Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

'Mavi gözlü qız': Almaniyadan azərbaycanlı yazarın hekayəsi


Belaruslu qız.
Belaruslu qız.

-

"Alina… Axı mən Alinaya necə deyim ki, başqasını sevirəm, başqasından ötrü dəli-divanəyəm. Amma bu qızın ürəyini sındırmaq istəmirəm. Alina inanır ki, mənim məhz ondan xoşum gəlir"

Vüqar Dəmirbəyli

MAVİ GÖZLÜ QIZ

Hekayə

Zamir indi hər səhər universitetə tələsirdi. Ona universitetdə oxumaq heç vaxt indiki kimi maraqlı görünməmiş, zövq verməmişdi. Bunun da səbəbi əslində başqa idi: mavi gözlü qız.

Zamir bu mavi gözlü qızın adını bilmirdi. Bu qız çox vaxt həm də mavi rəngli paltar geyinərdi və paltarı ilə gözləri bir həmahənglik təşkil edər, bu da onun gözəlliyini daha da artırardı. Hər ikisi eyni fakültədə, eyni kursda oxuyurdular, amma Zamir Azərbaycan bölməsində idi, həmin qız isə rus bölməsində. Çox vaxt onların mühazirələri yanaşı auditoriyalarda keçərdi və içəri girib-çıxanda, dəhlizlə gedəndə Zamir demək olar ki, hər dəfə rəfiqələrinin yanında dayanıb onu süzən, hər dəfə də onlarla nəsə pıçıldaşıb bərkdən gülən bu sarışın qızla rastlaşırdı.

Zamir gündəlik yazanda da indi ən çox bu qızı xatırlayar, onu harada gördüyü haqda qeydlər edərdi.

08. 10. 1987. “Bu gün mavigözlü qızla yenə dəhlizdə qarşılaşdım: əynində yenə də mavi rəngli don vardı, boynunda isə mavi rəngli muncuqlar düzülmüş boyunbağı. Sarışın, azacıq qıvrım olan saçlarını yenə də arxaya yığıb bağlamış, göz qapaqlarına isə yüngülcə mavi rəng çəkmişdi. Bu gözəlliyin qarşısında dayanmaq mümkün deyil! Bu qız məni özünə heyran edir”.

14. 10. 1987. “Mavigözlü qızı bu gün də gördüm. Onun gözləri mənə göy ləpəli dənizi xatırladır. Onunla bu gün üç dəfə qarşılaşdım. Onlar hələ auditoriyadan çıxmağa tam macal tapmamış biz içəri girəndə onu gördüm, sonra bufetin qapısında üz-üzə gəldik, sonra da dəhlizdə qarşılaşdıq. Hər dəfə də mən tərəfə baxıb gülümsəyirdi, aradabir isə yenə də yanındakı qızlarla nə barədəsə xısınlaşıb gülürdü”.

25. 10. 1987. “Yox, belə olmaz! İstəyirəm ürəyimi ona açam. Heç indiyə kimi adını da öyrənməmişəm. Görəsən adı nədir onun? Gərək imkan tapıb yaxınlaşam ona. Daha belə davam edə bilməz”.

Üç gündən sonra dərslər yenicə bitmişdi ki, Zamir mavigözlü qızı kiçik auditoriyalardan birində gördü. Özü də yanında cəmisi bircə nəfər tələbə qız var idi. “Yox, nə olur, olsun, bu dəfə hökmən yaxınlaşacam ona. Daha dözə bilmirəm, ürəyim partlayır”.

Buna da bax: Doktor Hüseynovun qrup terapiyasında yaşananlar

Zamir bütün cürətini toplayıb içəriyə girmək istəyirdi ki, birdən mavigözlü qız sürətlə otaqdan çıxdı və özü də bu dəfə Zamirə tərəf heç baxmadı da. Zamir həm pərt olmuş, həm də çaşıb qalmışdı. Bunu qətiyyən gözləmirdi və elə dönüb getmək istəyirdi ki, birdən o biri qız qapıya yaxınlaşıb ondan soruşdu:

- Вы хотели что-то спросить?

- Я …. Нет, так да….

Qız bir az da yaxın gəldi və dedi ki, o əvvəllər Zamiri görüb, onların fakültəsində oxuduğunu bilir. Buna görə də nə lazımdırsa soruşa bilər. Zamir istədi ondan həmin mavigözlünü soruşsun, heç olmasa adını öyrənsin. Amma bunun yerinə tamam başqa şey soruşdu:

- У Вас занятия тоже закончились или есть что-то еще?

- Нет, на сегодня все, - qız mehribanlıqla dedi. – А Вам в какую сторону?

Zamir metroya gedəcəkdi və elə belə də dedi, sonra məlum oldu ki, qız da metroya getməlidir. Sanki hər şey öz-özünə alındı: bir yerdə universitetin foyesinə düşüb bayıra çıxdılar və metroya üz tutdular. Zamir bir yandan bu qızla yaranan tanışlığa və onun bu cür asan alınmasına sevinirdisə də, o biri yandan fikir edirdi: birdən mavi gözlü qız onları bir yerdə görsə nə fikirləşər?

Elə metroya girmişdilər ki, bu qızla istiqamətləri də, çıxacaqları stansiya da üst-üstə düşdü: Zamirgilin ailəsi birinci mikrorayonda yaşayırdı. Buna görə də o “XI Qızıl Ordu” stansiyasına qədər gedərdi. Qız isə ona Sumqayıtda yaşadığını dedi; o da buna görə həmin stansiyada düşməli və avtobusla yoluna davam etməli idi. Yolda xeyli söhbət etdilər, ən çox yenə də universitetdən, müəllimlərin amansızlığından, qış sessiyasının imtahanların çətinliyindən. Qız özünü Zamirə belə təqdim etdi:

- Меня зовут Алина Максудовна Мамедова: у меня, как видно по имени, фамилии и отчеству, отец – азербайджанец, а мать – русская.

Zamir isə qıza təkcə adını dedi. Alina ona özündən başqa rəfiqələrindən də danışdı, əsasən də iki qızdan — ən yaxın rəfiqələrindən.

- А эта девушка, которая только что была вместе с Вами в аудитории, тоже ваша подруга? — Zamir soruşdu.

- Амина? Нет, она не моя подруга.

Axır ki, adını öyrəndi: deməli, həmin qızın adı Əminə idi. Adı özünə necə də yaraşırdı!

Qız dedi ki, həmin otaqda onlar fəlsəfədən seminar keçirlər, bu gün isə Əminə ilə ikisi sadəcə axıra qalmışdılar. Sonra da dedi ki, onların qrupunda seminarı mühazirə keçən müəllimin özü aparır. Bu müəllimin necə pis xasiyyəti olduğundan, hər dəfə onları imtahanla hədələyib qorxutmasından da danışdı. Elə Əminə bu günkü mövzunu danışanda da professor onu da, yerdə qalan tələbələri də guya yaxşı hazırlaşmadıqlarına görə yenə pisləyib, hədə-qorxu gəlib; guya belə getsə, heç biri imtahandan qiymət ala bilməyəcək. Amma boş söhbətdir; kimi tapşırsalar, bu da onlara yaxşı qiymət yazacaq, vay tapşırılmayanların halına!

- Амина тоже из смешанной семьи, не так ли? Раз она такая светлая и голубоглазая, — Zamir qızın imtahan qayğılarını bu dəfə bölüşməyib soruşdu.

- Нет, у Амины и мать, и отец азербайджанцы, — dedi Alina.

Metrodan çıxandan sonra Zamir dayanacaqda Alina ilə bərabər onun avtobusunu gözlədi. Qız

yenə də ona rəfiqələrindən, dərslərdən, qış sessiyasındakı imtahanlardan danışdı. Avtobusa minməmişdən qabaq isə sabah saat neçədə dərslərinin bitəcəyini və sonuncu dərsin hansı otaqda olacağını Zamirə bildirdi.

Zamir qızı yola salandan sonra yüksək əhval-ruhiyyədə evə üz tutdu. Mavi gölü qızın adının Əminə olduğunu indi bilirdi, sonra da Alina ilə tanış olması, onunla etdiyi söhbətlər də gəncə yaxşı təsir göstərmişdı. Düşünürdü ki, sabah Alinaya Əminəni sevdiyini desin və onunla yaxınlaşmağa kömək etməsini qızdan xahiş etsin. Yəqin ki, kömək eləyər, Alina xeyirxah qıza oxşayır axı. Yol gedə-gedə həm də bu gün baş verənləri gündəlikdə necə qeyd edəcəyi haqqında fikirləşdi.

Valideynləri işdən axşamüstü qayıdırdılar, yenə də evdə tək bacısı Ləman idi. İçəri girən kimi Ləman atılıb Zamirin boynunu qucaqladı və üzündən öpdü.

- Qaqaş, sənnən bu gün ciddi söhbətim var, ha, — dedi sonra da.

Zamir bilirdi ki, Ləman yenə də qonşu qız Fəridədən söhbət salacaq, onun Zamiri sevdiyini deyəcək. Fəridəgil onların binasına üç il bundan qabaq köçmüşdülər, bura gələndən sonra da o qız Ləmanla bir sinfə düşmüşdü. Beləcə olmuşdular cici-bacı. Bir üç ay bundan qabaq da Ləman ona dedi ki, bəs Fəridə Zamirdən ötrü dəli-divanədir. Lap nağıllardakı kimi qız az qala yemək-içməyi, yatmağı unudub elə gecə-gündüz onun fikrini eləyir. Zamir bilmədi əvvəlcə neynəsin; bu əlbəttə bir yandan onun heysiyyətini oxşayırdı, özü də çox. O biri yandan da oğlan fikir eləyirdi; axı qonşuyuq, yaxşı döyül, ata-anasını tanıyıram, qardaşınnan salam-kalamımız var. Adama nə deyərlər? Bir də o bacısına olduğu tək Fəridəyə də da uşaq kimi baxırdı.

- Sən dədənin canı, əl çəkin yaxamdan, — deyə bildi bircə onda bacısına.

Ataları Gəncəbasardan idi, özünü həmişə ağayana, ailənin başçısı, ağsaqqal kimi aparar, analarına “ay qız”, uşaqlara isə “a bala” deyərdi. Başqa vaxtı da arvadına ən çox dediyi söz bu idi:

- Sən dədənin canı, al çək məndən.

Uşaqların babası rəhmətə gedənsən sonra isə kişi bu ifadəni bir azca dəyişdi:

- Sən dədənin goru, əl çək məndən.

Zamir də özünü ailədə atası kimi aparmaq istəyir, tez-tez onun dilinə gətirdiyi ifadələri işlədirdi, xüsusilə də bacısı ilə danışanda.

İndi yeməyini yeyib bir stəkan çay içmişdi ki, Ləman yenə soruşdu:

- Qaqaş, sən Fəridəyə bir cavab vermək istəmirsən? Qız gözləyir axı….

- A bala, bəsdi zarafat elədiniz, daha qurtarın bu söhbəti….

- Qaqaş canı, zarafat eləmirəm, olanı deyirəm, — Ləman ağlamsındı.

- Sənə nə olub, sən niyə ağlıyırsan? – Zamir bacısından soruşdu.

- Neyniyim da, qıza yazığım gəlir…

- Mən indi neynəməliyəm, yaxşı, mənlik nə var burda?

- Fəridə sənə çoxdan bir məktub yazıb, amma verməyə qorxur. Deyir birdən ona cavab verməzsən, ya rədd cavabı verərsən.

- Ay qız, a bala, uşaqsınız, oturun yerinizdə də.

- Uşaq niyə oluruq, səndən cəmi üç yaş balacayıq da biz…

- Üç yaş azdı? Get, get işnən-gücnən məşğul ol, mamam gəlib səni genə danlayacaq.

Demək olar üç ayıydı ki, hər gün Ləman Zamirə Fəridənin məhəbbətindən danışıb, qızın ondan bir cavab gözlədiyini deyir, Zamir də hər dəfə onu bir bəhanə ilə başından eləyirdi.

- Nə olsun, bir az yaraşıqlı oğlansan, ucaboysan deyə çox qızın səndən xoşu gəlir. Amma ürəyin daş kimidir… — Ləman bu dəfə dözməyib dedi.

Zamir başını yellədi:

- Mənim ürəyim daş-zad deyil… Amma belə söhbətlərə vaxtım yoxdur. Universitetdə oxumaq sənə halva gəlir? Sabah fəlsəfədən seminara hazırlaşmalıyam. Müəllim boğazımızı üzür, deyir heç birinizə qiymət yazmayacam. Qış sessiyasına da bir şey qalmayıb.

Özü bayaq Alinanın dediklərini təkrar eləyirdi, əslində onların fəlsəfə müəllimi o qədər də əzazil deyildi. Düzdü qəribə adam idi, onun da tələbələrin canına qorxu salması var idi, amma yenə də ona əzazil demək olmazdı.

Ləman da, Fəridə də məktəbdə yaxşı oxuyur, Tibb institutuna qəbul olmaq istəyirdilər. Zamir elə bunu da tez bacısının yadına saldı:

- Burda belə uşaq bağçası açınca gedin dərsinizi oxuyun də. Elə bilirsən Tibb institutuna girmək asandı? Orda oxumaq da onu kimi. Latın dilində sümük adı əzbərləməkdən diliniz qabar bağlayacaq.

Ləman daha bir söz deməyib qardaşından incidiyini nümayiş etdirərək mənzili tərk etdi; yəqin yenə rəfiqəsi ilə dərdləşməyə gedirdi. Ramin də o gedən kimi dərs nədi, fəlsəfə nədi, yenə gündəlik yazmağa girişdi.

28. 10. 1987

“Bu gün axır ki, mavi gözlü qızın adını öyrəndim: Əminə! Bu gün onun özünü də gördüm, amma fəlsəfə müəllimi ilə sözü düz gəlməmişdi deyə yanımdan hirslə keçdi. Əminə! Necə də gözəl addır, necə də yaraşır ona bu ad! Ax, Əminə, Əminə! Onun gözlərini görəndə, gülüşünü eşidəndə hər şey yadımdan çıxır. Onun adını bu gün mənə Əminə ilə oxuyan bir qız dedi, Alina adında. Sabah yenə də onlara tərəf gedəcəm. Alinadan xahiş edəcəm ki, məni Əminə ilə tanış eləsin. Yoxsa bu daha nə qədər olar axı?”

Sabahısı gün Zamirin fəlsəfədən seminarı yox, mühazirəsi var idi. Professor ən çox Sokratdan danışmağı sevər, Sokratın ifadələri ilə hər şeyi şübhə altına qoymağa çalışardı.

- Bura bax, — deyə o mühazirə zamanı birdən Zamiri qaldırdı. – de görüm, sən göründüyün kimi olmaq istəyirsən, yoxsa olduğun kimi görünmək?

Zamir biz az duruxandan sonra:

- Göründüyüm kimi olmaq istəyirəm, — deyə cavab verdi.

- Görürsənmi sən doğrucul adam deyilsən, — dedi professor. – Doğrucul adam odur ki, göründüyü kimi olmaq yox – bu əslində başqalarını aldatmaq deməkdir – olduğu kimi görünmək istəsin. Bunu Sokrat belə deyirdi.

Alina ilə şərtləşdikləri vaxtda Zamir onların auditoriyasına tərəf gəldi. Bir azdan hamısı çıxdılar, Əminə də yenə bir neçə qızla bərabər Zamirin yanından keçdi və yenə də onu görəndə mavi gözlərində elə bil bir sevinc qığılcımı parladı; qız gülümsədi və sonra da yanındakı qızlara nə isə dedi və yenə də hamısı bərkdən güldülər. Zamir isə dayanıb Alinanın çıxmasını gözlədi. Alina çıxanda Zamiri görüb sevindi və onunla çoxdanın tanışı kimi danışmağa başladı:

- А, пришел, уже? Сейчас, минуточку жди, пожалуйста, мне сумочку надо разобрать.

Alina bunu həm də elə ucadan, elə nümayişkaranə dedi ki, hələ pilləkənləri enməmiş qızların hamısı (yaxşı ki, Əminə artıq gözdən itmişdi) dönüb arxaya baxdılar və təəccüb, həsəd qarışıq baxışlarla Zamiri süzdülər. Zamirin qrupunda olduğu kimi burada da oxuyanlar əsasən qızlar idi. Oğlanlardan bir-ikisi də hələ burada idi və onlar da dönüb bu yad oğlana nəzər yetirdilər: yəni, sən burda nə axtarırsan? Zamir özünü itirən kimi oldu, amma yenə də elə davranmağa çalışdı ki, guya başqalarının fikri onun üçün əhəmiyyətli deyil. Alina isə pəncərənin qabağında çantasını bir az qurdalayandan sonra ərklə Zamirə dedi:

- Пойдем.

Qızlardan, oğlanlardan arxada qalanları, yenə də dönüb aradabir təəccüblə onlara baxır, amma yenə də heç nə deməyib yollarına davam edirdilər. Yenə də Alina ilə bərabər metroya getdilər, yenə də Zamir onu avtobus dayanacağından Sumqayıta yola saldı. Amma bu dəfə evə qayıdanda Zamir qayğılı görünürdü.

- Qaqaş, sənə nəsə olub yoxsa? Qurban olum, gizlətmə, de, — Ləman içəri girən kimi yenə Zamirin üstünə düşdü.

- Bala, di əl çəkin də. Sən dədənin canı, əl çək məndən, — Zamir az qala hirsini bacısının üstünə tökəcəkdi.

- Neyniyirəm axı mən sənə? Rəngin ağappaq ağarıb, ona görə soruşuram ki, sənə nə olub. Dünən az qala göynən uçurdun, bu gün elə bil dəryada gəmin batıb.

- Ay qız, sənə demədim ki, iki aydan sonra mənim imtahanlarım başlayır?

- Yox, qaqaş, yox, sənin dərdin heç imtahan dərdinə oxşamır. De, bacı canı, imtahana görə belə eləyirəm….

- A bala, demədim, gedin işiniznən məşğul olun?

- Qaqaş, bəlkə sən başqa qızı sevirsən, hə? Əgər belədisə, de, gizlətmə, biz də işimizi bilək. Ürəyə zor eləmək olmur onsuz da, o kimi sevdi, sevdi…

- Ay qız, yığışdır sənə dedim, bu uşaq bağçasını!..

- Qaqaş, gizlətmə, düzünü de, kimi sevirsən…

- Sən dədənin canı, əl çək məndən, dedim sənə…

Axır ki, Ləman qardaşının yaxasını buraxıb öz otağına getdi.

Buna da bax: Azərbaycanda pambıq yığımı müsibəti (hekayəni OXU)

Zamir özünə yer tapa bilmirdi: Əminə, Əminə… Bu nə demək idi axı? Yoxsa hamı fikirləşdi ki, Zamir Alinanın dalınca oraya gəlir. Nə qədər elədisə də sonra Alinanın özünə də bunu deyə bilmədi. Qız bu gün coşmuşdu, çox şən idi, ona cürbəcür maraqlı şeylər danışır, oğlanı ağzını açmağa belə qoymurdu. Gündəliyi açsa da, heç nə yaza bilmədi. Yox, gərək sabah Alina ilə ciddi danışsın. Birdən o da inanar ki, Zamir onun dalınca gəlir.

Artıq Zamir Əminə ilə Alinanın qrupunun bütün dərs cədvəlini bilirdi. Yenə sonuncu dərs qurtarana yaxın gedib onların auditoriyasının qabağını kəsdirdi. Bu dəfə Alina hamıdan qabaq çıxdı və Zamirin üstünə atıldı:

- Замирчик, ты уже здесь? Как хорошо, пойдем скорее, у меня есть что показать тебе.

Alinanın arxasınca çıxan oğlanlardan biri Zamirə yaxın gəlib əda ilə soruşdu:

- Qaqaş, xeyir ola, kimi axtarusan burda? Nəyə gəlmisən?

- Пришел, пришел да, тебе что? – yanındakı oğlan onu sakitləşdirib özü ilə aparmağa çalışdı. — Он тоже у нас учится, в азсекторе. Не видишь, такой же городской парень…

- Он мой знакомый, за мной приходит сюда, — Alina iftixarla bildirdi.

Elə bu an Əminə rəfiqələri ilə yenicə qapıdan çıxmışdı və Alina bəlkə də onlara eşitdirmək üçün bunu belə ucadan dedi.

Əminə bunu eşidəndə elə qapının qarşısındaca donub qaldı və diqqətlə Zamirə baxdı: onun gözəl mavi gözləri həm təəccüb, həm təəssüf, həm də qəzəb və istehza əks etdirirdi. Sanki neçə aylardan bəri Zamirlə aralarında yaranmış lal məhəbbət münasibətləri şüşə kimi çilik-çilik olub ayaqlar altına səpələndi. Bundan sonra qız ikrahla üzünü döndərib tez oradan uzaqlaşdı.

Zamir heç özündə deyildi: belə çıxırdı ki, Alina doğrudan da onu öz “oğlanı” hesab edirdi və bunu artıq bütün qrup qarşısında elan etmişdi. Gərək elə birinci gün hər şey necə var idi açıb qıza elə də deyəydi. Gör indi özünü necə işə saldı, necə hər şeyi alt-üst etdi. Eh Əminə, Əminə!.. Zamir onun qəlbini necə də sındırdı. İndi daha qızı heç nəyə inandırmaq mümkün olmayacaq. Alinadan onların arasında vasitəçilik etməyi tələb etmək isə bundan sonra gülünc olardı. Yaxşı, indi o nə etsin, bu vəziyyətdən necə çıxsın? Alina inanır ki, Zamirin məhz ondan xoşu gəlir. Əslində o özü də yaraşıqlı qızdır, amma…

- Замир, ты какой-то задумчивый сегодня. Что-что случилось, может быть? – metroya yeni girmişdilər ki, Alina ondan soruşdu.

- Нет, ничего особенного… Из-за экзаменов переживаю, особенно из-за философии. Профессор пристал ко мне, каждый раз спрашивает меня о каком-то изречении Сократа, — bacısı üçün tez-tez gətirdiyi bəhanə indi də Zamirinişinə yaradı.

Alina da imtahanlardan danışdı, fəlsəfə ilə bağlı özünün də problemləri olduğunu, bunun qış sessiyasında ən çətin imtahan olduğunu dedi. Sonra da Alina ona rəfiqələrindən bəzi gülməli şeylər danışdı, sabah onu dərslərdən sonra yenə gözləyəcəyini deyib avtobusla Sumqayıta yola düşdü.

Zamir həmin axşam gündəliyində yazdı:

01. 11. 1987

“Bəlkə də artıq hər şey məhv olub. Mənimlə Əminənin arasında indi bir uçurum yaranıb. Alina… Axı mən Alinaya necə deyim ki, başqasını sevirəm, başqasından ötrü dəli-divanəyəm. Amma bu qızın ürəyini sındırmaq istəmirəm. Alina inanır ki, mənim məhz ondan xoşum gəlir. Məhz onun tanışı olduğumu qrup yoldaşları qarşısında necə də fəxrlə dedi. İndi mən necə edim?”

İndi Zamir hər gün Alina ilə universitetdə görüşür, sonra da onunla bir yerdə metro ilə Sumqayıt avtobuslarının dayanacağına gəlir, qızı yola salıb evə gedirdi. Bacısı daha onunla Fəridə haqqında söhbət eləmir, eləcə hər dəfə imtahanlara hazırlığın necə getdiyini soruşurdu. O biri yandan isə Zamirin populyarlığı fakültənin rus bölməsində getdikcə artırdı, xüsusən də qızların yanında.

- Тебя уже все наши девочки знают , — bir dəfə Alina gülə-gülə Zamirə dedi. – Тот в кепке, говорят все, который за тобой приходит.

Zamir özünə təzə, dəbdə olan uzun qara plaş və təzə xarici kepka almışdı. Bu görkəmdə universitetdə peyda olanda qızların ona baxıb köks ötürdüyünü daha tez-tez hiss edər, amma özünü elə aparardı ki, guya heç nə görüb eşitmir. Bir çox tələbələr isə onun gənc universitet müəllimi, ya da heç olmasa aspirant olduğunu zənn edər, ona çəkilib yol verərdilər. Alina ilə oxuyan qızların isə Zamirə rəğbəti, Alinaya həsədi getdikcə güclənərdi. Tək Əminə hər dəfə Zamirlə qarşılaşanda üzünü yenə də ikrah edirmiş kimi yana çevirir, yanından tez və şəstlə keçirdi. Zamiri bu hər dəfə yaralayır, onun kefini pozur, onda bu oyunu qurtarıb Alinaya həqiqəti demək istəyi yaradırdı. Amma bir az keçmiş yenə də tərəddüd etməyə başlayırdı: Alina axı elə bilir ki, Zamir məhz onu sevir. Əgər o indi Alinadan imtina edib Əminəyə yaxınlaşsa bu hamıya qəribə gəlməyəcəkdimi? Deməyəcəklərmi ki, bu oğlan Don Juan imiş? Bunu o axı Alinaya, Əminəyə necə izah eləsin?

Alina ilə isə aralarında heç nə baş vermirdi; həmişə eyni marşrutla hərəkət edir, eyni məzmunlu söhbətlər edirdilər, sonra da qız avtobusa minib Sumqayıta gedirdi. Sabahısı gün isə yenə də hər şey yenidən təkrar olunurdu. Zamir Alina ilə ayrılandan sonra öz-özünə hirslənir, gələn dəfə hər şeyi ona açıb deməyi qət edirdi. Amma qızla görüşəndən, onun Zamirin qoluna girib rəfiqələri ilə nümayişkəranə bir tərzdə sağollaşaraq universitet binasını tərk etməsindən sonra elə bil ki, yenə də vəziyyətlə barışmaq istəyirdi.

İmtahanlara bir neçə həftə qalanda Zamir Alina ilə olan marşrutunu qismən dəyişməli oldu. İndi ancaq universitetdən çıxıb metroya kimi bərabər gedir, orada yolları ayrılırdı: Alina Sumqayıta, Zamir isə Axundov kitabxanasına gedirdi. Sessiya qabağı kitabxanada tələbələrin əlindən tərpənmək olmurdu. Fəlsəfədən bir çox əsərlərin özünü oxumaq lazım idi, buna görə də Alinadan başqa onunla oxuyan qızların demək olar ki, hamısı burdaydı, elə Zamirlə oxuyan qızların da. Zamir heç kimə qarışmır, çəkilib bir tərəfdə lazım olan, sifariş vermiş olduğu kitabları araşdırmaqla, konspektləşdirməklə məşğul olurdu. Alina ilə oxuyan qızlar onu görən kimi aralarında pıçı-pıçı salır, pıqqıldaşırdılar. Zamir kitabxanada axşam saat səkkizə, doqquza kimi oturur, günorta və axşam yeməyini çox vaxt kitabxananın bufetində yeyir, çayı da orada içirdi. Bufetdə də qızların əlindən tərpənmək mümkün deyildi. Onuna oxuyan qızlara qarşı Zamir laqeyd idi, arada məsafə saxlayar, onlara çox da yaxın getməzdi. Onu istər-istəməz Alina ilə oxuyan qızlara tərəf çəkərdi, onların da işində gözləri ilə həmişə Əminəni axtarardı. Zamir o mavi gözlərin həsrətini çəkməkdə davam edir, bəzən möcüzə baş. verəcəyinə, Alinanın özünün bir gün Zamirin onu yox, Əminəni sevdiyini başa düşəcəyinə ümid edərdi.

- Он опять здесь, — bufetdə Əminənin yanında oturan qızlardan biri yenə yaxınlıqdakı masanın arxasında çay içə-içə fikrə getmiş Zamirə işarə edib pıqqıldadı.

Qızların yenə dönüb hamısı ona baxdı, tək Əminədən başqa.

- Задумчив сегодня что-то, — başqa qız dedi. – Бедненький, страдает, видно.

- Грустит по своей любви, наверно. А чего он не берет ее с собой сюда?

- Это может их любовная тайна, кто знает?

- Алина готовится в сумгаитской библиотеке. Там тоже хорошая библиотека, — bunu da Alinanın rəfiqələrindən biri dedi.

Əminə durub bayıra çıxdı, qızlar isə Zamirin onlar tərəf baxdığını görüb mövzunu dəyişdilər və yenə imtahanlardan danışmağa başladılar. Zamir də çayını içib qalxdı və Əminənin arxasınca foyeyə çıxdı.

- Амина… — Zamir yavaşca arxadan qızı səslədi.

Yox, daha belə gedə bilməz, indi nə var, hamısını açıb ona deyəcək. Əminə ayaq saxlayıb Zamirin yaxınlaşmasını gözlədi və:

- Вы звали меня? – deyə çathaçatda gəncdən soruşdu.

Əminənin gözəl mavi gözlərində, yenə sevinc və məhəbbət qığılcımı parladı; Zamir sanki bu gözlərdə qızın onu bağışlamağa və qəbul etməyə hazır olduğunu gördü.

- Нет, а с чего Вы вязли?

Zamir qıza belə soyuq və rəddedici cavab verməsinə özü də çox təəccübləndi. Bu nədir, elə bil onu tilsimləyiblər. Bir cür fikirləşir, başqa cür hərəkət edir. Mavi gözlərdə bir ağrı əks olundu.

- Тогда извините, мне послышалось.

Əminə bunu deyib yenə də ondan kəskin şəkildə üz çevirib uzaqlaşdı.

14. 12. 87.

“Bu yəqin ki, mənim taleyimdir və burada daha nəyisə dəyişmək mümkün deyil. Hamı məni Alinanın sevgilisi sayır. Belə çıxır ki, qəlbimin dərinliyində mən də daha belə hesab edirəm. Yoxsa dünən Əminə ilə belə rəftar etməzdim”.

İmtahanları Zamir bu dəfə də uğurla verdi, hamıısndan, fəlsəfədən də “əla” aldı. Tətillər başlayanda Zamir hiss etdi ki, darıxır. O buna artıq bir növ öyrəşmişdi: hər gün Alinagilin qrupuna getmək, onunla birgə, hamının gözü qabağında eyni marşrutu keçmək. Zamirin özüylə oxuyan qızlar da bunu artıq bilirdilər. Bir-ikisi hətta onu eşitdirmişdi də:

- Buna bax, bizləri bəyənmir, rus qızını “bişirir..”

Amma Alina nədənsə “bişib” qurtarmaq bilmirdi, çox bərk idi. Zamirin təkidi ilə kinoya getməyi qərara almışdılar və qış tətilindən sonra nəhayət ki, bərabər yeni bir filmə baxmağa getdilər. Filmin gedişində Zamir qızın əlindən tutdu, sonra da onu öpmək istədi. Amma Alina buna imkan verməd:

- Нет, Замир, не надо, пожалуйста, не надо...

Zamir bu işə məəttəl qalmışdı; axı bu necə dostluqdur ki, qız heç onu öpməyə də imkan vermək istəmir?

Buna da bax: QAŞIQ OĞRUSU: Almaniyadan azərbaycanlı yazarın hekayəsi

Həmin gün kinodan çıxanda da Alina Zamirə birinci dəfə əmisindən danışdı və dedi ki, o hansı isə bir nazirlikdə işləyir. Sonrakı görüşlərində Alina əmisindən getdikcə daha çox danışmağa başladı. Zamir isə buna heç o qədər də fikir vermirdi: — əmisi nazirlikdə işləyir, çox yaxşı.

Görüşləri yenə də həmin qaydada davam edir, münasibətlərində isə heç nə dəyişmirdi. Amma bir dəfə Zamir hiss etdi ki, Alinanın rəfiqələrindən daha heç biri onunla gəzib dolanmır. Bayaqdan Zamiri heyranlıqla süzən, Alinaya həsəd aparan qızlar da indi onların yanından doda büzüb keçirdilər. Əminə isə… Əminə yenə də Zamir onların auditoriyası yaxınlığında peyda olanda şən-şən gülür və yanındakı qızlara nə isə deyirdi. Qızlar da gülür və çox vaxt da başlarını bulayırdılar. Zamir narahat olmağa başladı: bunlar axı niyə hamısı birdən-birə belə dəyişdi? Nə olub görəsən?

Növbəti dəfə dərsdən çıxandan sonra Zamir Alıinaya bildirdi ki, onunla bərabər düz evlərinə qədər gedəcək. Alina əvvəlcə nəm-nüm eləsə də sonradan razı oldu. Avtobusla birgə Sumqayıta gəldilər, oradan da başqa bir avtobusa mindilər və doqquzmərtəbəli binanın qarşısında düşdülər. Alina bir neçə dəfə liftin düyməsini basandan sonra təəssüflə dedi:

- Опять лифт не работает. Придется подняться пешком, на седьмой этаж.

Alinanın arxasınca sadə bir mənzilə girəndə Zamir qarşısında qoca və xəstə görkəmli bir rus qadını gördü.

- Не пугайся — он мой университетский товарищ, — Alina həmin qadına dedi, sonra da Zamiri içəriyə dəvət etdi. – Проходи, садись, не стесняйся. Она моя мать.

Həmin gün Alına özü və ailəsi haqqında Zamirə xeyli danışdı. Dedi ki, Sumqayıt yeni salınanda anası da Rusiyadan buraya işləməyə gəlib. Sonra onun atası ilə tanış olub və ona ərə gedib. Amma Alina doğulandan bir az sonra qohumları kişini onu boşamağa məcbur ediblər. Anası da geriyə gedə bilməyib, Sumqayıtda qalıb. Tək, savadsız qadın harada işləsin? Ömrü boyu cürbəcür yeməkxanalarda xadimə işləyib, indi də pensiyadadır. Amma anasının kiçik pensiyası ilə dolanmaqları mümkün deyil, buna görə də onlara həmin nazirlikdə işləyən əmisi kömək edir. Özü də arvad ağır xəstədi, çox yaşasa, bir il yaşayacaq. Həkimlər belə deyib.

Zamir həmin gün evə çox fikirli qayıtdı. Alinanın danışdıqları, həmin qoca rus qadının ürkək baxışları yadından çıxmırdı. Amma ürəyində bir şeyə sevinirdi: o Alina üçün seçim edəndə düz iş görmüşdü. Zamir bilirdi ki, Alina ilə oxuyan qızların əksəriyyəti imkanlı ailədəndirlər. Əgər o seçimini sonradan Əminənin xeyrinə etsəydi, bu Alina üçün daha bir zərbə olmazdımı?

Bu vaxt Ləman içəri girib yenə Zamirin üzündən öpdü.

- Qaqaş, biz Fəridə ilə səni indi başa düşürük. Sən başqasını sevirsən, buna görə də Fəridəyə qarşı laqeydsən…

- Ay qız, sən yenə başladın? Sən dədənin canı, əl çək məndən. Yenicə qulağım dincəlmişdi sənin söhbətlərindən…

- Yox, qaqaş canı, daha səni narahat eləyən döyülük. Başqasını sevirsən sev də. Ürəyə zor eləmək olmur axı. Fəridə də deyir ki, Zamir ömürlük mənim nakam məhəbbətim olaraq qalacaq…

- Ay bala, demədim mənim yanımda belə uşaq söhbətləri eləmə da…

- Uşaq söhbəti niyə olur? Biz görürük də sən nə çəkirsən. Bu ancaq sevənlərdə belə olur…

- Yaxşı deyiblər, bu qız-qadınlardan işindən heç şeytan da baş açmaz. Yaxşı, sən haradan bilirsən bunu?

- Qaqaş, bunu bilməyə nə var? Sevənlərin iztirabını adam görür də. Gündə bir bəhanə gətirməknən döyül ki: müəllim məni belə hədələdi, imtahanları bilmirəm necə verəcəm… İmtahanlardan “beş” alandan sonra da yenə üzün gülmədi. Bu ancaq sevənlərdə belə olur, qaqaş canı. Yazıq Fəridə nələr çəkir, təsəvvür də eləyə bilməzsən…

- A bala, demədim, gedin işiniznən — gücünüznən məşğul olun? Dərslərini hazırlayıbsan? Bu gün-sabah imtahanların başlayır. Bax imtahandan nə alsan o da gedəcək attestata.

- Gedirəm, qaqaş canı, gedirəm indi. Eləcə de görüm, o qızın adı nədi?

- Hansı qızın?

- Səni belə dərdə salan qızın?

- Ay qız… – Zamir istədi yenə hirslənsin bacısına, amma bacarmadı və istəməyə-istəməyə dilindən qopdu. – Alina…

- Alina? Nə gözəl addı, heç indiyə kimi belə ad eşitməmişəm. O da sənnən universitetdə oxuyur, elə?

- Hə, elədi…

- Şəkli var, göstər də mənə, nolar?

- Mən heç kimin şəklini özümnən gəzdirmirəm.

Lamiyə qardaşını bir də öpüb mənzildən güllə kimi çıxdı.

Zamir yenə də hər gün universitetdə Alina ilə oxuyan qızların istehza və gülüşləri ilə qarşılaşırdı. O birilərin ona gülməsinə yenə bir təhər dözürdü, amma Əminənin mavi gözlərində əks olunan şeytanvari sevinc, onun ucadan gülməsi Zamiri yaralayırdı. Eybi yox, gül, görək axırda kim güləcək… Özünə indi ancaq bununla təsəlli verirdi.

Ləmanı sağ olsun, bir azdan bütün məhəllədə bilirdilər ki, Zamir Alina adında qızı sevir. Valideynləri də ondan məsələnin nə yerdə olduğunu soruşdular, qızın haradan olduğu ilə, atan-anası ilə maraqlandılar. Zamir də hər şeyi olduğu kimi danışandan sonra böyüklər Zamiri bu sevdadan əl çəkməyə çağırdılar. Amma Zamir razı olmadı; ya bu yaxından nişan qoyacaqlar, ya da köçüb qızgilin evində Sumqayıtda yaşayacaq. Onsuz da anası xəstədi, bu gün-sabahlıqdı. Çox o yan bu yandan sonra valideynləri bu izdivaca razılıq verdilər; dedilər elə iki-üç aya nişan qoyaq, toylarını da universiteti bitirməklərinə bir az qalmış eləyərik.

Zamir çox sevinirdi, bu xəbərlə Alinanı xoşbəxt edəcəyini düşünürdü. Elə bunu fərəhlə Alinaya çatdırmaq istəyirdi, qız birdən Zamirə dedi ki, sabah onu ötürməyə gəlməsin, çünki işi var, başqa yerə getməlidir. Zamir də bu şad xəbəri saxladı sonraya.

Sabahısı gün Zamir dərsdən çıxan kimi təkcə metroya tərəf getməyə başladı. Birdən Alina sürətlə onun yanından ötüb keçdi və yan küçəyə doğru irəlilədi. Qız tələsir və Zamiri görmürdü. Alina həmin yan küçədə dayanmış dörd faralı “Jiquliyə” mindi, sükan arxasında oturmuş, otuz beş-qırx yaşlarında kişiyə gülə-gülə, şən tərzdə nəsə dedi, maşın da bundan sonra yerindən tərpəndi.

Zamir yerində donub qalmışdı, nə baş verdiyini heç cür başa düşə bilmirdi. Üzünü univer-sitetə tərəf çevirəndə az qala arxadan gələn Əminə və yanındakı qızlarla toqquşacaqdı. Onlar da çox güman ki, Alinanın maşına minib getdiyini görmüşdülər. Zamir nəyə görəsə dönüb qaçmaq istədi, amma istər-istəməz yenə də Əminənin gözlərinə baxdı. Əminə isə bu dəfə düz qulağının dibində elə bərkdən qəhqəhə çəkdi, elə şaqqanaq çəkib güldü ki, yan-yörədə olanların, yoldan keçənlərin hamısı dönüb onlara baxdı. Baxanlara əhəmiyyət verməyib bütün o biri qızlar da Əminəyə qoşuldular.

Zamir sabahısı gün yenə də Alinanı ötürəndə qız onun çox tutqun və fikirli olduğunu görüb nə baş verdiyini soruşdu.

- Алина, мне нужно поговорить с тобой… Это очень серьезно… – Zamir cavabında dedi.

- Маму положили в больницу, она, скорее всего, больше не вернется оттуда. Так что приходи в воскресенье к нам, поговорим у нас, - deyə Alina onu yenidən evə dəvət etdi.

Bazar günü onların mənzilində Zamir nə bilirdi, hamısını Alinaya danışdı. O maşınına mindiyi kişinin isə həmin “əmi” dediyi aşnası olduğundan şübhələndiyini bildirdi. Alina bu dəfə ondan heç nə gizlətmədi:

- Он действительно работает в министерстве. Но ты прав, Замир, он мне никакой не дядя. Он мой любовник, ты правильно догадался и он появился в моей жизни еще до тебя.

- Почему ты тогда скрывала это от меня, почему не говорила мне правду?

- Я не могла… Мне больно льстила, что ты такой молодой и красивый парень, из хорошей семьи ухаживал за мной. Знаешь, как другие девочки завидовали мне, прямо при мне говорили: смотри, какого парня она оторвала.

- А ты сама ко мне как относишься? У тебя есть хоть какие-то чувства ко мне, скажи?

- Нет, Замир! Извини, но никаких чувств у меня к тебе никогда не было и нет.

- Ты использовала меня, значит, за все это время?

- Может быть. Я хотела самоутвердиться за твой счет. Я сама поступила в университет и ожидала увидеть в нем совершенно другое. Но когда оказалась в среде девочек из обеспеченных семей, я стала очень дурно чувствовать себя среди них. У меня раньше даже сапожек не было: зимой и летом ходила в одних полуоткрытых туфлях.

Sonra da dedi ki, ancaq “əmi” ilə tanış olandan sonra bu problemləri yavaş-yavaş həll olunmağa başlayıb. Alinanın rəfiqələrindən biri hərdənbir onun arxasınca universitetə gələn “əminin” kim olduğunu əvvəldən bilirmiş, elə o da bir az qabaq bütün qrupdakı qızları bundan agah edib. Çox güman ki, paxıllığından.

Zamir bundan sonra istədi Alinaya əslində Əminəni sevdiyini, sadəcə işin niyə başqa cür alındığını demək istədi. Amma yenə başqa şey dedi: dedi ki, Alinanı qəbul etməyə hazırdır. “Əmidən” uzaqlaşsın, valideynləri yaxın vaxtda nişan qoyacaqlar, sonra da evlənəcəklər.

- Нет, я не достойна этого.

Alinanın cavabı, qısa və qəti idi. Amma Zamir ondan əl çəkmək istəmir, qızı dilə tutmaqda davam edirdi. Axırda Alinanın qarşısında diz çöküb onun təklifini qəbul etməsini xahiş etdi.

- Я ведь сказaла тебе, Замир: я не достойна этого… – Alina isə öz dediyində durdu.

Zamir Alinagilin mənzilindən çıxanda artıq qaş qaralırdı. Avtobusla Bakıya qayıdanda birdən fəlsəfə müəlliminin ona neçə ay qabaq dediyi yadına düşdü.

- Yox, professor, həyatda olduğun kimi görünmək mümkün deyil. Çünki istəsən də, istəməsən də bir gün hardasa bir oyuna çəkiləcəksən.

Zamir indi ona belə cavab verərdi… Birdən yenə Əminə gözləri qarşısında peyda oldu, yenə də onun qulaqbatırıcı şaqraq gülüşünü eşitdi. Amma Zamir bu dəfə cavabında özü də gülümsündü:

- Ax səni, şeytan!..

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG