Keçid linkləri

Təcili xəbərlər

Yeni «oyuncaq» – kameralı gün eynəyi


Kameralı "Spectacles" gun eynəyi
Kameralı "Spectacles" gun eynəyi

"Snapchat" şirkəti kameralı ağıllı eynək barədə şaiyələri təsdiq edib. "Spectacles" adlanan yenilik bu payız bazara çıxarılır. 130 dollara satılacaq eynəklər vahid ölçü və formada və üç əsas rəngdə - qara, yaşılımtıl mavi və mərcan rəngində olacaq.

Videoçəkiliş etmək üçün gözlüyün qolundakı düyməni basmaq kifayətdir. Videoqeydiyyat funksiyası "Snapchat" əlavəsinin imkanlarının təkrarıdır. Bir dəfəyə 10 saniyəlik video yazmaq olacaq. Çəkilmiş videoyazı simsiz rejimdə eynək sahibinin telefonu ilə sinxronlaşacaq. Beləliklə, istifadəçi çəkdiklərini dərhal Snapchat əlavəsi vasitəsilə paylaşa biləcək.

Qurğuya yerləşdirilən kamera 115 dərəcəli obyektivə malikdir. Bu isə əksər smartfon və fotokameraların obyektivlərindən daha geniş bucaq deməkdir. Şirkət iddia edir ki, obyektivin bu bucağı orta statistik insanın baxış bucağına daha yaxındır. Belə geniş baxış bucağının olmasını nəzərə alsaq ehtimal etmək olar ki, populyar mobil əlavə görüntüdən lazım olan hissəni seçməyə, yaxud panoram tipli videolara baxmağa imkan verəcək. Yeni məhsulun İnternetdəki reklamından görünür ki, istifadəçi elə baxış zamanı videonun istiqamətini üfüqi ilə şaquli arasında dəyişdirə biləcək. Bu isə tamaşaçıda həmin məkanda olma hissi yaradır.

"Snapchat"in icraçı direktoru Evan Siegalın sözlərinə görə hələlik eynəklər ancaq məhdud miqdarda bazara çıxarılacaq. O bildirib ki, şirkət yaxın zamanda ciddi gəlir əldə edəcəyini gözləmir.

"Google" şirkətinin "Google Glass" eynəkləri bazara ilk dəfə çıxarılanda, qiymətin baha olmasına baxmayaraq onları əldə etmək xeyli çətin idi.

Şirkət yeni eynəkləri "oyuncaq" adlandırır. Elə "Snapchat" mobil əlavəsinin özünü də vaxtilə belə adlandırırdılar. İndi gündə 150 milyon istifadəçi bu xidmətdən istifadə edir. Şirkətin dəyəri isə on milyardlarla dollarla ölçülür.

Bu arada, şirkət öz adındakı "chat" sözünü yığışdırıb. İndi onun adı sadəcə "Snap"dir. Vaxtilə "Apple" şirkəti də adından "computer" sözünü götürmüşdü. Görünür, şirkət bu addımla artıq təkcə "Snapchat" əlavəsindən ibarət olmadığını, məhsul və xidmətlərinin sayını artıracağını vurğulamağa çalışır.

Ən son yazılan

XS
SM
MD
LG