Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Mən insan deyil, bir zərrə tozam, həə, tozam eey, toz!..


Əfqanıstanda qum fırtınası.

Əfqanıstanda qum fırtınası.

-

Zahid Sarıtorpaq

TOZ

(bir cümləlik esse)

Yazıçı Zahid Sarıtorpaq.

Yazıçı Zahid Sarıtorpaq.

...sən indi, “görəcəyim varmış” deyərək, içinin sıxıntısına, canını üzənlərə dözməyib, evdən-eşikdən, qohum əqrəbadan, dost tanışdan üz döndərib, heç kimə bildirmədən o balaca, o yosmaca kənd evindən çıxıb qocaman ceviz ağaçlarının yanından keçərək, başında, beynində “nə olar olar” düşüncəsi, heç nəyə yaramayan köhnə, sınıq körpüdən adlayıb, hara gəldi yollanmaq arzusuyla getdiyin kəsəkli, nahamar, yeri gəlmişkən, təpəsinə güllə də sıxsan heç bir şəhərlinin beş dəqiqə də səbri çatıb yeriyə bilməyəcəyi, günbatana doğru ilan kimi qıvrıla-qıvrıla uzanan, görünüşündən kəsafət yağan bu qədim yolun kənarlarında bitmiş yulğunlara qonan tozun təkəm-seyrək düşən yağış damlalarından necə girdələnib, yumurlanıb sivri yarpaqlardan bozumtul saplaqlara diyirləndiyinə, islanaraq ordan da gövdələrə süzülə-süzülə yavaş-yavaş yerə axmalarına baxdıqca, yadına uşaqlıq çağlarında beləcə iri damcılı leysanlardan soraq gətirən, civildəşə-civildəşə yertozu uçuşan qaranquşlar düşdükcə, onlara necə heyrət içində tamaşa etdiyini xatırlayıb, elə bilirsən, bütün bunlar lap dünənin işi, dünənin diqtəsiylə yazılmış bir yazının solğun sətirləriykən, adına xatirə deyilən, hələ də səni xoş, yaxud bəd niyyətlə qarabaqara izləyən bu olmuşlar təkcə yaddaşında deyil, elə bu günkü həyatında da dabanbasma arxanca gəlməklə, içində ya çölündə olması əhəmiyyət kəsb etməsə də həmişə onların addım səslərini eşidərək, istər gecə olsun, istər gündüz, qəfildən geri qanrılmaqla onunla nəfəs-nəfəsə dayanıb çox şeyləri dərk etmək məqamına yetişəcəyini gözəl anlamağın bir yana, hələ baş alıb getdiyin, haçan sonuna yetişəcəyini düşünmək belə istəmədiyin səfərinin ruhuna yad olmasın deyə özünü sevgiylə toparlayıb hamısından vaz keçməyi qarşına məqsəd qoymaqla ağlına güc gəlmədiyini düşünürsənsə də, yenə lap elə bu bir-bir atan iri, dənəvər yağış damlaları kimi kiminsə taleyindəki biganəlik, görməməzlik, soyuqluq adlı tozun üstünə yağıb məhv olmağı ağlının ucundan da keçirməyə gücün çatmayacağına inamını itirməkdən qorxmadığına görə içinin rahatlığına pirlər, övliyalar qədər bel bağlamaqla, bu gün bildiyini dədəsinə də verməyən dikbaş bir uşaq sayağı əyilib körpə yulğunların tozu islanmış xırdaca yarpaqlarına niyə toxunmaq istədiyini bir kimsəyə söyləməməyin təkcə öz arzun, öz sirrin, öz mübhəmliyin olduğunu anladıqca, tanıdığın, əlindən qaçmaq istədiyin dünyanın doğrudan da haçansa yaşıl, azman, kölgəli bir ağac həyatı yaşadığını, sonradan canlı, yoğun gövdəsi düşməncəsinə kəsilərək üstü həmişə qan köpüyü ilə dolu olan bir qəssab kötüyünə döndüyünü dərk etməyə zorlananların əlindən qaçdığını, bu kəsəkli, nahamar, günbatana sarı uzanan cansıxıcı yolun isə bu an yeganə yolçuluğunu etdiyini heç kimin görmədiyinə hayıfsılanmaqdan başqa deyəsən əlindən heç bir iş gəlməyəcəyini, amma yenə də getməyə davam edəcəyini, haçansa qətlə yetiriləcəyinə inandığın kimi gözünün önünə almağa canında təpər tapdığın üçün sevinsən də, amma içinin bu gizlinləri üzünə yansımadıqca, get-gedə bir narahatlıq yaşayacağının fərqində olduğuna baxmayaraq tövbə etməyə tələsməməklə qarşıdakı yastanları, gədikləri keçəcəyin anın həsrətiylə günbatanın lal-dinməz sükutuna qovuşmaq, ordan da o yana adlamaq üçün bax bu dənəvər yağış damlalarının sorağını yetirən yertozu uçuşan qaranquşlar kimi uçub irəlidəki biçənəklərin sinəsinə toxunmadan günün qeyb olduğu məkana yetişməyin nə olduğunu sınaqdan keçirməyin alın yazısı tək yazıldığına əmin olmaqdan başqa çarəsi qalmadığını dilinə gətirməyən birisi üçün yulğunların xırdaca, sivri yarpaqlarına hərdən çırpılan dənəvər yağış damlalarına təslim olan toz qədər ömrün budaqlarından süzülməklə birər-birər yox olanlar yuxulara qovuşmağın nağıl deyil, bir həqiqət olduğunu uyduranda gözləri ağlamaqdan, ürəyi iztirabdan şişmiş, ayrılığın üzdüyü bir gözəlin dodağını qaçıracaq qədər inanılmaz olan fərziyələr içində itib-batmağını düşündükcə sən qurumuş akasiya ağacının budaqlarına toxunan həlim, körpə, zərif bir küləyin üzünün necə cızılıb yaralandığını görüncə əllərinlə başını tutub yüyürməyə başlamağı fikirləşmədən sarsıldığını boynuna almış kimi davranmaqla özünü yenməyə çalışsan da küləyin inləmədiyini görüb, “bu, taleyin diqtəsidi” söyləməklə özünə verdiyin təsəllini başın üzərinə bir çətir kimi qaldırıb indicə yağacaq leysan yağışın belini qırdığını dilinə gətirmədən özündən xoflanan buludların göy üzündə oyur-oyur oynamasını günün gerçəkliyi sanmaqla şahdan vəzirə, vəzirdən xana, xandan nökərə yenən, nökərdənsə nalələr içində göy üzündəkinə ucalanların bir daha səndən keçdiyinə əminlik duyurkən, bu mərhələlərin niyə pillə-pillə, yandıra-yandıra enib-qalxdığını dərk etməkdə nə qədər çətinlik çəkəcəyinə baş qoşmamağı hər şeydən vacib sayanlardan heç bir fərqinin olmadığını, yalandan bu nahamar, kəsəkli yolun yolçuluğunu etməyin gözə kül üfürməkdən fərqlənmədiyini ürək yanğısıyla hayqırmaq istəsən də alt dodağını üst dodağına sıxıb yapışdırmış qorxu adlı qıfılın açarını çoxdan itirdiyini gözəl bilən hər bir kəs necə davranırsa, sən də bir yolçu, bir divanə, bir aşiq kimi eləcə hərəkət etməyi düşünəndə göy üzündə buludlar seyrəkləşməyə başlayırmış kimi yüngülcə aralanıb qürub günəşinin ilıq telləriylə məsum üzünün solğunluğunu örtməyə başlamazdan öncə yenə dənəvər damlalarını çiləməklə yolun xeyirli olmasına bir işarə verməyin nə qədər önəm kəsb etdiyini bildirən buludların aşağılara meylini içində alqışlamaqdan doymayan bir dəliyə çevrilməkdən qorxmamağı igidlik hesab eləməsən də ürəyində “ay gidi dünya o həlim küləyin suçu nəydi axı, onun yolunun üstündə bitmiş akasıiyanı da qurutdun” söyləməkdən özünü saxlayacağına inansaydın, heç bu yola çıxmağı ağlının ucundan belə keçirməyə, göz işlədikcə uzanıb gedən bu günbatan yolunun bağrını yara eləyən kimsəsizliyi duymağa ehtiyac olmadığını artıq üzüb-üzüb az qala bir qeyd dəftərçəsi kimi sinəndə gəzdirdiyin ürəyinə axıtdığın göz yaşlarıyla yazmağa girişmək haqda düşünməyi ağlından keçirməyə, sonra da “eh, nə olacaq olacaq” deyib içində hayqıra-hayqıra yol getməyinə dəstək olan, yağmaq istəyən leysanın ismarıcı kimi çilənən təkəm-seyrək dənəvər damlalara öncə “o, yazılanları silməyə aman vermirsə, yəqin bütün bunları ucalardan bir izləyən var” deyərək addım-addım yaxınlaşdığın, özünün xəyallarında qurmuş olduğun sevgi dolu bir aləmin ab-havasını hiss etməyə bu qədər yaxın olduğunun fərqinə varırmış kimi “yer üzünün bütün gerçəklərində bir yalan gizlənibsə biz nəyi axtaırıq” düsturuna, məntiqinə könül bağlayıb bədbəxt günə qalmağın nə olduğunu öz-özünə pıçıldadıqca, “üzülmə, üzülmə, hər şey yaxşı olacaq” deməyə ehtiyac duyulmayanda belə dilucu da olsa yenə ucalara yalvarıb-yaxarmaq günahlardan xali olmaq kimi bir şeyə bənzədikcə çaşqınlıq içini sarmasın deyə qurumuş akasiyaya, yaralı küləyə, nahamar yola, dənəvər yağış damlalarıyla yoğrulan yulğunlardakı toz zərrəciklərinə, kim bilir, daha nələrə, nələrə üz tutub bir doğma adamın nəşi üstündə oxunanlara bənzər sehirli sözlər pıçıldamaq yeganə çıxış yoluna çevrilirsə, niyə də bürünməli olduğun el palazından iyrənməyə başladığını bildirində, özgələrin üz-gözündəki etinasızlıqdan içində daşıdıqlarının çat verməsinə dözdüyünü eşidib-bilənlər arxanca nə su atmağa, nə də uğur diləməyə cürət eləməyəndə, “ay gidi dünya sən elə busanmış” hayqırmağınla guya çıxdığın kəsəkli yollara xalı döşənəcəkmiş kimi gic-gic fikirlərdən uzaq qaçmağına sevinə bilirsənsə, deməli hələ kəllə sümüyün, yəni, arkadaşlarımız demişkən, kafa tasın dibçək gülü əkməyə yarayar deyiləndə hövüllənmək lazım olmadığını da gərək oturub-durub yaddaşında saxlmağa çalışdığına arxayınlaşaraq, “öləriksə, köpək uşağı sür-sümüyümüzdən də əl çəkməyib, kəlləmizin çanağında gül əkməyə də əl atacaqlar” qədər misgin, şərəfsiz, qəddar bir xülyanın içinə girə-girə, bu nahamar, ağır, əzablı yolu getməyə, dəyər, ya dəyməz məsələsini araşdırmağına bir hacət olmadığını da yaddaşına zəncirləyə bildiyini dost-tanışla gərək elə bölüşəsən, bir də üzlərinə baxanda xəcalət təri bax bu dənəvər yağış damlaları kimi damıb gərəksiz ömrünü toz zərrəcikləri kimi yuyanda özünü yulğun kolu tək deyil, heç olmasa o qurumuş akasiya kimi hiss etməyə haqqın olduğunun fərqinə varmağa gücün yetəcəyinə əminliyini dərk edə bildiyin üçün için sirli duaların yuvasına çevrilsin deyə elə bu narahat, ilan kimi qıvrıla-qıvrıla günbatana sarı uzanıb gedən yolun yolçusu olmağınla öyünməyin yetərli görünməsə, yenə rəhmətlik şair dostumuzun: “məni qınamayın, məni qınayın” misrasına qoşulub göyün bağrına sancılmağın yollarını arayanda, “doğrudanmı bu yağış kəsəcək, ya yox” sualına ilişib büdrəsən, “yıxılmağa bir qucaq yox, isinməyə ocaq yox” deyən başqa bir şair dostumuzun da sözlərini unutmasan, deməli, “haqqın əli yaxandan boşalanda çıxanda, zaman alıb ovcuna səni nar tək sıxanda, ayılıb görəcəksən qan getməmiş can gedir” dediyin günlər arxada, özü də çox-çox uzaqlarda, lap gündoğan sarıda dayanıb sənə əl etməklə keçmişinə güzgü tuturmuş kimi unutqanlıqlar diyarından keçdiyini diri-diri xatırladırsa, “alma gözlü qız birçəkli qır at gəl” bəstəsi üstə yoluna işıqlar saçmağı da özünə rəva görməklə səni bayılmaqdan qorumağa da aludəliyini biruzə verdiyini sətir-sətir ürəyinin başına cızdıqca canında təpərin artırsa, hələ də “leysan başlamayıb” deyərək yolçuluğuna davam etməyində heç bir çətinliyin olmayacaqsa, onda nə əvvəlin, nə sonun insan ömrüylə əlaqəsi olmadığına dədə-baba üsuluyla, aşıq düşüncəsi, ozan təfəkkürüylə bir cavab tapmağa ehtiyac görməsən el palazına nəinki bürünmək, hətta diz çöküb səcdə etməyə də ehtiyac duyulacağını anlamağa elə də dərin bir düşüncə gərək olmayacağı gün kimi aydın olub başın üstəki buludları dağıdaraq yağmaq istəyən leysanın da necə deyərlər, arzusunu gözündə qoymaqla, küləyin üzünü cızıb yaralayan o tənha, qurumuş akasiyanı, tozlu yulğunları da xilas etməklə hər şeyin cavabını sənə agah edəcək desələr yəqin heç nə itirməyəcəyini düşünüb artıq ağuşuna girməyinə az qaldığın qürub qızartısının öz sükutuyla gəl-gəl deməsinə barmaqarası baxmağa nə hacət ola biləcəyini anlayıb, yulğun kollarının sivri yarpaqlarından dənəvər yağışın sonuncu damlasına qoşulub solğun gövdələr boyunca aşağı diyirlənən, islandıqca isə bulanıq-bulanıq süzülən toz zərrəciyinin elə özün olduğuna inanacaq, tfu belə gərdişə deyib o nahamar, kələ-kötür, cançürüdən yolun, yağışın, buludun, otun, quşun... bu gidi dünyanın sənlik olmadığını qəfil dərk edəcək, “ömür hansıydı, ölüm hansı” deməyə belə vaxtın olmayacaq bir məqama çatıb, hər şeyin səndən yan keçdiyini duyunca, misgincəsinə: “bu mənəm eey, mənəm haa, yadınızda saxlayın, mən insan deyil, bir zərrə tozam, həə, tozam eey, toz!.. – deyəcəksən.

Günün bütün mövzuları

XS
SM
MD
LG