Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

Özünü utancaq, kompleksli adlandıran məşhur komediya aktyoru - Ben Stiller


Ben Stiller "Valideynlərlə tanışlıq" filmində.
Ben Stiller "Valideynlərlə tanışlıq" filmində.

-

“Mən həyatda utancaq, qaraqabaq, tez-tez depressiyaya düşən bir insanam. Aktyorluqla komplekslərimdən qurtulmaq üçün məşğur oluram”.

Bu sözlərin müəllifi amerikalı aktyor və rejissor, filmləri dünya prokatında 1 milyarddan yuxarı gəlir gətirən, komediya janrında ən məşhur aktyorlardan biri Ben Stillerdi.

Benjamin Edward Stiller, amerikalı komik aktyorlar Jerri Stillerlə Anne Mearanın ailəsində 1965-ci il noyabrın 30-da dünyaya gəlib. Atası Jerri estrada aktyoru idi, anası isə televiziyada işləyirdi. Ben və bacısı Emi uşaqlıqdan şou-biznes mühitində böyümüşdülər. Benin on yaşı tamam olanda valideynləri ona 8 mm-lik kamera bağışlayırlar. Balaca, dərhal çəkməyə başlayır, bacısı Emi də ona assistentlik eləyir. Bir ildən sonra isə Ben artıq kinoya çəkilirdi. Daha doğrusu, seriala. O, anasının baş rolda oynadığı “Keyt MakŞeyn” adlı serialda qonaq aktyor rol almışdı.

Buna da bax: "Hollywood kralı" ləqəbli Clark Gable yaddaşlarda hansı filmlə qalıb...

Ben Stiller.
Ben Stiller.

Ben Stiller kinoda işləmək istədiyini uşaqlıqdan bilirdi. O, gələcək peşəsi ilə bağlı heç vaxt tərəddüd keçirməmişdi. Aktyor müsahibələrinin birində bu barədə “Məktəb vaxtı həmişə özümü hansısa rolu oynayırmış kimi hiss eləyirdim. Daim diqqətim dağılırdı, havalarda uçurdum. Mən həyatım boyu ofisdə oturmamışam. Aktyorluq karyeramın başlanğıcında gah ofisiant, gah süpürgəçi işləmişəm. Əgər nə vaxtsa böyük bir şirkətdə işləməli olsam, səhər 8-dən axşam 18-ə qədər kompyuter arxasından otursam, ağlımı itirərəm. Mən kinoya, rejissorluq işinə dəlicəsinə aşiqəm. Hər zaman bunu arzulamışam” deyirdi.

Bəli, birinci növbədə rejissorluq işinə aşiq idi Stiller. 1983-cü ildə məktəbi bitirəndən sonra Kaliforniya Universitetinin kino şöbəsinə də rejissorluq sənətini öyrənməyə gedir, amma heç bir il keçmir ki, universiteti atır. Ben hesab eləyirdi ki, orda ona maraqlı heç nə öyrətməyəcəklər. Buna görə də Nyu-Yorka gəlir və aktyorluq kurslarına daxil olur.

1985-ci ildə Benin rol aldığı “Mavi yarpaqların evi” tamaşası dörd “Toni” mükafatına layiq görülür. Ben Stiller tənqidçilərin də, tamaşaçıların da diqqətini cəlb eləyir. Ancaq Ben fəaliyyətinə rejissor kimi davam edir, bir neçə qısametrajlı film çəkir.

1987-ci ildə Martin Skorsesenin “Pulun rəngi” filminə çəkdiyi qısametrajlı parodiya böyük səs-küy doğurur. Stiller bu filmdə həm də Tom Cruise-un rolunu oynayırdı. NBC telekanalı populyar “Şənbə axşamı canlı yayımda” teleşousunda göstərmək üçün filmi satın alır. Ardınca da şounun prodüserləri B.Stilleri proqramın ssenaristlər komandasına dəvət eləyirlər. Stiller orda cəmi bir mövsüm işləyə bilir, sonra “verilişin formatına uyğun gəlmədiyi” səbəb göstərilərək işdən çıxarılır. Əvəzində MTV kanalı onu öz komandasına dəvət eləyir, aktyor onlar üçün “Geriyə, Bruklinə” şousunu hazırlayır. Şou çox böyük uğur qazanır və aktyor kanaldan həftəlik musiqili şou hazırlamaq təklifi alır. Ben razılaşır, lakin bu şou da cəmi bir il yaşayır. Dövrün məşhur seriallarından biri olan “Beverli-hills 90210”-u parodiya elədiyinə görə o, prodüserlərin qəzəbinə tuş gəlir və kanaldan uzaqlaşdırılır. Növbəti iş yeri –“Fox” kanalında da eyni şey baş verir- şou-biznes aləmini gülüş hədəfinə çevirməyi tənqidçiləri də, prodüserləri də qəzəbləndirir. Onu “özündənrazı, yekəxana” adlandırır, “nəyə gülmək olar, nəyə yox” kimi kriteriyalar yaratmaqda ittiham edirlər. Nəticədə şou bağlanır, amma Ben Stiller ən yaxşı “şou ssenarisi”nə görə “Emi” mükafatı qazanır. Elə bu mükafat da onun Hollivuda giriş vəsiqəsi olur.

Ben Stillerin ilk uğurunu qazandığı "Reallıq acıdır" filmindən bir kadr, 1994-cü il.
Ben Stillerin ilk uğurunu qazandığı "Reallıq acıdır" filmindən bir kadr, 1994-cü il.

1994-cü ildə rejissor Stiller “Reallıq acıdı” adlı satirik filmini çəkir. Film, dünyanı olduğu kimi qəbul eləmək istəməyən gənclərdən bəhs eləyirdi. Baş rolu Benin özü oynayırdı, ikinci dərəcəli rollara isə anası və bacısını, bir də o vaxtkı sevgilisi Jinni Tripplhonu dəvət eləmişdi.

“Reallıq acıdı” müəllifinə prokatda yaxşı gəlir gətirməsə də, tezliklə videofenomenə çevrilir. Bu, Beni rejissor kimi ikinci filmini çəkməyə həvəsləndirir. “Kabelçi” adlı bu filmdə baş rolu Jim Kerry ifa eləyirdi. Benin qara yumoru tənqidçilərin xoşuna gəlməsə də, tamaşaçılar tərəfindən qiymətləndirilir və “Kabelçi” kult film olur.

O ki qaldı aktyor Ben Stillerə... Onun peşəkar aktyor kimi ilk işi Steven Spielbergin “Günəş imperiyası” filmində ikinci dərəcəli rol olur. 1999-cı ildə aktyor “Yatmış köpəyi oyatmayın” tragikomediyasında, iki ildən sonra isə “Hamı Merinin dərdindən ölür” komediyasında çəkilir. İkinci film Ben Stilleri şöhrətin zirvəsinə qaldırır. Ondan sonra bir-birinin ardınca çəkildiyi bütün filmlər - “Valideynlərlə tanışlıq” (2000), “Nümunəvi erkək” (2001), “Bu da Polli” (2004), “Starski və Hatç” (2004), “Fakerlərlə tanışlıq” (2004), “Muzeydə bir gecə” (2007) və s – bir qayda olaraq, Hollivudun ən çox gəlir gətirən filmləri siyahısına düşür.

Ben Stillerin ən məşhur filmi Robert de Niro ilə birlikdə oynadığı "Valideynlərlə tanışlıq"dan bir kadr, 2000-ci il.
Ben Stillerin ən məşhur filmi Robert de Niro ilə birlikdə oynadığı "Valideynlərlə tanışlıq"dan bir kadr, 2000-ci il.

Yeri gəlmişkən, “Valideynlərlə tanışlıq”, “Fakerlərlə tanışlıq” silsiləsində Stillerin oynadığı Qreq Faker rolunu Jim Carrey istəyirmiş. Lakin prodüserlər onu Benə təklif ediblər və yanılmayıblar.

Bütün uğurları ilə yanaşı Ben Stiller həm də bir il ərzində çəkildiyi beş filmə görə “ən pis aktyor” nominasiyasında “Qızıl moruğa” namizəd olan yeganə aktyordu.

Aktyor demokratlar partiyasının üzvüdü və fəal xeyriyyəçidi.

***

“People” jurnalının sorğusunun nəticələrinə əsasən ən seskual komik aktyorlardan biri seçilən Ben Stiller Hollivudun ən nümunəvi ailə başçılarından sayılır.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

Həyat yoldaşı, aktrisa Christine Taylorla 1999-cu ildə televiziyada işləyərkən tanış olub, bir il sonra isə evləniblər. Cütlüyün Ella Oliviya adında bir qızı və Kvinli Dempsi adlı bir oğlu var.

Ben Stiller "Muzeydə gecə" filmində, 2006-cı il.
Ben Stiller "Muzeydə gecə" filmində, 2006-cı il.

Aktyor həyat yoldaşı ilə münasibətlərindən danışarkən “Düşünürəm ki, Christinelə bizim sirrimiz ondadı ki, bir-birimizlə danışmağı bacarırıq. Bir-birimizdən heç nə gizlətmirik, nə xoşumuza gəlir, nəyi dəyişmək lazımdı - hər şeyi açıq müzakirə edirik. Və təbii ki, müasir texnologiyanın bizə xeyli köməyi dəyir. Evdən uzaqda çəkilişlərim olanda mütləq skaypla danışırıq, sms, email göndəririk bir-birimizə. Başqa nə vardı? Hərçənd hərdən adam həyat yoldaşını, uşaqlarını sadəcə qucaqlamaq istəyir. Onda ya onlar mənim yanıma gəlirlər, ya da mən, bir-iki günlük də olsa, onların yanına qaçıram” deyir.

***

Bir neçə il əvvəl Ben “GQ” verdiyi müsahibədə maniakal-depressiv psixozdan əziyyət çəkdiyini bildirmiş, amma bir müddət sonra başqa bir müsahibəsində bu məlumatı təkzib eləmişdi: “Mən zarafatla hərdən dəliliyim tutduğunu demişdim, jurnalistlər isə məni manyak-psixopat kimi təsvir eləmişdilər!”

Aktyor özü haqqında belə zarafatlar eləməyi sevir. Ancaq o, həqiqətən səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Bir il əvvəl Stiller, prostat vəzinin xərçəngindən əməliyyat olunub.

Mətbuata bu barədə cəmi bir neçə gün əvvəl bu məlumat verən aktyor “bu mənim üçün son dərəcə gözlənilməz idi. Qorxurdum, neynəyəcəyimi bilmirdim. Xərçəng bütün həyatı dayandırır, mən heç nəyi planlaşdıra bilmirdim” deyib.

Öz sözlərinə görə, hazırda o, tez-tez müayinədən keçir. 50 yaşlı aktyor bütün kişiləri vaxtlı-vaxtında müayinə olunmağa səsləyib: “Prostat vəzinin xərçəngi, ölüm sayına görə ikinci yerdə gəlir, amma həm də ən çox müalicə olunan xərçəng növlərindən biridi”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG