Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Azərbaycanın müstəqillik qazanmasında Heydər Əliyevin rolu, dollarlaşmanın iqtisadiyyata təsiri, qiymətlərin bahalaşması və işsizlik sığortası haqqında qanunun yubanması bu gün medianın aparıcı mövzusudur.

«TALEYİMİZ ÖZ ƏLİMİZDƏDİR»

«Azərbaycan» qəzetində «Azərbaycanın taleyini yalnız xalq müəyyənləşdirir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə bildirilir ki, bu il Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinin 25 ili tamam olur. Müəllifin fikrincə, bu azadlığın qazanılmasında keçmiş prezident Heydər Əliyevin xüsusi rolu olub: «XX əsr tariximizin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb».

Məqalədə xatırlanır ki, 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı»ı qəbul edilib. Konstitusiya Aktında ölkənin rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil Respublika olduğu bildirilib.

Ancaq müəllif qeyd edir ki, Azərbaycan həmin vaxt de-yure müstəqillik əldə etmişdi. De-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi. Müəllif bunu 1992-93-cü illərdə ölkəyə rəhbərlik etmiş qüvvələrin «yarıtmaz siyasəti» ilə izah edir: «AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyəti ölkədə ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmışdı. Daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu».

Müəllif yazır ki, Azərbaycan xalqı belə ağır vaxtda çıxış yolunu Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində gördü.

Yazının sonunda isə indiki prezident İlham Əliyevin 13 illik prezidentlik dövrü yeni bir idarəçilik məktəbi kimi səciyyələndirilir.

Nemət Əliyev

Nemət Əliyev

QİYMƏTLƏR NƏZARƏTDƏN ÇIXACAQ

Azadliq.info saytında «Azərbaycanda dollarlaşma dərəcəsi 82%-ə yüksəlib» sərlövhəli məqalədə ölkənin maliyyə durumu ekspert Nemət Əliyevlə müzakirə edilir.

Yazıda deyilir ki, Azərbaycan əhalisinin bank əmanətlərinin strukturunda dollarlaşma dərəcəsi bu il sentyabrın 1-nə 81.6 faiz təşkil edib.

İqtisadçı N.Əliyev buna əsas səbəb kimi ölkədə əməliyyatların böyük əksəriyyətinin dollarla aparılmasını göstərir. Ekspert bəyan edir ki, bu həm də ölkənin iqtisadi həyatında manatın əhəmiyyətinin azalması anlamına gəlir: «Aydın olur ki, Mərkəzi Bank manatı gərəksiz bir vasitəyə çevirib. Hökumətin, Mərkəzi Bankın qəbul etdiyi qərarlar vəziyyəti bu həddə gətirib çatdırıb».

Ekspertin fikrincə, bundan sonra vəziyyət daha da ağırlaşacaq, daha heç bir imitasiya addımları effekt verməyəcək: «İqtisadiyyatın dollarlaşması daxili bazarın xarici valyutadan asılı olması anlamına gəlir. Belə çıxır ki, ölkə daxilində qiymətlərin səviyyəsinə xarici faktorların təsiri daha çoxdur».

N.Əliyev bundan sonra qiymətlərin artacağını istisna etmir: «Bu, qiymət səviyyəsinin nəzarətdən çıxması, əhalinin vəziyyətinin daha da ağırlaşması deməkdir. Bundan sonrakı dövrdə, heç olmasa, real islahatlar aparılmalıdır. Baxmayaraq ki, artıq qısa müddətə real nəticələrə nail olmaq imkanı çox aşağı düşüb. Amma yenə də, müəyyən addımlar ataraq, qeyri-neft sektorunun inkişafına çalışmaq lazımdır».

Supermarket

Supermarket

MAL ƏTİ BAHALAŞIB

«Novoye Vremya» qəzetində «Maliyyə böhranı və inhisarçılar iqtisadiyyatı iflic edir» sərlövhəli məqalədə də ölkə iqtisadiyyatının problemlərindən bəhs edilir.

Yazıda ölkənin, o cümlədən Mərkəzi Bankın (MB) ehtiyatlarının azalmasına toxunulur.

Müəllif xatırladır ki, MB-ın ehtiyatları 4 milyarda enib və belə bir hədd 2008-ci ildə qeydə alınıb.

Yazıda qeyd edilir ki, ölkənin valyuta ehtiyatları tükənsə də, manata etimad bərpa edilməyib və qiymətlərin bahalaşmasının qarşısı alınmayıb.
Müəllif vurğulayır ki, artıq marketlərdə sümüksüz dana əti 11 manata satılır. Sümüklü ət isə 9 manatadır: «Yerli bazarda istehsal inhisarçısı olan «Azərsun Holdinq» isə ötən bazar istehsal etdiyi malların qiymətlərini qaldırıb. Bütün mallara yeni qiymətlər qoyulub, bahalaşma 5-20 qəpik arasındadır».

Müəllifin fikrincə, qiymətlərin bahalaşmasında inhisarçıların da az rolu yoxdur. İnhisarçılara qarşı ölkədə səmərəli mübarizə aparılmır: «Amma əsl qiymət artımı, hələ, indi başlanır. Dərmandan mebelə qədər hər şey bahalaşacaq. Burada gec və ya tez qiymət artımından qaçmaq mümkün olmayacaq».

Karikatura. İşsizlik

Karikatura. İşsizlik

İŞSİZLİK SIĞORTASI HAQQINDA QANUN YUBANIR

«Exo» qəzetində isə «Azərbaycanda işsizlik üzrə sığorta 2017-ci ildə» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev işsizlik sığortası haqqında qanunun gecikməsini qəzetə belə dəyərləndirib: «Bu qanun layihəsi ona görə təxirə salınır ki, maraqlı tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Maraqlı tərəflər deyəndə isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və sığorta şirkətləri nəzərdə tutulur».

O vurğulayır ki, bu məsələni işsizliyə görə müavinətin verilməsi ilə qarışdırmaq lazım deyil. İşsizliyə görə müavinət yalnız bununla bağlı müraciət edən şəxslərə ödənilir, sığorta isə hamıya aiddir: «Bu gerçəkləşə bilsə, olduqca yaxşı normadır. Azərbaycanda 10 ildir ki, tibbi sığortadan danışılırdı, yalnız bu günlərdə təcrübi olaraq işə düşüb, həm də tam həcmdə yox. İndi işsizlik üzrə də pilot layihələr həyata keçirərək, bunun necə işləyəcəyini müəyyən etmək olar».

Ekspert deyir ki, bu qanunun qəbulu insanların həyatında çox müsbət dönüş yarada bilər. Bütün iş qabiliyyətli əhali sığortalanar, vətəndaş günahı olmadan iş yerini itirdikdə, ona müəyyən vəsaitlər ödənər. Ancaq N.Ağayev bu məsələnin 2017-ci ildə də reallaşacağına şübhə ilə yanaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG