Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Akif Çovdarovun məhkəməsi başlayır


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun sentyabrın 20-də məhkəməsi başlayacaq.

APA-nın xəbərinə görə, A.Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası saat 11:00-da Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacağı gözlənilir.

A.Çovdarovla digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə, seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə cinayət törətmə və rüşvət almada ittiham olunur.

A.Çovdarovun özü ötən il noyabrın 15-də həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma ) və daha bir neçə ağır maddələr ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmin vaxt bu hadisələr ölkə mətbuatında ən müxtəlif şəkildə dəyərləndirilib. Ancaq əsasən iki versiya daha çox səslənib.

Bir qisim yazarlar bunu sərvət uğrunda mübarizə, başqa yazarlar isə ölkənin rəhbər şəxslərinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması kimi dəyərləndirirdilər.

XS
SM
MD
LG