Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum, bu ümumxalq səsverməsinə fərqli baxışlar, iqtisadi vəziyyət və qazın əhaliyə baha satılması bu gün medianın aparıcı mövzusudur.

XALQ KONSTİTUSİYA DƏYİŞİKLİKLƏRİNƏ «HƏ» DEYİB

Rəsmi dövlət agentliyi olan AZƏRTAC Konstitusiyaya dəyişikliklər ilə bağlı sentyabrın 26-da keçirilmiş referendumun nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun mətbuata açıqlamalarına geniş yer verib.

Mətbuat konfransında əvvəlcə statistik rəqəmlərə toxunan MSK sədri referendumu baş tutmuş sayıb. O deyib ki, səsvermə 125 dairə üzrə 5 min 627 seçki məntəqəsində keçirilib: «Ümumi fəallıq 69.7 faiz olub. Seçicilərin 3 milyon 671 min 707 nəfəri səsvermədə iştirak edib. Referendumun baş tutması üçün seçicilərin 25 faizi iştirak etməli idi. İlkin nəticələrə əsasən, seçicilərin 69.7 faizi iştirak etdiyinə görə referendum baş tutmuş sayılır».

M.Pənahov deyib ki, ümumilikdə, gün ərzində MSK-ya qanun pozuntusu ilə əlaqədar heç bir rəsmi müraciət daxil olmayıb. Amma telefon bağlantıları ilə komissiya üzvlərinə ayrı-ayrı yerlərdə olan proseslər barədə məlumatlar verilib. Bəzi hallarda müəyyən məsələlərlə bağlı müsbət və ya mənfi fikirlər ifadə olunub.

Daha sonra MSK sədri referenduma çıxarılan 29 dəyişikliyin hər birinə əksər seçicinin müsbət cavab verdiklərini deyib: «Lehinə verilmiş səslərin kifayət qədər çox olduğunu nəzərə alaraq, deyə bilərəm ki, referenduma çıxarılmış 29 məsələnin hamısı Azərbaycan seçiciləri tərəfindən rəğbətlə qarşılanıb».

MSK sədri qeyd edib ki, referendumla bağlı yekin nəticələr 20 gün ərzində açıqlanacaq.

Əli Kərimli

Əli Kərimli

XALQIN QATILMADIĞI DƏYİŞİKLİKLƏR...

Azadliq.info saytı da Konstitusiyaya dəyişikliklər ilə bağlı keçirilən referenduma geniş yer verib. Saytda xüsusilə AXCP sədri Əli Kərimlinin «Konstitusiya xalqın iştirakı olmadan dəyişdirildi» sərlövhəli məqaləsi diqqət çəkir.

Ə.Kərimli yazıb ki, xalq referendumu hamılıqla boykot edib, seçki məntəqələrində tam bir sükunət olub. Hakimiyyət seçki aktivliyinin heç görüntüsünü belə yarada bilməyib: «Xalqımızın bu hakimiyyətə heç bir real dəstəyi yoxdur. İstəyirlər, ümumiyyətlə seçkiləri rəsmən ləğv edib, özlərini ömürlük hakimiyyət elan etsinlər, xeyri yoxdur. Rejim əvvəlki qaydada idarə edə, xalq da əvvəlki qaydada yaşaya bilmir, köklü dəyişiklik uzaqda deyil!».

Daha sonra AXCP sədri sosial şəbəkələrdə yayılan bülletenlərin topa-topa seçki qutularına doldurulması, «karusel» əməliyyatı kimi pozuntulara dair videoları izlədiyini bildirir. Ə.Kərimli bu prosesə qadınların cəlb edilməsinə təəssüf ifadə edir: «Təəssüf ki, bu saxtakarlıqları çox vaxt qadınların əli ilə edirlər. Xalqımızı bu saxtakarlığa cəlb edənləri, xüsusilə də belə çirkin işə Azərbaycan qadınını qoşanları şiddətlə qınayıram. Haradadır «mentalitet keşikçiləri»?».

Ə.Kərimli yazır ki, bu referendum xalq ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirib. Onun fikrincə, xalq bir daha əmin oldu ki, ölkəni idarə edənlər əhaliyə vətəndaş kimi yox, vəzifəsi ağalarına xidmət etmək olan təbəə kimi baxır. Ə.Kərimliyə görə, xalq bu hörmətsizliyi unutmayacaq.

Qaz

Qaz

ƏHALİYƏ BAHA SATILAN QAZ

«Bizim Yol» qəzetində «Qaz satışı ilə bağlı şok faktlar» sərlövhəli məqalə oxumaq olar. Yazıda ölkədə əhaliyə qazın baha satılmasından bəhs edilir.

Müəllif əvvəlcə yazır ki, «Azəriqaz»ın abunəçilərinin sayı 2 milyona yaxınlaşır. Daxili bazarda 9 milyard kubmetrdən çox qaz paylanılır.

Yazıda daha sonra qazın abunəçilərə verilməsində tez-tez fasilələrin yarandığı bildirilir: «Qanunda aydın deyilir ki, şirkət abunəçilərin fasiləsiz və keyfiyyətli şəkildə qazla təchizatını təmin etməlidir. Qazı kəsmədən əvvəl hər bir istehlakçıya yazılı bildiriş göndərilməlidir. Amma «Azəriqaz»da ümumi bir elanla kifayətlənirlər».

Müəllif vurğulayır ki, bu qədər təmir işləri aparıldığı halda qaz sızmaları, boğulma, zəhərlənmə və partlayışlar başa düşülən deyil. Belə faciələrin səbəbləri araşdırılmır.

Yazıda deyilir ki, 2013-2015-cü illərdə təbii qaz itkisi 890 mln. kubmetrdən 1.087 mlrd. kubmetrə yüksəlib. Bu sektora həm dövlət, həm də kredit təşkilatlarının yatırdıqları investisiyalara, yenilənən infrastruktura baxmayaraq, itkilər 18 faiz artıb.

Müəllif qeyd edir ki, vətəndaşlar qazdan istifadəyə görə ödəmələri vaxtında həyata keçirirlər. Bu rəqəm 80 faizdən çoxdur, bəzi rayonlarda bu yığım 100 faizdir.

Müəllifin gəldiyi nəticəyə görə, itkilər azaldılsa, əhaliyə qazı daha aşağı qiymətə satmaq olar: «Ölkə üzrə bu rəqəm təxminən 55 faiz təşkil edir».

Daha sonra müəllif vurğulayır ki, bu itkilər digər MDB ölkələrindən 8 faiz çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG