Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

İradə Məlikova talışca lüğətlərə görə saxlandığını düşünür


Azərbaycanda Talış əlifbası dərsliyi (arxiv fotosu)

Azərbaycanda Talış əlifbası dərsliyi (arxiv fotosu)


“Məni talışca çıxan lüğətlərə görə “bandotdelə” apardılar”, folklorşünas İradəMəlikova AzadlıqRadiosuna müsahibəsində belə deyir.

O, sentyabrın 21-dən 22-nə keçən gecə Bakı hava limanında saxlandığını və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (BMCMİ) İdarəsinə aparıldığını söyləyir:

- Türkiyəyə istirahətə getmişdim. Qayıdanda, miqrasiya xidmətində pasportumu yoxlarkən, oranın əməkdaşı məndən ölkəni tərk edərkən bir problemimin olub-olmadığını soruşdu. Dedim ki, yox. Bundan sonra gözləməyimi və hava limanındakı polis bölməsinə aparılacağımı söylədi. Yoldaşımla oğlum da məni qarşılamağa gəlmişdilər. Bircə oğluma icazə verdilər mənimlə gəlməyə. Bütün şəxsi əşyalarımı aldılar. Telefonumu, pulumu, kompüterimi götürdülər. Haraya apardıqlarını, niyə apardıqlarını bilmirdim.

- Sizi, ilk olaraq, hara gətirdilər?

- Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər və rəis Yaşar Həsənovun yanına apardılar. Orada onun müavini, bir əməliyyatçı vardı. Başladılar məni sorğu-sual eləməyə.

- Sirr deyilsə, nə soruşdular?

- Dedilər, saxlanmanız talış dilində olan lüğətlərlə bağlıdır. Siz lüğət satırsınız. Dedim, bəli, kitabxanaya satışa aparmışam.

- Hansı kitabxanadan söhbət gedir?

- Prezident Administrasiyasının Ümumi İşlər İdarəsinin kitabxanasına vermişəm bu kitabları. Bakının Fəvvarələr Meydanında yerləşir.

- Niyə məhz oraya?

- Bir dəfə kitabxanaya gedəndə orada ləzgi dilində lüğət olduğunu görüb həvəsləndim. Dedim, talış dilində lüğətlər gətirsəm, satarsınızmı? Dedilər, əlbəttə. Mən də aparıb ora 3-4 kitab təhvil verdim. Sonra zəng eləyib dedilər ki, kitablar alınıb. “Kim alıb” deyə maraqlananda məlum oldu ki, Prezident Adminstrasiyası İşlər İdarəsinin kitabxanası üçün alınıb. “Bandotdel”də (BMCMİ-ni belə də adlandırırlar – red.) dedilər ki, guya kitabları ermənilərin maliyyələşdirilməsi ilə bağlı məlumat alıblar. Dedim, talış caamatı kasıb deyil ki, kitabın çapına kənardan vəsait axtaraq. Kitaba talış iş adamları sponsorluq ediblər. Mən indi kitab hazırlayıram, “Azərbaycanda yaşayan etnik xalqların atalar sözləri və deyimləri”. İndi bu kitaba görə məni hansı “bandotdelə” aparacaqlar, görəsən?!.

"BİR NƏFƏRİN STATUSUNA GÖRƏ..."

İradə Məlikovanın fikrincə, onun saxlanması keçmiş MTN-də çalışmış bir əməkdaşın Facebook hesabındakı yazıdan qaynaqlanıb:

“Həmin şəxsin kitabın müəllifi Fəxrəddin Abbaszadə ilə bağlı problemi var bəlkə də, çünki onun adını çəkib, amma kitablar heç bir siyasi yük daşımır”.

İradə Məlikovanın haqqında söz açdığı şəxs ləğv edilmiş MTN-in keçmiş mətbuat xidmətinin rəhbəri Araz Qurbanovdur. O, Facebook-dakı statusunda bunları bildirib:

“Söz tapmıram. Bakının mərkəzi kitab mağazalarından birində qondarma “Talış-Muğan Respublikası”nın ideoloqlarından biri olan və xüsusilə Etmənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabı satışdadır. Bu ünsürün kimliyi və hansı qabdan yal yeməsi talışlara da, azərbaycanlılara da yaxşı məlumdur. Kitabın redaktoru isə erməni xislətli, hazırda Rusiya vətəndaşı olan və Şuşa vasitəsilə Ermənistanda yayımlanan “TMV” - (“Tolişə Milliyə Vindəsədo”) – Talış Milli Televiziyasının aparıcısı, əslən Masallıdan olan Zabil Madojdur. Kitablar İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qanik Asatryanın vasitəsilə Belarusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən «Talış Milli Akademiyası»nın nəşrləridir. Kitablarsa nə Belarusda, nə Ermənistanda, nə də İranda deyil, Bakıda çap olunub”.

DİN OLAYA MÜNASİBƏT AÇIQLAYIB

Sentyabrın 23-də səhər saatlarında “Talışi Sədo” qəzetinin əməkdaşı Vüqar Mustafayev də BMCMİ-yə aparılıb və sonra buraxılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti sentyabrın 24-də bildirib ki, İradə Məlikovanın və Vüqar Mustafayevin guya «Talışca-Türkcə», «Talışca-İngiliscə» lüğətlərinin çap edilməsinə, satışının təşkilinə və yayılmasına görə saxlanılması barədə səslənmiş iddialar həqiqətdən uzaqdır”.

Nazirlik adından məlumat verən Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, «hər iki şəxs milli ayrıseçkiliyi və separatçılığı təbliğ etmələrinə dair barələrində Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb. Aparılmış araşdırma zamanı məlumat öz təsdiqini tapmayıb və bu şəxslər dərhal sərbəst buraxılıblar».

Günün bütün mövzuları

XS
SM
MD
LG