Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:53

Müftə yaşayırsınız...


Rus yazıçısı Aleksandr Qrin.
Rus yazıçısı Aleksandr Qrin.

-

Aleksandr Qrin

MÜFTƏ ÖMÜR (Hekayə)

Rus dilindən Azar Gündüz çevirib

I

Korkin çəlimsiz, fiziki baxımdan çox da güclü olmayan birisi idi; sağlam gözü, sarğı altında qalan kor gözünün də yükünü çəkib ikiqat gərginliklə baxırdı; təmiz qırxılmış üzündə meyxana ofisiantına bənzər bir ifadə vardı. Bir sözlə, onun düzgün quruluşlu olmayan arıq üzündə adamı qorxuya salan heç bir əlamət yox idi. “Conka” (qısa dimdikli papaq), qəhvəyi rəngli palto və şarf onun dəyişilməz geyim forması idi. Heç vaxt gülməz, cır və yavaş səslə danışardı.

Şənbə günü, axşam Korkin meyxanada oturub çay içir, bu gecə harada daldalanacağı üzərində baş sındırırdı. Onu polis axtarırdı. Bu vaxt qapı açıldı və soyuq havanın içəri dolan həniri bir anda tüstüyə bənzəyən buxara çevrildi; gələn on dörd yaşında, sısqa bir yeniyetmə idi. O ətrafa göz gəzdirdi, Korkini görüncə göz vurub, ona yaxınlaşdı.

–Qulaq as, səni istəyirlər, deyəsən iş var, – o oturan kimi dilləndi. – Bir frayer (oğru jarqonunda kriminal aləmlə əlaqəsi olmayan adam) səni soruşurdu.

–Nə məsələdir?

–Hansısa bir ağadır, – yeniyetmə xuliqan dedi, – onunla vağzalda xosunlaşdım. Kiminsə torbasını tikmək istəyir. Usta axtarır.

–Harada olur?

–Gedək “Liverpula”. Orada kabineti var, içib, otaqda oyan-buyana qaçır. Yumruqlarını stola çırpır, dişlərini qıcırdadır. Psixin biridir.

–Gedək, – Korkin razılaşdı. O papirosunu tələsik sümürüb söndürdü, ayağa qalxıb üzünün aşağı hissəsini şarfla bükdü, “conkanı” gözünün üstünə sürüşdürüb, xəbər gətirən xuliqanla birgə küçəyə çıxdı.

II

“Liverpuldakı” kirli-pasaqlı, turşumuş və boğucu iy gələn kabinetdə otuz yaşlarında bir kişi əsəbi halda əllərini ovuşdurub var-gəl eləyirdi. Əynində boyuna görə çox qısa görünən yarımkürk vardı, yaxalığı və qollarının ucları ağ qoyun yunu ilə bəzədilmiş kürk çox bayağı görünür, qadın geyiminə oxşayırdı. Saqqallı üzü ilə uyuşmayan ağ rəngli papağı ona, bayağı ədəbaz adamlara xas olan bir görkəm verirdi.

Adamın tutqun üzü, irəli çıxmş alt çənəsini bürüyən, əl gəzdirilib paz şəklinə salınmış saqqalı vardı; narahatlıq oxunan batıq gözləri, ucları burulub yuxarı dartılmış bığları, dirsəklərini qeyri-təbii şəkildə döndərməsi və sanki konki sürürmüş kimi sürüşüb, rəqs eləməyə oxşayan tərpənişi, ona özünə arxayın və isterikaya qapılmış bir erkək görkəmi verirdi.

"Buna da bax: Bu pişik balasını niyə asmaq istəyirsiniz?"

Korkin qapını döyüb içəri girdi. Naməlum adam ona baxıb əsəbi halda gözlərini qırpdı.

–İş üçün çağırmısınız, – Korkin stolun üstündəki butulkaya baxıb dedi.

–Hə, hə, iş üçün, – naməlum adam pıçıltı ilə dedi. – Siz o deyilən adamsnız, eləmi?

–Özüdür ki var.

–İçirsinizmi?

Adam “siz” sözünü elə bir kəskin tonla dedi ki, Korkin onun özünə çimçəşərək yanaşdığını anladı.

–İçirsinizmi... – Korkin onu yamsılayaraq kinayə ilə səsləndi; oturdu, özünə araq töküb içdi.

Ağa əlini saqqalını tumarlayırmış kimi havada gəzdirib, bir müddət susdu.

–Bir işim düzüb sizə, – o, qaşqabaqlı halda dilləndi.

–Buyurun, deyin görək məni nə üçün çağırmısınız?

–Bir adam var, istəyirəm ki, o daha bundan sonra olmasın. Bunun üçün siz min manat alacaqsınız, indi isə üç yüz manat beh verirəm.

Bunu deyəndə onun sol yanağı səyridi və gözləri bərəldi. Korkin bir daha özünə araq töküb içdi və dilləndi:

–Öz gücünüz çatmır, yoxsa necə?

–Nə? Nə? – ağa durduğu yerdən dartınaraq soruşdu.

–Deyirəm yəni özünüz... qorxursunuz?

Ağa pəncərəyə sarı yönəldi, yanpörtü dayanıb çımxırdı:

–Zırrama!

–Özünsən zırrama, – Korkin sakitcəsinə dilləndi.

Ağa özünü eşitməzliyə vurdu. Stolun arxasına keçib oturdu və Korkinə izah eləməyə başladı ki, o, tələbə Pokrovskinin ölməsini istəyir; onun ünvanını tanıdıb, zahiri görkəmini təsvir elədi və üç yüz manat pul verdi.

–Üç günə Pokrovski hazır olacaq, – Korkin laqeyd bir səslə dedi. – Qəzetlərdən öyrənərsiniz.

Onlar Korkinin işini görüb qurtarandan sonra qalan pulu harada alacağı ilə bağlı razılaşıb ayrıldılar.

III

Bütün ertəsi günü Korkin əbəs yerə öz qurbanını güdməli oldu. Tələbə evdən çıxmırdı ki, çıxmırdı.

Axşam saat yeddidə Korkin yorulduğunu və acdığını duydu. Bir az düşünüb bu işi sabaha saxlamağı qət etdi. Tələbənin yaşadığı həyətin alaqapısına sonuncu dəfə göz yetirən Korkin meyxanaya sarı yollandı. Yemək yeyəndə özündə olmadığını duydu: ayağının oynaqları sızıldayır, qatlanmış vəziyyətdə ağrı daha da dözülməz olurdu, elə hey ayaqlarını uzatmaq istəyirdi. Yeməyin qoxusu və dadını duymurdu. Ancaq Korkin soyuqladığını düşünmürdü.

Cani çimşəşərək kələm supunu yeyib qurtardı. Sonra oturub çay içəndə anlaşılmaz bir həyəcan duymağa başladı. Narahat düşüncələr ona dinclik vermir, lampanın gur işığı onu qıcıqlandırırdı. Korkin onu axtaran polisi, Pokrovskini vurmaq üçün cibində gəzdirdiyi ağır çəki daşını və dünyada nə varsa hamısını unudub yatmaq istəyirdi. Ancaq onun gecələdiyi gizlin evin qapısını axşam saat on birdə açırdılar.

İki saat boş vaxtı qalan Korkin kinoya baxmaq qərarına gəldi. Özü də niyəsini anlamadan anlaşılmaz bir yelbeyinliyə qapılmış, xəfiyyələrə və hamıya qarşı küt bir laqeydlik duymağa başlamışdı.

Vaxtını öldürmək üçün “Bioskop” deyilən bir kinoteatra girdi. Kinoteatrın yanında insan bədəninin müxtəlif üzvlərinin mumdan düzəldilmiş modelləri olan “Anatomiya muzeyi” də vardı. Korkin kinodan çıxandan sonra, qalan boş vaxtını keçirmək üçün buraya girdi.

Astanada duruxub otağa göz gəzdirdi. Böyük yeşiklərin şəffaf şüşələrinin arxasında nə isə, qırmızı, mavi, cəhrayı və göy rəngli, onun üçün yad olan çoxlu predmetlər qoyulmuşdu və onların üzərindəki yazılarda onun bədəninin ayrı-ayrı hissələrinə eyham vardı.

Gözlənilmədən, bədənində izaholunmaz bir ağırlıq duydu və ürəyinin bərkdən döyündüyünü hiss etdi – yoxsa, öz “işi” ilə bağlı obyektin hissələrini, alışmadığı bir tərzdə, onların intim görkəmində görməsi onu belə həyəcanlandırmışdı, yaxud da, ürəyi, ciyərləri, qara ciyəri, beyini, gözləri və insan orqanizminin başqa üzvlərini təsvir edən bu modellərin toplusunun arxasından onun vaxtı ilə məhv elədiyi belə bir mexanizmi təmsil eləyən ayrı-ayrı adamlar dayanıb ona baxırdılar? – özü də nə baş verdiyini anlaya bilmirdi. Birdən o, adamların yığıncağında, gözlənilmədən və sirli bir şəkildə, bir anın içində bütünlüklə çılpaq qaldığını görsəydi, həmən məqamda yaşadığı duyğuları, indiki halında yaşadığı bu, yeni və kəskin duyğulara bənzətmək olardı.

Buna da bax: "A.Platonov. İş burasında idi... (hekayə)"

Korkin insan üzvlərinin modelləri qoyulmuş şüşə yeşiklərə yaxınlaşdı; onların içindəki orqanlar tilsimli bir şəkildə onu özünə sarı çəkirdi. Öncə, onun gözünə yeşiklərin birinin üzərindəki yazı sataşdı: “Nəfəs yollarının qan-damar sistemi”. Burada yarpaqsız ağaca bənzəyən və çoxlu kiçik budaqları olan boz rəngli bir predmet gördü. Bu, nə isə çox kövrək və incə bir şeyə bənzəyirdi. Sonra Korkin dərisiz olaraq təsvir edilmiş qırmızı rəngli insan bədəninə baxmağa başladı; biri-birinə sarılmış yüzlərlə ovalşəkilli əzələlər sümükləri biri-biri ilə bağlayıb onlara elastik bir görkəm vermişdilər; sümüklərin quru və sərt görünüşü vardı; qırmızı rəngli əzələlərin arası ilə minlərlə göy rəngli iplər dolanıb keçirdi. Yanaşı yeşikdə böyük bir qara göz parıldayırdı; kipriklərin və buynuz təbəqəsinin arxasında Korkin üçün anlaşılmaz olan nəsə bir dəzgah və onun hissələri görünürdü, o, bu mənzərəyə baxanda özünün çıxmış gözünü xatırladı və gözünü itirəndə burada gördüyü belə bir dəzgahın öncə öz gözündə də olduğunu, sonradan dağıldığını düşündü.

Korkin hər şeyə böyük diqqətlə baxırdı: insan beyini qoz ləpəsinə bənzəyirdi; insan başının profil üzrə kəsiyində çoxlu boşluqların və arakəsmələrin olduğu görünürdü; ciyərlər, iki böyük ayıpəncəsi yarpağına oxşayırdı; bir sözlə, insanın daxili orqanları onda çaşqınlıq və heyrət doğururdu. Ona elə gəlirdi ki, günaha batıb baxılması yasaq olan şeylərə göz yetirir. Sanki, mumdan düzəldilmiş bu ifadəli modellərin zahiri görünüşlərindəki sadəliyin arxasında nə isə, çox qorxunc bir sirr gizlənirdi.

Korkin qapıya sarı yönəldi. Başı yaylıqlı qarı ilə birlikdə eksponatlara tamaşa edən qoca arabaçının yanından keçəndə onun bu sözlərini eşitdi:

–Vavilovna, hər şey necə var, eləcə də göstərilib. Tanrının işinə bax, gör nə çoxbilmişlik var e... – çox hiyləgər bir zavodun işidir! Bütün bunlar... demək bizim içərimiz belədir... işə bax a!

İllərdir yaşadığı şəhərin üzüb əldən saldığı bu qocanın səsində duyulan qorxu hissi, dəhşət saçan bir mövhumi duyğuya çevrilib Korkinin ürəyinə işlədi. Həyat və təbiət hadisələrinin: bitkilərin, taxılın artıb böyüməsinin, ölüm və xəstəliklərin, sevinc və bədbəxtliklərin, bir sözlə, dünyada baş verənlərin hamısının allahın iradəsi ilə bağlandığı mühitdə, az anlaşılan şeylərə qarşı belə bir mövhumi hissin yaranması həmişə olacaqdır. Korkin canını bürümüş qorxunu güclə dəf edib, küçə ilə addımlayırdı. Nəhayət qorxusu öz yerini yorğunluq və əsəb gərginliyinə verərək, keçib getdi.

Korkin gecələmək üçün gedəcəyi yerə yönəlmək istəyəndə, birdən, tələbə Pokrovskini xatırladı. Onu bu gün öldürə biləcəyinə azacıq da olsa belə gümanı olmasa da, nə isə anlaşılmaz bir duyğu onu tələbənin yaşadığı ünvana sarı çəkirdi; o, bezdirici bir istəyin təsiri ilə, gecikmədən, bu işə başlamaq istəyirdi; bu vaxt yaşayacağı ağır həyəcandan doğan duyğularla başını qarışdırmaq indi ona çox lazım idi.

O tələbənin yaşadığı həyətin alaqapısına yenicə çatmışdı ki, qapıdan çıxan ucaboylu, bir azca axsayan bir gənc ilə qarşı-qarşıya gəldi, bu hadisə çox gözlənilməz olduğundan, az qala onunla toqquşacaqdı.

–Odur, – əlamətlərindən tələbəni tanıyan Korkin öz-özünə dedi və ov iti kimi öz qurbanının arxasınca düşüb getməyə başladı. Ətrafda heç kim gözə dəymirdi.

“Aha, ələ keçdi! – deyə Korkin düşündü, – indi fürsət tapıb onu vurmalıyam”. Bədənini çuğlayan üşütmədən titrəyən Korkin, ağır çəki daşını cibindən çıxardı, ancaq bu anda o, özündə bir qətiyyətsizlik hiss etməyə başladı və birdən ona elə gəldi ki, tələbəyə yaxınlaşsa, onun bütün üzünü örtən və arxasında dəzgah olan böyük bir gözlə qarşılaşacaqdır. Sonra ona elə gəldi ki, tələbənin bədəni paltosunun altında dərisi soyulmuş vəziyyətdədir, orada əzələlər, vətərlər və damarlar biri-birinə sarmaşaraq ritmik döyüntülərlə titrəşir, ciddi və mürəkkəb bir həyat yaşayır, Korkini də kənardan görür və ona hədə-qorxu gəlib, özlərindən uzaqlaşdırmağa çalışırlar.

Əlinin qalxmadığını və ətrafın qorxunc bir səssizliyə büründüyünü hiss eləyən Korkin addımlarını yeyinlədib tələbəyə çatdı və onun yanından ötəndə dişlərinin arasından mızıldandı:

–Müftə yaşayırsınız.

–Nə dediniz? – qəfil görüşdən özünü itirib səntirləyən tələbə cəld ona sarı dönüb soruşdu.

–Müftə yaşayırsınız! – Korkin bir də sözünü təkrar elədi və onu buradan sürükləyib aparan küt bir duyğuya tabe olub, artıq bu tələbənin öz əli ilə ölməyəcəyini anladığıdan, qarşıdakı döngəyə buruldu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG