Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

İlham Əliyevin liderlik keyfiyyəti, «Əsrin müqaviləsi»nin nəticələri, SOCAR istiqrazlarının taleyi və ölkədə iqtisadi geriləmə bu gün medianın aparıcı mövzusudur.

ƏSL LİDERLİK ÖRNƏYİ-İLHAM ƏLİYEV

«Azərbaycan» qəzetində «Qətiyyətin və cəsarətin İLHAM ƏLİYEV örnəyi» sərlövhəli məqalə dərc edilib.

Müəllif öncə ayrı-ayrı dövrlərdə liderlərə tələblərin dəyişdiyini vurğulasa da, bir tələbin dəyişməz qaldığını qeyd edir: «Bütün dövrlərdə tarixin əsl liderdən bir dəyişməz tələbi olub: qətiyyət və cəsarət. Bu gün İlham Əliyevin şəxsində, hər gün gördüyümüz qətiyyət və cəsarət isə indi yalnız bir liderin deyil, artıq bütöv bir millətin, dövlətin səciyyəvi xüsusiyyətidir».

Müəllifin düşüncəsinə görə, son illər ölkənin nüfuzunun artması təbii proseslərin nəticəsi deyil: «Bu nailiyyətlər birbaşa olaraq prezident İlham Əliyevin fövqəladə fəaliyyətinin, nümayiş etdirdiyi qeyri-adi əzmkarlığın, səmərəli rəhbərlik qabiliyyətinin, yüksək diplomatik bacarığının, əsasən də qətiyyət və cəsarətinin məntiqi yekunudur».

Daha sonra müəllif bu yaxınlarda Bişkekdə keçirilən MDB Dövlət başçılarının sammitində İ.Əliyevin Ermənistan prezidentinə cavabını xatırladır. Bunu Azərbaycan dövlət başçısının liderlik keyfiyyətlərinin ən bariz təcəssümü kimi dəyərləndirir: «İlham Əliyev Azərbaycan adından Sarkisian-a və Ermənistana ittiham mətnini oxudu!».

Müəllif Azərbaycana səfərə gələn Avropa Parlamenti nümayəndə heyəti ilə görüşü də dəyərləndirir: «İlham Əliyevin Azərbaycan adından Avropa Parlamentinin deputatlarının üzlərinə qarşı səsləndirdiyi sərt ittihamlar, onların real faktlarla tam ifşası isə ayrı bir Liderlik nümunəsi, yeni diplomatiya dərsi, növbəti qətiyyət və cəsarət örnəyi idi!».

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

NEFT KONTRAKTLARININ ACINACAQLI SONU

Azadliq.info saytında dərc edilən «Hökumət hansı uğurla öyünür?» sərlövhəli məqalədə 22 il öncə, 1994-cü ildə imzalanmış neft müqavilələrinin nəticəsi müzakirə edilir.

Müəllif qeyd edir ki, «Əsrin müqaviləsi» adlandırılan bu layihənin nəticəsində ölkəyə 150 milyard manata yaxın vəsait gəlib. Əvəzində ölkənin xarici borcu durmadan artmaqdadır: ««Əsrin müqaviləsi»ndən o zaman bəh-bəhlə danışmaq olardı ki, neftdən asılı olmayan ölkəmiz, səfalət içində yaşamayan xalqımız olsun».

Yazıda vurğulanır ki, ölkə neft asılılığından çıxmayıb. İqtisadi göstəricilər aşağı düşməkdə davam edir. 2.5 milyon nəfər vətəndaşın kredit borcu var, bank sektoru iflic olub, ölkənin adı isə qeyri-azad ölkələr siyahısına düşüb: «Deməli, neft milyardlarından ölkəni irəli aparmağa görə yox, geriyə salmaq üçün istifadə olunub. Dövlətin sərvəti bir qrup adamın şəxsi əmlakına çevrilib, dövlət maraqları şəxslərin marağına qurban verilib».

Müəllifin düşüncəsinə görə, hakimiyyət rəsmiləri Allahın bu ölkəyə bəxş etdiyi sərvətlərdən özlərinin varlanması və ölkənin tənəzzülə sürüklənməsindən ötrü istifadə edib: «Xalqa «Əsrin müqaviləsi» ilə təsəlli verənlər xalqı borc müqaviləsi bağlamağa, intihara, səfalətə sürükləyiblər».

Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev

İSTİQRAZLARIN TALEYİ

«Exo» qəzetində «SOCAR-ın istiqrazlarının populyarlığı, hələlik, sual altındadır» sərlövhəli yazı oxumaq olar. Yazıda ekspertlərlə SOCAR-ın bu günlərdə dövriyyəyə buraxdığı istiqrazların gələcək taleyi müzakirə edilir.

Müəllif əvvəlcə rəsmi bilgiləri çatdırır. Yazıda qeyd edilir ki, istiqrazlar 1000 dollar nominal dəyərə malikdir. İllik 5 faiz gəlir gətirməlidir.

Ekspertlərdən Oqtay Haqverdiyev bildirib ki, SOCAR-ın xərcləri gəlirlərini üstələyir. Ona görə də satışa istiqraz buraxmaq məcburiyyətində qalıb:
«Buna baxmayaraq, şirkət onların birbaşa fəaliyyətlərinə aid olmayan sosial layihələrə vəsaitlər xərcləyir. Yeri gəlmişkən, istiqrazlar milli valyuta ilə yox, dollara satılır».

Ekspertin deməsinə görə, indi çətin ki, Azərbaycanda kimlərsə bu istiqrazlara meyl etsin. Çünki cəmi 5 faiz illik gəlirdən söhbət gedir: «Ona görə demək çətindir. SOCAR-ın bu istiqrazları nə qədər populyar olacaq və onları tam həcmdə satmağa nail olacaqmı?».

Yazıda qeyd edilir ki, Maliyyə Nazirliyi də qısamüddətli istiqrazlar buraxıb. Onu, əsasən, Mərkəzi Bank alıb, sonra da nazirliyə qaytarıb. Ekspertin deməsinə görə, Maliyyə Nazirliyi bu istiqrazları büdcədəki kəsirləri bağlamaq məqsədilə buraxır: «Odur ki, bu sistem daxilində sadə vətəndaşın bu istiqrazları əldə etməsi faktiki mümkün deyil. Baxmayaraq ki, qanun hər bir vətəndaşın istiqraz alması haqqını tanıyır», -yazıda vurğulanır.

Yük

Yük

İXRACDA 2 DƏFƏ AZALMA

«Bizim Yol» qəzetində «Ölkədə idxal və ixrac rəqəmləri get-gedə kiçilir» sərlövhəli məqalədə ölkə iqtisadiyyatının mövcud durumu araşdırılır.

Məqalədə gömrük statistikasına istinadən bildirilir ki, ölkədə ən çox idxal və ixrac edilən məhsulların həcmi əhəmiyyətli şəkildə azalıb: «2015-ci ilin 8 ayı ərzində xaricə 9 milyard 190 milyon 564.16 min dollar dəyərində məhsul ixrac etmişik. Bu ilin müvafiq dövründə bu rəqəm 5 milyard 790 milyon 280.97 min dollar dəyərindədir. Göndərilən məhsulların həcmində 37 faizlik bir azalma mövcuddur».

Müəllif qeyd edir ki, neft və kimya məhsullarının ixracında da ciddi azalmalar baş verib.

Yazıda bildirilir ki, bu il xaricə daha çox meyvə-tərəvəz, qara metal, pambıq lifi, plastmas və plastmas məmulatlar satılıb.

Müəllif vurğulayır ki. ölkəyə ətin, şəkərin idxalı artıb. Yağın qiyməti isə ciddi şəkildə bahalaşıb. Müəllif yenə rəsmi rəqəmlərə istinadən bu artımın və bahalaşmanın həcminə toxunur: «Bu il ölkəyə 820 milyon 647.83 min dollarlıq yeyinti məhsulları gətirilib. Keçən ilin eyni dövründə idxal olunan yeyinti məhsullarının həcmi bundan az - 666 milyon 829.01 min dollar təşkil edib».

Müəllif 2014 və 2015-ci il ilə müqayisədə bu il ixracın 2 dəfəyə qədər azaldığını xüsusi olaraq nəzərə çatdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG