Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

Gürcüstanda seçkilərqabağı gizli silah anbarları aşkarlanıb


Arxiv fotosu
Arxiv fotosu

Gürcüstanda bir neçə gizli silah anbarı aşkarlanıb. Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi xüsusi brifinqdə verib. Avtomatlar, tapançalar, qumbaraatanlar, minalar, partlayıcı maddələr və böyük miqdarda sursat aşkarlanaraq götürülüb. DİN bu anbarların 2009 – 2011-ci illərdə yaradıldığını güman edir.

Buna da bax:​ Gürcüstan-NATO: 8 ilin vədi

“KORROZİYA DAHA GÜCLÜ OLMALI İDİ”

DİN təmsilçisi xüsusi brifinqdə bildirib ki, silahların yeri operativ bilgi sayəsində bəlli olub.

DİN rəsmisinin silahların gizlədilmə tarixi barədə dedikləri müşahidəçilərə bir qədər qəribə gəlir. Hərbi ekspert Irakli Aladashvilinin sözlərinə görə, kadrlarda görüntülənmiş silahlar bir neçə il yerin altında qalmış kimi görünmür.

"Heç bir zədənin görünməməsi bir az qəribədir. Nə patronlarda, nə də onların olduğu qutularda pas izi var. Bu, onların yerin altında 7-8 il qalması ilə bağlı müəyyən şübhələr doğurur. Mənə elə gəlir ki, bu müddət ərzində korroziya videokadrlarda göründüyündən daha güclü olmalı idi", ekspert deyir.

Buna da bax:​ Gürcüstanı sarsıdan intihar

TƏXRİBAT

Bu yaxınlarda keçmiş prezident Mikheil Saakashvili-nin guya öz silahdaşları ilə birlikdə Gürcüstanda yeni inqilab hazırlaması haqda gizli qeydlər dərc edilmişdi. İnqilabın parlament seçkilərinin ilkin nəticələrinin elanından dərhal sonra başlayacağı deyilirdi. Bəzi şərhçilər tapılan silahı həmin gizli qeydlərlə əlaqələndirməyə başlayıblar. Dövlət təhlükəsizlik xidməti bazar ertəsi günü sabotaj hazırlama maddəsi ilə araşdırmaya başlayıb. Araşdırma "Birləşmiş Milli Hərəkat" partiyasının (Saakashvilinin partiyası) gənclər qanadı olan "Azad zona"nın keçmiş üzvlərinin verdiyi ifadələr əsasında başlanıb. Ancaq Irakli Aladashvili bu qədər silahın dövlət çevrilişinə yetəcəyinə şübhəylə yanaşır:

«Bu arsenalla nizami bölmələrə müqavimət göstərmək mümkün deyil. Bu, güman ki, hansısa təxribat əməllərinin törədilməsi üçündür. Bu silahla konkret vəzifəni yerinə yetirmək, məsələn, avtomobili, yaxud binanı partlatmaqdan ötrü kiçik bir qrupu silahlandırmaq olar».

Ekspert əvvəlki hakimiyyətin 2008-ci ilin avqust müharibəsindən sonra doğrudan da belə gizli anbarlar yarada biləcəyini istisna etmir. Münaqişə yenidən başlanacağı halda bu silahlardan partizan müharibəsində istifadə etmək olardı. Ancaq Dövlət Təhlükəsizlik Xidməti və DİN-in daha öncə bundan xəbərsiz olmasının səbəbi bilinmir.

Buna da bax:​ Saakashvili: «Hakimiyyət məndən qorxur»

SİYASİ FON

Gürcüstan Strateji Araşdırmalar İnstitutunun vitse-prezidenti Irakli Porchkhidze aşkarlanmış silah anbarları ilə qarşıdakı parlament seçkiləri arasında birbaşa əlaqənin olduğunu deyir:

«Buna bənzər şeylər çox tapıla bilər, müvafiq bəyanatlar verilə bilər, ancaq heç bir araşdırma olmayacaq. Təəssüf ki, bizdə bu, çox tez-tez olur: nə motivlər, nə bunun arxasında dayananların adları açıqlanmır. Ancaq, müəyyən zaman kəsiyində belə məlumatlar öz işini görə bilər. ... Seçkiqabağı dövrdə maraqlı tərəflərin birinə üstünlük qazandıracaq siyasi fon yarada bilər».

Gürcüstanda parlament seçkilərinə bir həftədən bir qədər çox qalıb. Əsas siyasi rəqiblər hakim "Gürcü Arzusu" və müxalif "Milli hərəkatdır". Onlar bir-birini təxribatlarda və ölkədə sabitliyi pozmaq cəhdlərində ittiham edirlər. Müşahidəçilər deyirlər ki, bu gərginlik fonunda qəfil tapılmış silah anbarları barədə məlumatdan hakimiyyət mübarizəsində yararlana bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG