Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:57

Ana körpəsinin ölümündə həkimləri günahlandırır


Foto illüstrasiya
Foto illüstrasiya

Vəfa Rəhimova həyəcanlanır, danışa bilmir. 20 gündən çoxdur ki, Tovuz rayon Mərkəzi Xəstəxanasının divarları arasında, özünün dediyi kimi, pulsuzluqdan itirdiyi körpəsinə yas saxlayır. Deyir, «danışa bilmirəm». Telefonu bacısına ötürür. Günəş Zeynalova ikinci dəfə ana olmaq istəyi ürəyində qalan Vəfanın başına gələnlərdən danışır.

«DEDİLƏR Kİ, HEÇ OLMASA, MUŞTULUQ VERİN»

Bu il sentyabrın 14-də Vəfa Rəhimova ailə üzvləri tərəfindən həmin xəstəxanaya aparılıb. Körpə qeysəriyyə yolu ilə götürülüb. Ancaq Günəş xanım deyir, Vəfanı xəstəxanaya gec qəbul etdiklərindən körpə götürülərkən artıq yarımcan imiş: «Deməli, mamaçası, tibb bacısı, həkimi qaça-qaça üstümüzə gəldilər ki, pul vermirsiniz, muştuluqdan-zaddan verin. Baxdıq ki, körpə birinin qucağındadır, ancaq rəngi gömgöydür, səsi çıxmır. Dedik, bu nədir, uşaq niyə bu vəziyyətdədir?. Dedilər, «səs-küyə salmayın, maşallah, lap əla vəziyyətdədir, nə olub ki...». Uşağı bizə ötəri göstərib apardılar, bir də eşitdik ki, süni nəfəs aparatına qoşulub. Aparat da heç aparata oxşamırdı, yastıq kimi bir şey idi, «şnurlarını» burnuna qoşmuşdular».

Buna da bax-Zaqatalada uşaq ölümü – günah öləndədir?

«QAN GƏLDİ...»

Günəş xanımın deməsinə görə, beləcə, körpə 3 gün süni nəfəs vasitəsilə yaşayıb. Üçüncü gün həkimin vurduğu iynədən sonra keçinib: «İndiyə kimi də həkimin dalınca düşmüşük ki, «sən canın, bu uşağa o nə iynəydi vurdun, uşaq keçindi». İynəni vurandan sonra uşağın burnundan, qulağından, arxa dəliyindən qan gəldi, sonra da öldü. Uşağın ağ bələyi al qırmızıya boyanmışdı. İynənin adını demir. Biz çox yerə yazmışıq. Baş prokurora da yazmışıq».

«UŞAQ BİR NEÇƏ GÜN ÖNCƏ GÖTÜRÜLMƏLİ İDİ»

Vəfa xanım özü davam edir. Deyir, başına gələn faciənin səbəbi pulsuzluq olub: «Xəstəxana məni gec qəbul elədi. Uşaq bir neçə gün əvvəl götürülməli idi. Elə hər dəfə «pul, pul, pul» dedilər, bizim də imkanımız olmadı istədiklərini verməyə. Axırda dedik, «əşi, bir uşaq dünyaya gəlsin, qaçmıram ki, hələ neçə gün xəstəxanada olacam». Nə isə...».

Buna da bax-Əvvəl balası, sonra özü öldü – ailə isə həkimlərdən əl çəkmir

Tovuz rayon Mərkəzi Xəstəxanasından Vəfa Rəhimovadan qeysəriyyə əməliyyatına görə pul istənilməsi ilə bağlı deyilənləri təkzib edirlər. Xəstəxanadan «Qaynar xətt»ə bildirilib ki, uşaq ölümünü rayon prokurorluğu araşdırır və əlavə məlumat üçün oraya müraciət edək. Prokurorluqdan isə «Qaynar xətt»in suallarını cavablandıran olmayıb.

Rəhimovlar ailəsi yaşadıqları faciənin Baş Prokurorluqda araşdırılmasını istəyir. Bu səbəbdən də həkimlərlə bağlı həmin quruma müraciət etdiklərini bildirirlər.

XS
SM
MD
LG