Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Daha 101 dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılır


Özəlləşdiriləcək müəssisələrin təqdimatı

Özəlləşdiriləcək müəssisələrin təqdimatı

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac elan edib.

Komitədən verilən məlumata görə, noyabrın 1-də keçiriləcək hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.

Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxtla yanaşı, Mingəçevir şəhərində və Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir rayonlarında yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd, kimya, təmir-tikinti, nəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Bu müəssisələr sırasında «Astara Çay-3», «Lənkəran Broyler», «Masazır Quşçuluq», «Tovuz Məişət», «Yevlax Yun», «Zabrat Tikinti Quraşdırma» və digər səhmdar cəmiyyətləri var.

Həmçinin, hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb.

Hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 ədəd nəqliyyat vasitəsi də yer alıb.

Məlumatda qeyd edilir ki, istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər: «Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bundan ötrü Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regional bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10 faizi məbləğində beh ödəmək kifayətdir. Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür».

Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən fotomateriallar, yerləşmə mövqelərini göstərən xəritələr (Google Map) privatization.az saytında yerləşdirilir.

Buna qədər isə oktyabrın 11-də hərrac olmalıdır. Orada özəlləşdirməyə 85 dövlət müəssisəsi və obyekt çıxarılacaq.

Bu il yanvarın 18-də prezident İlham Əliyev geniş özəlləşdirmə proqramının hazırlanması tapşırığını verib.

Mayın 19-da isə prezident «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb.
Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib.

2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG