Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:37

Gecə Tehran məzarlığı ilə oturub şərab içirdik


İrqada bir məzarlıq.

İrqada bir məzarlıq.

-

"Məzarlıq şərab şüşəsinin ağzını açdı. Əlindəki plastik bardaqlara süzdü, birini mənə verdi
- İç deyib. Birinci qurtumu içdim".​

"Yox, bilirsən də, əslində siyasət biz məzarlıqlara sizdən daha önəmlidir. siyasət, dünyanı azca da olsa yaxşılaşdırar, həyatın keyfiyyətini artırar. Beləcə ölümün də necəliyinə təsir buraxar. Biz o zaman yarımçıq həyat yaşamış nöqsanlı ölülərə qonaqçı olmarıq. Keyfiyyətsiz siyasətçilər məzarlıqları zibil qabına çevirər".

Heydər Bayat

QURBAĞANIN SAĞLIĞINA

İran Azərbaycanından olan yazıçı Heydər Bayat.

İran Azərbaycanından olan yazıçı Heydər Bayat.

O gecə Tehran məzarlığı ilə görüş qərarı qoyduq. Məzarlıqlar siyasətə qarışandan sonra daha onları çox sevmirəm, ancaq məzarlıq özü bu görüşə maraqlıydı. Görüş yerinin haralığı üzərində danışanda, dedi bilirəm Tehranda ancaq bir yeri çox sevirsən. O altında alma yediyiniz ağac kölgəsini. Gecə görüşsək kölgə də olmayacaq mən dedim, amma məzar buna qatılmadı. Çünki, gecə kölgə dediyiniz nəsnə yerindədir, sadəcə ətrafdaki işıqlar olmadığı üçün biz kölgəni görə bilmirik. Bu söz çox da dərin bir söz deyildi. kölgə dediymiz, işığın yoxluğu deyil, işığın bir parçasının yoxluğudur, işıq dərəcəsinin azlığı. Ondan sonra qaranlıq gəlir. Qaranlığın da dərəcələri var. Ən düm qaranlıq, buludlu gecələr də olar. Məzarlığın dediyinə görə o hər şeyi göydən soruşub. Bu gecə bir araya kimi ayaz olub sonra buludlar gələcəklər. Məzarlığın gündüzlər baş qaşımağa belə əli olmaz. Gələn ölüləri qarşılamaq üçün yerində olmalıdır. Üst-üstə gecə kimsəni basdırmazlar, amma bəzi gecələr, nadir hallarda, ölülər olar. Bu gecə də bir ölü olacaqdı. Bununla belə məzar yerindəcə dayanmaq istəmirdi. Mənimlə şəhərin quzeyində şərab içəcəyik. Mən sevən ağacın altında.

Buna da bax: "Mən bu tayda, sən o tayda"

Şərabı isə məzarlıq gətirəcək. Desəm inanmazsınız, biz bu gecə ölülər haqqında çox az danışacağıq, amma bir ölü istisnadır. O da bu gecə ölən ölü. Onun da ayrıntıları dolaşıq, qorxunc və eyni halda "məhrəmanə" möhürlüdür. Ona görə də mən onu yaza bilməyəcəm. Məzar, özün istəsən yaz deyəcək. Bilirsən sənin də ölümün bu yazıdan sonra məni üzməyəcək. Yəni artıq ölülərə alışdım. Həyat ağacından kal-kal yerə düşən ölülər.

Öncə məzarlıq şərabı ağac yanında bir ara- bərədə gizlədəcək. Sonra mənə gedib o restorannda bir şeylər yeyək deyəcək. "Sənin, sabahdan axşama qədər ağzın işləyir axı" - desəm, yenə ölülərdən söz açılacaq. O üzdən mən danışmayacam. Restoranın bütün yeməklərini yeyəcəyik. Sonra məzarlıq yenə doymadım desə də, başqa restorana getməyəcəyik. Dönüb ağac altındakı şərabı tapıb oturacağıq. Əslində bir məzarlıqla görüşmək o qədər sərxoş edicidir ki, şərab içməsən də olar, ancaq şərab bəzi gizəmlərin qapısını açar. Ən azı mənim bəşərin mənəvi təcrübəsindən aldığım şey budur. İndi dəqiq xatırlaya bilmirəm, şərabı mən demişdim ya o, ancaq mən özümü dünyanın ən yorğun kimsəsi sanardım. O olay üzərinə məzarlıqla tanış olduğumda onun məndən də daha çox sarsıntı keçirdiyini gördüm. Kiçik bir şeyə qibtə edirdi. Yəni mən kiçimsədim o çox böyük sanırdı bunu. O da ad məsələsiydi. Deyirdi qədim zamanlar toplumların ruhundan qopan bir duyğu, düşüncə əsasında bizlərə ad verərdilər, indiysə məzarlıqlara, həyat və ölümə ciddi yanaşan insanlara ad qoymur. Bu da olduqca üzücüdür.

Sonra mənim həyatımdan danışdı: "Yaşadığın şəhərlərdə məzarlıqlar neçə yol səni qucaqlarına almağa hazır olublar. Sənə bir söz desəm acığına gəlməsin, indi sənin cəsədin mənim və şəhərlərdə yaşayan yoldaşlarımın heç birinin ağzını sulandırmır. Bəlkə sonralar bu belə olmasın, ancaq indiyə kimi hal-i-qəziyə belə olmuş. Mən, ara-sıra şeirlərində verdiyin məzar və ölüm təsvirlərinə də rastlaşmışam. Onlar da yetərincə romantikdir deyə bilərəm. Bilirsən, əslində siz şairlər lovğa insanlarsınız, həm də daha çox məsələyə səthi yanaşmanız olur. Araya bir qalın pərdə də düşübdür ölüm və məzarlıq sizə bir gizəm, bir sirr olub, bəzən də yoxluq anlamı daşıyır. İqbal Lahurinin sizin haqqınızda doğru bir təsbiti var. O, şairləri ulduz qurdağı adlandırır. Əlbəttə bu günə qədər hamısı da elə deyilmiş. Bayzid Bisütami bütün məzarlıqları bir ovcuna alıb, onu həyatın bir kərpici edə biləcək qədər güclüydü". Mən dedim ki, "Bayazid şeir deməyib". Dedi - "Hə, şeir deməzdi o, dodaqlarını açanda şeirlər göyərçin sürüləri olub göyə pırlardı. Adonisin Sufiyyə Şəthiyyatı haqda yazdığını yəqin oxumuşsan".

Oxumuşdum.

Amma bu anda məzarlığın gərçəkdən bir Sufiyyə vurğunu olduğundan şübhələndim. Məzarlıq da mənə baxdı: "Doğrudur şübhələnə bilərsən. Əslində bu mən adlı bir kitabın saysızca varaqlarından bir səhifəsidir. Onun qabağı və dalı var. Sənin dünyanda olan nişanələrlə neçə cümləsini danışdım. Yoxsa bilirsən ki, bu dünyadan Bayazid qədər milyonlar insan gəlib getmiş. Çin məzarlıqları, Yunan məzarlıqları, Hind arifləri, qızıldərililərin diyarında olan məzarlıqlar, iskımuların qar qəbristanlıqları. Mən bunların hamısını bilirəm və sənin dünyanda olan nişanələrlə, bilgilərlə danışıram".

- Elədirsə bu gecə məni niyə seçdin?

- Bəzən ürəyim sıxılanda birini gəzərəm. Bir canlı ölünü, bir də bilirdim sən bir rəvayət arxasıncasan, bilirəm də rəvayəti korlayacaqsan, ancaq bir başqa sözüm də var: məzarlıqlara girəndə abtalca dua oxumaq ardınca olma. Bəzi məzarların üstündə gərək başını qovzayıb günəşə baxasan, bəzisində bir yarpağı ağacdan dərib yelə verəsən. Bəzi məzarlar başında, daşa yazılan adı dəfələrlə oxu, onu səslər kimi oxu, ona səslən, çağır, səsini eşitsin. Diriykən bir yol belə adları səslənilməyənlər var, amma bir məzar başında bir qadın sənin saqqız çeynəməyini gözləyir. Bəlkə də o qadının ruhu məni sənlə görüşməyə razı saldı. Bəlkə dedikdə, yəni bilirsən, yatan ölülərin sözləri və arxadan gözlədikləri siz dirilərdən daha çoxdur. Sizin istəkləriniz içi-boş və unudulardır. Bunlar sonda hamısı yığışıb, bununla belə içlərində bir istək qalar. O məzara daşınar. O üzdən ölülərdə olan o tək istək, güclü və əbədi bir istəkdir. kainatın ürəyini ağrıdan o tək istəklərdir. Biz, məzarlıq olaraq belə şeylərə baş qoşmarıq. O qızın da istəyinə baş qoşmamışdım. Əslində o qız heç mənim qoynumda da yatmayıbdır. Başqa bir məzarlıqda korlanıb, yerini sənə desəm həyatında dəyişikliklər üz verə bilər. O üzdən deməyəcəm.

- Bəs o qızın istəyi nə olacaq?

- Sən hər bir məzarı seçsən onun məzarıdır, get bir məzarı seç, onun yanında oturub saqqız çeynə.

- Amma mən bura gəlmədən hər şeyi bilirdim, bircə bunu bilmirdim, yadıma gələn ölülərdən də danışmayacaqdıq.

Məzarlıq şərab şüşəsinin ağzını açdı. Əlindəki plastik bardaqlara süzdü, birini mənə verdi

- İç deyib. Birinci qurtumu içdim.

- Hə o məzar əslində hələ yoxdur, o qız da ölməyib, amma mən gələcəyi bildiyim üçün bunları dedim, o qız yəni o qadın öləcək, bəlkə o zaman sən də diri olmayasan. O zaman bu istək də yerinə yetirilməz. Sən indidən məzarlar başında saqqız çeynəsən, məzarlıqların hafizəsində qalar, o zaman o qız da o istəyi istəməz.

Buna da bax: "Taymazın Təbrizdən ayrılması"

O da bir qurtum şərab içdi. Aya baxdı. Yarpaqların arasından görünən ay.

- Siz şairlər abtalca o qədər bu yazıq ayı düşünmədən ona şeir yazıbsız ki. Hə, deyirəm bir az da siyasətdən danışaq, cumhurbaşqanı haqqında nə düşünürsən? O növbəti dəfə də yerində qala biləcək mi?

- Bilmirəm, məncə o işinin son ilində bir böyük açmazda qalıbdır. Durumu düzəldib ölkənin gəlirini artırsa, xalq onu istəyəcək, amma indiki artım ilə getdikdə güncələn bəlli bir qurumlar onu dışlayacaqlar. Gəlir artmasa xalq ona dəstək verməyəcək. Sözü gedən qurumlar da onu heç istəmir. İndi qıl-qilinc məsələsi ilə üz üzə durub, dəvə dəlikdən keçəcək yerdə. Bu məsələ səni niyə ilgiləndirir ki?

- Yox, bilirsən də, əslində siyasət biz məzarlıqlara sizdən daha önəmlidir. siyasət, dünyanı azca da olsa yaxşılaşdırar, həyatın keyfiyyətini artırar. Beləcə ölümün də necəliyinə təsir buraxar. Biz o zaman yarımçıq həyat yaşamış nöqsanlı ölülərə qonaqçı olmarıq. Keyfiyyətsiz siyasətçilər məzarlıqları zibil qabına çevirər.

- Amma insan öləndə ruh bədəndən ayrılır, elə deyilmi? ölü hər kəs olursa olsun, sizin işiniz sadəcə onun cismini saxlamaqdır. O zaman bu qabın içində nəyin saxlanıldığının sizə nə önəmi olduğunu anlaya bilmirəm.

Aşağıdan bir qurbağanın qurultu səsi gəlirdi. Məzarlıq bu səsi yaxşıca dinlədi: "Siz o axşam bu ağacın kölgəsində alma yeyəndə bu qurbağa səsi heç yoxuydu. Görürsən mən bunu da xatırlayıram. Bu səs də kainatın bir parçasıdır. Hələ sizin qulaqlarınız dartmayan çoxlu səslər də var. Siz onları eşitməsəz də, həyatınıza təsir buraxar. İbni Sina fəlsəfəsində yalnız əsir təsir buraxır. Fələklərdən üstə olan bir yer. Sonra görürsən Sadiq Hidayət o əsir-i-liyi qadına həsr edir. Qadınlarla da həyatının son gününə kimi anlaşa bilmir, sonra öz həyatına gələn simfoniya səsinin simlərini kəsir, amma doğrusu bu qurbağa səsi də belə əsirə aiddir. Sizin təbəqə-təbəqə, qat-qat olaraq bildiyiniz həyat mütləq eləcə düzənlənməyibdir. O üzdən də gövdə ilə ruh arası, qabıq ilə dənə arasında fərq qoyursuz. Məzarlıqlara da, məzarsızlıqlara da ağıl dünyasında belə baxırsız. Bir sürü içi boş cismləri görürsünüz, amma ağlınızı bir tərəfə qoyanda ölüləri tam canlı görüb onlarla danışırsız. Mən bu canlı ölülərdən söz açıram. Kal ölülər, qoynuma düşüb oradaca yatırlar. Mən, onları yetişdirəcək gücə sahib deyiləm. Bu ölülərin sayıları bir həddən yuxarı getsə, mən də bir məzarlıq olaraq intihar etməliyəm".

- Maraqlıdır, bəs məzarlıqlar intihar etsələr harda quylanarlar?

- Hmm, məzarlıqlar ölərlərsə... bu dünya da hər an kürür-kürür ölülər ölür. Onların məzarlıqları haradır? Sənin öz içində hər gün ölən bir insan var, bir duyğu, bir düşüncə var, onlar hara quylanır? Mən də ölsəm qoynumdakı ölülərlə birlikdə özümdən daha böyük bir məzarlıqda quylanaram. Əslində bu şəhərdə məndən öncəki məzarlıqlar bu əsrdə bir neçə dəfə intihar ediblər. Onlar hamısı mənim qoynumda yatıblar. İndi göyə bax, qara bulud gəlib, intihar sözünü bilərəkdən qara buludun çökdüyü zamana saxladım. İndicə səndən ayrılmalıyam. Bu gecə məndən qəribə suallar soruşdun. Əslində sorğuların qəribə səslənir, tanışlarını incidir. Məni də bu yozumlana biləcək sorğularınla çox incitdin. Səninlə danışılacaq sözlərim variydi, indisə çıxıb Dəmavənd dağına pıçıldamasam ürəyim sıxılar. sabah qonaqlara gülümsəyə bilmərəm. Hə, son sözüm də sənə olacaq. Məzarlığa gedəndə bəzi məzar daşlarına bir gözün dərininə baxdığın kimi bax, bir gözdə bir şeyi axtardığın kimi. O məzarların sahiblərinin gözlərinə dalıb baxan olmayıb. Sanıram bəşərin ən böyük nisgili, dünyada elə bu gözünün dərinlərinə kimsənin baxmaması ola bilər. Gəl bu şərabın qalanını da sən iç. O qurultusu gələn qurbağanın sağlığına.

Bunu deyib durdu, qurbağa səsi gəldi, səsi izləyib getdi. Mən qaranlıqda əlimlə gəzişə-gəzişə şərab şüşəsini tapdım. İçmədən qurbağa səsi gələn tərəfə tulladım. Sınan şüşənin səsini eşitdim, nə qurbağanın səsi gəldi, nə də hələ çox uzaqlaşa bilməyən məzarlığın.

Günün bütün mövzuları

XS
SM
MD
LG