Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

-

"Yeganə dərdi, müharibənin bəşəriyyətə gətirdiyi maddi və mənəvi ziyanlardaydı. Hərdən humanist fikirlər də düşüncələrindən yan keçmiş deyildi. Qorxaqlığını dünyəvi ideyalara, insanların birliyinə bağladığı məqamlar da az olmurdu".

"Meyitləri tapdalamamaq üçün hamıdan ehtiyatlı hərəkət edən də o idi. Bir dəfə fikir-xəyaldan ayağı yüngülcə üzü üstə yıxılıb qalmış ölmüş əsgərin çiyninə toxundu. Bu an bədənindən soyuq gizilti keçdi, ürəyinə ağrılı sancı düşdü".

Fikrət Yusubov

Dan yeri söküləndə evdə deyildim

Güllələr qulağının dibindən vıyıltı ilə ora-bura keçəndə, mərmilər sağ-solunda partlayıb torpağı göyə sovuranda sonuncu dəfə evdən çıxdığı vaxt müharibəyə gec yazıldığına görə utanc doğuran özünüqınaq hissinin indi necə də sadəlövhcəsinə görünməsinə gülümsündü. Gülümsəyərkən çöhrəsində heç bir xətt, qırış dəyişmədi; daxilində isə uzun müddət qürub tutan vahimə deyəsən bir balaca geri çəkildi. Müharibə elan olunan gündən içini yeyirdi, özünü xain və satqın xislətində görürdü. Axı necə ola bilərdi ki, bütün günü şagirdlərinə vətənpərvərlikdən, şanlı savaş rəşadətlərindən, yüksək qəhrəmanlıq keyfiyyətlərindən ürək dolusu söz açan, gənclərə yol göstərən bir şəxs indi müharibədən yayınmaq üçün tapdığı yüngül bəhanələrlə təsəlli tapa bilirdi. Damarlarından axan qanda duyduğu vətən təəsübkeşliyi hissi ruhunu daim uca zirvələrə qaldırmış, qəlbini fərəhlə doldurmuşdu. Hissləri başqaları kimi vəzifəsindən irəli gələn saxta, şablon tarixi irsin mühafizəkarlığına yönəlməmişdi. O, söylədiklərinə bütün varığı ilə inanmış, vətəninə zərrə qədər faydalı olmağı ulu əcdadları və tarix qarşısında müqəddəs borc hesab etmişdi. Malik olduğu yüksək patriotik xüsusiyyətlərinə görə daim fəxr duyar, bunu ən yüksək əxlaqi keyfiyyətlərdən biri hesab edərdi. Lakin indi könüllü şəkildə cəbhəyə getməli olduğu bir vaxta nədənsə geri çəkilməyə səbəb axtarır, qərarının hamı tərəfindən anlaşıqlı qəbul edilməsinə böyük ehtiyac duyurdu. Qanun müharibəyə getməyini məcburi etmirdi lakin özünün qürur və şəxsiyyətini ucuzlaşdırmağı necə qəbul etməli? İndiyədək yürütdüyü fikirlər, səsləndirdiyi çağırışlar hamısı yalnız sözlərdənmi ibarətdi? Həmvətənləri odun-alovun içində ölüm-dirim mübarizəsində çarpışanda, təhlükədən yayındığı üçün gizli sevinc duyğularını hansı qanuna sığdırmaq olar? Hər yanda müharibəyə aparılmadığından təəsüfləndiyini bildirdiyi bir halda qəlbinin qaranlıq bir güşəsində buna görə nə qədər şadlıq keçirməsini hamıdan gizlətsə də, özündən gizlədə bilmirdi. Küçədə, yolda adamlar arasında sıxılırdı, qaçıb gizlənmək istəyirdi. Bir kəsin üzünə məğrurcasına baxa bilmirdi, hamının yanında aciz və günahkardı. Son günlər daxilindəki ziddiyyətli fikirlər mənliyini tamam satsıtmışdı. İki əks qütb arasında qalan vicdanını susdurmaqda çətinlik çəkirdi. İndiyədək gördüyü işlərin hamısını puç etdiyini, bütün həyatının saxta bir yalandan ibarət olmasını heç cürə həzm edə bilmirdi. Maarifləndirdiyi, mənəvi dayaq olmağa çalışdığı məsum, saf gənclərə quru sözlər kifayət etməzdi, onlara nümunə lazımıydı. Bu nümunə də etibar edib inandıqları insandan qeyri biri ola bilməzdi. Bax o zaman, sözü ilə əməli uyğun gəldiyi vaxt gördüyü işin, apardığı siyasətin də dəyər-qiyməti olar, cismi uğrunda həlak olduğu torpaqlarda yox olub getsə də, amal və əqidələri hələ çox yaşardı.

Buna da bax: «Azərbaycan ordusu gecə hücuma keçir»- [Yeni kadrlar]

Əzablar içində qıvrıldığı axşamlardan birində birbaşa çağırış məntəqəsinə getdi. Gec də olsa mənəviyyatını sakitləşdirmək, şübhə və tərəddüdlərdən qurtulub çirklənmiş ləyaqətini təmizləmək qərarına gəldi.

***

Gecəyarı düşmüşdü. Həddən artıq darısqal və hündür olan səngərin bir küncünə qısılıb seyrək ulduzlara baxırdı. Ümid edirdi ki, əsgərlər arasında yayılan fərziyyə doğru çıxacaq. Belə söhbət gəzirdi ki, gecə ulduzlar az olanda, sabah hava günəşli olur. Əl-ayağı buz bağlamışdı. Qazılmış səngər torpağının rütubətli qoxusunu, gilli qatlarında kəsilib qalmış otların ətrini içinə çəkdi. Elə bircə, torpaq qazılan vaxtı əsgər beli altında ikiyə bölünmüş alaq otunun acı iyisi həyat eşqiylə dolu bədənini bu torpaqlar uğrunda fəda verməyə bəs edərdi. Naxoş, əldən düşmüş cismini, əzilmiş ruhunu da ayaqda saxlayan məhz bu idi. Titrədirdi, lakin bunun soyuqdanmı, xəstəlikdənmi, can qorxusundanmı yoxsa naşılığındanmı irəli gəldiyini bilmirdi. Çatar-çatmaz xəstələnmişdi, burnu axırdı. Halına yanacaq, düşdüyü vəziyyətə acıyaq adam axtarırdı. Dördgözlə gözləyirdi ki, biri gəlib qolundan yapışsın, kənara çıxarsın; könüllü gəlişinə hiddətini bildirsin; geri qayıtması üçün dil töksün. Nə edəsən ki, bu yaxşılığı edən tapılmayacaqdı, hətta dərənin birində gülləyə tuş gəlib ölsə belə heç kimin yadına düşməyəcək, heç kim fədakarlığı barədə tək kəlmə belə kəsməyəcəkdi. Gələndən bəri tez-tez doluxsunur, tez də özünü ələ alırdı. Müharibəni də unudub, qəm-qüssəyə batmışdı. Avtomatın üzü bum-buz idi. Silah tutan incə barmaqlarına, nazik biləyinə, içərisində itib-batdığı hərbi geyimə və bir də irəlidəki zirehli avadanlıqlarına, döyüş sursatlarına baxıb baxıb xəcalət çəkdi, bütün bunlar necə də bir-birinə zidd əlamətlərdi. Səngərdə növbə çəkən yoldaşlarının formalarına baxdıqda qəlbi fərəhlə doldu. Simalarındakı şücaət cəsarət doğurur, məğrur duruşları dönməzlik, qətiyyət ifadə edirdi. Doğma vətənlərinin keşiyində canlarından keçməyə hazır olan, şirürəkli oğullara görə qürur duydu. Bir də özünə nəzər saldı və xeyli kədərləndi: çox güman, solğun çöhrəsi kənardan qorxaqlıq, cılızlıq və dönüklükdən başqa bir şey vəd etmirdi. Bunlar isə heç də sadəcə görünüş deyildi, həm də daxilinin əksiydi. Dürüst və saf olmağını həmişə qəbahət hesab edərdi çünki hər zaman düzgünlüyü ucbatından başqalarından geridə qalmış və heç vaxt həyatda ciddi mövqə sahibi ola bilməmişdi. Bu dəfə isə zəif xarakteri ucbatından evindən-eşiyindən didərgin düşüb, çöllərdə sürünürdü. Kimlərsə isti evində oturanda, o soyuq iliyinə işləyə-işləyə, bir qarnı ac bir qarnı tox, yarıyuxulu halda şərəfli ölüm fürsəti axtarırdı. Ömrü boyu qarışqanı belə tapdalamağa cəsarət etməyən insan bundan daha artıq axmaq vəziyyət düşə bilərdimi? Vicdanı üsyan edib cəbhəyə yola salmışdı, indi isə onu odun içirəsinə atan qiyamçı duyğuları nəyə görəsə susurdu.

***

Çağırış məntəqəsindən elə axşam da yola düşmüşdülər. Ən tezi səhəri günü gedəcəklərini düşünsə də, vəziyyətin bu qədər ağır olduğunu təxmin etməmişdi. Köhnə “sadko” maşının arxasına doluşan könüllü dəstəsi vaxt itirmədən döyüşlərin qızğın getdiyi bölgəyə yola salınmışdı. Hələ yolda ikən qanı qaralmışdı. Dərk etmişdi ki, gedəcəyi yerdə heç bir güzəştə, heç bir mərhəmətə yol verilməyəcək. Başa düşdü ki, artıq zarafat və sadəlövh qəhrəmanlıq oyunlarına yer yoxdu: dönüş bir daha olmaya da bilər və onun şansı hamıdan daha azdı. Ömründə müharibə nədir bilməyən, heç vaxt silah üzü görməyən çaşqın fağır üçün ikinci şans olmayacaqdı. Maşının cırılmış çadırından düzənliklərə, yollara baxırdı. Uzaqlarda qarlı yamacların ətəyindəki yoxsul evlərin pəncərəsindən zəif işıq gəlirdi. Duman qatı bir tərəfdən işığı öz qolları arasında boğmuş, bir tərəfdən də daha da yayılmasına yol açaraq ecazkar mənzərə yaratmışdı. Dərin köks ötürdü, bəlkə də bu yerlərə bir daha gəlməyəcəkdi, özü öz ayağı ilə ölümə qonaq gedirdi. Bir anlıq yaşadığı küçəni, bir tərəfinin boyası tökülmüş köhnə binalarını xatırladı. Məktəbi göz önündə canlandırdı; bayaqdan bəri yadından çıxmayan balaca qızı, ailəsi foto şəkil kimi qarşısında işıqlandı. Get-gedə hamısından uzaqlaşırdı, qeyri-müəyyənliyə, mübhəmə tərəf gedirdi. Eyni çadır altında otursalar da, bayaqdan bəri heç kimlə bir kəlmə də kəsməmişdi. Hamı mehribanlıqla deyib-gülürdü, sanki qarşıdakı təhlükəni, əzab-əziyyəti görməzdən gəlirdilər. Yoldaşlarının “sükut”u onu daha da əzirdi. Az qalırdı qabaqlarına qaçıb, yaxalarından yapışaraq soruşsun ki, nədir onları bu qədər vecsiz edən, nədir onları içini bu qədər rahat edən səbəb? Təşviş və daxili narahatlıqdan sonra yeganə təsəllini sürücüdə tapdı. Xeyli dalğın sürücünün yorğun gözlərindən qəm tökülürdü. Müharibənin bütün ağrısını gözlərində görmək olardı və bu gözlər sanki onunla eyni kədəri paylaşırdı. Hərdən bir maşın çökəkliyə düşəndə, atılıb-düşür, dəmir dayaqlara çırpılırdılar. Şəhəri arxada qoyub kəndə daxil olduqlarından bəri, yarıq çadırdan görünən mənzərələr də dəyişirdi. Hər yer yaşıllıq, dağlıq və düzənliklərlə əhatələnmişdi. Bu görüntülər onun qəmini daha da uzaqlara aparır, iztirablarını genişləndirirdi. Məsafə artdıqca təbiət də dəyişirdi, havanın temperaturu azalırdı. Ona görə də bənizi qaçmış, üşüyən əllərinin cibində gizlətmişdi. Bir gözü çadırın o tərəfindəki dünyanı görürdüsə, o biri gözü sürücünün yazıq gözlərini güdürdü. Nəhayət maşın yavaşıdı, arxa hissəsi açıldı, hamı bir-bir yerə atıldı. Onları ilk qarşılayanlardan biri də sevinclə qabaqlarına qaçıb mehribancasına quyruq bulayan çəlimsiz köpək oldu. Onun heç nədən xəbəri yoxuydu, o insanların gəlişini bayram edirdi.

***

Döyüşlər şiddətlənmişdi. Havadan qan qoxusu gəlirdi. Ölü və yaralıların ardı-arası kəsilmirdi. Canıyla çəkişən binəvaların ah-fəryadı, iniltisi tükürpədici vahimə yaratmışdı. O, hələ sağ idi. Öz ölümündən nə qədər ehtiyat etsə da, yanında çapalayan, son nəfəsini verməkdə olan, qolu-ayağı kəsilmiş adamların vahiməli halından qorxub qətiyyən can dərdinə düşməzdi. Yeganə dərdi, müharibənin bəşəriyyətə gətirdiyi maddi və mənəvi ziyanlardaydı. Hərdən humanist fikirlər də düşüncələrindən yan keçmiş deyildi. Qorxaqlığını dünyəvi ideyalara, insanların birliyinə bağladığı məqamlar da az olmurdu. Çox keçmədən içindəki ümumbəşəri fikirləri əmələ gəldiyi kimi də boğurdu çünki indiki vəziyyətə bu onu ancaq xəyanətə doğru apara bilərdi.

Dan yeri indi-indi ağarırdı, günəşin zəif qırmızı işartısı səmanın ənginliklərindən ətrafa yayılmağa başlayırdı. Hər yer işıqlanmışdı. Meyitlərin arasıyla ağır-ağır qarşı məntəqəyə doğru addımlayırdılar. O, hamıdan arxada qalmışdı. Meyitləri tapdalamamaq üçün hamıdan ehtiyatlı hərəkət edən də o idi. Bir dəfə fikir-xəyaldan ayağı yüngülcə üzü üstə yıxılıb qalmış ölmüş əsgərin çiyninə toxundu. Bu an bədənindən soyuq gizilti keçdi, ürəyinə ağrılı sancı düşdü. Böyük günah işlətmiş insan kimi daxili böhran keçirdi. Bəzən nəzərləri meyitlərin gözlərinə, dərilərindəki laxtalanmış qana, güllənin açdığı oyuq yarasına ilişər, onların müharibədən əvvəlki həyatlarını təsəvvür etməyə çalışardı. Həyat gözündə nə qədər ucuzlaşsa da, ayağını savaş torpaqlarına basdığı gündən cəsurluğunu göylərin qiymətləndirəcəyini, ölümün güdazına verməyəcəyinə inanmışdı. Axı o hələ ölə bilməz, həyatı hələ qabaqdadı, hələ uşaqlarını böyüdəcək, hələ sonsuz göylərin seyrinə dalacaqdı. Havada şaxta duyulurdu. Ətraf cansız və solğun dona bürünmüşdü. Bayaqdan bəri torpağa yönəlmiş nəzərləri, birdən-birə cavan əsgərin örtülü gözlərinə düşən günəş şüasını gördükdə, başını qaldırıb dörd bir yanına baxdı. Qaranlıq tamam çəkilmişdi. Bütün günün faciəsini gizlədib, ölü bədənləri qaranlığında saxlayan gecənin vahiməli sükutü çəkilmişdi, doğma günəş yenə də göyə çıxıb gizlinləri aşkar edirdi. Elə bil, döyüş sona çatmışdı, dəhşətli yuxudan ayılıb evlərinə qayıdırdı. Lakin uzaqlarda yenə də atışma səsləri eşidilir, ağrı-əzab hələ də onlarla birlikdə addımlayırdı. Havanın işıqlanması, dağlara-daşlara nur ələnməsi onu yenə köhnə həyatına qaytarırdı. Həmişə səhər erkəndən oyanıb işə hazırlaşanda eyniylə bu cür mənzərə yaranardı- ilıq günəş şəfəqləri pəncərələrdən binalara, evlərə düşər, ətrafı məsumiyyətə qərq edərdi; hər yer nəcə də sakitlik və dinclik içində olardı. Sanki günəşin görünməsiylə adamlar da yenidən doğulur, yeni gün həyatlarına yeni ruh bəxş edirdi. Doğma təəsüratlar geri qayıtmışdı. İndi də hər yerdə dinclik höküm sürürdü, həmin məsumiyyət yenə qayıtmışdı. Ancaq bu ölü dinclik özüylə bərabər hədsiz ağrı-acı da gətirmiş, ruhlarını əzablı üzüntüyə düçar etmişdi.

***

Qara tüstü səmanı büsbütün tutmuşdu. Elə-bil yer-göy insanların göz yaşına qoşulub yasa bürünmüşdü. Güllə yağış kimi üzərlərinə yağıb canlar alırdı. Müharibədən yayındığı vaxtlarda necə narahat idisə, cəbhə bölgəsinə daxil olduğunda ölümə nə dərəcədə yaxın olduğunu görüb halı necə pərişan olmuşdusa, indi də savaşın ortasında döyüşə bilməməsinə görə bir o qədər əzab çəkirdi. Günlər ötməsinə baxmayaraq hələ nə bir düşmən öldürə bilmişdi, nə də bir kiçik faydası dəymişdi. Silahının nişangahının hara olduğunu bilmədən, hədəflərdən xəbərsiz halda hara gəldi, qeyri-müəyyən istqamətlərə atəş açardı, sadəcə olaraq atmaq xatirinə, yoldaşlarının ağlına yalnış fikirlər salmamaq üçün. Başqa cür bacarmazdı, hərbi bilikdən, hərbi hazırlıqdan tamamilə uzaq və buna heç vaxt səriştəsi çatmayacaq qədər aciz insan idi. Həmişə arxa cərgələrdə gedər, gizlənməyə yer axtarar, mümkün təhlükələrdən qorunardı. Heç vaxt özünü təhlükəyə atıb, sinəsini gülləyə sipər etməzdi. Nəinki canının hayına qalıb düşməndən gizlənirək vətənə dönük çıxırdı, eyni zamanda çiyin-çiyinə vuruşduğu yoldaşlarını təhlükə altında qoymağı da özünə rəva bilirdi. Gözü düşmən axtarıb məhv etmək əvəzinə qorunmağa daldalanacaq yer axtarması, hətta öz əsgər yoldaşları arxasında gizlənməsini şərəfinin bulanması kimi qəbul etsə, döyüşə yararsız olduğunu, sadəcə olaraq hisslərin hesabına bura gəlib çıxdığını dəqiq bilirdi. Nə ölümündən fayda vardı, nə də dirisindən, odur ki, çıxış yolu kimi şikəst olmağı arzulayırdı. Kaş minaya düşüb qıçı kəsiləydi, ya da qolundan-bədənindən ağır yara alıb birdəfəlik şikəst qalardı. Onda vicdanı da təmiz qalardı, müharibə bəlasından da ömürlük xilas olardı. Yaxşı bilirdi ki, belə halda yenə ömürlük vicdan əzabı çəkəcəkdi ancaq bəlkə şikəstliyi mənəvi əzablarını az da olsa unutduraydı. Qəfildən düşmən gülləsindən ölməyə də hazırdı, lakin özünü heç nə olmamış, boş yerə qurban edə bilməzdi. Özü öz kəndirini kəsə bilməzdi. Səmimiyyətinə şübhə etsə də, övladını atasız qoymağı heç də ədalətli hesab etmirdi. Boş yerdən şəhid olub əzablardan, suallardan xilas olmaq fikrindən imtina etməsini övladının ayağına yazsa da, buna bir o qədər inanmır, qorxaqlığının acı təzahürü kimi qiymətləndirirdi. Başqa bir təsəllisi də vardı, tək bir düşmən əsgəri ilə üz-üzə, göz-gözə gəlib əlbəyaxa döyüşmək. Bəlkə onda, hər şey bir kənara qoyub həyatını əlindən almaq istəyən düşmən övladına, daha dəqiq deyilsə adi bir adama qarşı amansız olardı və canını almaq istəyənin canına qıya bilmək təpərinə sahiblənərdi. Hər zaman kinayə etdiyi, yuxarıdan aşağı baxdığı qorxaq, satqın tipi elə məhz öz içində gizlənmişdi və bu ona acı verirdi.

Buna da bax: Anar, Fikrət Qoca müharibə vaxtı Türkiyədə gizlənmişdilər

***

Daxil olduqları şəhərdə binalar dağıdılmış, evlər uçurulmuş, sakinlər qətlə yetirilmişdi. Tanklar, zirehli maşınlar, vertolyotlar dağıntılar arasından od yağdırırdı. Qan su yerinə axıdılır, böyük-kiçik, qadın-körpə tanımadan günahsız canlara qəsd edilirdi. O, hələ də sağ-salamat vəziyyətdə əsgər yoldaşlarıyla birlikdə boş divarları qalmış binanın zirzəmisində gizlənib düşmən hücümunu dəf etməyə çalışırdılar. Bu günə qədər burnunun ucu belə qanamamışdı. Yaralı yoldaşlarının yanında yenə də yararsız və qorxaq simasına düşdüyündən işgəncə çəkirdi. Bu günədək salamat qalmasını təsadüf hesab etsə də indi daha artıq möcüzə olmayacaqdı. Düşmən qüvvəsinin binanı ələ keçirməsi an məsələsiydi. Get-gedə içərilərə daxil olurdular, onları durdurmaq artıq qeyri-mümkün görünürdü. Sayları durmadan azalır, texnikaları məhv edilirdi. Avtomatlar susmaq bilmir, güllələr yağış kimi ordan-bura, burdan-ora yağdırılırdı. O, hamının gözündən uzaq bir yerdə zirzəminin ən arxa dayağına söykənib durmuşdu. Avtomatı yoldaşlarındakından fərqli olaraq susmuşdu. Silah tutmaq xatirinə götürülmüş avtomat özü kimi hərəkətsiz qalmışdı. Hələ də qəbul edə bilmirdi ki, hər şey elə buradaca bitəcək. Sağ qalan axırıncı əsgər yoldaşları gözü önündə bir-biri vurulub yerə səriləcək. Düşmən onu yox biləcək lakin içəri daxil olduqlarında divara qısılmış hürkmüş əsgəri görüb qanını yerə axıdacaqdılar. Gözlənilməz hücümdan necə sarsılmışdısa, balaca qızı, ailəsi də yadına düşmürdü. Ölümə aparan darvazanın qapısı önündə nəzərləri uzaqlara yönəlmiş halda qalmışdı. Ancaq qəfil partlayış bütün fikrini dağıtdı. Hər yer yanırdı. Nə baş verdiyini anlamadan şüursuz surətdə dağıntılar arasından çıxıb arxa qapıdan birinci mərtəbəyə keçdi. O qədər həyacanlandı ki, ayağının altındakı sahibsiz ayaqları, kəsilmiş qolları görə bilmədi. Döyüş meydanında tək qalmasını dəhşətli yuxu kimi qəbul edirdi. Ən çox ehtiyat etdiyi, ən çox qorxuduğu hadisə baş verirdi, çox keçməyəcək tənhalıqda öldürüləcək, ölü cəsədi günlərlə torpaqda qalıb qoxuyacaq və yalnız günəşli bir gündə əvvəl gördüyü əsgər meyitlərinin üzünü nurlandıran işıq onun da üzünu aydın edəcəkdir. Bir az irəliləmişdi ki, yerdə tanış üzlər gördü. Komandirləri və hələ də uşaq hesab ediləcək iki cavan əsgər yoldaşı amansızcasına öldürülmüşdü. Bu an qəhər boğdu, gözlərindən yaş damcıları axmağa başladı. Yaşlı gözləri yaxınlaşmaqda olan düşmən piyadalarını gördü. Birinci dəfə qorxaqlar kimi gizləndiyinə görə böyük təəsüfə batdı, bərk narahatlıq keçirdi və birinci dəfə yanında qıyılan canların öz canından heç də ucuz olmadığını anladı. Qısa zaman kəsiyində həyat və ölüm arasında mürəkkəb bir düyünü açmalı olan insan kimi tərəddüd keçirdi və ürəksiz halda qumbaraya əl atdı. Özünü və düşmənlərini partlatmaq necə də gözəl hiss imiş. Lakin yenə nəsə baş verdi, əli yavaşıdı, üfüqdə bayraqlarını daşıyan tankı gördü, yoxsa xilas olmuşdu?Bu an nə ayaqları altında qanı axıdılan yoldaşlarının halı, nə də vətən düşündü, sadəcə olaraq özünü düşündü, yenə də xilas olurdu. Kiçik bir sağqalma ehtimalına görə necə də sevinc keçirirdi və bu an şəxsində toplanan həyat eşqi hər bir hissi üstələdi: vətən, vicdan və şərəf deyilən duyğuları məğlubiyyətə uğradı. Lakin daha artıq şadlanmağa fürsəti olmadı, o vuruldu...

***

Pərin uğultulu gurultusuna oyandıqda xərəkdə üzü vertolyotun tavanına doğru uzadılmışdı. Sağ çiynində dəhşətli ağrı hiss edirdi amma yarıyumulu yorğun gözləri gülürdü- O ki, xilas olmuşdu. Vurulmazdan əvvəlki hadisələri xatırlamağa çalışdı, müharibə mənzərələrini xəyalından keçirdi və çox rahatladı. Ətrafında döyüşçülər əyləşmişdi, bəli, o nə əsir alınıb işgəncəyə məruz qalacaqdı, nə də tənha meydanda qətlə yetirləcəkdi. O qədər zəif düşmüşdü ki, xoş xəyalların ağuşunda yenidən hüşunu itirdi.

Növbəti dəfə gözünü açdıqda, hərbi xəstaxanın ağ tavanını gördü. Soyuq səhərin ilıq günəşi yorğanını qızdırırdı, köhnə xoşbəxt çağlara qayıtmış kimi görünürdü. Lakin bu dəfə hər şey dəyişmişdi; rahat bir yerdə uzadılsa da, yarasına məlhəm qoyulsa da, müharibənin od-alovundan çıxıb əminlikdə olsa da, içini böyük bir məyusluq sarmışdı, yenidən vicdan əzabının səsini duymaqdaydı. Böyük bir xəyanətin içində olmasını, böyük bir namərdliklə barışması ona çox ağır gəldi. Yoldaşları həlak olmuşdu, o isə uzanıb salamat çıxmasını qeyd edirdi, lap elə əvvəllər nifrət etdiyi nalayiq adamlar kimi. Bir anlığa yarımçıq saxladığı işi bitirmək istədi, ölmək üçün, qanının vətən torpağına tökülməsi üçün ikinci şansa böyük ehtiyac duydu. Nəfəs ala-ala, işıqlı dünyada vicdan əzabı çəkə-çəkə ölmək əvəzinə, kişi kimi, igid bir ər kimi savaş meydanında ölməyi daha üstün tutdu. Başıalovlu halda ayağa qalxdı, qollarına sancılan sistem borucuqlarının çıxmasından da xəbəri olmadı, palatanın qapısına süründü. Qapıya çatmamış müvazinəti itirib yerə yıxıldı. Kafel döşəmənin üzərində özünə cığır açmağa çalışan isti qan topası gördü. Bu onun qanı idi. Bədəninin sızıldamasını, axan qanı görüb bir balacaq təskinlik tapdı. Həkimlər yerdən qaldırıb, sınmış ayağını bağladılar. Daha qaçmaq şansı da qalmadı, yeganə ümidi yaxşılaşıb yenidən cəhbəyə dönməkdi. Buna görə dinməz-söyləməz tabe olub tezliklə sağalıb ayağa qaxlmasını şiddətlə arzulamağa başladı.

Bir-neçə gündən sonra sevinə-sevinə içəri qaçan tibb bacısı hamıya şad xəbərin müjdəsini verdi, müharibə qələbə ilə bitmişdir!

O gün hamı sevinirdi, o isə dərin hüznə batmışdı. Şərəflə yaşamaq üçün yeganə ümidi də itirilmişdi. Müharibədən cismən sağ çıxmışdı, mənən isə çoxdan ölmüşdü.

18.09.16

Günün bütün mövzuları

XS
SM
MD
LG