Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:12

Pənah Hüseyn İlham Əliyevə cavab verdi


Pənah Hüseyn
Pənah Hüseyn

Prezident İlham Əliyev çıxışında yenə AXC-Müsavat hakimiyyətindən danışıb, onları «mənfur ünsürlər» adlandırıb, Azərbaycan xalqının onlara «cəmi bir il dözərək» daha sonra tarixin arxivinə göndərdiyini bildirib.

Buna da bax-Prezident referendumdan və AXC hakimiyyətindən danışdı

Üstündən 23 ildən artıq bir zaman kəsimi ötdüyü halda Əliyevin o dönəmə qayıtmasının səbəbi nədir? Həmin hakimiyyətdə baş nazir olmuş Pənah Hüseyn AzadlıqRadiosuna bu haqda danışıb:

– Ölkəyə azadlıq, müstəqillik qazandırmış qüvvələrə qarşı indiki dövlət başçısının zaman-zaman bu mövqedən çıxış etməsi onun əsas siyasi rəqibinin yenə də həmin qüvvələr olduğunu göstərir. Ölkənin demokratiyanın əksi istiqamətində inkişafı, hakimiyyət strukturlarındakı korrupsiya və respublikanın inkişafını, təhlükəsizliyini təhdid edən məsələlərlə mübarizədə yük yenə həmin qüvvələrin üzərinə düşür. Çünki bu qüvvələr Azərbaycan kimi ölkələrdə siyasi xarakter daşıyır. O baxımdan, həm indiki hakimiyyətin, həm də bizim demokratik qüvvələrin, daha doğrusu, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindəki qüvvələrin daxili mahiyyətini, siyasi xarakterini və hansının gələcəyə doğru istiqamətləndiyini seçməyə xalqın gözəl imkanı var.

– Pənah bəy, İlham Əliyev həmin çıxışında sizin təmsil olunduğunuz hakimiyyəti ölkəni dağıtmaqda ittiham edib. Bu iradı qəbul edirsinizmi?

– Bu dəlilsiz-sübutsuz ittihamlar sözdən başqa bir şey deyil. Çünki konkret olaraq, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu bir ildə inqilabi islahatlar həyata keçirildi. SSRİ-nin süqutundan sonra Azərbaycan həqiqətən ciddi böhran yaşayırdı. Amma biz ölkənin toparlanmasına nail olduq. Ən əsası isə erməni işğalına qarşı ciddi dirəniş davam etdi. Təsadüfi deyil ki, artıq 1993-cü ilin yayında Kəlbəcərin də azad edilməsi şərti daxil olmaqla, sülh müqaviləsi imzalanırdı və faktiki olaraq, müharibə qurtarırdı. Bundan əlavə, ölkənin inkişafında çox mühüm əhəmiyyətə malik neft müqavilələri 1993-cü il iyulun 1-də bağlanmalı idi, artıq müqavilələr hazırlanmışdı. Və ya 1993-cü ilin yayına yaxın iqtisadi sahədə çöküş artıq dayanmışdı, hətta ötən ilin mayına nisbətən 12 faiz iqtisadi artım əldə edilmişdi. Manatın o dövrdə rus rubluna və dollara olan dəyərinə baxsaq, bir ildə inflyasiya, demək olar ki, sabit qalmışdı. Özəlləşdirmə proqramının həyata keçirilməsi, 5 il ərzində olmayan dövlət büdcəsi haqda qanunun və büdcənin qəbulu, daha sonra torpaq islahatına başlanması, post-sovet məkanında ilk dəfə təhsildə test sisteminə keçid, milli valyutanın rus rublunu əvəzləməsi və s. sistem xarakterli islahatlar idi. Bu da ölkənin inkişafından ötrü çox vacib işlər idi. Təkrar edirəm, İlham Əliyevin dedikləri, sadəcə, sözdür. Faktlara baxsaq, o dövrdəki tarixi şəraiti, atılan addımları nəzərdən keçirəndə, Azərbaycanın inkişafı üçün çox ciddi perspektivlər açıldığını görmüş olarıq. Məhz indiki hakimiyyətin özünün də iştirakçısı olduğu 1993-cü ilin qiyamı ölkəni inkişafdan saxladı. Az əvvəl dediyim kimi, sülh müqaviləsi bağlanmadı, beş rayon işğal edildi, təslimçi atəşkəs müqaviləsi imzalandı, neft müqavilələrinin imzalanması ilyarım yubandı. Nəticədə ölkədə avtoritar rejim formalaşdı. Onun ağır nəticələrini indi də hiss edirik.

– Sizin iqtidarın heç yanlışı olmayıb?

– Məhz bu şəraitin yaranmasında, demokratik hakimiyyətin saxlanılmasının qarantı olan Elçibəy hakimiyyətinin qorunması məsələsində məsuliyyət həmin qüvvələrin üzərində idi. Siyasi hakimiyyət qorunub saxlanılmalı idi. Lakin təkrar edirəm ki, «ölkə dağılırdı» kimi ifadələr boş sözlərdir, uydurmadır, faktlar bunu inkar edir.

– Amma İlham Əliyev bugünkü çıxışında deyib ki, Azərbaycan indiki qədər güclü, azad və müstəqil olmayıb.

– Artıq bu cür iddialara «no comment» deməkdən başqa bir şey qalmır. Azərbaycan, əlbəttə, böyük inkişaf üçün mümkün olan bir sıra şansları itirdi. Hazırda ölkə sistem böhranı yaşayır. Bu, istər siyasi, istər iqtisadi, istərsə də təhlükəsizlik sahələrini əhatə edir. Əlbəttə, Azərbaycan xalqı bu böhrandan çıxmaqdan ötrü çox ciddi fəallıq göstərməlidir. Bəlkə də ikinci istiqlal mücadiləsi verməlidir. Məncə, siyasi hakimiyyət indiki halda özü ilə, dünyada gedən proseslərlə bağlı düşünməli, cəmiyyətin resurslarını səfərbər etməlidir. Bunu etmək əvəzinə, daxildə düşmən axtarışına girişibsə, daxildə özünə düşmən icad edirsə, bu, çox ciddi, təhlükəli hərəkətdir. Ölkəni bu böhrandan çıxarmağa İlham Əliyev hansısa proqrama malik olmadığını göstərir. Son zamanlar baş verənlər, elə keçirilən referendum, ora çıxarılan məsələlər, siyasi və iqtisadi sahədə geriləmələr, insan hüquq və azadlıqlarının, mülkiyyət, ifadə azadlıqlarının məhdudlaşdırılması göstərir ki, hakimiyyət böhrandan çıxış yolunu bilmir, inkişaf strategiyası yoxdur. Təxminən 30 il əvvəl əhəmiyyətini itirmiş üsuli-idarəyə, köhnə iqtisadi modellərə qayıdışın özü də bu hakimiyyətin öz dövrünü başa vurmasının göstəricilərindən biridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG