Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Bu referendumda müəllimlər hansı qiymət aldı?


İlham Əliyev referendumda səs verir.

İlham Əliyev referendumda səs verir.

Sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun nəticələrinə fərqli baxışlar, devalvasiya təhlükəsi, qiymət artımı ilə maaş və pensiyaların artımında tarazlığın pozulması bu gün medianın aparıcı mövzusudur.

«HƏ» DEYƏN XALQ

«Azərbaycan» qəzetində dərc edilən «Konstitusiya islahatlarına, müstəqil siyasətə, yeni inkişaf strategiyasına «HƏ» deyən xalq İlham Əliyevə növbəti etimad mandatı verdi» sərlövhəli məqalədə referendumun nəticələri dəyərləndirilir.

Müəllif bu referendumu Azərbaycan tarixinin növbəti şanlı səhifəsinin ilk sətirləri, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcı kimi dəyərləndirir. Yazıda qeyd edilir ki, bu referendum sıradan bir siyasi aksiya deyildi. Onun mahiyyətində ilk addımlarını atan yeni intibahın aydın məramı durur: «Bu səsvermə yalnız Konstitusiyaya edilən 29 əlavə və dəyişikliyə xalqın münasibətini öyrənmək məqsədi daşımırdı. Bu, həm də etimad referendumu idi! Xalqın Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən səsvermə idi! Növbəti islahatlar kursunu bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!».

Daha sonra məqalədə Azərbaycana qarşı məkrli planlardan, dövlətçiliyə qarşı olan təhlükədən bəhs edilir: «Hədəfdə Azərbaycandır, dövlətçilikdir, müstəqillikdir və bunların dönməzliyini təmin edən Liderdir! Tarixin ən möhtəşəm Azərbaycanını - məmləkətimizin mövcud nailiyyətlərini yaratmaq, sonra isə onu dörd bir yandan gələn təsirlərdən qorumaq həqiqətən də ən ali liderlik örnəyidir».

ŞƏFFAF SAXTAKARLIQ

Azadliq.info isə «Şəffaf saxtakarlıq» sərlövhəli məqalədə isə sentyabrın 26-da keçirilmiş referenduma fərqli mövqedən yanaşılır .

Müəllif bu referendumu plastik əməliyyatla müqayisə edir: «Amma Azərbaycan analoqsuz ölkə olduğuna görə «plastik əməliyyat» Konstitusiyanın cavanlaşmasına yox, qocalmasına xidmət etdi. İndi Konstitusiyamızın «sima»sına nəzər salanda, gələcəyə yox, keçmişə oxşayır. Böyüdüb Respublika etdiyimiz ölkəni kiçildib monarxiya etmək eşqinə düşdülər».

Yazıda qeyd edilir ki, bu referendumda əvvəlki seçkilərlə müqayisədə saxtakarlıq daha şəffaf şəkildə həyata keçirilib: «Topa bülletenlərin «rəqs»ini hamı gördü. Baxmayaraq ki, 1000-dən artıq məntəqədə müşahidə kameraları var idi. Hamı düşünürdü ki, kameralar qarşısında «ənənə»lər davam etdirilməz. Amma səsverməyə start verəndən sonra rəngarəng saxtakarlıqların şahidi olduq, sosial şəbəkələrdə yayılan saxtakarlıq videolarına çatdırıb baxmaq olmur. Sanki, məntəqələr saxtakarlıq yarışına girmişdilər».

Müəllif təəssüflə vurğulayır ki, bütün bu saxtakarlıqlar, əsasən, müəllimlərin əli ilə həyata keçirilib: «Məktəbdə imtahanların nəticələrini müsbətə doğru dəyişə bilməyən müəllimlərimiz seçki qutusundan 92 faizlik «hə» çıxmasına «nail oldular». Əgər müəllimlərdən seçki saxtakarlığı əvəzinə, keyfiyyətli dərs tələb olunsaydı, bu gün təhsilimizdə başqa mənzərənin şahidi olardıq».

Müəllifin gəldiyi nəticəyə görə, bu referendum ölkəni tənəzzülə aparacaq: «Bir sözlə, referendumun da «qırımızı lent»i kəsildi. Kəsildi ki, ölkə qaranlığa doğru rəsmən istiqamət götürsün».

Elman Rüstəmov

Elman Rüstəmov

DEVALVASİYA TƏHLÜKƏSİ SOVUŞMAYIB...

«Novoye Vremya» qəzetində isə «Elman Rüstəmov tam nikbindir, əsas varmı?» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazıda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun manatın dayanıqlığı ilə bağlı zəruri addımların atılması barədə açıqlamasını şübhə altına alır: «Əhalinin yerli banklara inamını bərpa etmək arzu ediləndir. Amma, insanlar E.Rüstəmova inanmır. Odur ki, onun istənilən nikbin açıqlaması tərəddüdlə qarşılanır. Buna əsas da var. Onun manatın dəyərdən düşməsi ərəfəsindəki açıqlamalarını xatırlamaq kifayətdir».

Müəllif xatırladır ki, E.Rüstəmov ölkədə inflyasiyanın 11 faiz həddində olduğunu, bunun aşağı salınması üzərində işlər getdiyini bildirir.
Amma müəllif sual edir: «Bəs,«sürünən devalvasiya» uzun çəkəcək? Manatın sabitliyini təkcə kəskin devalvasiyanın olmaması müəyyən etmir. Tədricən dolların məzənnəsinin 2 manata qalxması da heç kəsə xoş olmayacaq».

Yazıda qeyd edilir ki, maliyyə bazarı sabit deyil, manatın mövcud kursu süni şəkildə saxlanılır. Bu özü kəskin devalvasiyaya səbəb ola bilər: «Manatın kursunu süni şəkildə saxlamaq onun sabitliyinin təminatçısı deyil. Manatın sabitliyinə təminatı yalnız dövlətin iqtisadi və maliyyə imkanları verə bilər. Burada isə problemlər qalır. Demək, Mərkəzi Bank rəhbərinin nə deməsindən asılı olmayaraq, kəskin devalvasiya təhlükəsi qalmaqda davam edir».

MAAŞ VƏ PENSİYALAR NƏ QƏDƏR ARTMALIDIR?

«Bizim Yol» qəzetində «Maaşlar nə qədər artmalıdır ki, bahalığı ödəsin?» sualına cavab axtarılır.

Yazıya bu sual ətrafında sosial şəbəkədə aparılan sorğu ilə başlanılır. Sorğuya qatılanlar əmək haqları və pensiyaların indiki həddindən razı olmadıqlarını bildiriblər. Respondentlərin fikrincə, inflyasiya nəzərə alınmaqla əmək haqları və pensiyaların artırılması üzrə sosial proqramlar davam etdirilməlidir. Onlar qeyd ediblər ki, real inflyasiyanı nəzərə alanda, maaş və pensiyalarda cüzi artım baş verib.

Sorğuya qatılanlardan bəzisi isə deyib ki, maaşların qaldırılması da çıxış yolu deyil. Çünki bunu özü əlavə inflyasiyaya səbəb olacaq.

Digər bir respondent də yazıb ki, heç olmasa, maaş və pensiyalar 15 faiz artmalıdır: «Bazarda isə qiymət artımı 50-100 faiz arasında dəyişir. Gəlirimiz ancaq ölməmək üçün yetərlidir»,-deyə o bildirib.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, böyük artımlara ümid etmək əbəsdir. Çünki Azərbaycanda pensiyalar, təqaüdlər və digər sosial müavinətlər rəsmi inflyasiya səviyyəsi qədər indeksləşməlidir. İqtisadçı qeyd edir ki, hazırda inflyasiyanın 11 faiz olduğu bildirilir: «Ən azından 10 faiz civarında rəsmi inflyasiya elan olunacaq, buna uyğun maaşlar və pensiyalar artırılacaq»”.

N.Cəfərli hesab edir ki, bazardakı qiymət artımı ilə bu, proporsional deyil: «Təkcə ərzaqda inflyasiya rəsmi inflyasiyadan ikiqat çoxdur. Odur ki, pensiya və əmək haqqında edilən artım bazardakı inflyasiyanı kompensasiya etmir».

N.Cəfərlinin dediyinə görə, hökumətin resursu o qədər azdır ki, kifayət qədər maaş və təqaüdləri artıra bilməz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG