Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

'Dənizin içində saray tikirdin, gör başına nələr gəldi'


Bakı, Xəzər adaları.
Bakı, Xəzər adaları.

-

"Bu məmləkətdə vəzifə bəxtəvərçiliyi Kişilərə qismət olur, ancaq Kişilərə. Çün, bu ağır yükü çəksə, çəksə pasportunda “KİŞİ” yazılan çəkə bilər. Axı vəzifəyə qoyulmaq kimi, ordan atılmaq da var?!"

Yaşar Bünyad.

DAŞ

(hekayə)

Dəlinin quyuya atdığı daş yaman biyöndəm idi, həm dərin...

...dünən vəzifəsindən çıxardılar.

Yazıçı Yaşar Bünyad.
Yazıçı Yaşar Bünyad.

Deməli ,öldü Kişi ! Axı hər Kişinin gücü çatmazdı bu dərdi daşımağa. Vallah, ağır yükdü-dərddən də ağır...

Bilməyənlər hardan bilsin, bilənlərə tanışdı bu dərd; əlindən möhür, altından kreslo, qənşərindən ağ, qara, qırmızı rəngli telefonlar düzülən parıltılı miz, böyründən nazlı-duzlu katibə yox olanda azara tutulmasan, elə, Kişi adamsan! Bəs qapıdakı növbələr?!...

Təbriklər?!...

Zənglər?!...

İnanın, vallah qulaq günahkarıyam, dostumun ağzından eşitmişəm, deyib, o rəngli telefonların zəngi də, ahəngi də başqa aləmdi, Bethoveninən mükəmməl simfoniyası da qələt eləyir onun yanında! Bir təsəvvür elə. Elə, sən canun: "Filankəsi çağır yanıma!..." "De, gözləsin, məşğulam!" ... "Saba gələrsən, bu gün çox vacib işlərim var.., Dedim,saba...!" "Buyurun, xanım, utanmayın, deyin dərdinizi, imkan daxilində..." "E-e-eşidirəm, c-c-cənab baş ...baaş ..."

Kişiyə ( ölən Kişiyə), deyən gərəkdi , zalım oğlu, eşşəyliy eləmə də, ye, ancaq adam kimi ye, iç, adam kimi iç, dağıt... (Dost kimi ərk eləyirəm, başqa cür başa düşməyin). Hə, bəzən fikirləşirəm , yaxşı ki, məmur olmaq istəyəndən ali təhsil diplomu tələb edirlər, buldozer pravası yox.

Buna da bax: "Gorun çattasun, a Lelin, bu da axurun"

Bu məmləkətdə vəzifə bəxtəvərçiliyi Kişilərə qismət olur, ancaq Kişilərə. Çün, bu ağır yükü çəksə, çəksə pasportunda “KİŞİ” yazılan çəkə bilər. Axı vəzifəyə qoyulmaq kimi, ordan atılmaq da var?! Qadınlar atılmağa dözməz, heç dözməz! Ona görə də vəzifəyə can atmaz qadınlar. Qadınlar, özün öldürsə, öldürsə direktor olar-məktəb direktoru, ya da mədəniyyət şöbəsinin müdiri. Bitdi!..

Gör nə bəxtəvərlikdi ki, indi dostumla üzbəüz oturub dərdləşirik. Aramızda mil-mil dəmir arakəsmə olsa da, əslində buna dərdləşmək də deməzdim, heç üzbəüz oturmaq da. Çünki , tələbəlik illərindən sonra onunla nə vaxt üz-üzə gəldiyimiz yadımda deyil. Bir rayonda olasan, bir məhəllədə yaşayasan...

Yaxşı ki, Allah dəvəyə qanad verməyib... Dünənəcən ayağının altına da baxmırdın, göylərdə uçurdun. Büdrədin, yıxıldın, palçığa bulaşan kimi mən yadına düşdüm?...

Hə, hamı bilir ki, indi asandı işləmək. Elə ölmək kimi rahatdı. Çətini, seçilməkdi, təyin olunmaqdı. Elə ki (dəxli yoxdu necə), seçildin, qurtardı getdi, iş özü-özündən gedəcək. Əvvəllər çətin idi, lap çətin... Əvvəllər plan olardı, “keçici qırmızı bayraq” olardı, orden-medal olardı, “Verxovnı Sovet”ə çlen (üzv) olardı, “geroy” olardı, “perepiska” olardı.., çox şey olardı... Qorxu da olardı, infarkt da, polit-büroda divaradırmaşdırma da!..O bürolarda, nə qədər ürəyi “stuk” eliyən nəhəng Kişilər görmüşük ki!.. Ən, ən, ən asan, qısa yolu türməydi, özü də məhkəməsiz-filansız-buna çoxu :“canım yaxşı qurtardı” deyərdi.

İndi necədi, hə?

(Pa atonnan, imkan verməzlər e, fikrini cəmləyib danışasan. A Kişi, ay adam, a belə-belə olmuş, səbət –gilas sevdası deyil, qızıl xırdalayırdım, imkan vermədin... )

...Əşi, deməklə bitməz ee, bu dərd, yıxar kişini, sürüyər, lap öldürər də. Bildün da, işdən çıxarılmaqdan danışıram. Bizim kənddə buna deyirlər "mitilini bayıra atdılar". Bu , nərddə uduzanın xoruzunu qoltuğuna verməkfason bir şey deyildi.

Allah heç Kişini belə quyuya salmasın! Kış-kış-kış!...

Bayaq dedim axı, Kişi öldü. Öldü, belə də, məcazi mənada. Sözgəlişi. Əslində ölmədi, ölsəydi ondan yaxşıydı. Ölməyə nə var; öldün, yuyub-kəfənlədilər, beş-on kişi yığılıb dəfn elədi, molla-filan, üç, yeddi, qırx...və yaddan çıxdın. Yəni, öldün! Vəzifədə ola-ola ölməyin üstünlükləri çoxdu, çox! Əklillər, teatrın qara lentlər bağlanmış ağır pərdələri üstündən asılımış özün boyda portretin, vida mərasimi, nekroloqlar, sinəsinə taxmağa macal tapmadığın, qara məxmər döşəkçələrə sancılmış orden, qismət olsa, fəxri xiyaban, ya da...

***

Gəl açıq danışaq: bu Kişi , mənim dostumdu. Bu halına ürəyim yanır. Uşaqlıqdan bir yerdə böyümüş, ac olanda, tox olanda da bir olmuşuq. Tələbəlikdə bir kostyumu ikiliyə geymişik, dərdimiz-sərimiz kimi cib xərcliyimiz də bir olub.... İndi , kimin qisməti nəymış, mən nə biləydim? Axı İkimizin də savadı eyni, diplomu eyni, boy-buxunu eyni. (Yox, o , bir qarış hündür idi.) Amma vəzifə ona verildi-sağlığına qismət!..

Buna da bax: "General" adlı itin xatirələri

Yox e, kim nə deyir desin, vəzifə başqa şeymiş ! Ayə, adam nə qədər dəyişərmiş, necə qudurarmış!.. Vallah, ərk eləyib deyirəm e, bunu.

Canım sənə desin, sən eşit: beş-on il olar ki, Kişiyə bu mötəbər post verilib. Verilib ki, Kişisən, Kişi kimi rayonu idarə elə, yəni, Kişiliyinə sığışdırma əvvəlki kişinin elədiylərin. Camaata Kişi gözüynən baxa bilməsən də, cəhənnəm, adam gözüynən bax. Elə baxsan - yəni Kişi kimi-, adamları adam sifətində görərsən, bildin? Day lal-dinməz, fağır qoyun kimi yox. Qoyunu, çoban kimdi, lap gicbəsərin biri də otarar. Ona nə diplom lazımdı, nə savad, nə də ağıl. Elə otardığının səviyyəsində oldun, bəsdi... Sən, başqa məsələ ! Sənə dövlət bu qədər pul xərcləyib, oxudub, hələ bu boyda postu etibar eləyib ki, otur, bax, gör, idarə elə. Bəs sən neylədin, a zalım?! Qulağıma çatan kimi, bildim , yarıtmayacaqsan. Niyə? Ona görə ki, görməmisən; nə pul-para, nə ev-eşik, nə də abır-həya. Evdə bişməyibsə, qonşu payından qarın doymaz. İllah da külfət səni basıbsa...

Kabinetləri tez-tez, möhkəmcə dizinfeksiya eləmək gərək ki, mikroblar çox yayılmasın. Bircəsi ilişib qalsa, şoğərib, elə yolxucudu ki, ora girməyinlə qaşınırsan. Biri sən, nolmuşdu, yerüvi istilətməmiş “islahata” başladun. Bir baxardun, insanları tanıyardun, ələkdən keçirəydün, kimin “qabında” nə var, öyrənəydün... Bu “qab” məsələsin uşaqlıqdan dəyişik başa düşdün də, sən. A kişi, qabında, yəni başında... Sən isə... Hüquqşünası ferma müdürü, çayçını məktəb direktoru, bar müğənnisini baxça müdiri, əmək müəllimin baş memar elədin ki, nə var, nə var “qabı” doludu, baxım-görümü yaxşı edirlər.

Camaat kor deyi axı?!... Asfaltın puluna xəritədə yerin tapa bilmədiyin Bodrumda villa aldun. Rayonun su kəmərini üç dəfə “remont” elədün, indi də su saatnan gəlir... Kişi kimi deyək ki, yaxşı, birin elədin, sonrasın niyə cibə dürtdün?! Yuxarıdan gəlirdi axı bu pullar –büdcədən... Yuxarı nə bilir sən hansı yuvanın quşusan?! Yuxarını öz dərdi özünə bəs deyilmiş, bir sən qalmışdın... Elə bunu bildiyindən, sənə əlin çatmayacağından arın-arxayın zibilini altına dürtürdün. Rayonda az qala şah oğlu şah Abbaslıq elədün. Elədün? Ay səni. Kişi, axı sənə samanı vermişdilər, samanlığı yox! Töbə , verməmişdilər...

Sən, dağ rayonunu abıra salmalıydın axı. Geridə qalmış dağ rayonun. Nolsun ki, qohum-əqraban olan-qalanını satıb kiməsə vermişdi. Bu sənə haqq vermirdi kasıb-kusubun qanını sorasan. Eşitmişəm, qulağıma çatıb ki, bir qaçqın ailəsinə ev verib sevindirmisən, yaxşı, bəs park salmaq adıyla köhnə bazarı niyə buldozerin qabağına vermişdin? O parka günü çayxanada keçən veyil-vüyül gələcək, amma, əlli-atımış adam külfətin o bazarın hesabına dolandırırdı axı?! Sən neçə ailəni çörəksiz qoymuşdun. O fağırlar dinmədilər, şikayət də eləmədilər, qorxurdular. Qorxaqlara hökm eləməyə nə varki! Sən yuxarıdakı arxadaşına çox arxayın olduqca, elə bildin Allahın yerdəki zamısan? Töbə, dünyadan, dünyanın pozulmuş tarazlığından xəbərin yoxdu sənin. Ay yazıq, kimdi səni qənədinin altına alan?! Görmüsən nələr baş verir, korsan?!.. Oğlunu Londonda oxudursan, Kanar adalarında mülk alırsan, ofşor zonada hesab açdırırsan... Dənizin düz içində niyə saray tikdirirsən? Saray deyəndə pis başa düşmə, sən canun, yəni ki, PLAZA. Yox, demirəm , evin olmasın, sarayın- nə bilim, plazan olmasın. Sən böyüksən axı, əlin gör kimlərin ətəyindədi? Olsun, ikisi olsun, ancaq bu dağ rayonunda olsun da, dağın başında, lap dağın döşündə, daha dənizin kənarında nə itin azıb?! Vallah, billah, Xəzər dənizi olsa, yenə dərd yarı, Aralığda nə azarun var, əə? Bir oğlun var, Bakıda beş dənə üçotaqlı mənzil - bəsin deyil? ...Tfu !... Hələ bu azmış, dilə-dişə düşməkdən qorxmayıb, dövlətin hesabına rayondan seçmə usta-fəhlə də göndərmisən komandirovkaya, adın da qoymusan əmək mübadiləsi-flan. Pah, Türkiyədə usta qıtlığıdı bəyəm? Əə, ordakılar bura gəlir işləməyə, sənsə... Nəysə, başım xarab oldu , valla!..

Mənə acığ da verirsən, pah! Mən yetim, Pirşağı çimərliyində “zaqar” eləyəndə, sən Monte-Karloda şortikdə gəzirsən. Qısqanıb eləmirəm ee, feysbukda paylaşmısan – görmüşəm. A başı daşlı, sənə feyzbuk-meysbuk yaraşır? Bu boyda xarabanın yiyəsisən (əslində bu boyda rayonu xaraba qoyan oydu, day üzünə demirdim. Guya qanmır?), adın var, sanun var, bir az hörmətün var...idi... Özüvü dilə-dişə niyə salurdun? Düzələn döyülsən e, döyülsən!...

Deyəsən, demişdim: Kişi öldü. Bunları ölməmişdən ona demişdim. Çifayda!..

Ay cüvəllağı, elə bildün ki,zarafat eləyirəm? Sən öl, atamım göruna and olsuun , zarafat eləmirəm.Öldü dedim, deməli, öldü. Ölmək necə olurki? Ölmək o demək deyil ki aparıb basdıralar, üstüvə torpaq tökələr, hələ bir yasin oxuyub camaatdan halallıq alalar. Yanılırsan. Bu əvvəllər beləydi . İndi vəzifədən çıxmaq, kişilikdən düşmək kimidi-çıxdın, deməli , hər şeyün öldü!

Nə isə, dostumun“stajı”çoxaldıqca, vicdanı soluxurdu, azalırdı, yox olurdu...

Vəzifə yaman şeymiş, yaman!...Pis mənada demirəm ha!..

Eşşəkdən düşüb “Gelandewagen”ə minən hansı hissləri keçiribsə, cırıq ayaqqabını tullayıb İtalyan tuflisi geyəndə, sən də həmən hissləri keçirmisən. Düz demirəm? Bax, düz demirəmsə, dur, tüpür sifətimə. Tüpür də!..Aaa, düz deyirəm axı...

Rayonda tapılmayanda, hamı bilirdi hardasan. Cüvəllağı işlərin kimi sənin “bazlıq”ın da qəribəydi, valla. A Kişi, bu boyda məmləkətdə, guya bu boyda bolluqda normal birisiylə əylənə bilmirdin? Pul dingildədirdi axı. Özüvü nazirnən, diplomatnan, deputatnan bir tuturdun. Neçə dəfə demişdim: Məmi, gijjdəmə, olar sənin yemün döyül, oların dalı qıfıllıdı, üstü kölgəlüdü, qabağı açıqdı. Eşütmədün. Dominikan ölkəsində, nə bilim, Taiti də, Bora-Bora da hava qəbul etməlisən, mulat qızların dərisin, day nə bilim harasını tumarlamalısan, vəhşi papuaslarla rəqs eləməlisən... Yadunnan çıxıb ki, rəhmətlik dədön, Bakıya qoz satmağa gedəndə (hansı ki, o qozun puluynan BDU nu bitirdin), yanında biri olmasaydı avtovağzalın yolun düz-əməlli tapa bilmirdi, hə? Özün demişün ki, bir dəfə şəhərdə necə azıbsa, bir həftədən sonra kəndə qayıdıbmış kişi... Sənisə Taitidə mulatlarla kef eləyməlisən... Demişdim sənə, bunun axırı yoxdu. Eşəcəklər burnunu, özü də necə! Sən nə deyirdin? Demirdin ki, “mənim s...mi yeyəllər?...Eşdilər?! Tək burnunu yox e, lap oranı da.

İndi oturmusan! ..Necədü?..Otur, otur... Bax, vaxtunda düz-əməlli otursaydın, daluvu möhkəm bassaydun kresloya, indi də orda otururdun, daa burda yox e... Bura KİŞİ yeri deyil !..

***

...Bu daş yaman biyöndəmdi.. .

Bu quyu da yaman dərin...

2016.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG