Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Ölkədə pambıqçılığın inkişafı, Ümumi Daxili Məhsulda azalma, dərmanların və ərzağın qiymətlərində bahalaşma bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEV «AĞ QIZIL»IN QARA GÜNLƏRINƏ SON QOYUR

«Azərbaycan» qəzetində «İlham Əliyev «ağ qızıl»ın qara günlərinə son qoyur» sərlövhəli məqalədə ölkədə pambıqçılığın inkişafından bəhs edilir.

Müəllif pambığı Bərdə rayonunun əvəzsiz sərvəti adlandırır, sovetlər vaxtı «ağ qızıl»ın gətirdiyi xoşbəxtlikdən söz açır. Müəllif qeyd edir ki, o zaman Bərdə rayonu respublikanın pambıqçılıq mərkəzlərindən biri idi.

Yazıda dövlət başçısı İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı sentyabrın 17-də Sabirabad rayonunda keçirdiyi müşavirədəki çıxışından sitat da gətirir: «2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Bunun həm insanlara, həm də dövlətə böyük xeyri olacaq».

Yazıda qeyd edilir ki, prezidentin bu mövqeyi Bərdə rayonunda hədsiz razılıqla qarşılanıb: «Əlbəttə, bu, təsadüfü deyil. Uzun illər boyu pambıqçılıq rayonda əsas gəlir mənbəyi kimi formalaşmışdı. Məhz bu sahədən götürülən gəlirlə ailələr özlərinə ağ mişar daşından geniş, işıqlı və rahat evlər tikiblər. Gəlin köçürdüyü qızlarına bahalı cehiz veriblər, oğullarına təmtəraqlı toy ediblər».

Xəzərdə neft buruqları

Xəzərdə neft buruqları

ÖLKƏ İQTİSADİYYATI ÇÖKÜR

Azadliq.info saytında «BVF-yə görə, Azərbaycanın ÜDM-sinin kəskin azalması və Mərkəzi Bankın rezervlərinin tam əriməsi təhlükəsi var» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycanın valyuta ehtiyatlarının azalacağı proqnozunu verib. Müəllif vurğulayır ki, Mərkəzi Bankın ehtiyatları son bir ildə 2.7 dəfə azalıb.

Sayta danışan iqtisadçı ekspertlərdən Nemət Əliyev deyib ki, bu il Ümumi Daxili Məhsulun (ÜDM) 22 milyard manat azalacağı gözlənilir. Onun fikrincə, bu sahədə öncədən verilmiş proqnozlar özünü doğruldur. N.Əliyev ÜDM gəlirlərinin 8 ayda 12 milyard azaldığını deyərək, durumu belə şərh edir: «Nəzərə alaq ki, 2015-ci ildə ÜDM-də 22 milyard dollarlıq azalma baş verib, o zaman bu ilin sonuna qədər də biz 20-22 milyard dollarlıq azalmanı müşahidə edə bilərik. Buradan bu nəticə çıxır ki, 2014-cü ildəki 75 milyard dollarlıq ÜDM ilin sonuna qədər 35 milyard dollar həcminə qədər düşəcək. Bu, Azərbaycan iqtisadiyyatı üçün çox az bir müddətdə böyük itki deməkdir. Bu təxminən 45 milyard dollarlıq gəlirdən məhrum olmaqdır. Belə çıxır ki, Azərbaycan iqtisadiyyatının iki dəfə kiçilməsi gözlənilir».

Digər ekspert Qubad İbadoğlu da deyib ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək: «Bu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2.1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır. Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb».

Aptek

Aptek

DƏRD ÇOX, DƏRMAN BAHA...

«Novoye Vremya» qəzetində ««Qızıl» dərmanlar» sərlövhəli məqalə oxumaq olar. Məqalədə ölkədə dərmanların bahalaşması müzakirə edilir.

Müəllif qeyd edir ki, həm dərmanların qiymətində, həm də ümumilikdə müalicə xərclərində bahalaşma var: «İki devalvasiyadan sonra dərmanların qiymətləri onsuz da qalxmışdı. Həmişəki kimi yenə də çətinlik vətəndaşların üzərində qaldı. İndi isə dərmanların qiymətləri müəyyən edilərkən, dolların gündəlik məzənnəsi əsas götürüləcək».

Müəllif vurğulayır ki, qarşıdakı aylarda qiymətlərin bahalaşması tendensiyası davam edəcək: «Düşünürük ki, yaxın zamanda qiymət artımı 18-20 faiz olacaq. İlin sonuna isə 30 faizə qədər bahalaşma baş verəcək. Qiymət artımının nəzarətsiz baş verəcəyi kimi risk də var».

Yazıda deyilir ki, ölkədə qiymətlərlə müqayisədə maaşlar çox aşağıdır. İşləyən vətəndaşların əmək haqları ən yaxşı halda gələn maaşa qədər yaşaya bilməyə çatır.

Müəllif qeyd edir ki, indi «inflyasiya» adlı oyun qurublar. Bu adla vətəndaşların yığdıqları pulları qanuni şəkildə oğurlayırlar: «Nə qədər işləyirsən işlə, onsuz da alacaqlar. Təqaüdçü necə yaşayacağını bilmədiyi bir halda, milyarder öz yaxtasını nümayiş etdirir. Siyasətçilərdən başlamış bazar ticarətçilərinə qədər hamısı yalan danışır, vicdanlı və dürüst olmaq qıtlığı özünü açıq-aydın göstərir».

Bazar

Bazar

QİYMƏTLƏR CEYRAN BELİNDƏ

«Bizim Yol» qəzetində isə «Ötən ay qiymətlər 12 faiz artıb» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda sentyabr ayında ölkədə bahalaşmanın ən yüksək həddə çatdığı vurğulanır.

Məqalədə Dövlət Statistika Komitəsinə istinadən deyilir ki, 2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10.8 faiz artıb. Ərzaq məhsulları 12.2, qeyri-ərzaq məhsulları 15.6 , əhaliyə göstərilən ödənişli xidmətlər 4.9 faiz bahalaşıb.

Müəllif yazır ki, sentyabrda bahalaşma pik həddə çatıb: «Müşahidələrə görə, dolların bahalaşması ilə təkcə idxal məhsulları deyil, yerli məhsullarda da eyni vaxtda qiymət artımı baş verib. Misal üçün, «Azərsun Holdinq»in məhsulu olan şəkərin qiyməti keçən il 78 qəpik idisə, hazırda 1.20 manatdan aşağı deyil. Bu isə ciddi qiymət artımıdır».

Yazıda bildirilir ki, duru yağların qiyməti də artmaqdadır. Kərə yağı, toyuq, mal, qoyun əti, meyvə və çərəzlər də bahalaşıb: «Sentyabr ayında əksər ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə qalxıb. Komitənin avqust ayında ucuzlaşdığını bildirdiyi məhsullar ceyran belindədir. Misal üçün, bananın qiyməti 1.65-2 manata qədər düşmüşdü. Hazırda yenə 2.85-3 manat arasındadır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG