Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

Saatlı sakini: 'Yanan nə varsa, hamısını sobaya atırıq'


Saatlı, odun baha olduğundan sakinlər yulğun ağaclarını yandırırlar
Saatlı, odun baha olduğundan sakinlər yulğun ağaclarını yandırırlar

“Havalar hələ təzə-təzə soyuyur. Hələ ki, birtəhər yola veririk, ancaq bir azdan belə olmaz. Soyuqlar düşüncə, camaat üz tutacaq yulğun ağaclarına...”

Saatlının, az qala, bütün kəndlərinin çevrəsini yaşıl-bozumtul, uzaqdan üstünə qar yağmış kimi görünən yulğun ağacları dövrəyə alıb. Hələlik, hardagəldi və necəgəldi, budaqları qırılıb, qazsız evlərə daşınmır. Aydın Məmmədov deyir ki, az ötər və soyuqdan donan adamlar yulğun ağaclarına daraşar:

“Axı kəndlərin çoxunda qaz yoxdur. Pulu olanlar qaz balonu alır. Əksəriyyət ya bu ağacları qırır, ya da təzək yandırır”.

Arazqırağı kəndlərdə bitən yulğun ağacı nadir kol bitkilərindən sayılır. Saatlının təbiəti meşəlikdən kasad olduğundan, havalar soyuyunca, qazsız kəndlərin sakinləri həyətlərində əkdikləri meyvə ağaclarını və təbiətin bəxş etdiyi yulğun ağaclarını kəsib yandırırlar.

Buna da bax:​ "Qışa hazır deyilik"

Saatlı sakinləri odun baha olduğundan Yulğun ağaclarını yandırırlar
Saatlı sakinləri odun baha olduğundan Yulğun ağaclarını yandırırlar

Saatlının “ekoloji təmiz” yanacağı: yulğun kolları və mal təzəyi var...

Novruzlu kəndinin sakini Tahir Məmmədov deyir ki, 6 il əvvəlki sel daşqınlarından sonra onların kəndinin kənarında Yeni Novruzlu adlı qəsəbə salınıb. Pis-yaxşı, ora qaz da çəkilib, ancaq qonşu Novruzlu, Dəllər kəndləri yenə də qazsızdır:

“Camaatın qaz balonu almağa imkanı yoxdur. Bir “Qazel” (yük maşını növü – red.) odunu 150 manata satırlar. O da odun deyil, ha. Bakıda sökülən evlərin taxta-tuxtasını gətirib rayonlarda 150 manata satırlar. Camaatın da oduna verməyə pulu hardan. Ona görə əllərinə nə keçdi, yandırırlar. Həyətdə ağac, kənddə kol-kos qalmayıb, yanan nə varsa, hamısını sobaya atırlar”.

Saatlının əksər kəndlərində həyətlərin bir küncündə iri ot tayaları, ya da təzək qalağı görmək olur. Ot tayaları heyvanlar, təzəklər yanacaq üçündür. Tamilla Əliyeva da deyir ki, yanacaq, işıq ən dərdli yerləridir. İşıqlar az-az sönsə də, qaza görə bütün işlərindən olurlar:

Təzək
Təzək

“Bizim yanacağımız yulğun ağacları, bir də təzəkdir. Dünyanın hansı vaxtıdır ki, camaat təzək yandırır? Bax, güzəranımız belədir. İşıq var, ancaq bir azdan o da tez-tez sönəcək”.

Buna da bax:​ Bu qiymətə pambıq əkməyə dəyər?

İşsizlikdən 4 oğlu Rusiyaya gedən Təzəgül Kərimovasa nəvələrinin ata üzü görmədiyindən gileylənir:

“Burda, lap elə Bakıda iş olsaydı, niyə Rusiyaya gedirdilər ki? Bu uşaqlar ata üzü görmədən böyüyürlər. İldə bir-iki dəfə - bayramdan-bayrama da ata olar? Bizimki deyiləsi deyil, ay bala. Hərəsinin 2-3 uşağı var. Gəlib deyirlər, səs verin. Səs veririk, özümüz də bu gündə. Soyuqda bu boyda evləri qızdırmaq olmur, deyiləsi deyil”.

Heyvan otlaqlarında pambıq əkilir?

Çəbhəçi: 'Camaat ağacları qırıb yandırır. Yulğun da, söksöyün ağacı da 'Qırmızı Kitab'a düşüb'
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Xalq Cəbhəsi Partiyası Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli deyir ki, son vaxtlar Saatlıda pambıqçılığın inkişafı üçün təbliğat genişlənib. Ancaq kəndlilərin əsas məşğuliyyəti olan heyvandarlıq unudulur:

“İndi bütün diqqəti pambıqçılığa ayırıblar. Bir növ kampaniyadır ki, Pambıqçılıq inkişaf etsin. Bu, işsizliyin qarşısnı almaqda az-çox kömək edər, çünki rayonda işsizlikdir. Ancaq kəndlinin dolanışığı həmişə heyvandarlıqdan çıxıb. İndi heyvanların örüş yerlərində də pambıq əkirlər. Bəs sabah ət lazım olmayacaq? Bu problemi bu gün həll eləməsələr, bir müddət sonra ciddi problemlər olacaq. Kütləvi hər yeri şumlayırlar. Bəs heyvanlar nə yeyəcək? Bu iki sahəni parelel inkişaf etdirmək lazımdır. Rayonda qazlaşdırma gedir, ancaq çox ləng gedir. Kəndlərin çoxunda qaz yoxdur. Camaat ağacları qırıb yandırır. Yulğun da, söksöyün ağacı da “Qırmızı Kitab”a düşüb. Amma camaat deyir neyləməliyəm, donmalı deyiləm ki?”.

Buna da bax:​ Neftçalada odun sobasının ümidinə qalanlar...

Yerli hakimiyyət: “İnkişaf üçün qızğın iş gedir”

Saatlı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun 44 yaşayış məntəqəsindən 30-dan çoxu qazlaşdırılıb. Qazsız 12 kəndin də qazla təmin olunması üçün iş görülür. Əhalini elektrik enerjisi ilə təmin etməkdən ötrü xətlərdə yeni dayaqlar basdırılıb.

Saatlı YAP-çısı: 'Bu dəqiqə rayonda yüksək səviyyədə qazlaşma, elektrikləşmə gedir'
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyir ki, yerli hakimiyyət qurumları bu sahədə başını qaldırmadan işləyir:

“Bu dəqiqə rayonda yüksək səviyyədə qazlaşma, elektrikləşmə gedir. Bütün xətlər yenilənir, qaz sayğacları qoyulur. Yeni qaz xətləri çəkilir. Pambıqçılığın inkişafı çox gözəl nəticə verəcək. Kəndlinin güzəranının yaxşılaşmasına çox kömək göstərəcək. Ortada dövlətin dəstəyi də var, buna görə effekt verəcək. Rayonda işsizlər də var. İşsizlik bütün dünyada var. Heyvandarlıq da inkişaf edir. Kimin heyvanı varsa, otlaq yeri var. Yonca, ot əkilir. Otlaq yerində niyə pambıq əkilir ki? Pambığı da camaat özü əkir”.

Saatlı sakinləri: 'Bizim yanacağımız yulğun ağacları, bir də təzəkdir...'
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

...Təzəgül nənə dörd oğlunun qoyub getdiyi uşaqlara işsizliyin nə olduğunu anlada bilmir. Hər dəfə yulğun budaqlarını, meyvə ağaclarını doğrayıb ocağa atanda, ürəyi dağlanır, di gəl, “Mən qocanın əlindən gələn də budur”, - deyə-deyə, yazığı gəldiyi budaqlardan daha birini sobaya atır...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG