Keçid linkləri

Təcili xəbərlər

Qızıl əllər


Bir ay əvvəl evdə bir-iki kətil laxladı. Sovet dövründən qalma əşyaları çox sevirəm. Buna görə də, kətilləri atıb, yenisini almaq barədə düşünmədim. Mebel restavrasiya edən bir balaca emalatxana tanıyırdım, aparıb verdim ora. Restavrator gənc oğlan idi. Müxtəlif dövrlərdən qalma əşyalar, materiallar, xüsusiyyətləri barədə xeyli həvəslə danışdı. Belə cavan adamın bu incə şeylər barədə həvəslə danışmasına heyran-heyran qulaq asır və təəccüblənirdim.

Kətilləri düzəldib, gözəl bir üz çəkib gətirəndə, oğlan dedi ki, bir il əvvəl hüquq fakültəsini qurtarıb. Amma iş tapa bilmir. Buna görə də atasından mebel işini öyrənib. Baxdım ki, səsində bir məyusluq var. Açıq da dedi ki, cavan adamdır və özünə yaraşdırmır bu işi. Dedim mənim 35 yaşım var. Ömrüm boyu hüquqşünasa iki dəfə işim düşüb. Amma hər il evdə nəsə zədələnir və mebel ustası lazım olur. Sizin işiniz hüquqşünasın gördüyü işdən heç də az lazımlı iş deyil.

...öz eqomuzun əsiri olduğumuz üçün trendlərin əsirinə də çevrilirik. Buna görə də, iş seçəndə gözəl bacardığımız, sevdiyimiz, zövq aldığımız peşələri deyil, hörməti, nüfuzu, gəliri çox olanı seçirik.

Oğlanın məyusluğunu anladım, çünki nə deyirsən de, insanlar arasında gənc mebel ustası ilə gənc hüquqşünasın çəkisi eyni deyil. Bizsə öz eqomuzun əsiri olduğumuz üçün trendlərin əsirinə də çevrilirik. Buna görə də, iş seçəndə gözəl bacardığımız, sevdiyimiz, zövq aldığımız peşələri deyil, hörməti, nüfuzu, gəliri çox olanı seçirik. Sonra da əsəbi, narahat, qəzəbli menecerlərə, hüquqşünaslara, jurnalistlərə çevrilirik.

Məsələn, mən səmimi etiraf edirəm ki, dünyaya bir daha gəlsəydim, heç vaxt yazıçı, jurnalist olmazdım. Həyatda ən yaxşı bacardığım işi görərdim – aşpaz olardım. Balaca bir restoran açar, müxtəlif xalqların mətbəxini öyrənər, eksperimentlər edər, ən əsası da azərbaycanın unudulmaqda olan yeməklərinə yeni can verər, brendləşdirər, dünyaya tanıdardım. Milləti-zadı tanıtmaqdan ötrü yox, bəşəriyyəti dadlı, ucuz, sağlam qidalanmaya dəvət etmək, bunun yolunu göstərmək üçün.

Amma əminəm ki, yemək bişirməklə mən ölkədəki min, on min insandan biri olacaqdım, eləcə də ölüb gedəcəkdim. Belə isə, mənim sevdiyim işlə məşğul olmağa kifayət qədər vaxtım yoxdur. İşləməliyəm, tərcümə etməliyəm, müsahibə almalıyam. Bütün bunlardan bir az vaxt tapanda həvəslə qaz plitəsinin yanına qaçıram. Bir az vaxtım olan kimi internetdə insanların öz əlləri ilə əşya təmir etməyinə, nəsə əkməyinə, nəsə tikməyinə, düzəltməyinə həvəslə baxıram və heyifsilənirəm ki, iş saatlarım bütün bunları etməyə imkan vermir.

Buna da bax: Sonra deməyin ki...

Sonra qohumda, qonşuda, tanışlar arasında işsizlikdən, pulsuzluqdan, bekarçılıqdan şikayətlənən qadınlara, kişilərə, gənclərə baxıram və heyrətə gəlirəm. Mənzərə sadəcə dəhşət saçır. Bir qadın qohumumuz var. Təxminən 40 yaşında. Ömründə heç vaxt işləməyib. Savadı yoxdur. Kitabı üzünə güclə oxuyur. Yemək bişirməyi bərbad, ev həmişə çirkli olar. Həyət evində yaşayır, 30-40 kv.m-lik həyətdə bir dənə gül dibçəyi yoxdur. Tikiş bilmir, toxumaq bilmir. Baxırsan və fikirləçirsən ki, bu adam axı nə ilə məşğuldur?

Baxırsan gənclərə. Yaxşı, dil öyrənirsən, hansısa bir sahəni mənimsəyirsən, vaxtın yoxdur nəsə tikməyə, düzəltməyə, bişirməyə. Səni başa düşdük. Bəs, universiteti zor-bəla ilə yola verən, dil bilməyən, kitaba marağı olmayan, heç bir peşəni öyrənməyə can atmayan adamlar? Bir insan vaxt kimi dəyərli bir şeyi nəsə gözəl şeylər yaratmaq əvəzinə, laqqırtıya, qeybətə, tuma, seriala, qonşunu güdməyə nə qədər sərf edə bilər axı?

Köhnə əşyalara can verən, balkonda yüz cür meyvə-tərəvəz yetişdirən münlərlə insan var. O adamların da iki əli var, sizin də.

Deyək ki, beyninizi işlətmək alınmayıb. Kitab oxumağa marağınız yoxdur –beyninizə girmir. Əllərinizi ki, özünüz idarə edirsiniz. Açırsan interneti, hər cür köhnə-kürüşdən sənət əsəri yaradan insanlar var. Kitabdan ev tikən, plastik qaşıqdan çilçıraq düzəldən, köhnə əşyalara can verən, balkonda yüz cür meyvə-tərəvəz yetişdirən münlərlə insan var. O adamların da iki əli var, sizin də.

Henri Devid Toronun “Meşədə həyat” adlı fenomenal bir əsəri var. Emin Aslanın bu kitab barəsindəki yazısını oxuyandan sonra kitabı tapdım. Oxuyanda isə gördüm ki, Emin bu kitab barədə çox zəif yazıbmış, əslində, kitab sadəcə dahiyanədir. “Meşədə həyat” əslində insanın necə yaşamalı olduğu barədə dərslikdir.

Toronun kitabda gözəl bir abzası var: Hər bir insan əslində hər şeyi bacarır. Nəyə görə şəhərdə dərzilər, bənnalar, çörəkçilər olmalıdır. İnsan öz evini özü qura, çörəyini özü bişirə, paltarını özü tikə bilər. Biz ayrı-ayrı işləri ayrı-ayrı adamlara tapşırmaqla təbiətin əleyhinə gedirik. Bunların hamısını özümüz etsəydik, biz hamımız həm də şeir yaza bilərdik. Çünki yaradıcılıq hər birimizin içindədir. Çörək bişirmə, ev qurma, paltar tikmə bacarığından imtina etməklə, biz həm də şeir yazma bacarığımdan imtina edirik...

Ən son yazılan

XS
SM
MD
LG