Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

'Qara qızıl' öldü, yaşasın 'ağ qızıl'!


Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanışlıq

Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanışlıq

Prezidentin pambıqçılığın inkişafı ilə bağlı keçirdiyi müşavirə, rayonlarda əhalinin pay torpaqlarını itirmək təhlükəsi, azad sənətkar və onun cəmiyyətdə rolu bu gün medianın əsas mövzularındandır.

«AĞ QIZIL» «AĞ GÜN» VƏD EDİR

President.az saytı dövlət başçısı İlham Əliyevin Sabirabad rayonunda keçirdiyi müşavirədə pambıqçılığın inkişafına dair çıxışını dərc edib.

Dövlət başçısı qeyd edib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycanın gəlirləri də 3-4 dəfə azalıb. Prezident vurğulayıb ki, ölkəyə valyuta axınını təmin etməkdən ötrü ixrac imkanlarını gücləndirmək lazımdır: «Ona görə, ixrac yönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır, pambıq da ixrac yönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa «ağ qızıl» deyirlər».

Dövlət başçısı 2016-cı ili pambıqçılığın bərpasının ilk ili adlandırıb. O, pambıqçılıq sahəsindəki mövcud durumu acınacaqlı adlandırıb. Keçən il cəmi 35 min ton pambıq istehsal edildiyini qeyd edib.

İ.Əliyev 2015-ci ildə cəmi 18 min hektar sahədə pambıq əkilməsini və cəmi 35 min ton məhsul yığılmasını pambıqçılığın məhvi kimi dəyərləndirib. Dövlət başçısı 2016-cı ilin də göstəricilərə toxunub: «Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Bu il ən azı 100 min ton pambıq yığılmalıdır».

Ölkə başçısı deyib ki, 2017-ci ildə pambıqçılıqla bağlı dövlətin daha böyük planları var. Prezident vurğulayıb ki, pambıqçılığın inkişafı sosial məsələlərin həllinə də təkan verəcək: «Mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir».

Prezident deyib ki, son 13 ildə ölkədə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyət və işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımdır: «Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır».

Pambıq plantasiyası

Pambıq plantasiyası

ƏHALİDƏN PAY TORPAQLARI ALACAQLAR?

«Yeni Müsavat» qəzeti isə həmin müşavirədə dövlət başçısı İlham Əliyevin istifadəsiz torpaqların dövriyyəyə qaytarılması barədə mövqeyini ekspertlərlə müzakirə edib.

Prezident müşavirədə deyib: «İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır. Bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir».

Müəllif yazır ki, ölkə başçısının toxunduğu bu məsələ Konstitusiyaya dəyişikliklər layihəsində də öz əkini tapıb. Layihədə qeyd edilir ki, «sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər».

Yazıda sual edilir: Bu dəyişikliklər daha çox oliqarxların əlində olan hektarlarla torpaq sahələrinin qaytarılmasına gətirib çıxaracaq, yoxsa kəndlilərin əlindəki kiçik pay torpaqlarının geri alınmasına?

İqtisadçı-ekspert Qubad İbadoğlu qəzetə açıqlamasında qeyd edib ki, yeni qaydalar oliqarxlardan daha çox, sadə insanların torpaqlarının əlindən çıxmasına səbəb ola bilər: «Bu əsasən əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi məqsədilə həyata keçirilir. Çünki artıq dövlətin aqrar siyasətinin prioritet sahələrindən biri pambıq əkini və bu məhsulun ixracatının artırılmasıdır. Əvvəlki dövrə nəzər salsaq, pambıq əkini əsasən pay torpaqlarında olub və hazırda həmin torpaqlar xüsusi mülkiyyətə keçib».

Ekspertin fikrincə, bu, birbaşa sərbəst bazar qaydalarına ziddir, eyni zamanda mülkiyyət hüquqlarının pozulmasına, bununla bağlı problemlərin artmasına gətirib çıxaracaq: «Həm də azad mülkiyyətin təməl prinsiplərinə xələl gətirəcək. Bu maddənin konstitusiyaya salınmasını da yaxşı qiymətləndirmirəm. Bu, daha çox sadə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaq».

Elnur Astanlı

Elnur Astanlı

FƏXRİ XİYABANDA QƏBİR YERİ NAMİNƏ...

Azadliq.info saytında köşə yazarı Elnur Astanlının «Tarık Akan Azərbaycanda yaşasa və ölsəydi…» sərlövhəli məqaləsini oxumaq olar.
Yazıda müəllif «Əsl sənətkar necə olmalıdır» sualına cavab axtarır.

Müəllif bu məsələni bir neçə gün öncə Türkiyədə ünlü sənətçi Tarık Akan-ın vəfatı fonunda dəyərləndirir.

Yazıda qeyd edilir ki, o, türk kinosunun məşhur simalarından, sonuna qədər Atatürkün cümhuriyyət ideyalarına sadiq qalan şəxslərdən biri idi.

Müəllif vurğulayır ki, T.Akan sadəcə aktyor deyildi, layiq (dünyəvi), modern, demokratik Türkiyənin ən aktiv müdafiəçilərindən biri idi.

Türkiyənin ictimai-siyasi həyatına fəal müdaxiləsi ilə tanınırdı, haqsızlığa, ədalətsizliyə həssas, çevik və barışmaz münasibəti ilə fərqlənirdi: «Bunu niyə yazıram? Yazıram, çünki Tarık Akan-ın ölümü bir sənətçinin, bir yaradıcı insanın həyatda şərəfli, vicdanlı, həqiqətdən və ədalətdən yana duruşunun nə qədər önəmli olduğunun bir daha ortaya qoydu».

Daha sonra müəllif ad çəkmədən Azərbaycanla paralellər aparır: «Fəxri ad, prezident təqaüdü, mənzil, Fəxri Xiyabanda qəbir yeri naminə, övladına komfort həyat qazanmaq uğrunda bütün toplumsal həqiqətlərə üzü qızarmadan sırtını dönə bilən, heç bir vicdan əzabı çəkmədən düzə əyri, oğruya doğru deyənlərin ölkəsində belə örnək çox gülməli görünür».

Müəllif deyir ki, nə qədər istedadlı olursansa ol, yalana və yaltaqlığa bulaşdığın andan yaratdıqlarının dəyəri, anlamı böyük ölçüdə itir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG