Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Türkiyədə çevriliş cəhdi ölkənin Avropa Birliyi, eləcə də bütün Qərblə münasibətlərinə də ziyan vurub. Son vaxtlar atılan addımlar hər iki tərəfin əməkdaşlığın bərpasından ötrü ciddi iş görmək istədiyini göstərir, hətta işin konkret gündəliyi də tərtib olunub. Ancaq ölkələrin daxilində baş verənlər bu gündəliyi qarışdıra bilər. «Carnegie Europe» fondunun saytında dərc olunmuş məqalədə belə deyilir.

ƏNGƏLLƏR

Müəllif Marc Pierini Avropa Birliyi və quruma üzv olan ölkə rəsmilərinin Türkiyəyə yenidən səfərlərə başladığını, Avropanın Türkiyənin inkişafına yardıma hazır olduğunu göstərdiyini vurğulayır. Görüşlər nəticəsində gündəlikdə duran məsələlər də müəyyən olunub: AB-Türkiyə Gömrük Birliyinin modernləşdirilməsi, qaçqınlarla bağlı 2016-cı il mart razılaşmasının gerçəkləşdirilməsi, viza rejiminin liberallaşdırılması yönündə işin davam etdirilməsi, terrorla mübarizədə əməkdaşlıq və xarici siyasət, xüsusilə Suriya ilə bağlı məsələlərdə birgə işləmək.

Müəllif bildirir ki, bu məsələlərdən hər biri özünəməxsusdur və hər biri sıx texniki əməkdaşlıq və ciddi öhdəlik tələb edir. Gömrük Birliyi həm Avropa Birliyi, həm də Türkiyə üçün çox böyük nailiyyətdir. Ankaranın iradlarına baxmayaraq, qaçqınlarla bağlı razılaşmaya əsasən, son 6 ayda AB Türkiyəyə 2 milyard avrodan çox yardım edib. Terrorla mübarizə, eləcə də Suriyanın gələcəyi ilə bağlı əməkdaşlıq AB ölkələrinə çox vacibdir.

Buna da bax-Türkiyədən Avropaya qaçqın axını yenidən başlayıb

Ancaq hər iki tərəfdə baş verən daxili siyasi proseslər güclü əməkdaşlığa əngəl ola bilər.

Müəllif 2017-ci ildə Fransa və Almaniyada keçiriləcək seçkilər və Avropa Birliyi ölkələrindəki populist dalğanın Türkiyə ilə bağlı təşəbbüslərə mənfi təsir edə biləcəyini yazır.

«QƏRARI TÜRKİYƏ ÖZÜ VERMƏLİDİR»

Türkiyədə isə çevriliş cəhdindən sonrakı proseslər, iqtisadi təhlükənin artması, millətçi əhval-ruhiyyənin güclənməsi, AB və Birləşmiş Ştatlara qarşı tez-tez səslənən sərt çıxışlar Avropanın Türkiyəyə marağını azalda, Türkiyədə fəaliyyət göstərən xarici şirkətlərə əlavə problemlər yarada bilər.

Müəllif Marc Pierini-nin fikrincə, Türkiyənin stabilliyi və inkişafı iki əsas məsələdən – birincisi, NATO və ABŞ təhlükəsizliyindən, ikincisi, AB ilə iqtisadi əlaqələrdən asılıdır və bu ikisini əvəzləyəcək başqa nə isə yoxdur. Türkiyədəki dairələr də bunu çox yaxşı bilirlər. Ona görə də işə başlamaq, konkret addımlar atmağın vaxtıdır. Düzdür, çevriliş cəhdindən sonrakı proseslər – ziyalılar, elm adamları, təriqətçilər və etnik kürdlərə qarşı genişmiqyaslı təmizləmə tədbirləri bu işin asan olmayacağını göstərir. Ədliyyə sistemi, mətbuatla bağlı neqativ addımların hakim partiyanın iqtisadi nailiyyətlərinin üstündən xətt çəkməsi riski böyükdür. Həm də beynəlxalq aləm bütün bunlara daxildəkilərdən fərqli reaksiya verir, ətrafın Türkiyə ilə bağlı narahatlığının artması ölkənin nüfuzuna zərbə vurur, iqtisadiyyatını zəiflədir.

Müəllif vurğulayır ki, qərarı Türkiyə özü verməlidir. İndi AB yardım əlini uzatmaqdadır, siyasi, sosial və iqtisadi amilləri nəzərə almamaqla Türkiyə faciəvi səhv etmiş olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG