Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:11

Bashar Assad: 'Hamısı sabun köpüyüdür'


Bashar al-Assad
Bashar al-Assad

«The Associated Press» (AP) informasiya agentliyi Dəməşqdə Suriya prezidenti Bashar Assad-dan müsahibə alıb. Prezident Suriyada atəşkəs cəhdi, Birləşmiş Ştatlar, Rusiya və Türkiyənin Suriyada rolu, BMT sülhməramlılarının qətlindən tutmuş, ölkənin gələcəyiylə bağlı gözləntilərinə qədər müxtəlif məsələlərdən danışıb.

Jurnalist söhbətə Suriyada atəşkəs barədə sualla başlayıb: «Rusiya, Birləşmiş Ştatlar və başqaları inanırlar ki, son hadisələrə və qarşılıqlı ittihamlara baxmayaraq, atəşkəs bərpa oluna bilər. Bu fikirlə razısınızmı və yenə cəhd etməyə hazırsınızmı?».

«GÜNAHKAR ABŞ-DIR»

Bashar Assad: «Biz əməliyyatların istənilən şəkildə dayandırılması barədə öhdəlik götürməyə hazır olduğumuzu demişik. Amma məsələ təkcə Suriyada, ya da Rusiyada deyil, həm də Birləşmiş Ştatlardadır, İŞİD-lə («İslam Dövləti» silahlı qruplaşması), «Əl-Nusra», «Əl-Qaidə», Birləşmiş Ştatlar, Türkiyə və Səudiyyə Ərəbistanı ilə bağlılığı olan terrorçu qruplardadır… Bu, Suriyada əməliyyatların dayandırılmasından ötrü atılan ilk addım deyil. Atəşkəs cəhdi fevralda da oldu, amma bir şey çıxmadı. Məncə, günahkar Birləşmiş Ştatlardır, mən əminəm ki, onlar Suriyada zorakılığa son qoymaq məsələsində səmimi deyillər».

Rusiya və Amerikanın silahlı qruplaşmalara qarşı birgə mübarizə ehtimalı barədə suala cavabında Assad bunun mümkün olmadığını, ABŞ-ın terrorçulardan Suriyadakı vəziyyəti idarə etmək üçün yararlandığını deyib.

Assad Birləşmiş Ştatların Suriya qüvvələrini səhvən bombalaması barədə bəyanatını da şərh edib: «Suriya silahlı qüvvələrinə 1 deyil, 4 təyyarə hücum edib və hücum bir saat, bəlkə də çox çəkib… İkincisi, onlar hansısa tikiliyə deyil, yüksəkliklərdən ibarət bütöv bir əraziyə hücum ediblər…Amerikalılardan dərhal sonra ora İŞİD-in dəstələri hücum edib. Onlar amerikalıların həmin mövqeləri bombalayacığını haradan bilirdilər? Yəni bu hücum bilməyərəkdən deyil, bilərəkdən edilib».

Yardım daşıyan karvanın vurulması
Yardım daşıyan karvanın vurulması

«SABUN KÖPÜYÜDÜR»

Assad keçən həftə Suriyaya yardım daşıyan karvanın bombalanması xəbərinə də münasibətini bildirib. Ağ Ev hücumun arxasında ya Suriya, ya da Rusiyanın dayandığını elan edib. Bashar Assad deyib ki, «Amerika rəsmilərinin Suriyadakı münaqişəylə bağlı dediklərinin heç birinin əsası yoxdur, danışdıqlarının hamısı yalandır, sabun köpüyüdür… Karvan silahlı qrupların nəzarətində olan ərazidə vurulub».

Jurnalist: «Şahidlərin AP-ə verdiyi məlumata görə, karvana 20 raket atılıb. Yanmış cəsədləri əks etdirən videolar var. Şahidlər həm də kaset bombalar haqda danışırlar, sizin administrasiya kaset bombalardan istifadə etməkdə günahlandırılır. Siz bu hücumun yerdən olduğuna hələ də inanırsınız?».

Bashar Assad: «Birincisi, BMT karvana hücumun havadan olmadığını bildirib. İkincisi, hadisənin baş verdiyi vaxt terrorçular Suriya qüvvələrinə havadan hücum etmişdilər. Onlar raket atdılar, biz cavab vermədik. Üçüncüsü, belə bir ittihamı səsləndirərkən şahidlərdən danışa bilməzsiniz. Kimdir o şahidlər? Onlara inanmaq olarmı? Bilmirik».

«ÖHDƏLİYİMİZ VAR»

Jurnalist: «Ölənlərə qohumluğu olan şahidlər var, «Ağ dəbilqəlilər» var, havadakı vertolyotları görən xeyli adam var. Hazırda yalnız Suriya və Rusiya vertolyotlardan istifadə edir. Siz bunun uydurma olduğunu deyirsiniz?».

Bashar Assad: «O şahidlər yalnız Suriya ordusu, ya da Rusiyaya qarşı ittihamlar səslənəndə peyda olurlar. Terrorçular cinayət törədəndə şahid olmur, o «Ağ dəbilqəlilər»in də adı çəkilmir… Əslində bu, bizim maraqlarımıza uyğun deyil. Çünki vətəndaşlara yardım aparan maşın karvanını vursaq, biz terrorçuların maraqlarına xidmət etmiş olarıq… İkincisi, dövlət olaraq, bizim Suriya xalqı qarşısında öhdəliyimiz var… onların əsas ehtiyaclarını ödəməyə yardım etmək öhdəliyimiz var».

Suriya prezidenti ölkəsində insan haqlarının pozulması, mühasirədə olan ərazilərdə əhalinin aclıqdan, xəstəliklərdən əziyyət çəkməsi, xəstəxanaların, məktəblərin bombalanması, əhaliyə qarşı kimyəvi silahlardan istifadə olunmasıyla bağlı ittihamları da rədd edib. O, Suriya əhalinin terrorçulardan, müharibədən qaçdığını, ordu torpaqları azad edən kimi qaçqınların geri qayıdacağını, buna inandığını və bu barədə narahat olmadığını deyib.

İordaniyada Suriya qaçqınları
İordaniyada Suriya qaçqınları

QAÇQINLAR SURİYAYA NƏ VAXT DÖNƏ BİLƏCƏK?

Jurnalistin «Bəs bu, nə vaxt olacaq? Sizin fikrinizcə, Suriya qaçqınların qayıda biləcəyi ölkə səviyyəsinə nə vaxt çatacaq» sualına cavabında Bashar Assad deyib: «Daxili faktorlara əsasən danışsaq, bunun çox tez baş verə biləcəyini deyə bilərəm. Qaçqınlar ölkəyə bir neçə ayın içində qayıdarlar və mən buna əminəm. Amma bu məsələyə qlobal və regional münaqişə kimi yanaşsaq, nəzarət edə bilmədiyimiz xarici qüvvələrin varlığını nəzərə alsaq, heç nə deyə bilmərik. Bunu yalnız terrorçuların arxasında duran dövlətlər deyə bilərlər, çünki terrora yardımı nə vaxt dayandıracaqlarını yalnız onlar bilirlər… Mən Erdoğan-ın, Birləşmiş Ştatların, ümumiyyətlə Qərbin və əlbəttə, Səudiyyə Ərəbistanı və Qətərin terrorçulara yardımı bir neçə aya dayandıra biləcəyinə inanmıram… Yalnız o halda, Suriyadakı vəziyyət heç bir maneə olmadan düzələ bilər».

Rusiyanın Suriyada rolundan danışan Bashar Assad bildirib ki, Rusiyanın müdaxiləsindən və Suriya ordusuna «qanuni» yardımından sonra onlar özlərini daha yaxşı hiss etməyə başlayıblar, bir neçə əsas şəhəri, mövqeləri terrorçulardan azad ediblər.

Amerikanın prezidentliyə namizədlərindən gözləntiləri barədə suala isə Bashar Assad belə cavab verib: «Amerikada prezidentliyə namizəd olan hər kəs seçki kampaniyası zamanı bir şey deyir, seçkidən sonra başqa şey edir. Amerika rəsmiləri səhər dediklərini axşam eləmirlər. Bu adamları dediklərinə görə qiymətləndirmək olmaz… Biz onların bəyanatlarına qulaq asmırıq, nə deyirlər-desinlər, bizim üçün fərqi yoxdur, biz onlara inanmırıq. Onların yeni prezidentini gözləməli olacağıq, onların siyasətinə, davranışına baxacağıq. Gözləntimiz çox deyil, heç vaxt çox olmayıb. Bizim ümidimiz var. Ədalətli, beynəlxalq qanuna tabe olan, başqalarıyla qarşılıqlı hörmətə əsaslanaraq münasibət quran məqsədyönlü Amerika prezidenti görəcəyimizə ümid edirik. Amma hamımız bilirik ki, bu, yalnız arzudur, fantaziyadır».

Rusiya Suriya prezidenti Bashar al-Assad-ın əsas tərəfdarıdır. Assad-a qarşı çıxan üsyançı qrupları isə Qərb və Körfəz ölkələri dəstəkləyir. Əksər insan haqları qurumları Assad rejimini ölkədəki vətəndaş müharibəsininkörüklənməsində, dinc əhalinin ölümünə bais olmaqda ittiham edir.

XS
SM
MD
LG