Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:27

-

Vüqar Dəmirbəyli

YOLSUZLUQ

Esse-hekayə

Vüqar Dəmirbəyli

Vüqar Dəmirbəyli

Allahı görmək, duymaq istədim, baxmayaraq ki, onu necə, harda axtaracağımı bilmirdim. Amma gör nə zamandan bəri adamlar onun varlığına inanmışdılar, onu tapmağa, görməyə, duymağa çalışmışdılar.

Vaxt ötdü, biz dindən imtina elədik, Allahı ibtidai insanın uydurması adlandırdıq, həqiqəti elmdə, məntiqdə axtardıq və uzun zaman inandıq ki, nəsə tapmışıq. Amma bir gün gəldi anlamağa başladıq ki, əvvəlki insanlar bizdən xoşbəxt imişlər. Onlar nəsə tapmışdılarmı, ya yoxmu – demək çətindir, amma biz, dünən yaratdığımızı bu gün yıxa-yıxa, nəhayət dərk etdik ki, heç nəyə gəlib çata bilməyəcəyik.

Bizdən qabaqkı insanların təsəvvürdə yetişdiyi ulduzlara biz həqiqətdə çatmaq istədik, amma bir gün gəldi bunun imkansız olduğunu başa düşdük. Ulduzlar isə nəinki eləcə də uzaqda qaldılar, hətta ən faciəvisi o oldu ki, onlar əvvəlki insanlara baxanda bizdən daha da çox uzaqlaşdılar.

Buna da bax: 'Mavi gözlü qız': Almaniyadan azərbaycanlı yazarın hekayəsi

Üzümü indi Allaha tutmaq istədim, bəlkə də daha çox hər zaman ətrafımdakılardan eşitdiyim, çətinə düşəndə istər-istəməz dilimə gətirdiyim “Allah” kəlməsinin arxasında nəyin dayandığını başa düşmək, duymaq istədim. Dizlərimi yerə qoydum, əllərimi başımın üzərinə qaldırdım və üzümü lap yuxarıya tutdum: insanlar onu həmişə orada, yuxarıda, göylərdə axtarmışdılar. “Görmək istəyirəm səni, Allah, — dedim, — varsansa, göstər özünü mənə”. Mən üzümü yuxarıya, Allahın güman olunan məkanına doğru tutaraq, beləcə bur neçə dəqiqə tərpənməz vəziyyətdə qaldım. Bütün bu müddət ərzində özümü inandırmağa çalışdım ki, Allahı görməyə və onunla təmasa girməyə çalışıram. Yenə bir neçə dəqiqə keçdi və birdən elə bil nəsə evin tavanını deşib keçmək istəyən nəzərlərimin önündə işıq saçmağa başladı. Bunun ardınca olduqca xoş, indiyə qədər heç bir vaxt hiss edə bilmədiyim bir hərarət və onun arxasınca da mövcudluğunu əvvəllər təsəvvürmə belə gətirə bilmədiyim inanılmaz bir gözəllik duymağa başladım. “Sən demə Allah buymuş, — deyə öz-özümə fikirləşdim. – İşıq, hərarət və gözəllik”. Və bir də bu zaman mənə düşünməyə, yaşamağa mane olan bütün qorxularım, həyəcan və narahatlıqlarım, o cümlədən ölüm qorxusu, xəstələnmək, ac qalmaq, zəlil ola bilmək qorxusu məni tərk etdilər. Çünki beynimə gələn bütün sualların mən dərhal cavabını tapırdım. Cavab tapan kimi də narahatlığım yoxa çıxırdı: narahatlığı, qorxunu doğuran sən demə bilməzlikmiş! Özüm də dərk etmədən hər zaman axtardığım, çatmaq, yetişmək istədiyim sən demə buymuş! Amma hiss elədim ki, bu gözəllik, işıq və hərarətlə mənim aramda çox qalın bir pərdə var və başa düşdüm ki, bu mənim indiki həyatım, indiki yaşayışımdır, onu da anlamamış, ondan çıxış yolu tapmamış Allahla təmasda qalmağım isə qeyri-mümkündür. Bunda sonra dönüb öz həyatıma nəzər saldım. O nə qədər dəhşətli idi: həmişə, hər yerdə özünü zorlamaq, istəmədiyin şeyləri etmək, nadan, qaba, sırtıq, qəddar, heç nə başa düşmək istəməyən, bütün dəyərlərini itirmiş, hər şeyə hazır və hər şeyə razı olan insanlarla yanaşı yaşamaq məcburiyyəti, özündən, başqalarından, bütün aləmdən narazılıq və iztirab, iztirab, iztirab ki, ondan da mən sevinc əvəzedicisi ilə qaçmağa çalışırdım. Mən nəyə və nə vaxt sevinirdim: yad bir qadınla gizli macəra fırlatmağa fürsət tapanda, ailəmlə gəzməyə gedəndə, uşaqlarımın müvəffəqiyyətlərini görəndə, ev üçün yeni bir əşya alanda, dadlı yemək olanda, çay masası arxasında dostlarımla boş-boş laqqırtı vurmağa, ya da araq masası arxasında uzun-uzadı tostlarla ürəyimi boşaltmağa imkan tapanda.

Bir də dərk etdim ki, bu gün çəkdiklərimin hamısı mənim öz əməllərimin nəticəsidir. Heç nə, heç bir əməl, gördüyün heç bir yaxşı və pis iş nəticəsiz qalmır. “Deməli, ona görə iztirab çəkirəm ki, düzgün yaşamıram”, – deyə düşündüm. Axı mən necə dəyişim, necə başqa adam olum, necə ürəyimcə yaşayım, istədiyimə, Allaha necə yetişim? Məscidə gedib namaz qılmaq, həccə getmək, içkini-arağı tərgitmək, daha donuz əti yeməmək? Yalandır! Bu bir yol idi — vaxtında, zamanında. Amma dünyada hər şey sona yetdiyi kimi o da bitdi, tükəndi. Başqa bir dövr gəldi ki, bu dövr üçün həmin yol daha nə mövcud, nə də mümkün olmadı. İndi o yolu getməyə çalışmaq məncə o demək olardı ki, bir gözəl rəsm əsərinin surətini çəkməyə çalışasan, bir qəzəl ustasının yaratdığının bənzərini yazasan. Bəli, bunu eləmək olar. Amma sən istəsən də nə onların bu rəsmi çəkənə, bu qəzəli yazana qədər keçdikləri yolu bu gün keçə bilərsən, nə də onların bu zaman nələr çəkib, nələr keçirdiklərini duya bilərsən. Əgər sən bənzər bir yolu keçə billməzsənsə, özünü yalnız zahirən onlara oxşatmaqla həmin kəslərin yetişdiyi məqama da yetişə bilməzsən. Yəni nə zamansa kimlərdən ötrüsə haqqa yetişmək üçün bir yol olan hər hansı bir din indi belə bir vəzifəni yerinə yetirə bilməz, çünki vaxt ötdü və yol da bitdi. Dinsə yalnız kimlərinsə əlində bir təsir vasitəsi olaraq qaldı. Onu oxumaq, öyrənmək şübhəsiz bu gün də lazımdır, amma yalnız bir məlumat, bir tarix, keçilən bir yol kimi.

Bitməz, tükənməz bir şey varmı? Əgər varsa da, tək Allah özüdür. O yerində qaldı, fəqət ona yaxınlaşmaq, onu duymaq üçün indi başqa yol tapmaq lazımdır.

Amma birdən mənə elə gəldi ki, nə vaxtsa Allaha yetişmək üçün bir yol belə tapa bilsəm, bir gün onsuz da ondan imtina eləyəcəyəm. Çünki mənim – insanın təbiəti belədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG