Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

İqtisadi uğurlar, Qarabağ münaqişəsinin həlli ilə bağlı nəticəsiz danışıqlar, qiymət artımı və ticarət mərkəzlərində alış-verişin zəifləməsi bu gün medianın əsas mövzusudur.

YENİ İQTİSADİ HƏDƏFLƏR...

«Azərbaycan» qəzetində «Yeni inkişaf hədəflərinə doğru» sərlövhəli məqalə dərc edilib. Məqalədə 2016-cı ilin 9 ayı ərzində ölkə iqtisadiyyatının durumu dəyərləndirilir.

Müəllif yazır ki, cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları Azərbaycanın dayanıqlı və sabit inkişaf etdiyini bir daha təsdiqləyib, makroiqtisadi sabitlik təmin olunub. Müəllifə görə, bu uğurun səbəbi həyata keçirilən iqtisadi siyasətin reallıqlara söykənməsidir: «Bu da respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha sübut edir».

Yazıda deyilir ki, bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranının ciddi təsirləri müşahidə edilir. Azərbaycanda isə xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən doqquz ayda da öz müsbət nəticələrini verib. Bu dövrdə qeyri-neft sektoru 3.6 faiz, kənd təsərrüfatı 2.4 faiz artıb: «Bu baxımdan 2016-cı ilin ilk doqquz ayında da ölkə iqtisadiyyatında müsbət meyllər davam edib».

Müəllifin fikrincə, dünyada neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ölkə iqtisadiyyatında müəyyən çətinliklər yaradıb. Amma iqtisadiyyatın şaxələndirilməsi yönündəki uğurlu islahatlar ölkənin dayanıqlı inkişafını təmin edərək, real büdcə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib.

Müəllif Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı İlham Əliyevin çıxışından da sitatlar gətirir: «Biz bu il çox ciddi iqtisadi islahatlar aparmışıq və bu islahatlar artıq öz nəticələrini verməkdədir. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq».

İ.Əliyev və S.Sarkisian

İ.Əliyev və S.Sarkisian

QARABAĞ DİPLOMATİYASININ RÜSVAYÇI YEKUNU

Azadliq.info saytında isə «Qarabağ diplomatiyasının rüsvayçı yekunu» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan 23 illik danışıqlar və onun nəticələri müzakirə edilir.

Müəllif qeyd edir ki, bu ilin aprelində Qarabağ cəbhəsindəki döyüşlərdə Azərbaycan ordusu müəyyən üstünlüklər qazanmışdı. Amma bu döyüşlər qəfildən saxlanılıb, bu ilin mayında Vyanada, iyununda isə Sankt-Peterburqda nəticəsiz danışıqlar aparılıb: «Təbii ki, zəfər yürüşündə olan ordunun dayandırılması cəmiyyətdə də ciddi narazılıq yaratdı. Ona görə də hökumət ortaya yeni bir arqument atdı. Belə bir təbliğat aparıldı ki, sülh danışıqları məntiqi sonluğuna yaxınlaşır və buna görə də müharibənin davam etdirilməsinə ehtiyac yoxdur».

Yazıda bir neçə gün öncə İ.Əliyevin Nazirlər Kabinetinin iclasında Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar mövzusunda səsləndirdiyi fikirlər də dəyərləndirilir: «İlham Əliyev etiraf edir ki, 23 illik danışıqlar imitasiya imiş, diplomatiya zərrə qədər uğur əldə etməyib. Saysız-hesabsız görüşlər Qarabağın unudulmasına xidmət edirmiş».

Müəllif yazır ki, İlham Əliyev bu məsələdə əsas günahkarın adını çəkmir: «Amma heç kimə sirr deyil ki, bu məsələdə əsas rolu Rusiya oynayır. Çünki, Ermənistanın birmənalı himayədarı Rusiyadır. Son zamanlar Ermənistana «İskander» raketlərinin hədiyyə edilməsi də bunun daha bir sübutudur... Aydın görünür ki, bu illər ərzində Azərbaycana xalqı ən yüksək səviyyədə aldadılıb. Bir tərəfdən «danışıqlar müsbət sonluğa yaxınlaşıb» bəyanatı verilir, o biri tərəfdən «bizi Qarabağın müstəqilliyini tanımağa məcbur edirlər» etirafı edilir».

Eyyub Hüseynov

Eyyub Hüseynov

QİYMƏT ARTIMINI «CILOVLAMAQ» OLMUR

«Exo» qəzetində «Heç bir qadağa Azərbaycanda malların qiymətinin artırılmasını dayandıra bilməz» sərlövhəli məqalədə ölkədə qiymət artımı ekspertlərlə müzakirə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzunu qəzetə belə şərh edir: «İdxal edilən bəzi mallara gömrük tariflərinin artırılması artıq bir sıra məhsulların 10 faiz bahalaşmasına səbəb olub. Hökumətin bu qərarı istehlakçıların əleyhinədir və dövlətin heç bir qadağası qiymətlərin artımının qarşısını ala bilməz».

Eyyub Hüseynov qiymətlərin qaldırılması ilə yanaşı, istehlakçıların çəkidə aldadılmasına da diqqət çəkir. Onun bildirməsinə görə, standart qablaşdırmada bir qutu yağ 200 qram olmalıdırsa, indi bu 170-180 qrama endirilib. Çəki isə kiçik şriftlərlə göstərilir ki, istehlakçı buna diqqət yetirməsin. Ekspertə görə, digər mallarda da belə hallar müşahidə edilir.

Müəllif xatırladır ki, İqtisadiyyat Nazirliyi qiymətlərin süni şəkildə qaldırılacağına imkan verməyəcəklərini bəyan etmişdi. Artıq həm mal, həm qoyun, həm də toyuq əti bahalaşıb.

Yazıda qeyd edilir ki, əgər tariflər qaldırılana kimi toyuq ətinin kiloqramı 2.8 manata satılırdısa, indi qiymət 3.3 manat olub.

«Binə» Ticarət Mərkəzi

«Binə» Ticarət Mərkəzi

TİCARƏT MƏRKƏZLƏRİNDƏ «ÖLÜ SÜKUT»

«Bizim Yol» qəzetində isə «Bakının ən böyük topdansatış bazarında «ölü sükut» hökm sürür» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə ticarət zəifləyib. O, buna nümunə olaraq Bakının Qaradağ rayonundakı ən iri ticarət mərkəzlərindən sayılan «Binə»dəki durumu göstərir: ««Binə» Ticarət Mərkəzində əvvəlki sıxlıqdan, alış-verişdən əsər qalmayıb. Yarmarkanın çıxışındakı mağazaların əksəriyyəti boşaldılıb. 3-cü sıradan başlayaraq sonuncu sıralaradək hər 3 mağazadan 1-inin üstünə «icarəyə verilir» yazılıb. İşləyən mağazalarda isə «50 faiz endirim», «Şok endirim» kimi reklamlar vurulub».

Satıcıların deməsinə görə, manatın devalvasiyası, dollar qıtlığı, rüsumların artması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi alverin zəifləməsinə səbəb olub. Onlar qiymətləri məcburiyyətdən qaldırdıqlarını da qeyd ediblər: «Malın qiymətini qaldırmışıq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk, malı da ancaq dollarla alırıq, indi isə ziyan eləmişik».

Yazıda qeyd edilir ki, satıcılar kimi alıcılar da narazıdır. Onlar isə aldanıldıqlarını düşünürlər: «Malın qiymətini bizə iki qat baha deyirlər, endirim adı ilə bir qat bahasına satırlar. Elə aldığım maaşdır, vacib olan şeylər dalınca gəlmişəm ki, şəhərdən bir az ucuz alım. Amma şəhər qiymətinə alıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG