar, burada sədaqətin əvəzi mükafatdır: „Çünki Allah sədaqətliləri sədaqətlərinə görə mükafatlandıracaq“ (ƏHZAB: 24). „…iman edip yaxşı işlər görənləri də bağışlanma və böyük bir mükafat gözləyir “ (FATIR: 7).

Onlar üçün qanunlar deyil, zor əsasdır: „O, …istədiyini zorla etdirən, böyüklükdə tayı-bərabəri olmayandır“ (NAŞR: 23).

Onlar da təbəələrini, YAP-ın hakimiyyətindən əvvəlki günləri xatırlatmaqla qorxudurlar, təbəələrinə müxalifətə uymamağı xəbərdarlıq edirlər: „Ey iman edənlər! Əgər kafirlərə uysanız, sizi yenidən köhnə dininizə qaytararlar və siz fəlakətə uğrayanların vəziyyətinə düşərsiniz“ (ALİ İMRAN: 149).

Onlar da təbəələrinə daim yuxarıdan baxırlar, daha doğrusu, onlar bir addım qabağa gediblər, heç ümumiyyətlə təbəələrə baxmırlar.

Allahın bacısı oğlanları özləri də dayıdırlar, onların da bacısı oğlanları var. Həmin bacıoğlanları da dayıdırlar. Üzü dayıya doğru nəhəng bir dayı ierarxiyası var bu məmləkətdə.

Azərbaycanı dayılar idarə edir. Bu məmləkətdə dayın varsa, deməli, yiyən var. Burada əppək yeyənlər yiyəsi olanlardır.

Buna da bax: Alov İnanna. Qalstuk müəllimin susmağı

Dayı sindromu ibtidai icma quruluşundan qalmadır, o zamanlar da uşaqlar atadan yetim qalmazdılar, dayıdan yetim qalardılar. Matrilokal ailə modelinə görə dayısı olmayan gücsüz, yersiz-yurdsuz, onun-bunun əlinə baxan, urvatsız gündə olardı.

Azərbaycan cəmiyyətində hələ də ibtidai icma quruluşunun sosioloji elementləri, arxetipik institutları yaşayır, daha doğrusu cəmiyyət formaca kapitalizmdə, məzmunca ibtidai icmadadır.

Allahın bacısı oğlanları iqtidar sahibidirlər və bu iqtidarın kəramətindən cəmiyyət iqtidarsızlaşıb.

Göydə Allah, yerdə bacıoğlanları.

30 yanvar, 2013 Almaniya

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG