Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:26

S. Alexievich: 'İndinin insanları ideya üçün deyil, pul üçün ölməyə hazırdır'


Belarus yazıçısı Svetlana Alexievich.
Belarus yazıçısı Svetlana Alexievich.

-

Yazıçı, Nobel mükafatı lauriyyatı Svetlana Alexievich sevgi və ölüm haqda, tarixə və gələcəyə münasibətləri haqda və s. mövzularda “Currenttime” internet televiziyasına müsahibə verib. Oxu Zalı müsahibəni ixtisarla təqdim edir.

- İstərdim birbaşa bu günlərin mənzərəsindən danışaq. Siz bu günlərdə baş verən hadisələri izləyirsinizmi, məsəlçün Suriyada baş verənləri necə yozursunuz? Hər gün dünyanın gündəmini izləmək sizinçün önəmlidirmi?

- Əlbəttə bütün insanlar kimi mənim üçün də önəmlidir. Daha ekrandan ölüm görmək, insanların bir-birini öldürdüyünə tamaşa etmək məni yorub. Sənət adamı üçün bu dözülməz mənzərədir. Suriyada nə baş verdiyi isə böyük ölçüdə naməlumdur.

- Əsas olan budur. Çox az adam, ümumiyyətlə deəsən heç kim orda kimin-kimlə vuruşduğunu bilmir. Bununla belə, elə görünür məsəlçün Rusiyalılar müharibədən xoşhallanırlar. Niyə belə olub?

- Bilirsiniz, ən dəhşətlisi budur. Bura gəlməzdən öncə yaxın tanışlarımdan biri, professor, özü də çox gözəl xanımlardan biri ilə görüşmüşdük, oturub çay içərkən dedi ki: “Qulaq as, bizdə (Belarusiyada) silahlar 15 km-dən də vura bilmir, raketlər də elə. Amma Putində var, onlardan başqa heç kimdə yoxdur”. Mən qadının üzündəki vəcdəgəlməni görüb özümü itirdim və dedim: “Başa düşə bilmirəm, başımıza nə gəlib? Bütün bunların səbəbi nədir?” Heç özüm də bilmirəm niyə belə olub... Bir yandan da başa düşürəm ki, bütün bunlar hərbi mədəniyyətin göstəriciləridir, çünki biz müharibə adamlarıyıq, bizim başqa tariximiz olmayıb: ya müharibəyə hazırlaşmışıq, ya müharibə eləmişik. Militarist təfəkkür bax burdan gəlir, o bütün mental düymələrimizi birdən basıb.

Biz o vaxt kommunistləri sevmirdik, nəsə başqa bir dünyanın sorağındaydıq, romantik idik, elə bilirik başqa bir kamil dünya var.

- Elə isə izah edin, necə düşünürsünüz bizim dövrün “Sink oğlanları” (S. Alekseyeviçin müharibə haqda romanı - red) necə dəyişib? Məgər o vaxt müharibəni sevirdilər?

- Biz o vaxt kommunistləri sevmirdik, nəsə başqa bir dünyanın sorağındaydıq, romantik idik, elə bilirik başqa bir kamil dünya var.

Svetlana Alexievichin Washingtonda Dalai Lama ilə görüşü.
Svetlana Alexievichin Washingtonda Dalai Lama ilə görüşü.

- Bağışlayın, deməli o vaxt kommunizm üçün ölmək istəmirdik. İndi isə Putin üçün ölmək istəyirik, eləmi?

- Heç bilmirəm. Məncə indi daha çox pul üçün ölürlər.

- Bəs sizcə Rusiyanın axır ki, əvvəl heç vaxt olmamış milli dövlət qurmaq vədəsi yetişməyibmi?

- Ola bilər, bunu mütləq qan üzərində qurmaq məcburdur?

- Milli dövlətlərdə hər şey qan üzərində qurulur.

- Bu köhnəlmiş bir əhvalatdır, onu niyə təkrarlayaq ki? Həmişə demişəm ki, insanları deyil ideyaları öldürmək lazımdır. Nə qədər insan öldürmək olar? Mən Əfqanıstandakı müharibəni müşahidə edərkən, ən böyük sarsıntılarım insan ölümləri idi. Özü də bu ölümlər nə təbii fəlakətlərdən, nə Tanrının əmriylə, nə təsadüfən, nə ildırımdan deyil, başqa insanların əli ilə törədilirdi. Bu ağılsızlıqdır, belə ağılsızlığı qəbul edə bilmərəm. Bütün bunlardan sonra isə hamı birdən-birə dövlətçi, milli dövlət tərəfdarı oldu, qanı elə asanlıqla qəbul edirlər ki, sanki qana susayıblar.

- Bəs, Suriyadan evinə Belarusiyaya və Rusiyaya evinə qayıdan gənc müharibə veteranları özlərini necə hiss edəcəklər?

- Aldadılmış. Eynilə Əfqanıstanda döyüşənlər kimi aldadılmış. Hətta Əfqanıstan veteranlarından da pis, çünki indikilər sovet dövründəki vətənpərvər industriyanın içindən keçməyiblər.

80-90-larda insanlar düşünməyə başlamışdı ki, problem insan təbiətində deyil, kommunistlərdədi, qüsurları kökü özümüzdə, tariximizdə deyil. İnsanın üzündə bir ümüd var idi.

- İstəyirəm 90-cı illər haqda dövr kimi hisslərimizi paylaşaq. Mənə elə gəlir, sizin 80-ci illər Sovet insanları haqda yumuşaqca nostalgiyanız var. Mən 80-ci illər Sovet dövrünün uşağı olmuşam. İndi bizə televiziya vasitəsiylə 80-lərin insanlarının xeyirxahlığı və mehribanlığından danışırlar, halbuki 90-larda həmin insanlar nədənsə birdən-birə amansız, kasıb, bəziləri isə kifayət qədər daş qəlbli, qəddar adamlara çevrildilər. Sizsə üzərindən bu qədər keçməsinə, dünyanın xəritəsinin bu qədər dəyişməsinə baxmayaraq hələ də 1989-cu illərin insanlarını böyük mif və şişirdilmə ilə düşünürsünüz.

- Mən düşüncə tərzimi mif hesab etmirəm. Əgər nostalgiyam varsa deməli bu nostalgiya həqiqətə əsaslanır. Çünki 1989-cu ildə, 90-ların əvvəlində, ümumiyyətlə Perestroyka başlayanda, əlbəttə ki, biz hamımız idealist idik, biz verilən azadlığı nəsə böyük bir şey kimi görürdük, artıq insanlar düşünməyə başlamışdı ki, problem insan təbiətində deyil, kommunistlərdədi, qüsurları kökü özümüzdə, tariximizdə deyil. Bunun üçün də ümüdlərin coşub çağladığı o qısa zaman kəsiyi üçün darıxıram. Əminəm o zaman yaşananlar heç biri mif deyildi, dəqiq deyildi. O zaman küçələrdəki insanları xatırlayıram, nümayişlərdəki insanları xatırlayıram, onların xarici görünüşləri də dəyişmişdi. Hətta birdən-birə geyimlərdə də azadlıq özünü göstərməyə başlamışdı, çox bəsit formada da olsa bu özünü göstərirdi. O dövrdəki üzləri görmək daha müşkülə çevrilib.

- İndidəmi?

- Bəli elə indi də.

- Bəs 2012-ci ildə Bolotnoy meydanında gördüyümüz üzlər?

- Ordakılar artıq başqa insanlar idi.

2012-ci ildə Moskvanın Bolotnoye meydanındakı mitinqdə sonradan qətlə yetirilmiş Boris Nemchovun çıxışı.
2012-ci ildə Moskvanın Bolotnoye meydanındakı mitinqdə sonradan qətlə yetirilmiş Boris Nemchovun çıxışı.

