Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

AXCP üzvü Arzuman Məcidli oktyabrın 4-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

Bu barədə onun özü AzadlıqRadiosuna danışıb.

A.Məcidlinin deməsinə görə, sorğu-sual daha çox «Azadlıq» qəzeti, qəzetin həbsdə olan direktoru Faiq Əmirlini tanıyıb-tanımaması ilə bağlı olub: «Mən də dedim ki, tanıyıram, qəzetin direktoru kimi, amma şəxsi müstəvidə münasibətimiz yoxdur».

A.Məcidli deyib ki, qəzetə verdiyi elanlar, bu elanlara görə ödəmələr edib-etməməsi də soruşulub: «Mən bildirdim ki, hər hansı şəkildə ödəniş etməmişəm».

F.Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen de ittihamları qəbul etmir.

Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələ üzrə yox, «Azadlıq» qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən imtina edib.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.

XS
SM
MD
LG