Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

'Günəşli' yatağında yanğın söndürülüb-Rəsmi


‘Günəşli’ yatağında yanğın görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

‘Günəşli’ yatağında yanğın görüntüləri

«Günəşli» yatağının 19-cü özülündə 71 saylı quyuda sentyabrın 26-da başlayan yanğının söndürüldüyü bildirilir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və SOCAR birlikdə məlumat yayıb.

Məlumata görə, yanğını bu gün - sentyabrın 27-si səhər saatlarında söndürmək mümkün olub.

+++

Sentyabrın 26-da “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən yanğın baş verib.

“Günəşli” yatağı “Azneft” İB-nin “28 May” adına Neft Qaz Çıxarma İdarəsinə (NQÇİ) məxsusudur.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Buna da bax: “Günəşli” yanğını ən fəlakətli qəzaların ilk onluğuna düşür- [video]

“Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür” - deyə məlumatda qeyd edilir.

Yatağın 19-cu özülündə 71 saylı quyuda baş verən yanğının başqa quyulara keçməməsindən ötrü digər quyuların hamısı bağlanıb.

Bu barədə APA-ya SOCAR-dan bildirilib.

Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılmasından ötrü lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və Fövqəladə Hallar nazirliyinin gəmiləri hadisə yerinə cəlb olunub.

Hazırda hadisənin qarşısının alınmasından ötrü ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı, hələlik alınmayıb, tədbirlər davam etdirilir.

SOCAR: «Günəşlidəki özüldə yanğın baş verməyib”

“SOCAR bəyan edir ki, bü gün (26 sentyabr) dənizdəki qaz quyusunda baş vermiş fövqəladə hadisə zamanı yanğın baş verməyib”.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, belə bir açıqlama ilə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov hadisə ilə bağlı son duruma münasibət bildirərkən çıxış edib.

Onun sözlərinə görə, “Azneft” İistehsalat Birliyinin “28 May” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı qaz təzahürü baş verib və açıq fontana çevrilib.

“Dərhal yanğın söndürmə sistemi işə salınıb. Özüldə istismarda olan digər quyular bağlanıb, özülün kommunikasiya sistemi tam təcrid edilib. İşçi heyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla, digərləri gəmi vasitəsilə təxliyə olunub. Eyni zamanda qəza baş vermiş özülə kömək üçün ixtisaslaşdırılmış (VİXR tipli 2 ədəd, Nefteqaz və Şirvan tipli kran) gəmiləri cəlb edilib”, X.Məmmədov bildirib.

SOCAR vitse prezidenti daha sonra deyib:

«“Azneft” İstehsalat Birliyinin baş mütəxəssisləri və Fontana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası helikopterlə hadisə yerindədirlər. Vəziyyət nəzarətə götürülüb. Hazırda fontanın qarşısı alınması və söndürülməsi üçün tədbirlər görülür».

“Turan”ın BP-nin “Günəşli” platformasında işləyən neftçilərindən aldığı məlumata əsasən, onlar sentyabrın 26-da SOCAR platformaları tərəfdə günorta radələrində yüngül tüstü müşahidə ediblər. Bundan sonra fövqəladə əlamət sayıla biləcək hər hansı bir şey müşahidə edilməyib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, platformadakı qazmaçıların təxliyyə edildiyi haqda bilgi alıb.

“Təlafat haqda məlumat yoxdur. Təxliyyə gedir, işçiləri başqa bloka aparırlar”, M.Qəhrəmanlı bildirib.

SOCAR da yangın xəbərini təsdiqləyib. Halbuki, neft şirkəti bir neçə saat əvvəl yangın xəbərlərini təkzib etmişdi.

SOCAR-ın vitse prezidenti Xalik Məmmədov bildirib ki, bir qədər əvvəl Günəşli yatağındakı 71 saylı qaz quyusunda yanğın başlayıb.

“Buna səbəb fontana qarşı görülən tədbirlərin yetərincə olmamasıdır. Nəticədə izafi təzyiq yanğın yaradıb”, SOCAR rəsmisi bildirib.

X.Məmmədov neftçilərin həyatına təhlükənin olmadığını vurğulayıb.

“Özüldə təxliyyə başa çatıb, neftçilərin həyatı üçün hər hansı bir təhlükə yoxdur”, o, əlavə edib.

2015-ci il dekabrın 4-də də «Günəşli» yatağında yanğın baş vermişdi. Bu zaman 64 neftçidən 34-ü xilas edilmişdi. Onda itkin düşən neftçilərin bəzilərinin meyiti, hələ də tapılmayıb.

Buna da bax: "Günəşli" yatağında bundan əvvəl olmuş yanğın - FOTOLAR

Bundan əvvəl "Günəşli" yatağında baş verən faciəvi yanğın

“Günəşli” yatağındakı 10-cu platformadan son görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG