Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abasov ilahiyyatçı Taleh Bağırovun və digərlərinin vəkillərindən Vəkillər Kollegiyasına şikayət edib.

Bu haqda həmin iş üzrə vəkillərdən Elçin Sadıqov məlumat verib. Vəkilə bununla bağlı kollegiyadan zəng edib, məlumat veriblər.

Vəkilin bildirdiyinə görə, şikayət T.Bağırov və digərlərinin işi üzrə məhkəmə prosesində təqsirləndirilənlərdən Abbas Hüseynovun prosesdən kənarlaşdırılması ilə bağlıdır.

Buna da bax:​ 'Nardaran işi'ndə vəkillərdən şikayət olunacaq

Məhkəmə iclasında təqsirləndirilən A.Hüseynovla şahid ifadəsi verən polislər arasında insident yarandığından, hakim onun prosesdən kənarlaşdırılmasına qərar verib. Vəkillər sonrakı prosesdə Abbas Hüseynovun iclaslarda iştirakının təmin edilməsi barədə vəsatət veriblər. Onların fikrincə, A.Hüseynovun iştirakı təmin olunmazsa məhkəmə araşdırması dalana dirənə bilər. Ancaq hakim həmin vəsatəti təmin etməyib.

Bundan sonra da Taleh Bağırov hakimə belə bir sual vermişdi.

“İlham Əliyev bu referendumdan sonra kral olacaq yoxsa şah?”

E.Sadıqov hakimin şikayətinin onların fəaliyyətinin müstəqilliyinə yönəldiyini ifadə edib.

Sözügedən iş üzrə digər vəkillər, mövzu ilə bağlı hər hansı açıqlama verməyiblər.

Vəkillər Kollegiyasının bu şikayətə münasibəti isə, hələlik, bəlli deyil.

Ancaq hakimlərin Vəkillər Kollegiyasına bu tip müraciətləri adətən vəkillərin cəzalandırılması ilə nəticələnir. Oxşar müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə vəkillikdən kənarlaşdırıla bilər.

Buna da bax:​ Nardaran işi: 'Dedi ki, bura Azərbaycanın Quantanamosudur'

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Onlardan bəzilərinə 1 il 6 aydan, 6 il 6 ayadək həbs cəzası kəsilib.

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrıca aparılır. O və onunla saxlananlar qətldə, daha bir çox başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilənlər bu ittihamları rədd edərək, onlardan işgəncə altında ifadə alındığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG