Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Gürcüstanda seçki həm də sabitlik sınağıdır


Borçalı kimə səs verəcək? Marneulidən reportaj
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Borçalı kimə səs verəcək? Marneulidən reportaj

Sabah, oktyabrın 7-də Gürcüstanda parlament seçkiləridir. «Reuters» agentliyi bu seçkilərin Gürcüstandan ötrü həm də «sabitlik sınağı» olduğunu yazır.

Seçki kampaniyası müxalifət liderlərindən birinin maşının partladılması, mitinqdə atışma ilə yadda qalıb. Ötən bazar günü Qoridə müstəqil namizəd Irakly Okruashvili-nin çıxış etdiyi nümayişdə iki nəfər odlu silahdan açılan atəşdən yaralanıb. Seçkiyə 3 gün qalmış Gürcüstan Vahid Milli Hərəkatının lideri Givi Targamadze-nin maşını partladılıb. Namizədin özünə bir şey olmasa da, yanındakılar xəsarət alıblar.

«SEÇKİ AZAD VƏ ƏDALƏTLİ KEÇƏCƏK»

Əsas rəqiblər elə müxalif Milli Hərəkat Partiyası ilə hakim «Gürcü Arzusu» koalisiyasıdır. «Reuters» yazır ki, rəy sorğuları «Gürcü Arzusu»nun qalib gələcəyini, Milli Hərəkat Partiyası tərəfdarlarının da çoxaldığını, həm də seçicilərin böyük qisminin – 57%-nin qərarsız olduğunu göstərir.

Buna da bax-Gürcüstanda azərbaycanlıların səsi kimə gedir?

«Kimin qalib gələcəyini kimsə deyə bilməz. Amma seçkinin azad və ədalətli keçəcəyi gözlənir». Bunu Karneqi Fondunun Qafqaz üzrə eksperti Thomas de Waal «Reuters»ə müsahibəsində deyib.

«The Washington Post» qəzeti yazır ki, baş nazir Giorgi Kvirikashvili seçkini izləməkdən ötrü ölkəyə saysız-hesabsız müşahidəçi dəvət etdiklərini deyib. Twitter-də yerləşdirdiyi məlumatda nazir onların partiyasının qalib gələcəyini, amma ən vacibi, seçkinin azad və ədalətli keçəcəyinə inandığını bildirib.

2.7 FAİZLİK İQTİSADİ ARTIM

Əvvəldən 6 partiyanın koalisiyası kimi formalaşmış «Gürcü Arzusu»nu ölkənin ən varlı adamı, milyarder Bidzina Ivanishvili yaradıb. O, sərvətini Rusiyada əldə edib. Ivanishvili-nin partiyası 2012-ci ildə hökumətə gələrək, keçmiş prezident Mikheil Saakashvili-nin Milli Hərəkat Partiyasının 9 illik hakimliyinə son qoyub.

«Gürcü Arzusu»nun hakimiyyətə gəlişi ölkə 1991-ci ildə Sovet İttifaqından qurtulandan bəri ilk dinc hakimiyyət dəyişikliyi kimi yadda qalıb. Amma bu partiyanın hakimliyi dövründə onlarla keçmiş dövlət rəsmisi, o cümlədən keçmiş baş nazir vəzifəsindən sui-istifadədə günahlandırılaraq həbs olunub. Ölkə rəhbərliyi Ukraynada regional siyasətçi kimi fəaliyyət göstərən Saakashvili-nin ekstradisiyasını tələb edib. İttihamların siyasi xarakter daşıdığını bildirən M.Saakashvili seçki kampaniyasına videoçarxlar vasitəsilə qatılıb.

Buna da bax-Gürcüstan parlamentinə azərbaycanlı namizəd: 'Bizimkilər kirimişcə dayanıblar'

Qərb ölkələri Gürcüstan hökumətini keçmiş rəsmiləri təqib etdiyinə görə qınayıb. Bəzi gürcülər isə indiki hökuməti iqtisadiyyatı düzgün idarə edə bilməməkdə günahlandırırlar. Halbuki ilin ilk 8 ayı iqtisadi artımın 2.7% olduğunu göstərib.

QƏRBƏ BİRLƏŞMƏK

«Reuters» yazır ki, mühüm neft və qaz kəmərlərinin keçdiyi, zaman-zaman Qərblə Rusiya arasındakı zərbələrə sinə gərmiş, ərazisinin 1/5-i Rusiyaya meylli separatçılar tərəfindən işğal edilmiş Gürcüstanın həm hakim, həm də müxalif partiyaları ölkəni AB-yə, NATO-ya birləşdirmək arzusundadırlar. Amma hakim «Gürcü Arzusu» koalisiyası, əsasən, ABŞ-ın müttəfiqi kimi tanınan ölkənin həm də Rusiya ilə əlaqələrini möhkəmlətmək istəyir.

«The Washington Post»un yazdığına görə, yeni Gürcüstan parlamenti Qərb, yaxud Rusiya tərəfdarlarının artdığı orqandan çox, siyasi mərkəz rolunu oynayacaq.

Sabahkı səsvermədə Gürcüstan vətəndaşları parlamentdə yer ala biləcək 150 nəfəri seçəcəklər. Namizədlər arasında 30 etnik azərbaycanlı var. Rəsmi məlumatlara görə, Gürcüstanda ən böyük milli azlıq azərbaycanlılardır, hazırda ölkədə 300 minə yaxın azərbaycanlı yaşayır.

XS
SM
MD
LG