Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:22

İslam modası bir neçə on ildən sonra...


İslam modası (arxiv fotosu)
İslam modası (arxiv fotosu)

Bədənə yapışmayan Qərb tərzli geyimlər və baş örtüyü çiçəklənməkdə olan İslam modasının “olmazsa-olmaz” elementləridir. Dubayda yerləşən İslam Moda və Dizayn Şurasının hesablamalarına görə, bir neçə on ildən sonra İslam moda sənayesinin dövriyyəsi 500 milyard dollara çatacaq. İstanbul hazırda bu moda sahəsinin mühüm mərkəzidir.

"İlk onlayn dəb və alış-veriş saytı"?

2011-ci ildə az kapitalla fəaliyyətə başlamış "Modanisa" türk onlayn geyim dükanı bu gün bazarda ən mühüm adlardan biridir. O, alıcılara gündəlik “tunika”lardan tutmuş parıltılı axşam geyimlərinə, idman geyimlərindən tutmuş ayaqqabı və aksessuarlaradək 30 mindən çox mal təklif edir (“tunika” deyərkən, vücudun üst qisminə geyilən qollu və ya yarımqol və yaxalı geyim nəzərdə tutulur. Adətən, qadınlar geyir və zərif parçadan hazırlanır. Qolsuz və yaxasız, kombinezona bənzər biçimləri də var – red.).

Bu onlayn geyim dükanında 75 ölkədə hazırlanan 300 marka paltar təklif edilir. “Modanisa” özünü "abır-həyalı geyim tərzi seçən xanımlara ilk onlayn dəb və alış-veriş saytı" sayır. Modanisanın baş icraçı direktoru Kerim Ture yayda Fransada müsəlman qadınların burkini geyməsi ətrafında baş verən qalmaqaldan təəccübləndiyini deyir.

Buna da bax:​ Çadra dizaynına maraq artır

“Burkini rəmz deyil, seçimdir”.

Onun fikrincə, burkini rəmz deyil, seçimdir. Şirkətin kataloqunda "tamqapalı çimərlik geyimləri" də var. Onların qiyməti 40 avrodan (45 dollar) başlanır. Yaydakı burkini qalmaqalı bu geyimin satışını Fransada 15 - 20 faiz, Niderlandda isə 30 faiz artırmışdı. Bu ilin mayında İstanbulda ilk “İslam modası” həftəsi keçirilib. Tarixi Haydarpaşa vağzalında keçirilən bu tədbirin məqsədi sürətlə böyüyən bazarı nümayiş etdirmək olub. Moda həftəsinin təşkilatçısı İndoneziyada yerləşən Franka Soeria Mərkəzi idi.

Təvazökar geyim trendlərinin beynəlxalq məsləhətçisi olan Soeria 3,5 il əvvəl İstanbula köçmək qərarına gəlib.

“Məqsəd – sizin kimi olduğumuzu göstərməkdir”

Onun sözlərinə görə, dəbli sadə geyimləri təklif etməkdə məqsəd insanlara "qapanın" demək deyil: "Məqsəd... bizim də sizin kimi olduğumuzu... fərqli görünmək istəmədiyimizi göstərməkdir".

Buna da bax:​ Fransa naziri burkini qadağası barədə

“Modanisa”nın daimi dizayneri sayılan, üstəlik, bir neçə başqa şirkətlə də əməkdaşlıq edən Osman Ozdemir İstanbulun İslam modasının qanunvericisi olacağına inanır. Onun sözlərinə görə, hətta yüksək səviyyəli, lüks markalar da artıq bu işə qoşulur. Bu ilin əvvəlində əfsanəvi italyan moda evi "Dolce & Gabbana" ilk dəfə hicab və abiyə kolleksiyasını Yaxın Şərqdəki müsəlman müştərilərinə nümayiş etdirib (“abiye” fransızcadakı “habille” – gecə geyimi sözündən götürülüb, üzüörtülü utancaq qadının geydiyi incə və zərif paltar nəzərdə tutulur – red.).

Polis qadınlar da başını örtə bilər, amma...

Konstitusiyaya görə, Türkiyə dünyəvi dövlət olsa da, iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) 2013-cü ildə dövlət idarələrində müsəlman baş örtüyü gəzdirilməsinə yasağı ləğv edib. Ötən ay hökumət qadın polis məmurlarına rəsmi polis papağının altından baş örtüyü bağlamağa da icazə verib. İstanbulun mühafizəkar Fatih məhəlləsində İslam moda dükanları yan-yana sıralanıb. Yaxın Şərq ölkələrindən gələn turistlər də İstanbula bazarlığa gəlirlər. Türkiyədə bu sahənin çiçəklənməsinə heç də bütün qadınlar razı deyillər. Onlar düşünürlər ki, moda müsəlman qadınlarını pul xərcləyən istehlakçıya çevirməkdən ötrü Qərbin əlindəki bir alətdir.

Buna da bax:​ Baş örtükləri Türkiyədən, mühafizəkar geyimlər Səudiyyə və İrandan gətirilir

Ehtiyacdan doğan istehlak?

Azad Fikir və Təhsil Hüquqları Assosiasiyasından "İslam sadə müsəlman kimliyinin, ehtiyacdan doğan istehlakın tərəfdarıdır" deyən gənc fəal Hulya Sekerci fikrini belə tamamlayır: "Moda isə ifrat istehlakı təbliğ edən çarxdır. O səbəbdən biz modaya və moda göstərilərinə qarşıyıq".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG