Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

B. Dylan: 'Bəzən bir prezidentdən qurtulursan, sonra onu geri qaytarmaq istəyirsən'


Bob Dylan.

Bob Dylan.

-

Bob Dylan nə yazır yazsın, nə oxuyur-oxusun, onun sözü 60-cı illərdə qalxdığı səviyyədən yuxarı qalxa bilməyəcək. Həmin illərdə Dylan öz dövrünün mifik gücünə çevrilmişdi. Ancaq müğənni bu cür nüfuz qazanmasından razı deyildi. 1966-cı ildə verdiyi mübahisəli və möhtəşəm elektrik konsertlər silsiəsindən sonra Vudstokda düşdüyü motosiklet qəzası onu aktiv fəaliyyətdən uzaqlaşmağa məcbur elədi və gənc qəhrəman kölgəyə çəkildi.

60-cı illərin sonlarında səhnəyə qayıdandan sonra "John Wesley Harding" və "Nashville Skyline" albomlarında ifa elədiyi musiqi elə səslənirdi ki, sanki Dylan başqa insana çevrilmişdi. Sonralar özü də iddia eləyirdi ki, o, həqiqətən başqa insana çevrilirdi. Müğənni hesab eləyirdi ki, şöhrətin zirvəsində olanda baş verənlər onu həddindən artıq çox dəyişib. 2004-cü ildə yazdığı “Xronikalar” adlı kitabda sözügedən dəyşikliklərə eyhamlar var.

Oxu zalı Bob Dylanın müsahibəsini təqdim edir.

- "Tempest" sizin ən möhtəşəm albomlarınızdan biridi. Onu "Time Out Of Mind"la eyni sıraya qoymaq mümkündü. Bircə fərq var: "Tempest" daha çox ətraf aləmə müraciət eləyir.

- "Time Out Of Mind"la məndə elə bir mərhələ başladı ki, mən hər axşam konsert verdiyim insanlar üçün albomlar yazmağa başladım. Onların sıralarında ən müxtəlif yaşlarda və fərqli peşə sahibləri vardı. Otuz il əvvəl başqa səbəblərlə yazılmış mahnıları dinləmək onlara lazım deyil. Musiqi ilə məşğul olmağa davam eləməkdən ötrü mən yeni mahnılar yazmalıydım- təzə albomlar buraxmaq artıq elə də vacib deyildi, amma konsertlərdə nəsə ifa eləmək lazım idi. "Time Out Of Mind" abomundakı mahnılar evdə dinlənmək üçün nəzərdə tutulmayıb. Onlar canlı ifa zamanı daha yaxşı səslənirlər.

Buna da bax: Bob Dylan bu şeirlərinə görə Nobel alıb [video]

- O albom publika tərəfindən dönüş nöqtəsi, yaradıcılığınızda uğur zolağının başlanğıcı kimi qəbul olunmuşdu. Həmin vaxtdan yazdıqlarınızın hamısı müstəqil dəyərə malik bir bütöv təsiri bağışlayır.

Bob Dylan1966-cı ildə Fransaya gələrkən.

Bob Dylan1966-cı ildə Fransaya gələrkən.

- Ümid eləyirəm ki, belədi. Albom insanlara təsir eləməlidi. Amma iş ondadır ki, köhnə və təzə dinləyicilər var və onların hamısı ilə kontakta girmək lazımdır. Köhnələr gedirlər, təzələr gəlirlər, amma dəqiq sərhəd yoxdu. Təzələr peyda olanda köhnələr hələ də qüvvədə olur. Təzə, köhnə zəifləyəndə güclənir. Bu, əsrlərlə belə davam eləyir. Gözünü qırpmağa macal tapmırsan ki, ətrafda hər şey yenilənir, insana yalnız köhnənin qəflətən hara yox olduğunu düşünmək qalır. Altmışıncı illər barədə söhbətlər də belədi. O vaxt yaşayanlar bilirlər ki, altmış dörd-altmış beşinci illərə qədər olan dövr əslində əllinci illərdi. Eyni mədəniyyətdi, hər halda Amerikada. O, yavaş-yavaş yoxa çıxırdı, amma hələ də güclü idi. Yeni altmışlar 66-cı ildə başlamışdı və onilliyin sonlarında tamamilə zirvəyə qalxdı. Vudstok festivalı ərəfəsində əllincilərdən artıq əsər-əlamət qalmamışdı. Mən özüm “altmışıncılar” adlananların diqqət çəkən bir parçası olmamışam.

-Amma sizi, məhz, onlarla bağlayırlar.

-Hə, deyəsən, əvvəllər bağlayırdılar. Hərçənd bəlkə indi də. Mən o dövrdə yaşamışam, ancaq ətrafımda baş verənlər mənə yad idi, az əhəmiyyət daşıyırdı. Onda mənim artıq öz aləmim vardı.

-Deyəsən, sizin altmışlardan xoşunuz gəlmir.

Mən mədəniyyət mərkəzlərindən mümkün olduğu qədər uzaqda böyümüşəm. Ora tamamilə ucqar idi. Amma şəhərdə gəzəndə nə dərd, nə qorxu, nə də yoxsulluq görməzdin.

-Əllinci illərdə daha asan idi, ən azından mənə. Daha böyük şəhərlərdə yaşayan yaşıdlarımın üzləşdikləri problemlərdən keçmək mənə qismət olmayıb. Mən mədəniyyət mərkəzlərindən mümkün olduğu qədər uzaqda böyümüşəm. Ora tamamilə ucqar idi. Amma şəhərdə gəzəndə nə dərd, nə qorxu, nə də yoxsulluq görməzdin. Yalnız meşə və səma, çaylar və bulaqlar vardı. Qışda da, yayda da, yazda da, payızda da. Fəsillərin dəyişməsini müşahidə eləmək mümkün idi. Bizim mədəniyyətimiz sirk, karnaval, kənd şouları və yumoristlər, biq-bendlər və sair idi. Əla musiqi səslənən əla radiomuz vardı. Onda hələ supermarketlər, multiplekslər yox idi. Hər şey daha sadə idi. Əgər sən bunlarla böyümüsənsə, həmişəlik səninlə qalırlar. Mən, təxminən, 50-ci illərin sonlarında ordan getdim, amma gördüklərim və eşitdikərim hələ də mənə ilham verir. Yəqin ki, mən elə buyam. Altmış beşinci ildə isə əllinci illər bitdi və mən, həmin dövrü sevmirəm. Niyə sevim ki? Amansız dövr idi.

Buna da bax: Azərbaycan yazıçılarının Bob Dylan polemikası: Murakami varkən niyə Dylan?

- Niyə? Radikal dəyişikliklər baş verdiyinə görə? Siz həmin dəyişikliklərin mərkəzində idiniz.

- Hə, amma təkcə buna görə yox. Hər şey korporasiyalaşdırılırdı. Əslində bütün bunlar mənim vecimə deyildi, amma bu, musiqidə də hiss olunurdu. Mən isə musiqini sevirdim. Və sevdiyim bir şeyin – alışdığım həyat obrazının necə öldüyünü müşahidə eləyirdim.

- Ancaq insanlar elə hesab eləyirdilər ki, sizin musiqi altmışıncı illərin təcəssümüdü. 97-ci ildə yazdıqlarınızla da eyni şey baş verir?

Mənim mahnılarım şəxsidi, ictimai deyil.

- Təbii, mənim musiqim öz dövrünün mücəssəməsidi. Ancaq unutmayaq ki, insan təbiəti etibarilə konkret zaman kəsiyinə bağlı deyil və ən əsası da budu. Mənim mahnılarım şəxsidi, ictimai deyil. Kiminsə mənə züy tutmağını istəmirəm, bu gülməli səslənərdi. Müğənnilik sənətinin mahiyyəti ondadı ki, sən insanları öz emosiyalarını təkrar yaşamağa məcbur eləyirsən. Amma bu zaman müğənni özü ümumiyyətlə heç nə hiss eləmir.

- Siz özünüzü Amerikanın səsi hesab eləyirsiniz? Mahnılarınız tez-tez ölkədə baş verən hadisələrin şərhi xarakteri daşıyır.

- Mənim mahnılarım tarixidi. Amma eyni zamanda həm də bioqrafik və coğrafidilər. Onlar müəyyən ərazini, ağlın müəyyən halını əks etdirirlər. Başqalarının haqqımda nə düşündüklərinin heç bir əhəmiyyəti yoxdu. Mən “Tufanlı aşırım” filminə baxmağa gedəndə Lourens Olivyenin həyatda necə olduğu məni maraqlandırmır. Nə fərqi var? Mən səhnədə aktyorun ifasına baxanda onun necə insan olduğu barədə fikirləşmirəm. Həmçinin mən də səhnədə çıxış eləyəndə özümü, nəyi sevib, nəyi sevmədiyimi unutmaq istəyirəm. İnsanları əyləndirmək idmanın bir növüdü.

- Siz insanın dəyişməyindən danışanda nəyi nəzərdə tutursunuz? Mənəvi dəyişikliyi, yoxsa ruhun bir bədəndən o birinə köçməyini?

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş bəstəkar və şair Bob Dylanın kitabları.

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş bəstəkar və şair Bob Dylanın kitabları.

- Yox, mən ruhlardan danışmıram. Bu başqa şeydi. 1966-cı ildə mən motosiklet qəzası keçirmişdim. Köhnə və təzəni artıq izah elədim, düzdü? İstədiyiniz nəticəni çıxarda bilərsiniz. Dəyişmək haqqında katoliklərdən soruşa, qədim mistik kitablardan oxuya bilərsiniz, ancaq bu reallıqdır. Tarixdə belə şeylər olub. Odur ki, siz sual verəndə çoxdan ölmüş insana müraciət eləyirsiniz. Mövcud olmayan birini sorğu-suala tutmusunuz. Ancaq insanlar daima bu səhvə yol verirlər. Dəyişmək – xaosdan çıxmağa və onun üzərinə yüksəlməyə icazə verən bir şeydi.

- Daima nəyisə irəli itələmək sizin üçün niyə vacibdi?

- Varlığın təbiəti belədi. Heç nə uzun müddət eyni qalmır. Ağaclar böyüyür, yarpaqlar tökülür, çaylar quruyur, çiçəklər solur. Hər gün yeni insanlar doğulur. Həyat dayanmır.

- Siz öz vəzifnizi necə təsvir eləyərdiniz?

Ərtafda hər kəs əksini desə də, özün bilməlisən ki, sən ən yaxşısan. Bir də onu bilməlisən ki, sən hamıdan çox qalacaqsan, hər mənada. Bunu daxilən hiss eləmək lazımdı.

- Mənim vəzifəm? O, başqa insanların vəzifələrindən o qədər də fərqlənmir. Bəzilərinin vəzifəsi yaxşı əkinçi olmaqdı, digərlərinin yaxşı dənizçi. Nə işlə məşğul olursan ol, öz işində ən yaxşı olmalısan. Bu, lovğalıq deyil, öz gücünə inamdır. Ərtafda hər kəs əksini desə də, özün bilməlisən ki, sən ən yaxşısan. Bir də onu bilməlisən ki, sən hamıdan çox qalacaqsan, hər mənada. Bunu daxilən hiss eləmək lazımdı.

Buna da bax: Nobel mükafatı laureatı Bob Dylan necə məşhurlaşıb...

- Prezident Obama ilə görüşəndə onun haqqında nə fikirləşdiniz?

Abş prezidenti Barack Obama Bob Dylanı "Azadlıq medalı" ilə təltif edir.

Abş prezidenti Barack Obama Bob Dylanı "Azadlıq medalı" ilə təltif edir.

-Onun haqqında nə fikirləşirəm? Ondan xoşum gəlir. Amma bu sualı yanlış adama verirsiniz. Bilirsiniz, kimdən soruşmalısınız? Onun həyat yoldaşından. Ancaq həyat yoldaşının fikri vacibdi. Mən Obama ilə bir-iki dəfə görüşmüşəm. Nə danışmağımı istəyirsiniz? O, musiqini sevir, xarzmatikdi, yaxşı geyinir. Lənət şeytana, başqa nə deyim?

Bəzən bir prezidentdən qurtulursan, amma sonra onu təkrar geri qaytarmaq istəyirsən.

- Siyasi hadisələrə necəsə reaksiya verirsiniz? Məsələn, prezidentin tənqid olunması sizi kədərləndirirmi?

- Mən çox prezidentər görmüşəm, elə siz də. Kimisi təkrar seçilir, kimisi yox. Bəzən bir prezidentdən qurtulursan, amma sonra onu təkrar geri qaytarmaq istəyirsən.

- Son illər siz çoxlu mükafatlar almısınız. Əvvəllər belə hadisələr sizi narahat eləyirdi. Bəs niyə indi hər növ mükafatı qəbul etməyə razılıq verirsiniz?

Bob Dylan Grammy mükafatını alır, 1988-ci il.

Bob Dylan Grammy mükafatını alır, 1988-ci il.

- Mən, mükafatların əksəriyyətindən imtina eləyirəm. Dünyanın hər yerindən mənə mükafatlar təklif eləyirlər. Əksəriyyətindən imtina eləməli oluram, çünki fiziki olaraq hamısını götürmək imkaım yoxdu. Ancaq hərdən heç özümün də ağlıma gəlməyən vacib, ali mükafatlar olur. Elələrindən imtina eləyə bilmirəm.

- Söhbəti bitirməzdən əvvəl çoxlu mübahisələrə səbəb olmuş br məsələ haqqında soruşmaq istəyirəm. Mahnılarınızda tez-tez başqa müəlliflərdən sitatlar gətirirsiniz. Məsələn, yapon yazıçısı Yunuçi Saqanı, onun “Yakudzanın etirafı” kitabını, ya da Vətəndaş Müharibəsi zamanı yaşamış şair Henri Timrodu. Bəzi tənqidçilər iddia eləyirlər ki, siz mənbənin adını çəkmirsiniz. Amma cazda və folklorda zəngin sitat ənənəsi var. Ittihamlara qarşı nə nə deyə bilərsiniz?

- Bəli, bu doğrudu. Folklorda və cazda zəngin sitat ənənəsi var. Bu, hamı üçün həqiqətdir, məndən başqa. Yəni hamı sitatlardan istifadə eləyə bilər, mən yox. İş mənə çatanda başqa qaydalar tətbiq olunur. O ki qaldı, Henri Timroda, onu kim tanıyırdı, axı? İndi onu kim oxuyur? Və onu hamının yadına kim saldı? Kim hamını onun şeirlərini oxumağa məcbur elədi? Onun varislərindən soruşun görün, bu məsələ haqqında nə fikirləşirlər. Əgər elə bilirsinizsə ki, ondan sitat gətirmək asandı və bundan istifadə eləmək olar – onda eləyin, görək, nə alınacaq. Bu ancaq axmaqları qıcıqlandırır. O adamlar məni tarixdəki ən pis adla adlandırdılar- İuda dedilər! Əgər təhqir olunduğunuzu fikirləşirsinizsə, özünüzü mənim yerimə qoyun. Mənimlə niyə belə davranırlar? Ona görə ki, elektrogitarada ifa eləmişəm? Bunu Tanrıya xəyanət etməklə eyniləşdirmək olar? Qoy, o əclafların hamısı gəbərsin!

Mənbə: Rollingstone.ru

Günün bütün mövzuları

XS
SM
MD
LG