Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:15

Vergilər Nazirliyi nümunəvi vergi ödəyicilərini axtarır


Arxiv foto
Arxiv foto

Biznes məsləhətçisi: “Şərtlər elə ağırdır ki, ona uyğun vergi ödəyicisi tapılacağı suallı qalır”

Vergilər Nazirliyi örnək vergi ödəyicisinin müəyyənləşdirilməsi və onlara imtiyazların verilməsi qaydalarını təsdiqləyib.

Seçib fərqləndirəcəklər

Nazirlik bildirir ki, məqsəd - vergi öhdəliklərini tam və vaxtında yerinə yetirən, vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyicilərini seçib fərqləndirmək və fəaliyyətlərini təşviq etməkdir.

Buna da bax: Vergi borcu nədən yaranır və niyə sürətlə artır?

Qaydalar tam gözlənilərsə, o zaman imtiyaz qazanacaq vergi ödəyicisi tapmaq elə də asan olmayacaq.
Nümunəvi vergi ödəyicisi statusu alan şəxs (və ya şirkət) bir neçə meyara uyğun gəlməlidir. Söhbət meyarların hamısına cavab verməkdən gedir. Əks halda, imtiyaz ünvanını tapmayacaq.

Örnək vergi ödəyicisinin meyarları

Özünü nümunəvi saysan da, 5 ildən az sahibkarlıqla məşğulsansa, bir az gözləməlisən. Maliyyə hesabatları mühasibat uçotunun beynəlxalq və ya milli standartlarına uyğun aparılmalıdır. Şirkət daxili audit və risklərin idarə edilməsi sistemlərinə malik olmalı, ya da müstəqil auditor və məsləhətçilərin xidmətlərindən yararlanmalıdır.

Saxta sənəd qəbul edənlərə qırmızı işıq

Nümunəvi vergi ödəyicisi adını almağın meyarları bununla bitmir. Saxta sənədləri qəbul və təqdim etməyən, iqtisadi fəaliyyət sahəsində cinayətə yol verməyib, buna görə izlənməyən biznesmen olmalısan. Adın əmtəəsiz əməliyyatlar aparan şirkətlərin arasına düşübsə, o zaman nümunəvi sayılmayacaqsan.

Buna da bax: Dövlət büdcəsi kiçilir: Azərbaycan 2008-ci ilə qayıdır

Bəzi şirkətlər bir yox, bir neçə fəaliyyət növü ilə məşğuldur. Əsas fəaliyyətindən fərqli və ya riskli əməliyyatlar apararkən, hesablana biləcək vergilər barədə vergi orqanının rəyin almısansa və «Vergi Partnyorluğu Sazişi» imzalamısansa, şansların arta bilər.

«Belə şirkət qalıbmı?»

Sərt meyarların müəyyənləşdirildiyini düşünən biznes məsləhətçisi Xəyal Məmmədxanlı AzadlıqRadiosuna «bəyəm bu meyarlara uyğun gələn şirkət qalıb?» - deyə ritorik sual yönəldir.

Son 3 ildə aydan arı olmalıydın

Amma bu da son deyil. Vergi ödəyicisi son 3 il boyunca vergi ödəməyi yubatmamalı, vergi hesabatını vaxtında təqdim etməli,mənfəətlə çalışmalıdır. Mənfəətlə bağlı bir tələb də var: Fəaliyyət göstərilən sahibkarlıq sahəsində müşahidə olunan orta göstəricidən aşağı düşməməlisən. Şirkət işçilərinin orta aylıq əməkhaqqı məbləği və işçi sayı da fəaliyyət göstərdiyin sahədəki orta göstəricidən aşağı olmamalıdır.

Şirkətə dair son 3 ildə operativ nəzarət tədbirləri nəticəsində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilməməlidir. Səyyar və ya kameral vergi yoxlamaları şirkətə hesablanmış vergi məbləğinin vergi hesabatlarında bəyan edilənin 2 faizindən çox olduğunu üzə çıxarıbsa, demək, nümunəvi vergi ödəyicisi «labirintindən» çıxmaq imkanları yüksəkdir.

Güzəştlər nədir?

Bəs bu qədər şərtlərə uyğun gələn vergi ödəyicisini nə gözləyir? Maddi olaraq heç nə... Amma bütün hallarda bəzi güzəştlər var.
Vergi Məcəlləsinə görə, növbəti səyyar vergi yoxlaması ildə, ən çoxu, bir dəfə keçirilir. Nümunəvi vergi ödəyicilərinin uduşu o olacaq ki, onlar belə yoxlamadan keçməyəcəklər.

Başqa güzəştlərə gəlincə, nümunəvi vergi ödəyicisi sertifikatı olan şirkətin yazılı müraciəti 5 gün içində cavablandırılacaq. Vergi ödəyicilərinə xidmət mərkəzlərində yalnız ona nəzərdə tutulan ayrıca pəncərədən istifadə imkanı yaradılacaq. Vergi əməkdaşları ona növbəsiz xidmət göstərəcək.
Vergilər Nazirliyinin «Çağrı mərkəzi»ndə yalnız örnək vergi ödəyicilərinə xüsusi xətt ayrılacaq.

Vergi ödəyicisinin nümunəvi vergi ödəyiciləri siyahısında olması haqqında məlumat vergi orqanının kütləvi informasiya vasitələrində, o cümlədən rəsmi elektron səhifələrində yerləşdiriləcək.
Nazirlik vergi qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərini də onların iştirakı ilə müzakirə edəcək.

«Vergi yükünü azaltsaydılar, yaxşı olardı»

Xəyal Məmmədxanlı bu güzəştləri yetərli saymır:

«Yaxşı olardı ki, imtiyazların içərisində maddi imtiyazlar da olardı. Məsələn, vergi yükünün azaldılması, müəyyən vergilərdə güzəştlər və s.».

Bu ilin avqustunda prezident İlham Əliyev «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncam imzalayıb. Həmin sənəddə Vergilər Nazirliyinə nümunəvi vergi ödəyicilərinə imtiyazlar vermək tapşırılmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG