Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Azərbaycanın regionda rolu, gömrük rüsumlarının artırılmasının qiymətlərə təsiri və internet azadlığına təhlükə bu gün medianın aparıcı mövzusudur.

SABİTLİK ÖLKƏSİ- AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Xəzər-Qafqaz bölgəsinin sabitləşdirici ölkəsi» sərlövhəli məqalə dərc edilib. Məqalə Azərbaycanın regionda önəmindən bəhs edir.

Müəllif hesab edir ki, Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşıdır. Böyük iqtisadi, maliyyə resursları tələb edən layihələr həyata keçirir. Üstəlik, beynəlxalq forumlara, konfranslara, idman festivallarına yüksək səviyyədə ev sahibliyi edir.

Müəllifin fikrincə, bunun da əsas səbəbi ölkədə təmin olunan sabitlikdir: «Azərbaycanda iqtisadiyyatın inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir».

Müəllif dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə öz arqumentini gücləndirməyə çalışır: «Azərbaycanda görülən işlər həm ölkəmiz, həm də region üçün çox vacibdir. Çünki bu gün Azərbaycan bu bölgədə, Xəzər-Qafqaz bölgəsində sabitləşdirici ölkədir. Regionda bizim siyasətimizdən çox şey asılıdır».

Müəllifə görə, Azərbaycan 25 illik müstəqillik dövründə nəinki digər postsovet ölkələrinin, hətta yüz illərdir azad yaşayan bəzi dövlətlərin əldə edə bilmədiyi uğurlara imza atıb.

Yazıda bildirilir ki, dünyanın bəzi bölgələrində dini zəmində toqquşmalar, diskriminasiya kimi neqativ proseslər baş verdiyi halda, Azərbaycanda sabitlik, dayanıqlı inkişaf təmin edilib.

Sonda isə müəllif yazır ki, Azərbaycanda planetin ən etibarlı sülh və səmərəli tərəfdaşlıq platforması mövcuddur.

ASAN

ASAN

HÖKUMƏT YOXSA, ASAN-XİDMƏT?

«Exo» qəzetində «Əgər ASAN onları ləyaqətlə əvəz edə bilirsə, məmurlar Azərbaycana nəyə lazımdır?» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev qəzetə şərhində indiki ağır iqtisadi durumda əlavə xərclərdən qurtarmağın yollarından bəhs edib: «Azərbaycan hökuməti nazirliklərdə, idarələrdə ştat ixtisarları aparsa və məmurların məsrəflərini azaltsa, izafi xərclərdən xilas olmaq olar».

Daha sonra ekspert ölkədə hökumətin və «ASAN-xidmət»in fəaliyyəti arasında paralel aparır: «Hazırda ölkənin 2 milyondan çox əhalisi «ASAN-xidmət»dən istifadə edib və bu rəqəm sürətlə artır. «ASAN-xidmət» sahələri artarsa, yerlərdə məmur aparatını əhəmiyyətli dərəcədə ixtisar etmək olar. Bu isə ölkə büdcəsinə müsbət təsir göstərər. Əgər «ASAN- xidmət» onları ləyaqətlə əvəz edə bilirsə, bu müəssisələri hər il maliyyələşdirmək nəyə lazımdır?».

Daha sonra yazıda gələn il keçirilməsi gözlənilən IV İslam Həmrəylik Oyunlarına toxunur. Bu oyunların «xalq kisəsi»ndən 217 milyon manata başa gələcəyini vurğulanır. Üstəlik, yazıda qeyd edilir ki, gələn il elmə, səhiyyəyə, sosial xərclərə ayrılan vəsaitlərdə azalma var.

İnternet senzura

İnternet senzura

AZAD SÖZÜN SON QALASINA –İNTERNETƏ HÜCUM

«Novoye Vremya» qəzetində isə «İnternet azadlığı təhlükə altında?» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Yazıda qeyd edilir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan bəzi deputatların oktyabrın 6-da keçirdiyi mətbuat konfransında bütünlükdə sosial şəbəkələr və internet üzərinə çağırışlar edilib. Bu da ciddi narahatlıq doğurur.

Müəllif bildirir ki, YAP-çı deputatlar buna əsas kimi bəzi KİV-lərdə və sosial şəbəkələrdə vətəndaşların ləyaqətinin təhqir edilməsini göstəriblər.

Müəllif bütünlükdə bu tədbiri azad söz üzərinə növbəti hücum kimi dəyərləndirir: «Televiziyalar çoxdan nəzarətə götürülüb. Deputatlar indi də internetin üzərinə hücuma keçirlər. Məhz internet ölkəni tam təcrid etmək yolunda ciddi maneədir. Bu təcrid kursuna qarşı məhz qlobal şəbəkə müqavimət göstərir».

Müəllif yazır ki, bu təcrid yönü əhalidən çox hakimiyyətin özünə təhlükədir.

Yazıda qeyd edilir ki, bir çox Şərq ölkələri bu qadağalara əl atır. Amma xeyri olmur. Müəllifə görə, insanlar qadağadan yan keçmək üsulu tapa biləcəklər.

Müəllif sonda da yazır ki, ideologiyanın zorla sırınmasının tarixdə dalana dirənməsi təcrübəsi var və bunu unutmaq olmaz.

XS
SM
MD
LG