Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

"Əli və Nino"nun çəkiliş meydançasından reportaj. Filmin operatoru danışır...


Türk operator Gökhan Tiryaki.

Türk operator Gökhan Tiryaki.

-

Gökhan Tiryaki operator kimi fəalliyyətinə televiziyada başlayıb. Bir neçə il ardıcıl televiziya filmləri və sənədli filmlər çəkib. 1996-cı ildən kinematoqrafiyaya keçib. Onun quruluşçu operatoru olduğu filmlərin siyahısında Nuri Bilgə Ceylanın “İqlimlər”, “Üç meymun”, “Bir zamanlar Anadoluda”, Qış yuxusu”, Çağan Irmağın “Issız adam”, “Qaranlıqdakılar”, “Şahzadənin yuxusu”, “Babamın insanları”, “Unutsam, pıçılda”, Yılmaz Ərdoğanın “Kəpənəyin yuxusu” filmləri kimi məşhur ekran əsərləri var.

Oxu zalı “Əli və Nino”filminin çəkiliş meydançasında, filmin quruluşçu operatoru Gökhan Tiryakinin “Filmmaker” jurnalına verdiyi müsahibəni təqdim edir.

"Əli və Nino" filminin rejissoru Asif Kapadia.

"Əli və Nino" filminin rejissoru Asif Kapadia.

“Britanıyalı rejissor Asif Kapadiyanın Qurban Səidin eyniadlı əsəri əsasında çəkdiyi “Əli və Nino” ekranizasiyası ikinci bədii filmidi (Birinci “Uzaq Şimal” filmi; 2007). Filmdəki hadisələrin çox hissəsi Bakıda çəkilib. Lakin “Filmmaker” jurnalının əməkdaşı Bakıya çatanda çəkiliş heyəti artıq qərbə- Gəncəyə yola düşmüşdü. Odur ki, ertəsi gün mən də bilet alıb təyyarə ilə Qafqazın başı qarlarla örtülü dağlarının üzərindən keçərək Gəncəyə, Azərbyacanın ikinci ən böyük şəhərinə gəldim, ordan da dolanbac, daşlı-kəsəkli yollarla dağların arasından keçərək Gədəbəyə yollandım. Maşınımız kələ-kötür, torpaq yolla bir az gedəndən sonra yaşıl düzənliyə çıxıb çəkiliş meydançasından 100 metr aralıda dayananda mən onda niyə yolsuzluq maşınına ehtiyacımız olduğunu anladım. Çəkiliş meydançasında Kapadia var-gəl eləyir, operator Gökhan Tiryaki isə bir kameradan o birinin yanına qaçırdı.

Filmin ən bahalı qurğusunun - körpünün yerləşdiyi məkan nəyə bənzəyir? Prodüser Kris Tikye deyir ki, işçilər körpünün bərpasına altı ay vaxt sərf ediblər. Odur ki, o, çəkilişlər üçün tamamilə təhlükəsizdir, lakin bir gün əvvəl heyət, məkanı itirmək qorxusu ilə üz-üzə qalıb. Belə ki, körpüdə dörd günlük çəkiliş nəzərdə tutulsa da, ikinci gün fəlakət baş verib, şimaldan gələn qar çovğunu məkanın relyefini tamamilə dəyişib və körpünü çəkiliş üçün yararsız hala salıb. Çəkiliş heyəti isə altı gündən sonra Azərbaycanı tərk eləməlidi. Ancaq əhvalatın bu ölkədə bitməsi çox vacib idi, ona görə də Kapadia itirilmiş günlər üçün təəssüf eləyib öz bəxtindən küsmək yerinə filmin finalını dəyişərək qar səhnəsi əlavə etmək qərarına gəlib. O səhnələrdən heç vaxt istifadə olunmayacaq, nə də onları heç kim görməyəcək: çünki çovğunlu günün səhərisi çıxan günəş qarı əridib. Qurğu əməlli-başlı palçığa bulaşsa da, çəkilən epizodlar qardan əvvəlki kadrlara uyğunlaşdırılıb, hərçənd heyət dörd günlük çəkilişi iki gün yarıma tamamlamağa məcbur olub. Növbəti gün dağların arasındakı düzdə baş tutan çəkiliş əvvəlkilər kimi gərgin keçməsə də, kənardan izləyənlər üçün kifayət qədər həyəcanlı idi. Eyni vaxtda üç meydança qurulmuşdu. Əsas qrup çadırda Azərbaycanın müstəqilliyinin elanısəhnəsini çəkirdi. Vizual effektlər qrupu, daha sonra döyüş səhnələrinə əlavə etmək üçün yaşıl səhnənin (xromokey) qarşısında ekstra kadrları lentə alırdı. B-roll komandası isə kameranı yolda şütüyən köhnə avtomobilə tuşlamışdı: bu epizod daha əvvəl çəkilmiş Ninonun valideynləri olan səhnəyə əlavə ediləcəkdi. Bütün bu mənzərə, Qafqazda kiçik bir studiya qurulduğu təəssüratı yaradırdı.

