Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

Mixail Pojarskiy

Son illər ərzində Rusiyadan çıxıb getmək istəyənlərin sayı get-gedə çoxalır. Təəccüblü də deyil: rus həyatında azadlıq və xoşbəxtlik də get-gedə azalır. “Buraya gələn ümidi çöldə qoymalıdır” lozunqu altında keçən ötən seçkilər yenidən “qaçmaq vaxtıdır” əhval-ruhiyyəsini doğurdu. Lakin miqrasiyanın dünyaya necə təsir etməsi haqqında da düşünməyə dəyər. Xüsusilə də tərk edilən ölkə təsiri barədə. İnsanlar adətən düşünürlər ki, emiqrasiya - yalnız insanın özünə və ailəsinə toxunan şəxsi qərardır. Lakin əksini düşünməyə müəyyən əsaslar var. Rusiyanın bugünədək Asiya despotluğu ilə idarə etməsində də elə emiqrantın da günahı var.

Müftəxor Emiqrant 2.0

Ancaq gəlin növbədən kənara çıxmayaq. Başlanğıc üçün onu qeyd edim ki, “müftəxor effekti” – kiminsə ictimai əmlak və vəsaitdən öz mənfəəti üçün istifadə etməsi, – məlum iqtisadi problemdir. Adi malları və xidmətləri ayrı-ayrı müştərilərə satmaq olar, lakin ictimai vəsaitlərdən qeyri-məhdud sayda insanlar yararlana bilir. Təhlükəsiz küçələr, şəhər parkları, avtomobillərin saxlanılması üçün ayrılan xüsusi yerlər, mayak və ya ictimai kitabxana – bütün bunlardan nə qədər vergi ödəməsindən asılı olmayaraq hər kəs istifadə edə bilər. Buradan da “müftəxor olmaq” niyyəti, ümumən heç nə ödəməmək tamahı insana güc gəlir.

Həqiqətən də, adətən, vətəndaşların hüquq və azadlıqları uğrunda əhalinin kiçik bir qrupu, bir neçə faizi mübarizə aparır, bəhrələnən isə hamı olur.

Bəzi müəlliflər, məsələn, Mansur Olson, çoxdan fikir veriblər ki, inkişaf etmiş ölkələrin demokratiya kimi institutları da ictimai “əmlakdır”, və onlar da “müftəxorluğun” qurbanı ola bilərlər. Ümumi rifah xatirinə şəxsi rifahi təhlükəyə atmağın mənası nədir? Həqiqətən də, adətən, vətəndaşların hüquq və azadlıqları uğrunda əhalinin kiçik bir qrupu, bir neçə faizi mübarizə aparır, bəhrələnən isə hamı olur.

Keçmiş vaxtlarda hər şeydən havayı istifadə seçim məhdudluğundan irəli gəlirdi. Bir vaxtlar Patrik Henri, Amerika inqilabının funksionerlərindən biri, çıxışını sonradan məhşurlaşan bir ifadə ilə bitirmişdi: “Ya mənə azadlıq verin, ya da ölüm!” Onun kimilər üçün hələ də yad (Britaniya) hakimiyyətinə tabe olmaq seçimi qalırdı, lakin mahiyyətçə ifadə doğru idi: həqiqi seçim imkanı çox məhdud idi. Azadlığı əldə etmək, mövcud qaydaları qəbul etmək və ya hansısa koloniyalara – yerlilərin, malyariyanın və digər “gözəlliklərin” olduğu yerlərə qaçmaq. Belə “seçim imkanları” insanları bütün mümkün resursları toplayaraq, öz hüquqları uğrunda mübarizəyə sövq edirdi. İndi isə yeni seçim yaranıb: inkişaf etmiş ölkələr nəinki savadlıları, savadsız qaçqınları da həvəslə qəbul edirlər. Hər şey asanlaşıb: bir vaxtlar ABŞ-a qaçmış irlandiyalı ayağa qalxmaq üçün qan-tər tökməli idi, indi isə çox sayda sosial xidmətlər “inteqrasiya” prosesini asanlaşdırmaq üçün miqrantların qulluğundadırlar. Nüfuzlu universitetlər bütün dünyadan istedadlı tələbələrə oxuyacağı ölkədə qalmaq perspektivi ilə müxtəlif növ təhsil qrantları təklif edirlər.

Bir sözlə, hazırda emiqrasiya etmək keçmişdəki kimi çətin deyil.

Ehtimal ki, köçüb getməyə “müftəxor 2.0” effekti təkan verir. Əvvəllər “Niyə şəxsi azadlığını ümumi rifaha görə təhlükəyə atırsan?” sualı vardısa, indi bu suala “...emiqrasiya etmək imkanın varsa” əlavə edilir. Əgər qurmağa çalışdığın hüquq institutları ikicə saatlıq uçuş məsafəsində artıq hazır varsa, niyə öz hüquq institutlarının yaratmaq yolunda çətinliklərə tər tökəsən ki?

Emiqrasiya yaramazlara, oğrulara və tiranlara necə kömək edir

Birincisi, emiqrasiya əvvəl olduğundan daha asan olsa da, bu proses yenədə təşəbbüs, məqsədyönlü çalışma və uzunmüddətli planlaşdırma tələb edir. Beləliklə, miqrasiya tələsi cəmiyyətdən məhz avtoritar dövlətə qarşı mübarizənin avanqardı ola biləcək insanları özünə çəkir. Ölkədən baş götürüb getmək imkanının özü belə, fəaliyyətsizlik yaradır (“Hər şey lap pisləşsə, istədiyim vaxt çıxıb gedə bilərəm!”). Bu, hətta vicdanını tapdalamağa da haqq qazandırır. Görün nə qədər insan korrupsiyalaşmış sistemlərdə və dövlət cinayətlərindəki iştiraklarına pul qazanıb, ölkədən getmək niyyətləri ilə haqq qazandırırlar? Bəs ən azından uşaqlarını xaricə göndərmək niyyəti ilə çirkaba bulaşanlar? Əgər həmin uşaqlar göy “miqalkalı” maşının onları əzib keçəcəyi və cəzasız qalacağı bir ölkədə yaşamalı olsaydılar, bəlkə o zaman valideynlərin ölkədə siyasi dəyişiklik istəməyə daha çox səbəbləri olardı. İndi isə “miqalkalıların” hələ 18-ci əsrdə məhv edildiyi ölkələrə köçmək daha asandır.

Bu şərtlər altında, məntiqlə, doğma ölkəyə ov üçün münasib bir yer, Qərbə isə rahat anbar və istirahət məkanı kimi baxırlar.

İkincisi, insanların və kapitalların indiki mobilləşmə səviyyəsi keyfiyyətli institutların yaradılmasında yuxarı təbəqənin də motivasiyası yoxa çıxarır. Aydındır ki, mövcud durumdan xeyir götürən elə elit təbəqənin özüdür. Lakin bir çox müəlliflər (məsələn, Duqlas Nort) yazıblar ki, məhz elit təbəqənin müəyyən qisminin marağı müasir insitutların yaranmasına gətirib çıxarırdı. Elit təbəqənin mübahisəli məsələlərini həll edə biləcək müstəqil məhkəmələrə ehtiyacı var. Hüquqi zəmanətlərə ehtiyacı var ki, hakimiyyətdə olan öz kefindən istədiyi vaxt onları qazamata atmasın. Kralın acgöz əlini uzada bilməyəcəyi etibarlı banklara ehtiyacları var. Etibarlı banklar İsveçrədə var. Müstəqil məhkəmələr isə – Britaniyada (Berezovksi ilə Abramoviçin məhkəmə prosesi də orda keçirildi). Kralın gözündən düşsən, rejimdən əziyyət çəkdiyini iddia edib qaçmaq imkanı var. Amma nə İsveçrədə, nə də Britaniyada oğurluq etmək olmaz. Ancaq Rusyada - olar.

Bu şərtlər altında, məntiqlə, doğma ölkəyə ov üçün münasib bir yer, Qərbə isə rahat anbar və istirahət məkanı kimi baxırlar.

Üçüncüsü isə, miqrasiya tiranların özlərini də lazımsız başağrısından qurtarır. Axı əvvəllər çox əziyyət çəkməli olurdular: narazıları kütləvi şəkildə məhv etmək, konslagerlərdə ağzını bağlamaq, və özləri üçün belə təhlükəli olan ciddi siyasi casus sistemi qurub saxlamaq. Apparatdaxili təmizləmələr, güllələmələr, repressiyalar – bunlar keçmişdə tiranların əziyyətli reallıqları idi. Bəs indi necə? Dərs olsun deyə on nəfəri həbs etmək kifayətdir. Hələ sərhədləri bağlamasan – yüzlərlə və minlərlə müxalif öz hesablarına tiranı təhlükədən xilas edəcəklər. Bu, həm də babat beynəlxalq imic qazanmağa da imkan yaradır (klassik zalımlardan Şimali Koreyadan başqa kim qalıb ki?). Qərb ölkələri isə bunu riyakarcasına “hibrid” adlandıraraq, avtokratiyalarla ticarət əlaqələrini qoruyub saxlaya bilirlər. Bir sözlə, hər şey qaydasındadır.

Ancaq qəribədir ki, bu barədə az danışılır. Miqrasiya məsələlərinə həsr olunmuş elmi nəşrlərin çoxu diqqəti qəbul edən ölkələrə yönəldir. Donor ölkələrdən söhbət düşəndə belə, əsasən, iqtisadi nəticələr müzakirə olunur. Lakin XIX əsrdə demokratikləşmə rifah və təhsil səviyyəsinin yüksəlməsinə təkan verirdisə, XX-XXI əsrlərsə biz uzun sürən durğunluq və eniş dövrlərinin şahidi oluruq (demokratiyanın növbati tənəzzül dövrünə bu yaxınlarda daxil olmuşuq). Bir çox şeyləri Dünya müharibələri və SSRİ-nin səyləri ilə izah etmək olar, ancaq hər şeyi yox. Neft dövlətlərinin yaranması da səbəblərdən biridir. Ancaq, maraqlıdır ki, buna paralel olaraq inkişaf etmiş ölkələrə miqrasiya artır. Beləliklə, yüksəlmiş rifah və təhsil səviyyəsi artıq inkişaf etməkdə olan ölkələrdə qalmır, emiqrasiya formasında "axıb gedir". Burada belə bir sual ortaya çıxır: hansı birinci başlayır, rejimin sərtləşməsi, yoxsa ondan qaçış? Bəlkə bunlar bir-birini tamamlayır?

Birinci növə daxil olan mühacirlər rahat Qərb həyatına qovuşan kimi özlərini nədən qaçdıqlarını unutmuş kimi göstərirlər. Onlar "Russia Today"ə baxaraq Putinin Rusiyanı ayağa qaldırması ilə fəxr edirlər.

Əksər mütəxəssislər razılaşır ki, miqrasiya axınları gələcəkdə daha da güclənəcək. Bəs çıxış yolu nədir? Nəzəri olaraq, xaricdəki diasporalar vətəndə qalmış həmvətənlərini ölkədə islahatlar uğrunda mübarizədə dəstəkləyə bilərdilər. Ancaq reallıqda, mənə rast gələn rusdilli mühacirlərin aksəriyyəti iki əsas növə bölünür.

Birinci növə daxil olan mühacirlər rahat Qərb həyatına qovuşan kimi özlərini nədən qaçdıqlarını unutmuş kimi göstərirlər. Onlar "Russia Today"ə baxaraq Putinin Rusiyanı ayağa qaldırması ilə fəxr edirlər.

Sosial şəbəkələrdə kütləvi repressiyaları dəstəkləyən və "beşinci kolona" nifrət edən birinin profilində "Toronto, Kanada" görəndə artıq çoxdan təəccüblənmirik. Görünür, bu insanlar yad sosial mühitə uyğunlaşa bilmədiklərinə görə öz nostaljilərini belə qəribə üsulla sublimasiya edirlər.

İkinci növə aid olan mühacirlərsə daha maraqlıdır. Bunlar keçmiş vətənlərindən pis xəbərləri toplayaraq "mən sizə deyirdim axı" cümləsini əlavə edirlər. Cəmiyyətin istənilən mübarizə aparmaq cəhdləri – istər təkadamlıq piket olsun, istərsə də seçkilərdə müşahidəçilik, eyni rəylə qarşılanır: "Sizdə heç vaxt alınmayacaq", "Bu rejimə qalib gələ bilməzsiniz", "Bu xalq düzələn deyil". Onların yeganə tövsiyyəsi ölkədən baş götürüb getməkdir. Onların fikrincə ölkədən getmək yeganə xilas yoludur. Bunlar iki koqnitiv təhrifi təmsil edir. Birincisi, confirmation bias – yalnız inandığın fikri təsdiq edən faktların toplanması, əsl səbəb əsasında isə xəyalların dağılmasından qaçmaq istəyidir.

...hər dəfə kimsə mühacirət edəndə cəmiyyətin immun sistemindən bir hüceyrə əksilir. Bu isə qalanların yükünü bir az da artırır.

Bəlkə bu bütün mühacirlərə xasdır. Ukrayna diasporasının Avromaydan vaxtı dedikləri hamının yadındadır: “Buraxın getsin, heç nə alınmayacaq” və “Ondansa gəlin bura, Kanadaya”. Amma yox, yadınızda ola bilməz, çünki elə olmamişdı. Ukrayna diasporasının çoxu, əksinə, həmvətənlərinin hakimiyyəti dəyişmək istəyini dəstəkləyirdi. Yəni belə çıxır ki, rus emiqrantı müftəxorların müftəxorudu? Elə çıxır. İstisnalar, təbii ki, var, amma ümumi fonda onlar da itib-batır.

Biz böyük bir ictimai orqanizmin tərkib hissələriyik. Beləliklə, hər dəfə kimsə mühacirət edəndə cəmiyyətin immun sistemindən bir hüceyrə əksilir. Bu isə qalanların yükünü bir az da artırır.

Əlbəttə, insanın öz taleyini həll etməyə haqqı var, amma bu nə dərəcədə ədalətlidir? Ədalət mövzusunda Con Roulsun "Ədalət nəzəriyyəsi" adlı kitabı var. Roulsun təklif etdiyi «fərqlilik prinsipi»nə görə qeyri-bərabərliyə yalnız o vaxt haqq qazandırmaq olar ki, tərəflərdən birinin üstünlüyü digərlərinin vəziyyətini az da olsa yüngülləşdirsin. Məsələn, cəmiyyətdə milyonçular varsa, onların mövcudluğu bəxti daha az gətirmişlərin rifahını heç olmasa bircə sent artırmalıdır. Bu baxımdan miqrasiya ədalətli bir şey kimi görünmür. Beləliklə, bu addım anlaşılan olsa da çox eqoist bir davranışdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG