Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Azərbaycana idxal olunan mallarının yerli istehsalının təşkilindən ötrü tədbirlər görülməli, bu istiqamətdə sahibkarlıq təşviq olunmalıdır.

“Turan”-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyində oktyabrın 13-də keçirilən kollegiya toplantısında bununla bağlı konkret tapşırıqlar verilib.

Nazirliyin məlumatında bildirilir ki, müzakirələr zamanı istehsalda idxal komponentlərindən istifadənin azaldılması müzakirə mövzusu olub. Bu məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında görüşün təşkili barədə göstəriş verilib.

Buna da bax:​ Ekspert: İdxal malları bahalaşacaq

Müzakirələr zamanı Nazirlər Kabinetinin sentyabrın 23-də bir sıra məhsullar üzrə gömrük rüsumlarının artırılması barədə qərarı yüksək qiymətləndirilib. Nazir Şahin Mustafayev bu qərarın yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stimul yaratdığını deyib. İdxal rüsumunun tətbiq olunduğu məhsulların siyahısının genişləndirilə biləcəyi qeyd olunub.

Toplantıda həmçinin bildirilib ki, 3 ay ərzində İqtisadiyyat Nazirliyi Ağstafa və Gəncədə sənaye zonaları yaradılması perspektivinin öyrənilməsini başa çatdıracaq. Bu zonaların yaradılmasına əsas tələb yerli sənaye potensialı və əmək resurslarından istifadədir. Nazirlik digər rayonlarda da araşdırmalar aparır.

Nazirlər Kabineti bu yaxınlarda ölkəyə gətirilən ev toyuqları, toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilərə yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Buna da bax:​ Hökumət rüsumu ona görə artırdı ki...

Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtasından ötrü 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litrinə 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Müstəqil iqtisadçılar bu qərarın bahalaşmaya səbəb olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG