Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Dərman satışında dövlətin diktəsi


Azərbaycanda dövlət qeydiyyatına alınmış dərmanların qiymətləri tənzimlənmədən satışı qadağan edilir. Üstəlik, onların tənzimlənmədən sonra fərqli qiymətlərə satışı yolverilməz sayılacaq.

Dərman vasitələrinin yerli istehsalçıları və xarici istehsalçılarının nümayəndələri qarşısında yeni öhdəlik qoyulur.

APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 20-də keçirilən iclasında «Dərman vasitələri haqqında» Qanuna əlavələr müzakirəyə çıxarılıb.

Qanuna edilən yeni dəyişiklik layihəsinə görə, bu tələblərin pozulmasına görə 1 il ərzində 3 dəfə məsuliyyətə cəlb olunmuş hüquqi və fiziki şəxslərin lisenziyası 6 ayadək dayandırılacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏLƏRİ RESEPTƏ SALINMAYACAQ

Bundan başqa, Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin xəstələrdən ötrü həkim reseptinə yazılması qadağan edilir. Bu tip qida əlavələri dərman vasitəsi hesab edilməyəcək. Onların satışı ilə bağlı yeni tələblər irəli sürülür.

Bununla bağlı da «Dərman vasitələri haqqında» Qanuna yeni 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddənin əlavə edilməsi müzakirə olunub.

Həmin maddədə bildirilir ki, həkimlər bioloji fəallığa malik qida əlavələrini orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə tövsiyə edə bilərlər. Lakin onlar xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəzləmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.

Qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza keçiriləcək. Əlavələrin ekspertizadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyənləşdirir.

Qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş «dərman vasitəsi deyildir» yazılmalıdır.

Bu layihə də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG