Keçid linkləri

Təcili xəbərlər

Kədərli filmlər ünsiyyətə sövq edir və fiziki ağrını yüngülləşdirir


Yəqin ki bir çoxlarınız qəmli filmləri sevir. Yeni araşdırma insanların kədərli filmlərə həvəslə baxmasının səbəbini axtarır. Araşdırmanın nəticələrinə görə, bu cür filmlər və ya kitablar insanların social əlaqələrini daha da yaxınlaşdırır və hətta fiziki ağrıya qarşı daha dözümlü edir.

Oksford universitetinin psixoloqu Robin Danbar və həmkarları daha öncəki işlərində də müəyyən ediblər ki, rəqs, mahnı oxumaq, gülmək kimi birgə görülən fəaliyyət beyində endorfinlərin hasilatını stimullaşdırır. Bəzən sevinc hormonu deyilən endorfinin insan orqanizmində çox olması onu sosial ünsiyyətdə daha aktiv iştirak etməyə sövq edir. Bundan əlavə endorfin fiziki ağrını daha asan keçirməkdə yardımçı olur. Alimlərin fikrincə, kədərli filmlərə baxmaq da oxşar mexanizmi işə salır.

Bəzən sevinc hormonu deyilən endorfinin insan orqanizmində çox olması onu sosial ünsiyyətdə daha aktiv iştirak etməyə sövq edir. ...Alimlərin fikrincə, kədərli filmlərə baxmaq da oxşar mexanizmi işə salır.

Bu mexanizmi araşdırmaq məqsədilə alimlər eksperiment keçiriblər. Eksperimentdə 169 nəfərin iştirakı ilə ssenarisi Aleksandr Mastersə aid və Devid Ettvudun rejissorluq etdiyi “Stüart: keçmiş həyat” bioqrafik filminə baxılıb. Filmin qəhrəmanı – uşaqlıqda təcavüzə məruz qalmış, məhbəs həyatı yaşamış və narkotik aludəçisi olmuş evsiz əlildir. Filmin sonunda o, özünü qatarın altına atır. Danbarın sözlərinə görə, film şekspirsayağı tragediya təəssüratı bağışlayır – hamı göz yaşları ilə çıxıb gedir. 68 nəfərdən ibarət ikinci qrupa isə iki sənədli film: London Təbiətşünaslıq muzeyi və İrlandiyanın geoloji və arxeoloji muzeyi haqqında filmlər nümayiş etdirilib.

Filmə baxışdan öncə və sonra iştirakçılar iki testdən keçiblər. Testlərdən biri qrupun həmrəyliyini göstərmək məqsədilə aparılıb. İkinci test isə “Roma stulu” adını daşıyır. Bu test insanların ağrıya dözümlük dərəcəsini göstərir. İştirakçılar arxası divara tərəf bir ayağını qatlamış şəkildə dayanırlar. Bu fiziki yorğunluq onları bədən pozasını dəyişməyə məcbur edənə qədər davam edir. Bu test insanın bədənində olan endorfinlərin səviyyəsini kifayət qədər dəqiq göstərir. Endorfin nə qədər yüksək olursa, insan bir o qədər bu narahat pozada dayana bilir.

Eksperiment göstərib ki, “Stüart: keçmiş həyat” filminə baxanlar “Roma stul”u pozasında filmdən öncəki göstəricidən 18% daha çox dayana biliblər. Sənədli filmlər belə bir təsir göstərməyib. Tragik filmə baxanlarda, həmçinin sosial əlaqələr də daha möhkəm olub.

Lakin Danbar onu da qeyd edib ki, eksperimentdə fərdi xarakter daşıyan fərqlər də olub. Tamaşaçıların üçdə bir hissəsində sosial əlaqələrin güclənməsi müşahidə olunmayıb, və bu qrup hətta ağrıya dözümlülük daha aşağı səviyyədə olub. Buna baxmayaraq, alim inanır ki, aşkar edilən effektlər kifayət qədər geniş yayılıb. Bu effekt daha bir fenomeni izah edir: hər hansı bir güclü pyesdən sonra tamaşaçı daha öncə heç tanımadığı birisiylə küçədə bunu müzakirə etməyə başlayır. “İnsanlar tamaşaya fərdlər kimi getsələr də, oradan auditoriya şəklində çıxırlar”, deyə Danbar köhnə teatr aforizmini xatırlayır.

XS
SM
MD
LG