Çəkilişlər bitəndən sonra operator Gökhan Tiryaki ilə oturub onun filmdəki işindən, gecə epizodlarını gündüz çəkməyin üstünlüklərindən və onun Nuri Bilgə Ceylanla əməkdaşlığından danışırıq.

- Asiflə işləmək və yeni ölkədə çəkmək necə bir hissdi?

“Əli və Nino”nun çəkilişləri 11 həftə çəkdi, ancaq ondan əvvəl də 11 həftəlik hazırlıq dövrü vardı ki, mənim üçün çox yaxşı oldu. Adətən, bir filmin hazırlıq mərhələsinə bu qədər çox vaxt ayrılmır.

- Kommersiya layihələrini nəzərə almasaq, mən böyük beynəlxalq filmlərdə çox işləməmişəm. Başqa ölkələrin necə işlədiyini, oralardakı prosedurları görmək və ingilis dilində işləmək mənim üçün çox maraqlıdı, çünki əvvəllər belə təcrübəm olmayıb. Bu mənim daha da peşəkarlaşmağıma yardım edir. Asif Kapadia haqqında eşitmişdim və “Əli və Nino”da işləməyə başlamazdan əvvəl filmlərini izləmişdim. Çəkilişlərimiz 11 həftə çəkdi, ancaq ondan əvvəl də 11 həftəlik hazırlıq dövrü vardı ki, mənim üçün çox yaxşı oldu. Adətən, bir filmin hazırlıq mərhələsinə bu qədər çox vaxt ayrılmır. 11 həftəlik hazırlıq mərhələsi Asifin necə işlədiyini və nə düşündüyünü anlamağıma kömək elədi. Odur ki, mən çəkilişlər zamanı onun nə fikirləşdiyini başa düşürdüm və meydançada vaxt itirmirdik.

Buna da bax: “Əli və Nino” filminə üç baxış

- Sizin bu filmi digərlərindən fərqləndirmək üçün hansısa estetikanız varmı, yoxsa bütün tarıxı filmlər bir-birinə bənzəməlidi?

"Əli və Nino" filminin rejissoru Asif Kapadia və baş rol ifaçıları Kann film festivalında.

"Əli və Nino" filminin rejissoru Asif Kapadia və baş rol ifaçıları Kann film festivalında.

- Mənə elə gəlir ki, bütün dünyada tarixi filmlərin əksəriyyəti bir-birinə bənzəməyə başlayıb. Bu məsələdə böyük bir anlaşılmazlıq var, səbəb isə tarixi filmlərin həmişə eyni kateqoriyaya aid edilməsidir. İndi rejissorlar əvvəlki tarixi filmlərdə tətbiq olunan üslublara baxırlar və düşünürlər ki, tarixi elə belə göstərmək lazımdı. Hazırlıq mərhələsində hər kəs, həmçinin kostyumçular da – söhbət tarixi filmlərdən gedir – daha çox eynitipli filmlərə baxmağa başlayırlar, çünki əvvəllər istifadə olunan rəng çalarları ilə işləyirlər. Bizim çəkiliş zamanı istifadə elədiyimiz rənglər soyuq rənglərdi və mənə görə, filmin yüksək səviyyədə olması baxımından zərərlidi, ancaq bu, uzun əhvalatdı və detallı izah tələb eləyir. Bunu izah eləmək çətindi, ancaq bütün hallarda filmin görüntüsü əla olacaq.

- Kapadia ilə əməkdaşlıq, məsələn, sizin tez-tez birlikdə işlədiyiniz Ceylanla əməkdaşlıqdan nə ilə fərqlənirdi?

- Hər bir rejissorla ilk həftə həmişə çətin olur, amma sonra mən Asifin nə istədiyini başa düşdüm və işlər yaxşı getməyə başladı. Asifin heyran olduğum cəhəti odur ki, o, hər kəsin fikrini dinləyir və öz ideyalarını deyəndə onları nəzərə alır. Çox adam ətrafındakıları dinləmir, ancaq Nuri Bilgə Ceylan da dinləyənlərdəndir. Mən bu cəhəti yüksək dəyərləndirirəm. Sənət dəqiq elm kimi deyil: Siz bütün imkanları dəyərləndirməlisiniz ki, ən yaxşısını tapa biləsiniz. Asif, məhz, belə işləyir.

- Hansı kameralarla işlədiyinizi deyə bilərsiniz?

- Mən kamera yerinə ilk növbədə obyektivi seçmək istəyərdim, bu daha vacibdir. Biz anamorf obyektivlərdən istifadə eləmək istəyirdik, amma meydançada həddindən çox kamera vardı və kifayət qədər obyektiv yox idi. İkidən çox ALEXA kamerasının olmağı işimizi çətinləşdirirdi, çünki o qədər anamorfik obyektiv tapa bilmədik. İlk çəkiliş gününə lap az qalmışdı, ona görə də obyektiv tapmaq cəhdlərimizdən əl çəkdik. Asif və çəkiliş heyəti, həqiqətən, mənim arxamda durmuşdu, anamorfik obyektivləri tapmaqdan ötrü əllərindən gələni elədilər. Bu, məni çox sevindirdi. Axırda yüksək sürətli Master Prime obyektivləri ilə çəkmək qərarına gəldik, çünki Asif, təbii işıqda və zəif işıqlandırmada işləməyi xoşladığını dedi.

- Siz mənim sevimli filmlərimdən birini- “Bir zamanlar Anadoluda” filmini çəkmisiniz və orda qaranlıq səhnələr çoxdur. Bu təcrübə “Əli və Nino”da sizə kömək elədimi?

- Texniki baxımdan bu iki film arasında elə də böyük oxşarlıq yoxdu. Ancaq “Anadolu”dakı kimi bu filmdə də çoxlu “day for night” priyomundan (gecə səhnələrini gündüz çəkmək- red) istifadə eləmişik. Küçə işıqlarının olmaması və isti hava bunu eləməyimizə imkan verdi.

- Sizin üçün gündüz səhnələrini gecə çəkməyin hansı üstünlükləri var?

- Gecə səhnələrini gecə çəkəndə məkanı işıqlandırmaq lazım gəlir – hətta çəkiliş eksteryerdə (bayırda, açıq havada-red) olsa belə. Ancaq yenə də qaranlıq və uzaq nöqtələrdə detalları aydın görə bilmirsiniz. Gecə səhnələrini gündüz çəkəndə isə hər şeyi, bütün detalları aydın görürsünüz. Məsələn, əgər çəmənlikdə çapan atlını çəkirsinizsə, dağların zirvəsini, üfüqü- hər şeyi çox aydın görməlisiniz. Gecə çəkilişlərində isə işığı nə qədər artırmağa çalışsanız da, xırda detalları həmişə görmək mümkün olmur. İşıq mümkün olduğu qədər təbii təsir bağışlamalıdı. Böyük məkanlarda isə işığa nəzarət eləmək çətindi. Digər tərəfdən bu həm çox vaxt aparır, həm də bahalıdı.

- “Əli və Nino”nun çəkilişlərində ən çətin səhnə hansı oldu?

6 oktyabr 2016-cı ildə Bakıda "Əli və Nino" filminin premyerası. Leyla Əliyeva filmin yaradıcı heyyəti ilə birgə.

6 oktyabr 2016-cı ildə Bakıda "Əli və Nino" filminin premyerası. Leyla Əliyeva filmin yaradıcı heyyəti ilə birgə.

- Bu vaxta qədər işlədiyim digər layihələrdə müharibə səhnələri çox olmayıb, odur ki, burda onları çəkmək çətin idi. Mən eyni vaxtda bir neçə kamera ilə işləməliydim. Quruluşçu operator bütün kameralara nəzarət eləməlidi. Əgər sən bunu eləyə bilmirsənsə, hər kameranın nə çəkdiyini görmürsənsə, işin çətindi, nəticə də məyusedici olur. Mən isə kameranı əlimdə saxlamağı sevən və hər şeyin yaxşı alınmasına çalışan kinematoqrafçıyam.

- Vizual effektlərdən çox istifadə eləyəndə nəsə dəyişirmi?

- Yox, bu üsuldan çox istifadə eləmişəm və hər şeyi yaxşı bilirəm. Bu mənim hobbilərimdən biridi: Evdə kompyuterlərlə oynamağı sevirəm.

- Karyeranız necə başlayıb və Ceylanla əməkdaşlığa necə gəlib çıxdınız?

- Mən 14 yaşımda, atamın fotokamerası ilə çəkməyə başlamışam. 20 yaşımda Türkiyə telekanalı- TRT-də işə girdim. O vaxtlar türk kinosunda inkişaf yox idi və işləmək üçün ən yaxşı yer TRT idi. Beş il orda işləyəndən sonra Steadicam operatoru oldum. Rəqəmsal kameralara böyük marağım vardı və onların önə çıxması mənə xeyli kömək elədi. Nuri Bilgə Ceylan azbüdcəli və uzun kadrlardan ibarət filmlər çəkməyi sevən rejissordu. Rəqəmsal kameralar onun da diqqətini cəlb eləmişdi və o, məni tapdı, çünki ikimiz də eyni marağı paylaşırdıq.

Buna da bax: Bakıda «Əli və Nino» filmi çəkilir- [19 foto]

Nuri Bilge Ceylanla hər dəfə yeni filmə başlamaq kino məktəbində yeni sinfə getmək kimidi. Onunla film çəkmirsiniz, hekayə yazırsınız.

- Ceylanla münasibətləriniz necə davam elədi?

- Ceylanla hər dəfə yeni filmə başlamaq kino məktəbində yeni sinfə getmək kimidi. Onunla film çəkmirsiniz, hekayə yazırsınız. Ceylanla işləmək yeni kəşflər deməkdi, çünki o, hər zaman təzə üslublar, aktyor oyunu, işıq, səs, çəkiliş tərzi sınamaq istəyir, ona görə də həmişə qarşımıza çətin məqsədlər qoyuruq.

- “Qış yuxusu” filminin “Qızıl Palma budağı” alması sizin üçün nə demək idi?

- Filminiz Kann festivalına seçiləndə ora gələn başqa rejissorların filmlərini izləmək, onlarla danışmaq, fikirlərini öyrənmək imkanı qazanırsınız. Hər il böyük rejissorların təzə filmlərinə baxmaq çox yaxşı təcrübədi. Hər filmlə “Qızıl palma budağı”na bir az da yaxınlaşırsınız, hansı filmlərin sizi ora çıxaracağını bilirsiniz. Hansı tip filmlərin onların diqqətini cəlb elədiyini, nə axtardıqlarını başa düşürsünüz və həmin istiqamətdə irəliləyirsiniz. “Qış yuxusu”nun ssenarisini oxuyan kimi dedim ki, biz bununla “Qızıl Palma”nı qazana bilərik. Nuri Bilgə Ceylan mənə güldü və dedi ki, bilmək olmaz, hər kəsin başına hər şey gələ bilər. Ancaq o, “Qış yuxusu”nu çəkəndə Kannın əsas mükafatını qazanacağına həqiqətən inanırdı və bu inam get-gedə güclənirdi. Ceylanda ən çox xoşuma gələn odur ki, o, bir filmi yaxşı, o biri pis, üçüncüsü yenə yaxşı olan rejissor deyil. O, dalğalı deyil, həmişə yuxarıya doğru qalxan düz xətdir və hər növbəti filmi əvvəlkindən daya yaxşı alınacaq. Onun filmlərində işləyəndə mən bunu hiss eləyirəm. Bəlkə də yanılıram, amma bizim birlikdə işləməyimiz təsadüf deyil. Biz heç nəyi təsadüfən eləmirik: əməkdaşlığımız son dərəcə metodik bir xarakter daşıyır. O özü özünün ağasıdır və hər zaman özü-özünə meydan oxuyur.

- Təsviri nə gözəlləşdirir?

- Məncə, dramaturgiya. Əgər epizodun dramaturgiyası yaxşıdırsa, bu mənim üçün ən gözəl kadrdı. Ən gözəl kadr- həm də ən gözəl səs, ən gözəl əhvalat deməkdi. Əhvalat yaxşıdısa, işıq pis də ola bilər.

Gözəl mənzərəni, günəşi, işığı hər kəs çəkə bilər. Mən bunda xüsusi heç nə görmürəm. Ən vacib şey- əhvalatdı – bu film nə demək istəyir, sən hansı hissləri ötürməyə çalışırsan.

- Lap rejissor cavabına oxşadı.

- Həqiqət budu. Əgər əhvalat yaxşı deyilsə, ya da aktyor kameraya baxırsa, deməli, bu, yaxşı kadr deyil. Gözəl mənzərəni, günəşi, işığı hər kəs çəkə bilər. Mən bunda xüsusi heç nə görmürəm. Ən vacib şey- əhvalatdı – bu film nə demək istəyir, sən hansı hissləri ötürməyə çalışırsan. Həmçinin səs də son dərəcə vacibdir. Səs filmə həyat verə bilər. Dumanlı təsviri aydınlaşdıra, ya da əksinə aydın təsviri tutqunlaşdıra bilər. Dramaturgiya, əhvalat və səs həddindən artıq yaxşı olmalıdır. İşıq, kadrın qurulması və obyektivlərsə artıq mənim işimdir.

Söhbətləşdi: Kaleem Aftab

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG