Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

İslahatlara beynəlxalq dəyər, Neft Fondundan büdcəyə transfertlərin və əyalətlərin yerli xərclərinin azaldılması bu gün medianın aparıcı mövzusudur.

İSLAHATLARA BEYNƏLXALQ DƏYƏR

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar beynəlxalq təşkilatların hesabatlarında yüksək dəyərləndirilir» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, Ümumdünya İqtisadi Forumu (ÜİF) Azərbaycanın MDB və türkdilli dövlətlər arasında ən rəqabətli iqtisadiyyata malik olduğunu bildirir.

Müəllifə görə, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir: «Respublikanın investisiya və sosial yönümlü mahiyyət daşıyan milli inkişaf modeli əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir».

Müəllif düşünür ki, ölkə iqtisadiyyatının xarici sərmayələrə cəlbediciliyinin qorunması, sərmayələrin qeyri-neft sektoruna yönəldilməsi, regionların tarazlı inkişafı əsas prioritetlər sırasındadır. Məqalədə vurğulanır ki, ötən 6 ayda qeyri-neft sənayesi 2.4 faiz, kənd təsərrüfatı 3.1 faiz inkişaf edib, ölkəyə 6.3 milyard dollar sərmayə qoyulub.

Müəllif qeyd edir ki, Azərbaycan rəqabətə davamlılığa görə ÜİF-nun hesabatında 138 ölkə arasında 38-ci yerdə durur. Bu da ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasından irəli gələn məsələdir.

Müəllif bu uğurların əldə olunmasını təmin edən faktor kimi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi nəzərə çatdırır.
Məqalədə dövlət başçısı İlham Əliyevdən sitat da gətirilir: «Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır. Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin».

Karikatura

Karikatura

NEFT GƏLİRLƏRİNİN AZALMASININ BÜDCƏYƏ TƏSİRLƏRİ...

Azadliq.info saytında neft pullarının azalmasının büdcəyə təsiri ilə bağlı ekspert Məhəmməd Talıblının düşüncələrinə yer verilir.

Yazıda 2017-ci ilin dövlət büdcəsinə Neft Fondundan (NF) köçürmələrin azalaraq 6.1 milyard manata düşəcəyi bildirilir: «Bu məbləğ cari ilin dövlət büdcəsinə ediləcək transfertdən təxminən 1.5 milyard manat azdır. Deməli, NF-dan dövlət büdcəsinə ediləcək transfertlərdə 20 faiz azalma baş verəcək».

Yazıda bildirilir ki, bəzi rəsmilər bunu büdcənin neftsiz ayaq üstə durmasına hazırlıq və neftdən asılılığın azalması kimi dəyərləndirirlər. Amma ekspert bununla razı deyil. M.Talıblıya görə, hələ də neft pulları büdcədə böyük pay sahibidir.

Ekspert xatırladır ki, NF bu illər ərzində büdcənin kəsr risklərini daim kompensasiya edib: «2003-cü ildə dövlət büdcəsinə NF-dan cəmi 100 milyon manat səviyyəsində transfert edilmişdi. 2008-ci ildə bu, 3.8 milyard manat, 2014-cü ildə isə 9 milyard 337 milyon manat olub. 2001-ci ildən başlayaraq ötən ilə qədər NF özünün gəlirlərinin 91 faizini dövlət büdcəsinə köçürməklə onun kəsr risklərini kompensasiya edib. Demək, növbəti ildəki məbləğ ötən illə müqayisədə azalsa da, NF-nun yenicə yarandığı vaxtlarla müqayisədə büdcəyə 60 dəfə çox vəsait daxil olur».

M.Talıblı qeyd edir ki, növbəti illərdə də hökumət qənaət etməyə məcbur qalacaq. Bu isə qeyri-neft sektorunun inkişafı ilə yox, neft pullarının azalması ilə bağlıdır: «Necə deyərlər, çoxdan çox verirdi, indi də azdan az verəcək. Başqa sözlə, NF əvvəlki illərdə dövlət büdcəsinin «təhlükəsizlik yastığı» idisə, indi onun özünün qəza keçirdiyindən «havası» boşalıb».

Hesab

Hesab

RAYON VƏ ŞƏHƏRLƏRİN YERLİ XƏRCLƏRİ AZALIR

«Bizim Yol» qəzetində isə «Şəhər və rayonların yerli xərcləri 4-5 dəfə ixtisar olub» sərlövhəli məqalə oxumaq olar.

Məqalədə qeyd edilir ki, gələn il yerli xərclərin tənzimlənməsində dövlət büdcəsindən ayrılan dotasiyaların xüsusi çəkisi bu illə müqayisədə 743.5 mln. manat və ya 42.7 faiz azdır. Üstəlik, müəllif vurğulayır ki, gələn ildən büdcədə 33 rayonun xərclərini öz gəlirləri hesabına təmin etməsi nəzərdə tutulub: «Növbəti il dövlət büdcəsinin yerli xərcləri 718.270 mln. manat məbləğində proqnozlaşdırılır. Bu da 2016-cı illə müqayisədə 820.011 mln. manat və ya 53 faiz azdır».

Müəllif yazır ki, büdcədə təkcə 33 rayon dotasiyadan məhrum edilməyib. Bakının və digər şəhərlərin xərcləri belə azaldılıb. Gələn ilin dövlət büdcəsində yerli xərclər bölümündə Bakı şəhərinə 198.571 mln. manat nəzərdə tutulur. 2016-cı ilin dövlət büdcəsində bu məbləğ 210.395 mln. manat təşkil edib. Bu, 5.6 faiz azalma deməkdir. Gəncə üzrə azalma 44.2 , Sumqayıt üzrə 37.1, Mingəçevir üzrə isə 33.7 faizdir.

Yazıda deyilir ki, Şəki, Lənkəran, Abşeron üzrə isə azalma faizlə yox, dəfə ilə hesablanmalıdır.

Maliyyə Nazirliyi xərclərin azaldılmasının əsas səbəbi kimi təhsil (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri istisna olmaqla), mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi sahəsində xərclərin yerli xərclərdən çıxarılaraq, mərkəzləşdirilmiş xərclərə aid edilməsini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG