Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

-

"Bir dəfə məktəbdə uşaqlar soruşanda ki, “bəs sənin atan hanı?” dedim ki, “mən atasız doğulmuşam”. Onda onlardan birinin “İsa peyğəmbərlə eyni sinifdə oxuyurmuşuq, xəbərimiz yoxdu” cavabına hər kəs çox gülmüş və mən çox ağlamışdım".

Əli Mustafa

CIRILMIŞ FOTOŞƏKİL

Əli Mustafa.

Əli Mustafa.

Köhnə, doxsanlardan qalma olduğu üzərinə həkk olunmuş qadının geyim və makyajından bilinən şəkil ortadan iki cırılıb. Səliqəsiz və necə gəldi cırıldığından onu qəzəbli bir əlin paraladığı bəllidir. Şəklin cırıldığı yer kəsilmiş bədən üzvünün yeritək saralıb və bu onun lap çoxdan edilmiş bir əməliyyat olduğuna dəlildir. Yan tərəfi isə elə səliqəli kəsilib götürülüb ki, usta bir əlin nazlandırılaraq onun üstündə işlədiyi çox açıqdır. Sənət işi.

Abadlığını çoxdan itirmiş parkın köhnəlib rəngini itirmiş skamyasında oturan qadınınsa, üzündə haradan gəldiyi bilinməyən, naməlum bir təbəssüm var. Servantın üstünə qoyulmuş gül vazasına söykənib bizə baxır. Gözləri o qədər işıq saçır ki, insan ondakı yaşamaq arzusuna paxıllıq etməkdən özünü ala bilmir. Bəlkə də şəklin çəkildiyi an o, dünyanın ən xoşbəxt, ən bəxtəvər qadınıymış. Özü də köhnə geyimdə, səliqəsiz görünən makyajda, boynuna və qoluna taxmağa hər hansı zinət əşyasından yoxsul olduğunun fərqində varmayaraq (ya da bilə-bilə) o, məşhur film aktrisaların dəbdəbəli geyimlərdə jurnalistlərə verdiyi pozalardakı kimi mehriban və qürurlu gülümsəyir.

Buna da bax: Boşanmanın xatirəsi "bir tay corab"

O qadın mənim anamdır. Mən onu heç vaxt, heç yerdə o şəkildəki kimi gülümsəyən görməmişəm. Zatən anamın başqa şəkli də yox idi. Özü deyərdi ki, ermənilər bizi evlərimizdən çıxaranda həmin şəkli əlimyandıda, yeddi daşın arasında özü ilə götürə bilib. İnanmışdım. Anam nə deyərdisə, mən ona peyğəmbərtək inanardım. Amma onun gəncliyindən qalma yeganə şəklini kimin cırdığı ilə bağlı suallarıma verdiyi cavablar inamımı həmişə şübhə altına alardı. Gah deyərdi, ermənilər cırıb, gah deyərdi qonşumuzun oğlu balaca vaxtı oynayanda və s. və i.

Şəklin cırılan hissəsində nə olduğu isə, niyə cırıldığından daha böyük müəmma idi. Nə vaxt anamdan soruşsam, üzü solar, söhbəti dəyişməyə çalışar və heç vaxt tutarlı cavablar verə bilməzdi yanında kimin olduğuna...

Mən atasız böyüdüm. Uşaq idim ağlım kəsməzdi. Bir dəfə məktəbdə uşaqlar soruşanda ki, “bəs sənin atan hanı?” dedim ki, “mən atasız doğulmuşam”. Onda onlardan birinin “İsa peyğəmbərlə eyni sinifdə oxuyurmuşuq, xəbərimiz yoxdu” cavabına hər kəs çox gülmüş və mən çox ağlamışdım.

Ağlaya-ağlaya evə gəlib ilk dəfə o gün soruşmuşdum anamdan atamın harada olduğunu. O da, cavabında müharibə vaxtı Qarabağa getdiyini, bir daha dönmədiyini demişdi. Anama inanmışdım. Özü də necə. Qəhrəman bir atanın şərəfli bir oğlu olduğumu bilmək hüzur doldururdu könlümə. Utanmırdım atasız oluşuma. Utanmaq nədir? Qürur duyurdum, qürur.

Ancaq, 12-13 yaşımda başa düşdüm ki, anam mən hələ onun qarnında ikən atamın sarı saçlı bir rus qadınına görə bizi tərk etdiyi gerçəyini söyləməyi qüruruna sığışdırmadığı üçün mənim bu yalana inanmağımı istəyibmiş. Üstəlik, son ana qədər israr etmiş, yalnız həqiqəti dəqiq bildiyimi başa düşəndə atam onu tərk edəndəki kimi çarəsiz qalmış və boynuna almışdı olanları. Sakit, alçalmış, təhqir olunduğu hər halından aşkarca hiss edilən bir şəkildə...

Heç kim anamı atamın yoxluğundan ötrü ağlayan, onun olmayışından şikayətçi, arxasınca deyinən görməmişdi. Ancaq mən yaxşı bilirdim ki, o, haqsız yerə atıldığından duyduğu kədərdən ötrü ürəyinin içində - xarabalığa dönmüş bir yerdə yaşamaqdan əziyyət çəkirdi. Lakin, yenə də o başqa bir kişi ilə evlənmək istəməmiş, ömrünü tək oğluna – mənə həsr etmişdi. Bəzən hər şeydən bezib ağlamaq istəyəndə isə mətbəxə keçib əlinə soğan alardı. Çünki, heç kim ona soğan doğrayarkən niyə ağladığını deyə bilməzdi. Bu çox təbii idi. Ancaq insan soğan doğrayarkən hönkürməzdi ki...

Buna da bax: Gecə Tehran məzarlığı ilə oturub şərab içirdik

Dünən o, öldü. Mən çıxdığımız ömür yolçuluğunda iki nəfərlə getdiyimiz gəmi ilə okeanın ortasında tək qalmış adama döndüm. Üstəlik gəmini necə idarə etməyi bilmədiyim halda.

Qonşular. Sağolsunlar, kömək etdilər anamı torpağa tapşırmağıma. Qəbirdaşına vurmağa şəkil kimi cırılmış o fotoşəkli verdim. Evə döndüm o axşam çarəsizcə. O gün başa düşdüm ki, dünyanın ən kasıb insanı mənəmmiş, çünki ətrafda quru bir təsəlli verməyə beləbir kimsəm yoxuydu.

Köhnə əşyalar, paltarlar arasında qurcalanarkən bir şəkil çıxdı önümə. Yırtıq-yırtıq olunduqdan sonra bütün hissələri toplanaraq ehtiyatla bir-birinə yapışdırılmış kişi şəkli. Qara, gur saçları, əla təraş olunmuş üzündə saxladığı bığı, enli kürəyi, qara kostyumu aydınca seçilirdi. Şəklin anamın cıralan şəklinin o biri yarısı, kişininsə atam olduğunu anlamamaq üçün axmaq olmaq lazım idi sadəcə. Götürüb anamın şəklinin yanına cumdum. Yan-yana qoyub oxşarlıqlarına baxdım. Yanılmamışdım.

Deməli, anam, atam bizi tərk edərkən hirsini bu şəkildən çıxmış, qəzəbli əlləriylə onu ikiyə bölmüşdü . Bununla da hirsi soyumamış, bir də atam olan hissəsini ayrıca parça-parça eləmişdi. Ardından qayçını əlinə almış və atamın onun əlini tutduğu yeri də səliqə ilə kəsib atmışdı. Sonra atamın hissələrini atmağa ürək etməmiş, bir yerə yığmış (mən elə zənn edirəm) hirsi soyuyanda, qəlbindəki sevgi qızğınlığına güc gələndə onu ehtiyatla bir-birinə yapışdırmışdı.

Şəklə baxdıqca atama paxıllığım tuturdu. Çünki, heç vaxt bir qadın məni bu cür sevməmişdi – dağ qədər böyük bir nifrətin arxasında gizlənmiş olsa da, dəniz kimi dərin bir məhəbbətlə. Sevsə, mən atam kimi onu tərk edib getməzdim. İstəməzdim o üzülsün. Kaş ki, atamın yerində mən olaydım. Anam məni bu cür dərin sevəydi. O zaman razı olmazdım, hansısa, bir kədərdən ötrü onun göz yaşı axıtmağına. Həm də, qarnında uşağımı daşıdığını bilərək. Bu dəhşət idi... Atamın ürəyi daşdan olmalı idi. Görəsən, üzünü heç vaxt görmədiyi oğlunun onu heç vaxt bağışlamayacağını düşünübmü?! Bəs anamın?! Görəsən, o axmaq rus sarışını nə qədər gözəl olub ki, atama bütün bunları unutdura bilib?..

Başı, ayağı, üzündəki gülüşə qədər hər şeyi eyniylə yerində idi, atamın. Ancaq anam şəkli heç vaxt tam bərpa edib, onu öz yanına, əlini əlinə calamamış, uzaqda hər kəsdən gizli bir köşədə qalmağını istəmişdi. Şəklin bərpa olunmayan digər yeri isə sinəsindəki boşluq idi. Atamın ürəyi yox idi.

14.7.2016

Günün bütün mövzuları

XS
SM
MD
LG