Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

-

Anton Çexov

AT FAMİLYASI

İstefaya çıxmış general-mayor Buldeyevin dişi ağrıyırdı. O ağzını araq və konyakla yaxalayır, ağrıyan dişinə müştük qırı, tiryək, skipidar, neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tıxayırdı. Lakin bunların heç biri köməyi olmurdu, artıq ağrı onun ürəyini bulandırırdı. Həkim gəldi. Buldeyevin dişini qurdaladı, kinə yazdı, lakin bu da kömək etmirdi. Ağrıyan dişin çıxarılması təklifinə də general razı olmadı. Evdəkilərin hamısı – generalın arvadı, uşaqları, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseiç də onun yanında gəlib diş ağrısını ovsunla müalicə etməyi məsləhət gördü.

Dedi ki:

- Zati-aliləri on il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergiyığan qulluq edirdi. Dişləri ovsunla sağaltmaqda o çox mahirdi. Bir də gördün ki, üzünü pəncərəyə tutub pıçıldayır, tüpürür, elə o dəqiqə də dişin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi?

- O indi hardadır?

- O vergi idarəsindən çıxarıldıqdan sonra Saratovda qayınanasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Bir adamın dişi ağrıyan kimi onun yanına gedir, köməyi də olur. Saratovluları öz evində qəbul edir, başqa şəhərlərdə yaşayanları isə teleqrafla müalicə edir. Zati-aliləri, ona teleqram vurun... Yazın ki, bir allah bəndəsinin dişləri ağrıyır, müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da poçtla göndərərsiniz.

- Bu boş sözdür! Fırıldaqçılıqdır!

- Zat aliləri, siz bir təşəbbüs edin. Arağa çox hərisdir. Özü də arvadı ilə deyil, bir alman qadını ilə yaşayır. Söyüş söyəndi, amma heç belə məharətli cənab olmaz!

Buna da bax: Çexovun həyatı haqda heç bilmədikləriniz

Generalın arvadı dilləndi:

- Alyoşa, teleqram vur. Sən inanmırsan, amma mən bunu özümdə sınaqdan çıxarmışam. Sən buna inanmasan da xəbər göndərməyə nə var ki! Bundan əl-ayağın qurumaz ki!

Buldeyev onlarla razılaşdı:

- Yaxşı da, siz deyən olsun. Belə bir vaxtda adam nəinki vergiyığana, hətta şeytanın özünə də teleqram göndərər... Uf, daha tab gətirə bilmirəm! Yaxşı, de görüm, sənin o vergiyığanın harada yaşayır? Ona nə yazaq?

General stolun arxasında oturub qələmi əlinə aldı.

Darğa dedi:

- Saratovda onu it də tanıyır. Zat-aliləri, buyurub yazırsınız ki, Saratov şəhərində, deməli ki... Hörmətli ağa Yakov Vasiliçə... Vasiliçə...

- Sonra?

- Vasiliçə... Yakov Vasiliçə... Familyası isə... Familyasını unutmuşam!.. Vasiliçə... Zəhrimar... Onun familyası necədir? Buraya gələnədək yadıma idi... İcazə verin...

İvan Yevseiç gözlərini tavana zilləyib fikirləşdi: onun dodaqları tərpənirdi. Buldeyevlə arvadı səbirsizliklə gözləyirdilər.

- Hə, nə oldu? Tez ol görək!

- Bu saat... Vasiliçə... Yakov Vasiliçə... Yadımdan çıxıb... Özü çox sadə familiyadır... elə bil at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın, dayanın... Yoxsa Ayğırovdur? Yox, Ayğırov da deyil Onu bilirəm ki, ata məxsus bir şeydir, ancaq nədir, - yadımdan çıxıb.

- Dayçazadə?

- Yox,yox! Dayanın, dayanın... Madyanlı, Madyanzadə. Qancıqov...

- Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev!

- Yox, Dayçayev də deyil... Atov...Atlızadə... Dayçalı... Yox, bunlar da deyil!

- Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş!

- Bu saat! Qulanov... Qulanlı... Qulanzadə...

Generalın arvadı soruşdu:

- Bəlkə Yabızadədir?

- Yox, elə deyil! Alaşayev... Yox, bu da deyil! Yadımdan çıxıb!

General acıqlandı:

- Ay səni öküz vursun, yadından çıxıbsa, bəs nə üçün baş-beynimizi aparırsan? Rədd ol burdan!

Anton Çexovun "At familyası" hekayəsi əsasında hazılanmış Moskva teatrlarından birinin tamaşası.

İvan Yevseiç ağır-ağır otaqdan çıxdı. General isə əlləri ilə üzünü tutub otaqdan-otağa gəzişməyə başladı.

Ah vay eləyə-eləyə deyirdi:

- İlahi, bu nə dərddir mən düşdüm! Dünya gözümə dar olub!

Darğa bağa çıxdı və gözlərini göyə dikib vergiyığanın familyasını fikirləşməyə başladı:

- Atçıyev... Atçızadə... Atçılı... Madyanzadə...

Bir az keçdikdən sonra onu generalın yanına çağırdılar.

- Yadına düşdünü?

- Zat-aliləri, heç cür yadıma sala bilməyirəm.

- Bəlkə Attanovdur? Attanzadə? Hə? Elə deyil?

Evdəkilərin hamısı cürbəcür familyalar icad etməyə başladılar. Atların yaşına və cinsinə aid hər cür familya söylədilər; atın yalını, dırnağını, qoşqu ləvazimatını xatırladılar... Evdə, bağda, qullqçu otağında və mətbəxdə adamlar o baş-bu başa gedərək, alınlarını ovuşdura-ovuşdura familiya axtarırdılar...

Darğanı tez-tez evə çağırırdılar:

- İlxıyev? İlxıçızadə? İlxıçev?

İvan Yevseviç:

- Yox heç biri deyil, - deyərək cavab verir və gözünü yuxarı dikib fikirləşə-fikirləşə ucadan deyirdi.

- Alaşazadə... Alaşalı... Alaşalıyev...

- Ata! - deyə uşaq otağından çığırdılar: - Arabayev! Yüyənov...

Bütün malikanı bir-birinə dəymişdi. Əziyyət çəkən və daha ağrıya dözə bilməyən general vergiyığanın familyasını tapan adama beş manat pul vəd etdi. Adamlar dəstə-dəstə İvan Yevseiçin dalınca gəzirdilər...

Ona deyildirər:

- Kəhərov! Kəhərzadə! Kəhərli!

Axşam oldu, ancaq familyanı hələ də tapa bilməmişdilər. Beləliklə, teleqram göndərmədən yatdılar.

General bütün gecəni yata bilmədi; otaqda o baş-bu başa gəzişərək inildədi... Səhər saat üçdə evdən çıxıb darğanın pəncərəsini tıqqıldatdı və ağlar bir səslə soruşdu:

- Yortanov deyil ki?

- Xeyr, zat-aliləri, Yortanov da deyil, - deyə İvan Yevseiç cavab verdi və bir günahkar adam kimi ah çəkdi.

- Bəlkə at familyası deyil, başqa bir familyadır!

- Zat-aliləri, doğru sözümdür, at familyasıdır. Burası lap yaxşı yadımdadır.

- Eh, qardaş, sən nə huşsuzsan! Bu familiya indi mənim üçün dünyada hər şeydən əzizdir. Lap əldən düşmüşəm!

Səhər general yenə də həkimin dalınca adam göndərdi.

- Qoy gəlib çıxarsın! Daha dözə bilmirəm...

Həkim gəldi və ağrıyan dişi çıxartdı, elə o saat da ağrı kəsildi, general dincəldi. Həkim işini qurtarıb əmək haqqını aldıqdan sonra öz birçkasını minib yola düşdü. Darvazadan çıxanda İvan Yevseiçə rast gəldi...

Darğa yolun kənarında durub başını aşağı dikərək fikirləşirdi. Onun alnında əmələ gələn qırışıqlardan və gözlərinin ifadəsindən məlum olurdu ki, o çox bərk fikiləşir.

Mızıldaya-mızıldaya deyirdi:

- Səməndov... Səməndzadə... Tapqırov... Tapqırzadə... Yəhərov... Qayışov...

Həkim ondan soruşdu:

- İvan Yevseiç, əzizim, sizdən beş çetvert yulaf ala bilərəmmi? Bizim kəndlilərdə yulaf var, amma çox pis yulafdır...

İvan Yevseiç küt bir nəzərlə həkimə baxdı həkimə baxdı, qəribə bir şəkildə gülümsədi və heç bir söz demədən əlini əlinə vuraraq malikanəyə tərəf yüyürdü; elə də sürətlə qaçırdı ki, sanki onu quduz it qovurdu.

Buna da bax: A. P. Çexov. Məmurun ölümü

Özünü generalın kabinetinə soxub sevinə-sevinə və qəribə bir səslə çığırdı:

- Zat-aliləri, tapdım! Tapdım! Allah həkimə cansağlığı versin! Yulafov! Vergiyığanın familiyası Yulafovdur! Yulafov, zat-aliləri! Yulafova teleqram göndərin!

General qəzəblə:

- Al, - dedi və hər iki əlinin baş barmağını barmaqının arasına keçirib ona göstərdi. – İndi daha sənin at familyan mənə lazım deyil! Al!

Tərcümə: Q. Musayev

Günün bütün mövzuları

XS
SM
MD
LG