Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:39

Mağaza sahibləri sosial şəbəkələrdə müştəri axtarır


İlham Əliyev Dünya Enerji Konqresində
İlham Əliyev Dünya Enerji Konqresində

Dünya enerji təhlükəsizliyində Azərbaycanın rolu, dolların məzənnəsinin düşməsinin səbəbləri, bank sistemindəki böhran və ticarət mərkəzlərinin bağlanması bu gün medianın əsas mövzusudur.

ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATÇISI -AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır» sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, indi enerji təhlükəsizliyi məsələsi dünya siyasətinin ən aktual məsələlərindən biridir.

Müəllifə görə, hazırda baş verən müharibələr, ekoloji, humanitar fəlakətlər, enerjidaşıyıcıların nəqli sahəsində problem və mübahisələrin yaşanması alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir: «Bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların artırılması ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edib».

Müəllif yazır ki, Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib. Buna görə də, dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib. Müəllifə görə, son illər bu yöndə baş verən və gələcəkdə Avropanın enerji xəritəsinə ciddi düzəlişlər edəcək hadisələr Azərbaycanın enerji siyasətinin böyük uğurlarıdır.

Yazıda vurğulanır ki, dövlət başçısı İlham Əliyevin İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresinə (DEK) dəvət edilməsi də bu uğurun göstəricilərindən biridir: «Bu tədbirə İlham Əliyevin dəvət olunması ölkəmizin dünyanın enerji xəritəsində oynadığı rola beynəlxalq ictimaiyyətin verdiyi böyük önəmin növbəti təsdiqi idi».

Müəllifin fikrincə, artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, enerji təhlükəsizliyinə nail olmadan digər sahələrdə irəliyə getmək mümkün deyil.

Pul
Pul

İCTİMAİ RƏYİ ALDATMAQ - MANATIN GÜCLƏNMƏSİ

Azadliq.info saytındakı «Dolların ucuzlaşması müvəqqətidir» sərlövhəli məqalədə son vaxtlar manatın möhkəmlənməsi ekspert Nemət Əliyevlə müzakirə edilir.

Yazıda qeyd edilir ki, son vaxtlar Azərbaycanda ABŞ dolları manata nisbətdə tədricən dəyər itirir. İqtisadçı Nemət Əliyev isə bunu heç də təsadüfü saymır. Yazıda deyilir ki, bunun səbəblərdən biri bağlanan bankların əmanətlərinin aşağı kursla qaytarılmasıdır. Təkcə «Standard Bank»ın əmanətçilərə olan borcunun qaytarılmasına 460 milyon manat ayrılıb.

Nemət Əliyevin fikrincə, Azərbaycanda dolların məzənnəsinin aşağı düşməsinin iqtisadi əsasları yoxdur. Azərbaycanda dolların ucuzlaşması süni şəkildə baş verir. Onun fikrincə, manatın dəyər qazanmasından ötrü çox vacib hadisələr baş verməlidir: «Birincisi, ölkəyə valyuta axını sürətlənməlidir, idxal-ixrac əməliyyatlarından və digər proseslərdən Azərbaycanın xarici qazancı artmalıdır. İkincisi, ölkə daxilində xarici valyuta sərbəst alınıb-satılmalıdır. Növbəti mərhələdə isə milli valyutada saxlanılan depozit və əmanətlərin sayı artmalıdır. Bu parametrlər üzrə, ən azı, bir aylıq göstəriciləri nəzərdən keçirsək, görərik ki, bunların heç biri yoxdur».

Ekspertə görə, hökumət dolların məzənnəsini süni şəkildə salmaqla, həm bahalaşmanın, həm də bütünlükdə əhalidə yaranacaq narazılığın qarşısını almaq istəyir. Nemət Əliyev vurğulayır ki, bəzi idxal mallarına rüsumların artırılması bahalaşma yaradıb: «Mənə elə gəlir ki, bahalaşma səviyyəsi əhalini küçələrə çıxmaq həddinə gətirdiyi üçün hökumət psixoloji vəziyyəti sakitləşdirmək məqsədi güdür. Manatın bahalaşması, dolların dəyərdən düşməsi bununla bağlıdır. Hətta Mərkəzi Bankın bu işdə açıq formada manipulyasiya etdiyi görünür».

Bank Standard
Bank Standard

BANKLARIN «KÖPÜK»Ü

«Novoye Vremya» qəzetində «İrimiqyaslı böhran bankları əhatəyə alıb» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, bank sistemində durum çox ağırdır: «Bizim bank sistemi qətiyyən şəffaf deyil. Pis tənzimlənən, milli əmanətləri istehsal investisiyasına transfer etməyi bacarmayan böyük bir köpükdür».

Müəllif problemli kreditlərin həcminin artmasını da bank sisteminin səmərəsiz fəaliyyətinin nəticəsi adlandırır: «Xarici valyutada olan problemli kreditlərin həcmi sentyabrın 1-nə bütün kredit həcminin 10.37 faizini əhatə edib».

Yazıda bu ilin əvvəlindən 43 bankdan 11-nin, keçən il isə 2 bankın bağlanması bu mürəkkəb durumun göstəricisi sayılır.

Müəllifə görə, bu hələ son deyil, bir çox maliyyə müəssisələri uçurumun qırağındadır.

Yazıda qeyd edilir ki, əhalinin əmanətlərini geri çəkməsi də bankların durumunu ağırlaşdırır.

Ekspertlərdən Əkrəm Həsənova qəzetə deyib ki, bank rəhbərlərinin yarıtmazlığı bütünlükdə ölkəni irimiqyaslı böhranın içinə sürükləyib.

AMAY
AMAY

AMAY-DA «BEKARÇILIQ»DIR

«Bizim Yol» qəzetində dərc edilən «Boş mağazalar, çılpaq manekenlər…» sərlövhəli məqalədə ölkənin iri ticarət mərkəzlərindən olan AMAY-dakı vəziyyətdən bəhs olunur.

Müəllif yazır ki, manatın 2 dəfə devalvasiyaya uğraması, vergilərin yüksək olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ölkədə ticarət obyektlərin bağlanması prosesini sürətləndirib.

Yazıda vurğulanır ki, bağlanan obyektlərin əksəriyyəti geyim mağazalarıdır.
Müəllif bildirir ki, geyim mağazalarının sahibləri indi sosial şəbəkələrdə səhifələr açmaqla, yeni müştərilər qazanmağa ümid edirlər: «Müşahidə etdik ki, ticarət yerlərinə məxsus qələbəlik, satıcı ilə alıcının mal üstündə hay-küyü yoxdur. 8-mərtəbəli AMAY-ın yuxarı mərtəbələri, ümumiyyətlə, boşdur. Mağazalar boş, manekenlər çılpaqdır. Mağazalar yalnız birinci mərtəbədə yerləşir, onların da yarıdan çoxunda heç bir fəaliyyət yoxdur. Arxa sıralarda heç işıqlar da yandırılmayıb».

Müəllif qeyd edir ki, xeyli mağazanın içərisində mal olduğu halda, qapısına qıfıl vurulub. Boş obyektlərin icarəyə verilməsi ilə bağlı elanlar belə yoxdur.

XS
SM
MD
LG