Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:56

'...hər bir müəllimə görə mənən əzab çəkirəm'


Elnaz Eyvaz
Elnaz Eyvaz

“Ənənəvi nəqliyyat aksiyama başladım. Başım üstündə dayanan xalalardan nəçi olduqlarını soruşuram, müəllimədirsə, yer vermirəm və izah edirəm. Müəllimə deyilsə, yenə izah edirəm ki, müəllimə olsaydı, niyə yer verməzdim. Gücüm özümə çatır”.

Sosial şəbəkədə Aynur Elgünəş belə yazıb. Sentyabrın 26-da - referendum günü müəllimlər sosial şəbəkələrdə “topa tutulmuşdular”. Onları seçki saxtakarlığında rol oynamaqda ittiham edirdilər.

Bakıdakı məktəblərin birində 17 ildir ədəbiyyat müəllimi çalışan Elnaz Eyvaz AzadlıqRadiosu-na müsahibəsində belə şərhlərdən çox rahatsız olduğunu dilə gətirir:

“Özümə götürmürdüm bu söyüşləri, amma müəllim adına sığışdırmıram. Şablon da çıxsa, müəllim adı müqəddəsdir. Niyə axı müəllim o günə gəlib çıxdı ki, onun ünvanına belə sözlər yazıldı?”.

Azərbaycanda seçki
Azərbaycanda seçki

Buna da bax:​ Səsvermədə yenilik: 'Yaylıq əməliyyatı…'

– Elnaz xanım, özəlliklə son vaxtlarda əlində topa bülleten tutduğu görünən və ya başqa seçki saxtakarlığına yol verdiyi göz önündə olan müəllimlərin videogörüntüləri yayılır. Sizcə, müəllim nədən seçki saxtakarlığına alət olur?

– Seçki məntəqələri məktəblərə salındı deyə. Yəni hansı idarəyə salınsaydı, oranın işçilərindən istifadə edəcəkdilər. Müəllim heç bir halda vasitə olmamalıdır.

– Müəllimlər niyə razılaşırlar buna? Qutuya topa bülleten atmağa müəllimi nə vadar edir? Maaşımı artır?

– Maaşı artmır, bunu hamımız bilirik. Parlament, prezident seçkilərində görürəm ki, dərsdən azad edilir və gecə-gündüz onlara tapşırılan işlə məşğul olurlar. Yəni seçkiyə hazırlaşırlar. Bunun müqabilində də qanuni pul alırlar, amma bildiyim qədər, elə böyük pul deyil ki, buna görə o əziyyəti çəkməyə dəysin. Görünür, işlərini itirməkdən qorxurlar. İtirsələr, hara gedəcəklər, nəylə məşğul olacaqlar?

– Müəllimi işdən çıxarmaq belə asandır?

– Məncə, yox. Nə deyib çıxaracaqlar? Müəllimin vəzifəsi nədir? Uşaqları öyrətməkdir, onları sevməkdir. Ancaq bir müəllimdən valideynlər, şagirdlər razıdırsa, hansı məktəb rəhbərliyi o müəllimi itirmək istəyər?

Buna da bax:​ Referendum 'karusel', topa bülleten ittihamları ilə başa çatdı

– Elnaz xanım, seçki prosesinə qatılan müəllim yoldaşlarınız sonra bu barədə danışırlarmı?

– Yox, o barədə danışmırlar. Söz düşsə, ancaq əziyyət çəkdiklərini deyirlər. Bir dəfə seçkidə nəzarətçi olan bir müəllimlə danışdım, “topa bülleten atırsınız, bu, saxtakarlıqdır!”, - dedim. Boynuna almadı, tək onu dedi ki, “biz neyləyə bilərik?!”.

– Sizcə, belə saxtakarlığa qol qoyan müəllim şagirdlərinə hansı mənəviyyatı aşılayar?

– Sizə bir söz deyim, Bakıda iki məktəbdə dərs demişəm. 17 ildir müəlliməyəm. Vətəndaş kimi seçkilərə getmişəm. Komissiyada, ya müşahidəçi kimi, hansı müəllimlərin təmsil olunduğunu da görmüşəm… Onlar heç vaxt şagirdlərə haqq-ədalətdən, mənəviyyatdan söz açmırlar. Elə dərslərini deyib, sinifdən çıxırlar.

– Elnaz xanım, yəni elə müəllimlər saxtakarlığa alət olmaqdan boyun qaçıra bilməzlər?

– Bilərlər, amma düşünürlər ki, 5-6 nəfərlə olmaz bu iş. Seçki məntəqələrinin hamısı məktəblərdədir. Seçki hazırlığına və ya bu prosesə müəllimləri cəlb edəcəklər. Təhsilin inkişafından söz düşərkən, həmişə, ilk növbədə, seçki məntəqələrinin məktəbdən çıxarılmasını təklif eləmişəm. İmkan versinlər, müəllim öz işiylə məşğul olsun. Şagirdlər sosial şəbəkələrdədir. Girib müəllim haqqında yazılanları, söyüşləri oxuyur, sabah gəlib otururlar həmin müəllimin önündə. O müəllim haqq-ədalətdən danışsa da, uşaqlar ona güləcək, olub- bitənlərə komediya kimi baxacaqlar. Bu məsələlər müəllimin nüfuzunu sıfıra endirib.

Buna da bax:​ Referendumda kameraya düşənlər

– Elnaz xanım, siz həm də valideynsiniz. Qızınızın seçki saxtakarlığına qatılan bir müəllimin şagirdi olması size təlaşlandırmır?

– Təbii ki, narahat oluram. Sabah həmin müəllim gəlib hansı mənəvi haqla şagirdlərə ədalətdən, əxlaqdan danışa bilər? Amma mən bu məsələləri məktəbin üstünə atmamışam, uşağımla özüm məşğul olur, nəyin doğru, nəyin yanlış olduğunu özüm anladıram. Bir də, hər halda heç bir müəllim uşağa aşılamaz ki, yalançı ol, əxlaqsız və saxtakar ol. Mən bir dəfə yeniyetmə şagirdlərimlə əxlaq barədə danışdım. Dedim ki, hansısa qadının və ya kişinin şəxsi həyatındakı davranışı yox, yalan danışmaq, saxtakarlıq etmək, kiminsə haqqını çalmaq əxlaqsızlıqdır. O biri onun şəxsi məsələsidir, bizi ilgiləndirməz. Şagirdlərim sonradan mənə yanaşdılar ki, bizim əxlaq haqqında təsəvvürümüzü darmadağın elədiniz.

– Elnaz xanım, Aynur Elgünəş sosial şəbəkədə yazır ki, nəqliyyatda yer vermədiyi müəllimin seçki saxtakarlığında birbaşa iştirakı vacib deyil: “Amma yoldaşı edibmi? Çalışdığı məktəbin direktoru edibmi? Təbii ki, müəllimlər öndə olsa da, seçkinin taleyini həll edən onlar deyil. Amma onlar xoşluqla bunu qəbul edirlər, etirazım da bunadır”.

– Hər kəs öz əməlinə cavabdehdir. Amma dünən o referendumda saxtakarlıq edən hər bir müəllimə görə mənən əzab çəkirəm. Aynur xanımın yazdığı da məni incidir. Onu, digər yazanları qınamıram, amma əzab çəkirəm. Dünən mən də oxuyurdum o şərhləri və özümə qısılıb durmuşdum. Elə bilirdim ki, hamı məni görür. Mən nə qədər yaza bilərəm ki, hamıya samil etməyin, bütün müəllimlər belə deyil. Mən bunu nə qədər deyə bilərəm ki? Çox ağırmış öz həmkarlarının ünvanına belə sözlər eşitmək, çox…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG