Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Azərbaycan xaricdəki azərbaycanlı iş adamlarının ölkəyə yatırım qoymasını istəyir.Bu məsələ Dünya Azərbaycanlı İş Adamlarının oktyabrın 28-də Bakıda keçiriləcək forumunda müzakirə ediləcək.Bu haqda Diasporla İş üzrə Dövlət Komitəsi xəbər verir.

Əvvəla, istisnaları çıxsaq, xaricdə azərbaycanlı iş adamları varmı yoxsa elə bu da əslində həmin azərbaycanlı məmurların xaricə çıxartdığı pullardır və onları idarə edənlərdir?

Ən əsası, xaricdə pulu olan gətirib Azərbaycana qoyarmı? Niyə qoymalıdır? Azərbaycanda invesitisya şəraiti xaricdən yaxşıdırmı ki, pulu gətirib Azərbaycan qoysunlar?

“QANUN VAR, AMMA..."

İqtisaçı ekspert Qalib Toğrul deyir ki, Azərbaycana investisiya gəlməsi üçün əvvəlcə investisiya mühitini yaxşılaşdırmaq lazımdır:

“Xaricdəki iş adamlarının əksəriyyəti təbii ki, Azərbaycandakı oliqarxların pulu hesabına iş quranlardır. Amma təbii ki, onların içərisində öz hesabına iş quranlar da var. Hazırki vəziyyətdə heç bir ağıllı iş adamı Azərbaycana investisiya qoymaz. Ona görə ki, Azərbaycanda investisiya mühiti əlverişli deyil.

Əlverişli olmayan vəziyyəti mən belə xarakterizə edərdim ki, Azərbaycanda ümumiyyətlə xarici investisiyalarla bağlı qanunvericilik təminatı çox aşağı səviyyədədir. Azərbaycanda xarici investisiyanın qorunması ilə bağlı Azərbaycan Respublikasının qanunu var. Amma əslində o qanun çox yarımçıq bir qanundur. Azərbaycanda xarici investorların investisiya qoyması üçün ilk növbədə Azərbaycandakı sahibkarlıq mühiti yaxşılaşdırılmalıdır...”(Ətraflı audioda...)

“15 İL RUSİYADA YAŞAMIŞAM"

Fikrət Yusifov

Fikrət Yusifov

Keçmiş maliyyə naziri Fikrət Yusifov isə deyir ki, ölkədə son bir ildə görülən işlər nəinki xaricdəki iş adamları tərəfindən hətta beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir:

“Mən 15 ilə yaxın Rusiyada yaşamışam. Onlarla iş adamını yaxından tanıyıram. Rusiyanın özündə özünü reklam etdirən iş adamlarından qat-qat geniş imkanları olan azərbaycanlı iş adamları var. Azərbaycanda da kimlərləsə heç bir əlaqəsi yoxdur. Bunu qəti şəkildə deyirəm.

Bizim insanlar çox bacarıqlı, çox qabiliyyətli, çox işgüzar, iş qurub iş yaratmaq sahəsində əslində bəlkə də tayı-bərabəri olmayan insanlardır. Bunu mən gözlərimlə görmüşəm və bunun canlı şahidiyəm.

Bu Rusiyada, Ukraynada, tək MDB məkanında, dünyanın bir çox ölkələrində qurub yaratmaq və öz biznslərini formalaşdırmaq iqtidarında olan adamlardırlar. Ona görə də dünyanın bir çox ölkəsində fəaliyyət göstərən iş adamlarını Azərbaycanda hansısa oliqarxlarla əlaqələndirmək düzgün deyil.

Azərbaycanda son bir il ərzində keçən ilin oktyabr ayından başlayaraq azad sahibkarlığın, biznesin qarşısındakı maneələrin aradan qaldırılması yönündə ölkə başçısının atdığı addımlar, qəbul etdiyi qətiyyətli qərarlar , gömrükdə şəffaflığın artırılması, vergi sadələşdirmələrinin həyata keçirilməsi, ümumiyyətlə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni bir fazaya daxil olması tək azərbaycanlı iş adamları tərəfindən deyil, eyni zamanda beynəlxalq reytinq agentlikləri, o cümlədən beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir...” (Ətraflı audioda...)

“2012-Cİ İLDƏN BİZNES MÜHİTİNİN DÖZÜMSÜZLÜYÜ PİK HƏDDƏ ÇATDI”

Nazim Bəydəmirli

Nazim Bəydəmirli

İqtisadçı ekspert Nazim Bəydəmirli isə hesab edir ki, indiki şəraitdə ölkəyə investisiya cəlb etmək mümkünsüzdür:

“Beynəlxalq kooperasiya baxımından ölkəyə investisiya cəlb olunması hər bir ölkənin marağındadır. Hətta pula ehtiyacı olmayan ölkələr belə xarici investisiyanın gəlməsində maraqlıdır. Xarici investisiya təkcə pul deyil, həm də texnologiyadır. Texnoloji sifarişdir, insan əlaqələrinin genişləndirilməsidir.

Azərbaycana gəldikdə isə 2012-ci ildən biznes mühitinin dözümsüzlüyü pik həddə çatdı. Qoçu dəstələrinin dırnaqarası fəaliyyəti nəticəsində ölkədən təkcə metal istehsalçıları yox, digərləri də öz vəsaitlərini xaricə daşımağa başladılar.

Diaspora komitəsi özünə yaxın bildiyi adamları dövlətin hesabına gətirib burda gəzdirmək və dövlət vəsaitini xərcləmək və büdcə vəsaitlərinin talan olunmasından başqa bir şey deyil. Bu kimi hallarla ölkəyə investisiya cəlb etmək mümkün deyil...”(Ətraflı audioda...)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG