Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

'Tək cərimə ilə bu biabırçılıq bitməz'


M.Əliyeva və İ.Əliyev səs verir.
M.Əliyeva və İ.Əliyev səs verir.

Konstitusiya dəyişiklikləri, dollarla krediti olanlara güzəşt, uşaq əməyinin istismarı, korrupsiya və inhisarla mübarizədə müstəqil məhkəmələrin rolu bu gün medianın aparıcı mövzusudur.

KONSTİTUSİYA İSLAHATLARI

«Azərbaycan» qəzetində «Konstitusiya islahatları Azərbaycanın inkişafının sürətlənməsinə və müstəqilliyimizin əbədiliyinə mühüm töhfə olacaq» sərlövhəli məqalə dərc edilib. Məqalənin müəllifi ölkənin Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovdur.

Deputat yazır ki, artıq iki aya yaxındır ölkədə Konstitusiyaya dəyişiklikləri müzakirə edilir. Müəllifin düşüncəsinə görə, bu dəyişikliklər vacibdir və dövlətin gələcəyinə hesablanıb. O hesab edir ki, xalq Konstitusiya islahatını düzgün dəyərləndirir və dövlət başçısı İlham Əliyevin siyasi kursunu bəyənir. «Ən ali həqiqət budur ki, İlham Əliyev Azərbaycanı doğru yolla irəliyə aparır. Dövlətimizi doğru yolla idarə edir, xalqımıza daim doğru yol göstərir. Konstitusiya islahatları da, əslində, İlham Əliyevin irəlilədiyimiz doğru yolda qarşımıza çıxan maneələri daha asan, itkisiz keçməyə yönələn müdrik təşəbbüsüdür!».

Məqalədə vurğulanır ki, dövlət başçısı 2016-cı ili islahatlar ili elan edib. Bundan irəli gələrək qanunçuluq sahəsində də islahatlar gedir. Amma kompleks yanaşmadan ötrü Əsas Qanunda da dəyişikliklər edilməsi zəruridir.

Deputat Fəttah Heydərov Konstitusiyaya dəyişikliklərində yaş senzinin götürülməsini, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını dünya təcrübəsindən irəli gələn addımlar sayır. Vitse-prezidentlik institutunun yaradılmasını isə dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi kimi dəyərləndirir.

Nemət Əliyev
Nemət Əliyev

YENƏ VƏD...

Azadliq.info «Hökumət kredit amnistiyası verəcəkmi?» sualına cavab axtarır. Bu məqalədə problemli kreditlər sahəsində durum ekspert Nemət Əliyevlə dəyərləndirilir.

Yazıda qeyd edilir ki, son vaxtlar kredit amnistiyasının həyata keçirilə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Belə məlumatlar problemli kreditlərin artdığı bir vaxtda ictimaiyyətə ötürülür.

Bir il əvvəl olduğu kimi bildirilir ki, nəzərdə tutulan kredit amnistiyasında 10 min dollara qədər borcu olanlar bunu indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 manat) qaytaracaqlar. Bu qayda 2015-ci il dekabrın 20-nə, yəni son devalvasiyaya qədər kredit götürənlərə şamil ediləcək.

Müəllif xatırladır ki, ikinci devalvasiyadan da sonra belə təkliflər səslənirdi. Amma hökumət bu fikrindən vaz keçdi. Yazıda ekspertlərə istinadən bu iddianın yayılması belə dəyərləndirilir: «Ekspertlərin fikrincə, kredit amnistiyasının veriləcəyi ilə bağlı xəbər referenduma və ondan sonra keçirilməsi gözlənilən prezident seçkisinə hesablanıb. Ona görə, bu məlumatdan nəsə gözləməyə dəyməz».

Ekspert N.Əliyev vurğulayıb ki, əhalinin kreditləri qaytara bilməməsində hökumət də məsuliyyət daşıyır: «Əhaliyə yazılan borc yükünü hazırda guya cürbəcür metodlarla qaytaracaqlarını bəyan edirlər. Guya buna görə günahkar hökumət yox, vətəndaşdır. Bunun belə olmasının səbəbkarı Azərbaycan hökumətidir».

N.Əliyevə görə, belə informasiyaların dövriyyəyə buraxılması təsadüfi deyil. Bu üsulla hakimiyyət referendum öncəsi cəmiyyətdəki narazılığı azaltmaq istəyir: «Sentyabrın 11-də və 17-də keçirilən aksiyaların izdihamlı olması hakimiyyəti narahat edir. Görünür, ona görə, hakimiyyət cəmiyyəti narahat edən problemlərlə bağlı müəyyən vədlər verir. Amma əvvəlki vədlər kimi bu vədin də reallaşacağı az inandırıcıdır».

Uşaq əməyi
Uşaq əməyi

AZYAŞLI ƏMƏKÇİLƏR

«Exo» qəzetində dərc edilən «Azyaşlı əməkçilər» sərlövhəli məqalədə ölkədə uşaq əməyinin istismar olunması ekspertlərlə araşdırır.

Ekspertlərdən Nəriman Ağayev mövzu ilə bağlı qəzetə deyib: «Uşaq əməyindən ağır iqtisadi vəziyyətdə olan ölkələrdə istifadə edilir. Bu, sahibkar üçün faydalı məsələdir. Belə ki, azyaşlı işçiyə böyük yaşlıdan dəfələrlə az pul vermək olar. Uşaq onun bütün dediklərini yerinə yetirir, istənilən zaman da işdən qovula bilir. Təəssüf ki, uşaq əməyi problemi, hələ də, Azərbaycanda yer alır».

Ekspert deyir ki, həddi-buluğa çatmayanlar qeyri-leqal işləyirlər, onlarla əmək müqaviləsi imzalanmır. Nəriman Ağayevin hesablamalarına görə, 15 yaşlı uşaqların 0.5 faizi, 15-18 yaşlıların isə 20 faizi işləyirlər. Onlar daha çox xidmət, ticarət, kənd təsərrüfatı sahələrində çalışırlar.

«Xidmət-iş» Həmkarlar Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da deyir ki, uşaq əməyinin istismarına qadağan qoyulmasına baxmayaraq, bu hallara hələ də rast gəlinir. Onun deməsinə görə, əksər halda valideynlər özləri uşaqları bağlarda məhsul tapmağa vadar edirlər. C.İsmayılov Bakıdakı şadlıq saraylarında uşaqların əməyə cəlb edilməsinin kütləvi olduğunu deyir: «Amma düşüncəmə görə, burada təkcə cərimə etməklə bu biabırçılığa son qoymaq mümkün deyil».

Məhkəmə
Məhkəmə

MÜSTƏQİL MƏHKƏMƏ SİSTEMİ OLMADAN ...

«Novoye Vremya» qəzetində dərc edilən «Pul başlıca deyil» sərlövhəli məqalədə isə ölkə iqtisadiyyatına xaricdən verilən kreditlərin əhəmiyyəti müzakirə edilir.

Müəllif qeyd edir ki, ölkə iqtisadiyyatında ağır durum yaranıb və bu mövzu aktuallıq kəsb edir. Yazıda bildirilir ki, müxtəlif beynəlxalq banklar və qurumlar ölkəyə kreditlər ayırır.

Ancaq müəllifin düşüncəsinə görə, bu yardımlar nəyisə dəyişməyə səbəb ola bilməyəcək. O, düşüncəsini belə əsaslandırır: «Birincisi, məbləğ azdır. İkincisi, məsələ heç də pulda deyil. Məhkəmə, iqtisadiyyat və bütünlükdə siyasi sistem daxil olmaqla, hökumətin köklü islahatlarla bağlı siyasi iradəsi önəmlidir».

Yazıda deyilir ki, ölkədə qeyri-neft sektorunda inkişafa nail olmaqdan ötrü rəqabət mühiti yaradılmalıdır: «Azərbaycan iqtisadiyyatında inhisar var. İnhisar hələ uzun zaman hökmranlıq edəcək».

Müəllif vurğulayır ki, ən başlıca məsələ müstəqil məhkəmələrin olmasıdır. Yazıda qeyd edilir ki, əgər müstəqil məhkəmələr olarsa, korrupsiya və inhisara böyük zərbə vurmaq olar.

XS
SM
MD
LG