- Necə başqa insanlar ki?

- Ordakı insanlar artıq özəl mülkiyyətin nə olduğunu bilirdilər, Avropanın necəliyindən xəbərdardılar, onlar artıq başqa ölkələrə gedib gəzib, başqa həyatları görmüş insanlardır. Çox şeyi öyrənmiş insanlardır. Başqa sivilizasyadan olan insanlardır, onları artıq əvvəlki saf insanlar kimi kompyuter qorxutmur.

- Bəs indinin rus insanının düşüncəsində Putin nəylə səsləşir... ?

- Əlbəttə imperiya, güclü dövlətlə. Rus insanını isə bu düşüncədən uzaqlaşdırmaq çətindir, onlar sadə normal dövlətdə yaşamaq istəməz. Məsəlçün, mən kitabımı yazanda insanlara belə bir sualla müraciət etmişdim: “Deyin görək, siz güclü yoxsa normal ölkədə yaşamaq istəyirsiniz?” Sualın cavabı o oldu ki, insanların 80 ya da 90 faizi güclü ölkədə yaşamaq istədiyini dedi.

Rus mədəniyyətində fövqəlideya çox önəmlidir. Bu fövqəlideyanın bir parçası olmaq insanı hər şeylə təmin edir, fərqi yoxdur kasıb olsun, ac olsun, bu bir fövqəlideya ilə qarnı doyur insanın.

- Bəs bunun səbəbini anlayırsınızmı? Məgər dünyada nə zamansa Rus imperiyası sadə rusu müdafiə edibmi? Belə bir hal məlumdurmu? Məncə yox, səhvim varsa düzəldin lütfən, mən ki tarixçi Medinski deyiləm, səhv edə bilərəm, ancaq fikrimcə imperiya sadə insanları qorumayıb. Bu haqda nə düşünürsünüz?

- Bilirsiniz, Oktyabr inqilabı aşağı təbəqədən olan insanların haqqlarını qoruyacağı haqda bəyanat versə də o zaman da, elə indi də imperiyanın sadə insanlara bir faydası dəymədiyini deyə bilərik. Özü də sadə insanların haqqları o vaxt indikindən daha geniş idi, indi adama sadəcə deyirlər pul yoxdur, bas bayıra. Ancaq insanları da nəsə böyük bir ideyanın parçası sayırlar. Rus mədəniyyətində fövqəlideya çox önəmlidir. Bu fövqəlideyanın bir parçası olmaq insanı hər şeylə təmin edir, fərqi yoxdur kasıb olsun, ac olsun, bu bir fövqəlideya ilə qarnı doyur insanın.

- Mənimçün önəmli bir sual var. Mənə elə gəlir, indi Rusiyada yaşayan insanlar ölümü nəsə onlardan uzaq bir şey kimi dərk edirlər. Haqlıyam yoxsa yox?

- Bilmirəm hər gün rus şəhərlərinə və kəndlərinə müharibələrdən bu qədər tabut gətirilərkən ölümdən necə uzaqlaşmaq olar. Necə ölümü özündən kənar tutmaq olar?

- Bəs, 80-lərin sonlarında necə qəbul edirdilər?

- Məncə, 80-lərin sonlarına yaxın, Brejnev dövründə insanlar şəxsi həyatın, meşşan məişətinin dadını görəndən sonra ölüm ideyasından uzaqlaşmağa başlamışdılar, daha müharibələrdə ömək istəmirdilər. Əlbəttə insanın heç nəyi olmayanda ideya uğrunda ölmək ona çox asandır. Ancaq bu ideya 80-lərdə tamam köhnəldi, gücünü itirdi. Bax mənim “Müharibə qadın simalı deyil” kitabımdakı qızlar ölməyə hazır olsalar da, ölmək istəmirdilər. Başqa nəsil gəlmişdi, ideya hələ də güclü idi və onlar ölməyə hazır idi. Ancaq daha belə insanlar yoxdur. İnsanlar ancaq pul üçün ölməyə razıdır..

İndinin insanları eynilə turist səyahətinə gedən kimi müqavilə bağlayıb müharibəyə gedirlər

- Bu necə baş verə bilir?

- Necəmi? Eynilə turist səyahətinə gedən kimi müqavilə bağlayıb müharibəyə gedirlər.

- Və?

- Təbliğat maşını sizi musiqi ilə, orkestrlə yola salır.

- Ölümə belə bəsit münasibət cəmiyyəti dəyişirmi?

Suriyada öldürülmüş rus əsgərinin tabutu təntənəli şəkildə vətənə gətirilir.
Suriyada öldürülmüş rus əsgərinin tabutu təntənəli şəkildə vətənə gətirilir.

- Məncə yox. Fikrimcə bu cür ekstaz cəmiyyətin ancaq kiçik bir hissəsinin düşüncəsində hakimdir, çoxluq isə bundan uzaqdır.

- Sizdən müsahibə alanda siyasətdən, Putindən çox sual verirlər. Belə mövzularda danışmaq sizə maraqlıdırmı...?

- Xeyr.

- Bəs nədən danışmaq maraqlıdır?

- Axı belə mövzularda 30 il danışmışam, fikrimcə “qırmızı dövr” haqda, insan haqda bildiyim hər şeyi danışmışam. Daha elə bir ideyam qalmayıb. Bütün bu metomorfozlar haqda fikir yürütmək əlbəttə ki, maraqlıdır, amma daim eyni şeyi deyirik, "second-hand" isə daha marağını itirib. Mən bacardığımı demişəm... Bəlkə başqaları, məsəlçün gənclər bütün bunlara maraqla qulaq asa. Mənim özümün isə indi əvvəldən düşündüyüm iki kitabım var: kitablardan biri qadınla kişinin sevgisindən, qadının sevgi haqda söhbətlərindən, o biri isə qocaqlıq və ölümdən, insanın dünyadan köçüb getməsindən, insanın sonundan və özünün bu haqda fikirlərindən bəhs edir. Bax mənə bu şeylər maraqlıdır.

Mən özüm indi öz kimliyimə məna verməklə məşğulam, anladığım odur ki, insan kimi qalmaq olduqca çətindir, bunu qorumaq olduqca böyük səy tələb edir.

- Bəs sizcə insan dünyadan necə köçüb getməlidir?

- Bilirsiniz, əvvəlcə sağlığında insan olmağa çalışmaq lazımdır. Bax, mən özüm indi öz kimliyimə məna verməklə məşğulam, anladığım odur ki, insan kimi qalmaq olduqca çətindir, bunu qorumaq olduqca böyük səy tələb edir.

- Svetlana Aleksandrovna, bəs sizin ömrünüzün sonlarında tək qalmaq qorxunuz varmı? Nə vaxtsa bu haqda düşünübsünüzmü?

- Xeyr, düşünürəm ki, istənilən halda mənim fəaliyyətin təkbaşına fəaliyyətdir. Tolstoy “İvan İliçin ölümü” hekayəsini yazan dövrdə yaşadıqları haqda bir əhvalat var. Tolstoy tanışlarından, hətta tanımadıqlarından kim dünyasını dəyişsə ona baxmağa gedirmiş. Ümumiyyətlə o bütün kitablarında sənədli nəsrə üstünlük verib. Məsəlçün o “Hərb və sülh”ü yazanda bacılarının gündəliklərini oxuyurmuş. Deməli günlərin bir günündə o canını tapşıran bir qoca generalın ölümünü izləməyə gedir və bu zaman deyir: “Öl pis qoca mən yer üzündə tamam tək qalmalıyam, bu mənim işimdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG