Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

Məmməd İbrahim: 'O, generalın bacısı oğludur'


Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

«Mənim cinayətim prezident başda olmaqla, hakimiyyəti, onların siyasətini tənqid etməyimdir. Əgər bu, cinayət sayılırsa, bəli, mən bunu törətmişəm. Amma mənə verilən xuliqanlıq ittihamı tam əsassızdır. Mən heç bir günahım olmadan həbs olunmuşam».

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim sentyabrın 28-də Ali Məhkəmədə çıxışında belə deyib.

Onun kassasiya şikayətinə Ali Məhkəmədə İlham Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

«MƏHKƏMƏ 2 GÜNƏ QƏRAR VERDİ»

Məmməd İbrahimin vəkili Yalçın İmanov çıxışında onun heç bir cinayət törətmədiyini, əksinə, özünün cinayətin qurbanı olduğunu vurğulayıb. Müdafiəçi deyir ki, Məmməd İbrahimi cəzalandırmaq üçün saxtalaşdırılmış, qanunsuz sübutlardan istifadə olunub:

«Məmməd İbrahimə əvvəlcə CM-nin 221.1-ci maddəsi ilə ittiham verilmişdi, guya o, Mikayıl Quliyev adlı şəxsi döyüb. Məmməd İbrahim bəlkə də yeganə şəxsdir ki, bu maddə ilə barəsində həbs-qətimkan tədbiri seçildi. Həbs qərarını məhkəmə iki günə verdi – oktyabrın 3-də başladı, 4-də qurtardı. Sonradan Məmməd İbrahimə qarşı ittihamı ağırlaşdırmaq, onu daha uzun müddətə həbsdə saxlamaq üçün ittihamı CM-nin 221.2.2-ci maddəsinə tövsif etdilər. Ortaya iki nəfər də çıxdı ki, guya, davada ayırmaq istəyəndə Məmməd İbrahim onları da vurub. İş materiallarında yazılıb ki, guya bu iki nəfər polisə oktyabrın 1-də şikayət edib. Amma 16-cı polis bölməsinin rəisi Hikmət Usubovun məhkəmənin sorğusuna cavabında onların oktyabrın 5-də şikayət etdiyi göstərilib. Təkcə bu faktın özü cinayət işinin saxta, qərəzli olduğunu sübut edir».

Vəkil qeyd edib ki, məhkəmədə ittiham tərəfinin 4 şahidinin hamısı Məmməd İbrahimin Mikayıl Quliyevi vurmadığını, əksinə, onun yumruq atıb, söyüş söydüyünü bildiriblər: «Şahidlər həmçinin, sonradan zərərçəkmiş kimi ortaya çıxan iki nəfərin – Məhəmməd Qurbanov və Oruc Vəliyevin əslində hadisə yerində olmadığını dedilər».

Məmməd İbrahimin aktiv siyasi fəaliyyətinə, sosial şəbəkələrdəki tənqidi statuslarına görə cəzalandırıldığını deyən Yalçın İmanov onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Buna da bax-Məmməd İbrahim ona vəzifə təklif edildiyini bildirir

Məmməd İbrahim ona vəzifə təklif edildiyini bildirir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

CƏMİYYƏTƏ HÖRMƏTSİZLİK

Məmməd İbrahim özü də çıxışında həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib: «Başqa əqidədaşlarım kimi məni də şərləyib həbs ediblər. Bir çoxunu narkotiklə şərləyirlər, məni Qənimət Zahid, Seymur Həzi kimi təxribatla xuliqanlıqda ittiham elədilər. Məni kiməsə xəsarət yetirməkdə, cəmiyyətə hörmətsizlikdə günahlandırırlar. Əsl hörmətsizlik, tərbiyəsizlik bunların telekanallarının evlərimizə, ailələrimizə yaydıqlarıdır».

Məmməd İbrahim də çıxışında bəraət istəyib: «Necə olur, beş nəfəri şil-küt eləyən birinə 30 sutka verirlər, mənə isə eləmədiyim əmələ görə 3 il? Ona görə ki, o, generalın bacısı oğludur, mən isə AXCP sədrinin müşaviri...».

Dövlət ittihamçısı Seyhun Azadəliyev kassasiya şikayətinin əsassız olduğunu bildirib və onun təmin olunmamasını istəyib.

Qısa müşavirədən sonra məhkəmə də şikayətin təmin olunmadığını elan edib.

AVROPA MƏHKƏMƏSİ

Məmməd İbrahimin vəkili Yalçın İmanov AzadlıqRadiosuna qərarın qanunsuz olduğunu və Avropa Məhkəməsinə müraciət olunacağını bildirib: «Ali Məhkəmə son instansiya idi və qərarı alandan sonra Avropa Məhkəməsinə şikayət edəcəyik. Məmməd İbrahimin barəsində həbs qərarı ilə bağlı bir şikayət artıq Avropa Məhkəməsindədir».

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən M.İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG