Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Ölkə iqtisadiyyatının strateji hədəfləri, sənaye parklarının yaradılması problemləri, ölkə iqtisadiyyatının sabahı, ölkədə cinayətkarlığın artması, maliyyə amnistiyası məsələsi bugünkü medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN POSTNEFT DÖVRÜNƏ YENİ İQTİSADİ MODELLƏ QƏDƏM QOYUR

«Azərbaycan» qəzetinin «Azərbaycan postneft dövrünə yeni iqtisadi modellə qədəm qoyur» sərlövhəli məqaləsində ölkənin iqtisadi inkişaf istiqamətləri müzakirə edilir.

Müəllif görə, hakimiyyətin qeyri-neft sektorunun inkişaf etdirilməsi kursu sosial-iqtisadi dinamizmi və məqsədyönlülüyü təmin edir. Yazıda bu kursun reallaşdırılması üçün islahatlar paketi hazırlandığı bildirilir: «İqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən verilən qərarlar isə strateji xarakter daşımaqla yanaşı, yeni dövrün başlanğıcı kimi qiymətləndirilir».

Müəllif hesab edir ki, ölkə postneft dövrünə daxil olub və hazırda növbəti inkişaf mərhələsinin başlanğıcında özünün növbəti uğurlu inkişaf modelini seçib: «İqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, idxaldan asılılığı azaltmaq, qeyri-neft məhsullarının ixracını əsaslı şəkildə artırmaq yeni mərhələnin əsas prioritetləri olacaq».

Nemət Əliyev

Nemət Əliyev

BU HÖKUMƏTLƏ İSLAHAT OLMAZ

Azadliq.info «Sənaye parkları hansı pullarla tikiləcək?» sərlövhəli məqalədə ölkədə yaradılmaqda olan sənaye parklarının gələcəyini ekspert Nemət Əliyevlə müzakirə edir.

Ekspert belə hesab edir ki, ölkə hakimiyyəti böhrandan çıxmaq üçün lazımı addımları atmayıb və yalnız imitasiya ilə məşğul olub. Nemət Əliyev deyir ki, atılan addımların reallıqla hesablaşmaması, müsbətə doğru dəyişə bilməməsi buna əyani sübutdur: «Bir-birinin ardınca qəbul edilən qanunlar və mövcud qanunlara düzəlişlər böhrandan çıxmağa imkan vermədi. Yaradılan yeni strukturlar isə gözlənilən nəticəni vermir».

Müəllif deyir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi tezisi adı ilə regionlarda sənaye parklarının tikintisinə başlanması da bir imitasiyadır. «Maliyyə böhranı başlayandan hakimiyyətin atdığı addımların hamısı kosmetik xarakterlidir və onların real islahatlarla heç bir əlaqəsi yoxdur. Elə sənaye parklarının tikintisiylə bağlı qərar da bu qəbildəndir. Bu daha çox görsənti xarakterli addımlardır. Ona görə bu cür addımlarla real nəticələrə nail olmaq mümkün deyil»,-deyə ekspert N.Əliyev bu sahədə durumu qəzetə şərh edir.

Oğurluq

Oğurluq

CİNAYƏT DƏ ARTIR, CİNAYƏTKAR DA

«Bizim Yol» qəzeti isə «Ən çox cinayət törədənlər işsizlərdir» sərlövhəli məqaləsində ölkədə cinayətkarlığın artmasını araşdırır.

Müəllif statistikaya istinadən 2016-cı ilin ilk yarımilində 14 min 251 cinayət qeydə alındığını deyir və keçən ilin eyni dövrü ilə müqayisədə bunun 5.3% artdığını nəzərə çatdırır.

Bu cinayətlərin 85 faizi böyük ictimai təhlükə olmayan cinayətlərdir. Müəllif deyir ki, bu sırada iqtisadi məzmunlu cinayətlər keçən illə müqayisədə 35.1%, mülkiyyət əleyhinə cinayətlər isə 35.4% artıb.

Manat

Manat

BANKLARDAKI ƏMANƏT 800 MİLYON MANAT AZALIB

«Yeni Müsavat» qəzeti «Yastıq altında yatan milyonlar» sərlövhəli məqalədə iqtisadçı-ekspert Qubad İbadoğlunun dövriyyədə olmayan maliyyə vəsaitləri məsələsinə dair düşüncələrinə yer verib.

Ekspert bu ilin yanvar ayı ilə müqayisədə iyulda əhalinin banklardakı əmanətlərinin 800 milyon manat azaldığını deyir: «Belə ki, ilin əvvəlinə 8 milyard 643 milyon manat əmanətə malik olan fiziki şəxslər son 7 ay ərzində 800 milyon manata qədər əmanətlərini banklardan geri çəkiblər. Banklardan geri götürülən əmanətlərin bir qismi məcburi şəkildə bankların bağlanmasına görə, digər qismi isə əmanət sahiblərinin iradəsi ilə etibarın azalmasına görə banklardan çıxarılıb».

Ölkədə səhm bazarının inkişaf etmədiyini, mülk və torpaq bazarında durğunluğun hökm sürdüyünü deyən ekspert əhalinin geri çəkdiyi əmanətlərin bir hissəsinin xaricə axdığı, digər hissəsinin isə xarici valyutalara çevrilərək hələ də yastıq altında saxlanıldığı qənaətindədir: «Belə olan halda bu pullar nə sahibi, nə də milli iqtisadiyyat üçün əlavə dəyər yaradır. Bunun başlıca səbəbi biznes mühitinin pis olması, eləcə də banklara inamın itməsi və səhm bazarının inkişaf etməməsidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG